525.Az

Aysel Kərimin uğur formulu: hisslərinlə istəklərin üst-üstə düşürsə...


 

GƏNC SƏNƏTÇİ DEYİR Kİ, ALDIĞIM MÜSBƏT RƏYLƏR MƏNİ HEÇ DƏ ARXAYINLAŞDIRMIR, ƏKSİNƏ, MƏSULİYYƏTİMİ DAHA DA ARTIRIR

Aysel Kərimin uğur formulu: <b style="color:red">hisslərinlə istəklərin üst-üstə düşürsə...</b>

Müsahibimiz - gənc musiqişünas, bəstəkar və yazar Aysel Kərim Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir. “Bir ovuc yağış” adlı şeir kitabının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənc Ədiblər Məktəbinin məzunudur.
 
2014-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı”na layiq görülüb.

- İlk musiqi təhsilimi lap kiçik yaşlarımda Gəncə şəhərindəki Fikrət Əmirov adına musiqi məktəbində, sonra Bakı şəhərindəki Səid Rüstəmov adına musiqi məktəbində aldım. Artıq ixtisas seçimimə gələndə qərara aldım ki, təhsilimi elə musiqi üzrə davam etdirim. Bu, tək mənim istəyim yox, həm də müəllimlərimin mənə təklifi idi. Beləliklə, Asəf Zeynallı adına musiqi kollecinin fortepiano şöbəsinə daxil oldum. Peşəkar insanlardan aldığım rəylər mənə stimul verirdi. Düşündüm ki, mütləq bu sənəti davam etdirməliyəm. 2013-cü ildə Bakı Musiqi

Akademiyasının Musiqişünaslıq fakültəsinə qəbul oldum. Seçmə ixtisasım bəstəkarlıqdır. Təhsilimi uğurla davam etdirməkdəyəm. Musiqişünaslıq üzrə müəlliməm professor Cəmilə Həsənovadır. İlk bəstəm “Ümid” olub. Hazırda bir neçə əsərin müəllifiyəm. Musiqi haqqında çox sayda məqaləm var.

- Poeziya və musiqi. Hansını daha önə çəkməyi düşünürdünüz?

- Mənə tez-tez deyirdilər, həm şeir yazırsan, həm də musiqi sənəti ilə məşğul olursan, bunların ikisini bir yerdə - mahnı kimi təqdim etsən olmazmı? Əlbəttə, bilirdim ki, hər şeyin bir zamanı var. Zamanı gəldikdə mahnı da olacaq. Həmin zamanı səbrlə gözləyirdim. Zamanı gəldi və öz sözlərimə mahnı bəstələdim. Dəyərli insanlardan müsbət rəylər aldım. Qeyd etmək istəyirəm ki, ilk işıq üzü görmüş mahnım Ələsgər Əliyevin ifasında “Səni sevərəm” oldu.

-Valideynlər seçiminizə necə yanaşdılar?

- Dəstək oldular. Anam məni həkim görmək istəyirdi. Düşünürdü ki, yaxşı həkim ola bilərəm. Amma ixtisas seçimimə qarşı çıxmadı.

- Musiqiçi olmasaydınız ixtisas olaraq ədəbiyyatşünaslığı seçərdinizmi?

- Ümumiyyətlə, ixtisas kimi yiyələnə bilərdim. Amma nəsə yazıb-yaratmaq konkret olaraq təb məsələsidir. Yəni uğurlu, insanların ürəyini fəth edə bilən əsərlər hisslərin məhsuludur. Lakin hər bir əsər yarandıqda onun janrını, bölgüsünü dəqiq ayırd edə bilməlisən. Mahnıda tətbiq etdiyin qayda-qanunları klassik əsərlərdə, digər musiqi əsərlərində tətbiq edə bilməzsən. Və bir çox dərin səbəblər var ki, onu mükəmməl dərk etməlisən. Tətbiq olunmuş qaydalardan kənara çıxmaq olmaz. Bunun üçün də mütləq ali musiqi savadı və bəstəkarlıq təhsili lazımdır. Ümumiyyətlə, hisslərinlə istəklərin üst-üstə düşürsə, demək, uğura bircə addım qalıb. Mənim hər bir melodiyam hisslərimin tərənnümüdür. Dünyanı fərqli görmək, duymaq və bunu hər iki sənətimdə tətbiq etmək mənim üçün çox sevindirici haldır.

- Demək olarmı ki, bəstəkarlıq yaradıcılığınız elə əvvəldən uğurlu alınıb?

- “Ümid”, “Həsrət”, “Sevgi nağılı” və “Gülümsə” adlı müasir əsərlərim dinləyicilərə təqdim olundu və rəğbətlə qarşılandı. Bir müddət sonra klassik üslubda əsərlər yaratdım. “Qış gecəsi” və “Uzun səfər” adlı romanslar, “Payızın rəngi” adlı prelüdlər müəllifiyəm. Daha sonra özümü mahnı janrında sınadım. Xalq artisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyevin ifasında “Bayram yallısı” adlı duet dinləyicilərə təqdim olunub. Daha sonra isə Rəşad Məcidin şeirinə bəstələdiyim “Fərqi yoxdur” adlı mahnı Əməkdar artist Gülüstan Əliyevanın ifasında səsləndi. Uğurlu bir mahnı alındığını söyləyirlər. Amma bu, hələ son deyil, qarşıda Rəşad Məcidin sözlərinə bəstələdiyim yeni bir mahnı var və o da dəyərli bir sənətkarın ifasında səslənəcək. Bir məqamı da açıqlamaq istərdim ki, çox dəyərli ziyalımız, musiqini dərindən duyan Eldar Həsənov mənim şeirlərimə mahnı bəstələyib. O mahnılar Xalq artisti Fidan Hacıyevanın ifasında dinləyicilərə təqdim ediləcək.

-Müğənnilərlə iş əsnasında çətinliklər olurmu?

- İnanın ki, bugünədək rastlaşdığım bütün müğənnilər sadə və təvazökar insanlar olub və heç bir çətinliklə rastlaşmamışam. Onlardan həmişə doğma münasibət görmüşəm.

- Uğurlarınıza paxıllıq edən həmyaşıdlarınız olur?

- Savadlı, insanı duyan həmyaşıdlarım paxıllıq etmirlər. Bu söz insanda məyusluq yaradır. Cəlaləddin Ruminin gözəl bir fikri var ki, insanların eyiblərini örtməkdə gecə kimi ol. Mənə elə gəlir ki paxıllıq insanın ən böyük eyibidir. Ona görə də qarşıdakı insanlarda belə hal hiss edəndə özümü bunu heç anlamamış kimi göstərirəm. Mən insanları ruhlandırmağı , stimul verməyi həyat tərzi kimi qəbul edirəm. Dəyər verdiyim kəsləri saatlarla yorulmadan dinləyə bilərəm. Həsəd hissi mənim dünyama yaddır. “Pislik gördüyüm kəslərə cavab olaraq mən də pislik edim” prinsipi ilə yaşamıram. Bu, heç yaradıcı insana yaraşan cəhət də deyil. Sadəcə, həmin adamla bütün əlaqələrimi kəsirəm. Güvənmədiyim bir kimsəni ətrafıma yaxın buraxmıram. Paxıl insanların itirdikləri illərə heyfim gəlir. Onlar zamanını buna həsr etməklə həyatın gözəl gedişatını itirirlər. Bu isə insan üçün çox acı və kədərli məqamdır.

- Sizi şanslı insan saymaq olarmı?

- İnsan dərindən düşünməyə başlayanda şükür ediləcək səbəblərin nə qədər çox olduğunu görə bilir. Şanslı insanam, çünki gözəl valideynlərim var. Ətrafımda dəyər verdiyim önəmli insanlar

var. Gözəl təfəkkürə sahib dostlar mənim üçün böyük bir şansdır. Ümumiyyətlə, qismətə inandığıma görə, təsadüflərə heç inanmıram. Hətta seçdiyim peşəmi belə, alın yazısı kimi qəbul edirəm. Demək, bu, olmalı imiş və oldu da. Təbii ki, insan zamanın nəbzini öz ağlı və bacarığı ilə ələ ala bilər. Sadəcə, böyük mükafatlar Allahın bəxşişidir deyə düşünürəm.

-Digər bəstəkarların əsərini bir dinləyici kimi, yoxsa bir bəstəkar kimi dinləyirsiz?

- Hər möhtəşəm əsər insanın hislərinə, beyninə yeni bir pəncərə açır. Gözəl bir əsər dinləyəndə çox xoş hisslərə qərq oluram.Və bu hisslərin tükənməyini istəmirəm. Təbii ki, professional musiqiçi kimi dinləyib qiymətləndirirəm.

Bu yaxınlarda Bakı Musiqi Akademiyasında bəstəkarlıq kafedrasının təşkil etdiyi bir konsert keçirildi. Proqramda mənim də öz şeirlərimə bəstələdiyim romanslar yer aldı. Konsert bitdikdən sonra böyük bəstəkarımız Arif Məlikov romanslarım barədə dəyərli fikirlərini bildirdi. Romansları çox bəyəndiyini, irəlidə bəstəkarlıqla bağlı parlaq müvəffəqiyyətlər qazana biləcəyimi söylədi. Bu mənim üçün, bir gənc kimi, çox yüksək qiymətdir. Bəstəkarlıq fəaliyyətimdə hər zaman faydalı tövsiyələrlə mənə yol göstərən müəlliməm Pikə Axundovaya dərin təşəkkürümü bildirirəm. Deyim ki, aldığım müsbət rəylər məni heç də arxayınlaşdırmır, əksinə, məsuliyyətimi daha da artırır.

Əntiqə SƏMƏNDƏR

 





01.05.2016    çap et  çap et