525.Az

Görən indi nə haldadı dağlar Laçından o yana - (şeirlər)


 

Görən indi nə haldadı dağlar Laçından o yana - <b style="color:red">(şeirlər)</b>

Adımı kim qoyubdu

Bu yerlər nə gözəlmiş,
bu yerlər meşə imiş;
buz bulaqlar yan-yana,
dərədən döşə imiş;

adımı kim qoyubdu,
sinəm oyuq-oyuqdu;
məni bir ah ovutdu,
ahım bir şüşə imiş;

ruhum min illərdi var,
həsrətim divar- divar;
dərvişəm, diyar- diyar,
ruhum bənövşə imiş;

yollar, uzaqdı yollar,
qardı, sazaqdı, yollar;
gəlməsən ruhum solar,
sevgi bir təşnə imiş;

dağla rın başı qardı,
payızı, yazı vardı;
ömrün bir nazı vardı,
dünya nə qəşəyimiş.
                     
Onsuz da yaz gəlir qışdan o yana

dəmir quru olur, yaş dəmir olmur,
nə qədər döysən də daş dəmir olmur;
dərd elə gəlir ki, səs-s əmir olmur,
dərdi-azarı da əfv eyləmişəm;

ömür solub gedən ağac imiymiş,
qocalıq bələkdə çağa kimiymiş;
cığırın sonu da bağa kimiymiş,
hələ bir ömrü də nəf eyləmişəm;

elə çox yürüdüm, axından qaldım,
getmədim, uzaqdan-yaxından qaldım;
şirin arzuların çoxundan qaldım,
hardasa, hardasa səhv eyləmişəm;

gedib ötmək olmur, daşdan o yana
 gəl qayıt, bu ötən yaşdan o yana;
onsuz da yaz gəlir qışdan o yana,
heyif ki, bir azca səfehləmişəm;

dəryanın dibinə enim, qayıdım,
oddanım, alışım, sönüm qayıdım;
yolların başından dönüm, qayıdım,
desinlər həmişə kef eyləmişəm;

hələ axır demə, axır uzaqdı,
dağlara od düşüb, naxır uzaqdı,
ürəyim içimdən baxır, uzaqdı,
uzaq dünyaları kəşf eyləmişəm.

Bir nəğməli bulağam

bir nəğməli bulağam,
sular bəstələr məni;
bir ağı oxuyaram,
bir dərd üstələr məni;

od tutdum öz odumdan,
adım çıxır yadımdan;
bir mələk qanadından
atıb ütsəl ər məni;

bu nə dərddi Allahım,
dağda od tutub ahım;
yüz yerə qaçdı ruhum,
gələn dəstələr məni;

qış gəlir qarı-qarı,
gedib incitdim yarı;
yuxumdan gecə yarı
anam səsdənər məni;

axı nə bilim, kiməm,
dərd boylanır içimmən;
nə loğman, nə həkiməm,
asar xəstələr məni

Ötdü yaz, addadı payız

ötdü yaz, addadı payız,
deyən qış yenidən gəlir;
daha heç nəyi gözləmir,
həsrətim indidən gəlir;

hanı, gözümün yuxusu,
artıb canımın ağrısı;
anamın şirin qoxusu,
saçlarıma dən-dən gəlir;

yollar ağrı, dağlar ağrı,
ötüb gedən çağlar ağrı;
ürək tab eləmir, axı,
ayrılıqlar nədən gəlir;

fələk, çalışırsan yenə,
tor qurursan, sinə-sinə;
nə gəlir, bilmirəm mənə,
nə gəlirsə, səndən gəlir.

Dünya əzəldən belədi
 
dünya əzəldən belədi,
payızından qış asılıb;
dərd çıxıb getmək istəmir,
ayağından daş asılıb;

ağırdı çiynimin yükü,
qışım şaxta, yayım bürkü;
yoruldu gözümün kökü,
kipriyimdən yaş asılıb;

könlüm qalıb uzaq köydə,
qulağım yanıqlı neydə;
bulud öləziyib göydə,
göydən ölü quş asılıb;

dünyanın tağı qarışıb,
əli, ayağı qarışıb;
üstümə yağı darışıb,
dörd yandan bayquş asılıb;

dəli ruhum havalıdı,
havalıdı, davalıdı;
fələk ah çəkib lalıdı,
fələkdən qarğış asılıb.

Yüz illərdi yol gedirəm

yüz illərdi yol gedirəm,
gözüm açılandan bəri;
başım od tutub alışır,
yandırır alnımın təri;

həm buludam, həm küləyəm,
quş qanadında lələyəm;
bilmirəm niyə beləyəm,
bir sümüyəm, bir də dəri;

dərd sozalıb çözülmədi,
ağca sapa düzülmədi;
həsrət neçə yüz ilmədi,
hanı həsrətimin yeri;

dağlarım dərd-qəm oylağı,
nədir fələyin sınağı;
dörd yanım yağı yığnağı,
dörd yanım düşmən çəpəri;

günəş qürub çağındadı,
dərd ölüm ayağındadı;
deyirlər lap yaxındadı,
arzularımın səhəri.

Gör nələr çəkirəm, gülüm

bir mən var, mənim içimdə,
bir mən də məndən uzaqda;
gör nələr çəkirəm, gülüm
gör nələr, səndən uzaqda;

çiçəklər dağda bürüşdü,
yaylar getdi, qışlar düşdü;
alnıma qırışlar düşdü,
saçlarım dən-dən uzaqda;

bu nə soydu, üstümdəki,
ömür soldu üstüm təki;
o dağların üstündəki
dumandan, çəndən uzaqda;

bilmirəm nədi pənahım,
dağlara çatmadı ahım;
bu nə taledi, Allahım
dərd çəkir bəndən, uzaqda.

Əlim saçına dəydi

elə yol tutub gedirdim,
yolum bir yaza çıxdı;
dərdim təkcə səniydin,
dərdim ayaza çıxdı;

bu yaz döndü naxışdan,
bulud söndü yağışdan;
yıxıldım bir baxışdan,
baxışım naza çıxdı;

bilmədim bu nəyidi,
ruhum sənə əyildi;
əlim saçına dəydi
əlimdən qəza çıxdı;

alışdım, sönə-sönə,
qayıtdım, dönə-dönə;
çata bilmədim sənə,
sevgim bəyaza çıxdı.
  
Göy üzü dolu bir dəniz

göy üzü dolu bir dəniz,
buludları xonça-xonça;
uçub əriyən ulduzlar,
göyün üzünü oyunca;

alça ağacı çiçəklər,
uçar qanadlı “mələklər”;
düşüb yellənən lələklər,
düzülər yollar boyunca;

bənövşələr açar- açmaz,
hələ xırda quşlar uçmaz;
duman dərələri qucmaz,
yağış dağları yuyunca;

yam-yaşıl dərələr boyu,
ağ çiçəklər boylu-boylu;
bulaqlar düyünlü, toylu
mən təzədən doğulunca.
 
Ayrılıqlar gecə döndü

hər şey, hər şey ağ-appaqdı,
qara saçımdan o yana;
hələ yollar çox uzanır,
dərdin ucundan o yana;

ayrılıqlar gecə döndü,
ağrı çəkə-çəkə döndü;
bu dünya bir heçə döndü,
döndü, bacımdan o yana;

ilikdən, qandan axır dərd,
elə yandırır, yaxır dərd;
dünyada varmı, ağır dərd,
elin köçündən o yana;

ha üfürə, ələyə də,
dörd yanına çiləyə də;
dünya qalmaz fələyə də,
qalmaz heçindən o yana;

gözümün kökü yoldadı,
məni kim yorur, aldadır;
görən indi nə haldadı,
dağlar Laçından o yana.

 





02.05.2016    çap et  çap et