525.Az

Ceyhun Hacıbəyli irsində folklor motivləri - Ceyhun Hacıbəyli-125


 

Ceyhun Hacıbəyli irsində folklor motivləri - <b style="color:red">Ceyhun Hacıbəyli-125</b>

(Əvvəli 13 may sayımızda)

Gənclik illərindən ədəbiyyata, folklora, musiqiyə böyük maraq göstərən Ceyhun Hacıbəylinin bu mövzulara fransız dilində qələmə aldığı "Bir il xəyallarda... və bütöv bir ömür" adlı memuarında da toxunması təbiidir.

Atası və əmisi haqqında xatirələrini yada salan Ceyhun Hacıbəyli yazır: "Mən və qardaşlarım heykəltəraşlıq sənətinin, rəssamlığın, mahnı və musiqini kimdən irsən aldığımızı bilmirəm". Əmisinin dostu, paltar mağazasının sahibi Mirzə Cəfəri isə belə xarakterizə edir: "...ancaq o şair və xüsusilə həcv yazan bir adam kimi tanınırdı. Onun qələminin kəskinliyi hamı tərəfdən etiraf olunardı". Memuarist yazır ki, Şuşanın təbiəti, iqlimi, gözəlliyi burada yaşayanların poetik, şairanə qəlbinə nüfuz etməyə çox imkan yaradırdı. Ceyhun Hacıbəyli yas mərasimlərində qadınların bədahətən söylədikləri ağıları, bayatıları, laylaları heyranlıqla yada salır, onlardan yerli-yerində sitatlar gətirir. Ceyhun bəy bu qəbildən olan mərasimlərə hazırlığı, onun gedişini, ona verilən tələbləri məharətlə təsvir edir: "Hər bir mərhum üçün doxsan yaşlı ağıçı qadınlar müfəssəl, uyğun sözlər taparlar. Eşitmişdim, o vaxtlar bu uğursuz ağıçı arvadlar, "işsizliyi" az və çox müddət ərzində ixtisar etməyi bacarır, hər bir yeri bayraqlarla bəzəmək, yaxud şeytana papış tikmək də, pişiklərə dəyişək (paltar) geyindirmək də əllərindən gəlir. Mərasim iştirakçılarda dərin, kədərli duyğular yaratmalıdır... Bax, məhz buna görədir ki, əgər hər hansı bir peşə, sənət həmişə fəaliyyətdədirsə və əgər belə nümunəvi mərasimlər keçirilirsə, onda bu qəmgin sənətkarlar özləri aşağıdakı kimi bir mahnını oxumağa borcludur və bunu yerinə yetirməlidirlər:

Gəmim dənizdə batdı,
Məhsulumu tufan apardı.
Arzularını görə biləcəksənmi, ah tale!
Mənimkilər kimi nakam getdilər.

Yaxud yenə: 

Ey insanlar, mənim dərdimi eşidin,
Dərdim dərmansızdır, əlacı yoxdur.
Nə qədər ki, əkdiyin güllərin məhsulunu
başqaları dərirlər...
Mən ancaq dərd dərirəm.

Və daha sonra belə bir şey:

O gəldi - haradan? - Bilmirəm
Qəlbləri kədərləndirən bu adam...
Səmada bulud yox idi
Bu yağış haradandır?

Və yaxud:

Xəstəyəm, öz dərdimi çəkirəm
Ağır azara tutulmuşam
Kaş qəm karvanı yola hazır olaydı
Yavaş-yavaş sürünürəm...
Və şəxsi bədbəxtlik üçün:
Bu səfeh etiqad edərək otlayır
Boynunu yana əyə-əyə
Əlini aşağı salarsanmı, ey qəddar ovçu?!
Sən onu vurduğun an!

Folklor bilicisi göstərir ki, ağılar şəraitə uyğun olaraq seçilir. Mərasim mahnılarını söyləyən təkcə ağıçı qadınlar deyildir. Bizim bütün qadınlar belə bədahətə yiyələnməli, onun hər bir incəliklərini yaşamağı bilməli və bunların oxşar həddini-hüdudunu matəm mərasimi ilə üz-üzə dayanıb mənimsəməlidirlər. Matəm məclisində ağzına möhür vurub sakitcə duran (mərhumun və yaxud mərhumənin ətrafında, mərasimin qonaqlarının qarşısında) yeganə adam məclisi idarə edəndir. Belə yerdə təqlidi sözlər kifayət etmir. Böyük cəhd etmək lazımdır ki, bu işin içindən lazımınca çıxmağı bacarasan.

Müəllif şahidi olduğu bir hadisəni nəql etməklə də, ağıçı qadınların qeyri-adi bacarığa sahib olduğu fikrini əsaslandırır. Danışır ki, bir dəfə bir-biri ilə qonşu olan müsəlman və erməni qəbiristanlığında məni təsirləndirən hadisə ilə rastlaşdım. Bir neçə erməni qadını və qızı yeni basdırılmış adamlarının qəbri üstündə ağlaşırdılar. Yoldan keçən müsəlman qadını da matəm içində olan erməni ailəsinə yanaşır. Bircə an sonra bizi sarsıdan ağılardan birinin ətrafa hakim kəsildiyini eşitdik: bədii, gözəl ağılardan biri idi.
 
Mərhumun yaşını, hətta hansı cinsdən olduğunu, nədən öldüyünü belə bilməyən müsəlman qadının oxşama sözləri, eləcə də qəddar taleyin ünvanına yağdırdığı lənət və qarğışlar erməni qadınlarının ağlaşını ikiqat artırdı və onlar müsəlman qadınını bu mərasimə göndərdiyinə görə Allaha dua edirdilər...

Memuarda məhərrəmlik mərasimlərinin, xüsusi ilə Aşuranın keçirilməsi bütün təfərrüatı və təfsilatı ilə təsvir edilir. Gənc yaşlarında gördüyü, iştirakçısı olduğu mərasimləri Ceyhun bəy o qədər təbii, inandırıcı təqdim edir ki, səhnələr sanki oxucunun gözləri qarşısında, cərəyan edir, canlanır. Aşuranın tarixi haqında qısaca məlumat verən müəllif yazır ki, "o ayın, daha dəqiq, Məhərrəm ayının 10-da Mesapotomiyada Kərbəlanın düz "ortasında", Fərat çayının sahillərində Peyğəmbərin nəvəsi və Əlinin oğlu İmam Hüseyn, 72 nəfər yaxınları ilə birlikdə, onların arasında onun özünün iki oğlu, əmioğlusu və nəvəsi də vardı - hamısı faciəli surətdə məhv oldular, çürüyüb getdilər".

Faciənin dini, siyasi səbəblərini elmi baxımdan izah edən C. Hacıbəyli daha sonra doğma Şuşa şəhərində bu hadisənin tragik-tamaşa formasında qeyd olunduğunu göstərir: "Məhərrəm ayının lap başlanğıcından etibarən nağaranın küt, ağır səsini hamı eşidər və onunla eyni ahənglə qulaqbatırıcı "Heydər!, Səftər!" sözləri ardıcıl olaraq, ara vermədən ucadan səslənərdi. Bütün bu deyilənlər məhəllələrin cavanları arasında və məhəllə məscidində icra olunardı, bu balaca şəhərdə isə 17 məhəllə vardı... bu məhəllələr bir-birinin ardınca cərgə ilə düzülmüşdülər və hamının da əlində uzun çoban dəyənəkləri, dəyənəklərin də ucunda dəhşətli dəmir kürəciklər bağlanıb bərkidilmişdi. Hər bir məscidin qarşısında dairəvi şəkildə, ictimaiyyətin gözü qarşısında tamaşa ( əslində bu faciəli mərəkə idi ) nümayiş etdirilirdi". Yuxarıda qeyd etdiyimiz kimi, Ceyhun bəy Aşura fəlakətinin "səhnələşdirilmiş "variantını öz gözləri ilə görmüş, bu ürəkdağlayan tamaşaların şahidi və iştirakçısı olub: "Aşura ərəfəsində (fəlakətli tarixin onuncu günü) mən gedib "ox aparanların", bayraqdarların "necə bəzənməsinə" baxırdım: düşmən oxları tərəfindən müxtəlif yerlərindən deşik-deşik edilən qurbanları xatırlayaraq çağırırdılar. İmam sülaləsindən olanların bədən üzvləri rəzə, bıçaq, xəncər və bəzən isə mahmızla kəsilib (qopardılıb) ətrafa atılmışdı. Mən bu qurbanların öz əməllərinə görə necə soyuqqanlıqla dözdüklərinə diqqətlə tamaşa edirdim.                                                                                                                                                             

Bu zaman bütün bunları səhnələşdirib tamaşaya qoyanlar onların dərilərinə əllərindəki bizi batırırdılar. Camaat onlara təfsilatı ilə insana ruh verən mahnılar oxuyurdular... İçkinin köməyilə yox, haşa buradan! Bir müddət gecə oyaq qalaraq yenidən hərəkətə gələn ələmdarlar (bayraqdarlar) sabahısı günü yenidən "ağ köynək" əməliyyatına başlayırdılar". Bağırtılar, fəryadlar, mahnılar, hönkürtülər, hıçqırıqlar, matəm musiqisi, at kişnəməsi, sinələrə, kürəklərə millərlə vurulan ağır yumruq zərbələrinin səsi, ağılar, dil deyib ağlayanlar, bir-birini tez-tez əvəz edən təsirli səhnələr, bir sözlə Aşuranın son dərəcə həyəcanlandırıcı mənzərəsi C. Hacıbəyli qələmində uğurlu əksini tapıb. Memuarist səhnələrin inandırıcı, təsirli hazırlandığını xüsusi vurğulayır və örnəklərlə əsaslandırır: "Arabir həqiqi epizodik səhnələr tamaşaçının qarşısında cərəyan edir, göstərilir: burada iki nəfər qandallanmış oğlan uşağı çox çətinliklə yeriyir, susuzluqlarını yatırtmaq üçün onlara mane olan cəlladlar tərəfindən qamçı zərbələri ilə döyülən Müslümün uşaqlarını təmsil edirlər. Burada zirehli geyimdə olan süvarilər arasında döyüşlər gedir ; digər tərəfdən imamın və onun yaxınlarının çadırına od vurub yandırırlar - bütün bunlar haray-qışqırıq içində baş verir". Mərsiyəxanların, rozəxanların söyləmələri mərasimi daha da qızışdırır, insanları təlatümə gətirirdi. Müəllifin Aşura mərasiminin qeyd olunmasına əsərdə geniş -10 səhifədən çox yer ayırması onun milli, dini dəyərlərə, adət- ənənələrə qırılmaz tellərlə bağlı olduğuna dəlalət edir, eyni zamanda əsrlərdən şifahi sözlə nəsillərdən nəsillərə ötürülən, qorunan və zənginləşdirilən xalq yaradıcılıq nümunələrini yaşatmaq istəyindən, sevgisindən qaynaqlanır.

Memuarda Ceyhun Hacıbəyli doğma Vətənində adamların tez-tez "yağlı" sözlərlə, işarələrlə, eyhamlarla, məcazlarla, qondarma ibarələrlə danışdığını və həmin ifadələrin yerində, səciyyəvi və gözəl olduğunu qeyd edir: "...bir təşəbbüs həyata keçməyəndə deyərlər: Dəvə oynayanda qar yağar; Razılıq əlaməti belə bildirilir: Kor nə istər, iki göz, biri əyri, biri düz; Uzaq qohumluq əlamətinə, yaxud, iki nəfər arasındakı yaxınlığa, məhrəmliyə etiraz etmək üçün söz atarlar: Arazı keçəndə bunlar arxalarını bir-birinə sürtüblər; Birinin arzusunun əlçatmazlığına "Ac toyuq yatıb yuxuda darı görər" - deyə kinayə edərlər; Məğrurluğu, yaxud lovğalığı ifadə etmək üçün belə deyərlər: Mən bəylərlə plov yemirəm ki, bığlarım yağa batar; Vicdansız və qəddar adam üçün bu cümləni işlədərlər: "O, öz anasının döşünü kəsər"; Hiyləgər və bicin ünvanına "O, səni çaya susuz aparar, susuz da gətirər" - deyərlər; Lal-dinməzə, qaraqabağa, adama yovuşmayana: "Bunun buynuzu qarnındadı"; Ədəbsiz və utanmaza "Onun üzü sağrısından qırmızıdır"; Zəif, aciz adamı ifadə etmək üçün "O, təmizə çıxmaq üçün gözündən də xahiş edər"; Qeyri-ciddi, əsassız danışan barədə "O, sözünü elə deyir ki, bişmiş toyuğun da gülməyi gəlir" - deyərlər". Bir tamaşa salonunda anlaşılmazlıqdan inciyib teatrı tərk edən hərbçilərdən bəhs edərkən C.Hacıbəyli mövcud mənzərəni oxucuya çatdırmaq üçün yenə atalar sözünə üz tutur: "Bax, belə yerdə bizim xalq deyimimizi işlətmək yerinə düşər: "Ayı meşədən küsüb, meşəninsə xəbəri yoxdur".

C.Hacıbəyli əsərdə bədii, obrazlı, ifadə vasitələrindən, xalq danışıq üslubundan gen-bol, yerli-yerində və məharətlə istifadə edir: "Biz bir neçə "palıd kimi" adam qızılgül kolluğuna düşürük"; "Bol arpa götürəcəyimizə inandığımız tarlada alaq otları ağalıq edir. Təbiətdən gələn bu təhlükə dalğası hər yeri basmış, süpürüb alt-üst etmişdi"; "Onun yorğun və həyəcanlı sifəti yaşlı bir adamın müsibətlərini xatırladır"; "Bu bəlanın, bu qədər dərd-qəmin hansı ifadələrlə yazılacağını özüm-özümdən soruşuram... gərək dəryalar mürəkkəb, qamışlar qələm olsun!"; "Gözlərim qanlı göz yaşları axıdır", "Bütün dünya mənim şikayətlərimdən xəbərdardır, bədbəxt taleyimsə heç vaxt ayılmayacaqdır" - kimi cümlələr bir tərəfdən müəllifin fikrini tam və düzgün çatdırmağa xidmət edirsə, digər tərəfdən də əsəri oxunaqlı, canlı edir.

C.Hacıbəyli "yanaqları çuxurlanmış, arıq bədənli", "həmişə xırıldayan" Xanlıq Kərimi də unutmadığını, onun qolunun, ya da çiyninin üstünə qoyduğu qızılquşla mütəmadi ova çıxdığını, quşu ovun üstünə buraxdığı zaman bacardığı qədər hay-küylə ona ürək-dirək verdiyini, ruhlandırdığını da yaxşı xatırlayır: "Onun ovun dalınca göndərdiyi quşun arxasınca "atam", "anam", "qoçum", "mənim quzum" dediyini bəzən indi də eşidirəm, "Sənin gözlərinə dönüm", "Dədəm sənə qurban", "Sənin məmələrini yeyim" kimi məni valeh edən cümlələri indi də qulaqlarımdadır".

Ceyhun Hacıbəyli memuarda Qarabağın, onun mədəniyyət beşiyi Şuşanın və ətrafının füsunkar təbiətini məhəbbətlə vəsf edir. O, Şuşa yaxınlığında yerləşən Daşaltı barədə bəhs edərkən göstərir ki, "bir xalq mahnısında bu yerin vəhşi, gözəl mənzərəsi təriflənib göyə qaldırılır". Daşaltının əsrarəngiz gözəlliyi haqqında danışandan sonra müəllif bu kənddə baş verən, sonralar rəvayət şəklində bütün Qarabağda dillərdə dolaşan hadisəni oxuculara nəql edir. Məlum olur ki, Daşaltında yaşayan Çatı adlı bir erməninin hər iki qızı pis yola düşmək qərarına gəlmişlər. Bütün şəhərdə onlar bu peşəni açıq-aşkar, hamının gözü qarşısında həyata keçirən yeganə adamlar idilər. Qınaq və təhdidlərdən sonra bacılardan biri tövbə edir və özünü dəyişməyə məcbur olur, yerli kilsənin başçısının köməyilə o qız qohumlarının birisinə ərə verilir. Məşhur "Çatı qızları"nın fəaliyyəti xatirələrdə yaşayan mahnıda belə canlanır:

Gedək Daşaltıda gəzək,
Ördəklərtək göllərində üzək.
Mən Çatıyam, dərd-qəmlərim məni üzür.
Cəngavərlər atlarını yəhərləyirlər,
Mənsə piyadayam...
Çatının qızı atına mindi
Ölürəm, kimə şikayət edim?
Ölürəm, şikayət edəcəyim adam sənsən...

Memuarda inqilabdan əvvəlki Bakı həyatı, xüsusi ilə qoçuların şəhərdəki fəaliyyəti, əhali arasındakı nüfuzu haqqında xeyli məlumat verilir. Ceyhun bəy qoçulardan Ağa Kərimi, Teymur bəyi, Kərbəlayi Abdullanı yaxşı xatırladığını yazır, qoçular arasındakı münasibətlərdən və onların əməllərindən geniş bəhs edir. Qoçu Teymur barədə yazır ki, heç kəs gənc qoçunun qızğınlığına müqavimət göstərə bilmirdi. Onun adının çəkilməsi bütün qoçuların arasında çaxnaşma yaradırdı. Təvazökarlıq və sadəliyi onun zəif olması demək deyildi, o, öyünməyi və həmçinin nəyisə öz yoldaşlarının - çığırdaşlarının boynuna qoymağı açıqca xoşlayır, sevir və onların igidliklərini qısqanırdı. Qoçunun xarakterindəki bir cəhət də Ceyhun bəyin diqqətini çəkib: "O, "Koroğlu" dastanından götürülən "Koroğlu" sözünü təkrarlamağı xoşlayar və deyərdi : "Çox cavan oğlanlar atalarının gözlərini çıxartmışlar ki, onlara Koroğlu desinlər, ancaq onlara "Kor kişinin oğlu" deyəcəklər". Müəllifin dastana və ümumiyyətlə, şifahi xalq yaradıcılığına vurğunluğu hər cümləsinə hopub: "Bu kəlamın - hikmətin (aforizmin) duzunu dadmaq üçün xatırlamaq lazımdır ki, Koroğlu cəsur, igid və ədalətli əfsanəvi bir xalq qəhrəmanının adıdır - yaxud, ayamasıdır".

Memuarın lap əvvəlində Ceyhun bəy ailələrində ənənəyə çevrilmiş yuxu yozmaları onların nəsillərində qədim zamanlardan qalma adətlə izah edir, yazır ki, həyatımızı az qala yuxularımıza uyğun qururduq. Səyahət, toy, nişan ərəfəsində, alqı-satqıda, yaxud işə götürmək, işdən azad etmək zamanı anamız yuxuları yozaraq atama, bizə yol göstərirdi. "Bizim ən qorxulu xəyallarımızın elementləri bunlar idi: od, alov, toy, dişin düşməsi və s. bununla yanaşı su, at, səfillik, gecə vaxtı təsis edilmiş nişanlar uğurlu işlərin əlaməti sayılırdı". Həyatının Şuşa dövrünü xatırlayan C. Hacıbəyli evlərinə yaxın meşədəki heyvanların toyuq-cücəyə qənim kəsildiyini, odur ki, fürsət düşən kimi onları ovladıqlarını yazır. Növbəti dəfə hədəf porsuq olur: "Göz qabağındakı bu səhnə kədərli idi və mən atamın çox pərt olduğunu, tutulduğunu gördüm. Vəhşi heyvanın cəsədini evə qədər sürüdük. Analarının döşünü hələ də soran balaları görəndə hamını heyrət götürdü, hamıdan betər, pis vəziyyətdə anam idi. O, artıq atamın törətdiyi əməlin qarşısında tir-tir əsirdi, çünki bizim məlum xalq məsəlində deyilirdi: "Bir yuvanı dağıdan öz yuvasının da dağılmasını görər". Ceyhun bəy öz ailə faciəsini də nəzərdə tutaraq yazırdı: "Həqiqətən, xalq deyimində yanılmayıb, hər şeyi düz deyibdir..".

Maraqlı və diqqətçəkicidir ki, Ceyhun Hacıbəylinin siyasi publisistikasında da folklora xas ruh hakimdir: kinayə, istehza, məsəllər, qanadlı ifadələr, atmacalar mətni ağırlaşmaqdan qoruyur, eyni zamanda müəllif istəyini oxucuya daha canlı, daha təsirli formada çatdırır. Bir nümunə gətirməklə kifayətlənəcəyik. Ceyhun bəyin qələmə aldığı və Parisdə nəşr olunan " Revue de deux Mondes " ( yanvar, 1934) irihəcmli " SSRİ-də ziyalılar " adlı məqaləsində rejimin elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərini kölə vəziyyətinə salmasından, senzuranın yaradıcı insanlara qarşı amansız münasibətindən bəhs olunur. Məqalə son dərəcə ciddi və siyasi bir mövzuya həsr edilsə də, C. Hacıbəyli burada da özünəxas üsluba sadiq qalıb. Məqalənin xüsusi ilə " Kölə vəziyyətində olan ədəbiyyat " və " Senzura necə işləyir " adlı hissələri xalq ədəbi nümunələri üçün xarakterik olan lövhələrlə zəngindir. Müəllif rejimin dəhşətli iş metodunu göstərmək üçün yazır : "Bu il bolşevik rəhbərlər belə bir qənaətə gəliblər ki, rus xalqı qəmgin görsənir: o artıq gülmür. Etiraf edək ki, bunun üçün əsas var idi. O saat təbliğat və təşviqatın mərkəzi orqanı "Agitprop" yazıçılara, qəzetlərə və nəşriyyatlara bir şüar göndərdi: "Kütləvi gülüş təşkil etmək lazımdır! " Çətinlik də elə buradan başlandı. Sovet Rusiyasında gülüş "ideologiyaya" uyğun olmalı idi; burjua və kapitalisti güldürən bir şey proletarda təbəssüm belə oyada bilməzdi". Publisist daha sonra Sovet Yazıçılar İttifaqının baş katibi Kirpotinin "yeni gülüş"lə əlaqəli tam ciddiyyətlə bəyan etdiyi cümlələri sitat gətirir: "Bəli, satira bizə mübarizə üsulu kimi lazımdır. Lakin bizə elə satira lazımdır ki, SSRİ-də zəhmətkeşi güldürsün, Parisdə və ya Romada isə dişləri qıcırtsın... Proletar kimi gülməyi bacarmayan, heç səsini çıxarmasa yaxşıdır". Müəllif ədəbiyyata, sənətə sinfi, partiyalı münasibətin, marksizm-leninizm ideologiyasının mahiyyətini məharətlə açır və ədəbiyyatın milli-ənənəvi dəyərlərdən məhrum edildiyini də vurğulayır. Yazır ki, bolşeviklərin gözündə yaxşı görünmək üçün ədəbiyyat özünəməxsus olmaqdan əl çəkməlidi: poeziya, lirika, psixologiya, keçmişin düzgün canlandırılması, adət və ənənələrin təsviri, bunlar hamısı burjuaziyanın qalıqlarından başqa bir şey deyil.

Proletar yazıçı sinfi mübarizə, sosializm quruculuğu, beşillik plan, zavod və kolxozların həyatı barədə yazılarla kifayətlənməlidi. Şair öz ilhamını yalnız zavodların tüstülənməsində və mühərriklərin səsində axtarmalıdır. Ceyhun Hacıbəyli məqalənin sonunu obrazlı təsvirlərlə, maraqlı faktlarla, eyni zamanda dövrünün dildən -dilə gizli gəzən məşhur lətifəsi ilə bitirir: "Boyunduruq altında beli bükülmüş yazıq zəhmətkeş Sovet ziyalıları bir növ qisas almaq üçün 1931-ci ilin iyun ayının 23-də Moskvada Sənaye İşçilərinin Konfransında Stalinin çıxışında irəli sürdüyü, sənaye müəssisələrinin inkişafı üçün zəruri olan və Sovet zəhmətkeşlərinin "İncil"i hesab olunan məşhur "altı şərtə" oxşar, ironiyalı "altı tövsiyənin" mətnini öz aralarında yaymışdılar:

- Özünü düşünməkdən qoru;

- Bunu bacarmırsansa, düşündüyünü ifadə etməkdən çəkin;

- Əgər fikrini artıq ifadə etmisənsə, onu kağız üzərinə köçürməkdən özünü saxla;

- Əgər fikrini yazılı ifadə etmisənsə, onu çap etdirməkdən əl çək;

- Fikrini artıq çap etdirmisənsə, yazdıqlarının yayılmasının qarşısını al.

- Əgər onları artıq yaymısansa, onda günahlarını etiraf edən məktubu tərtib etməyə başla!"

Ceyhun Hacıbəylinin yaradıcılığında və fəaliyyətində folklor nümunələri, izləri və elementləri ilə bağlı qeydlərimizi yekunlaşdıraq, bu qənaətə gəlirik ki, yazıçı-publisist:

- həm mühacirətəqədərki dövrdə maarifçilik missiyası ilə qələmə sarılanda, həm də mühacirət dövründə istiqlal mücahidi kimi Sovet rejimi və kommunist ideologiyasına qarşı mübarizə aparanda bədii və publisistik əsərlərində şifahi ədəbi nümunələrdən məharətlə bəhrələnib, bunun sayəsində ideya və istəklərini, milli duyğu və düşüncələrini daha canlı, daha obrazlı, daha təsirli çatdırmağa müvəffəq olub;

- tükənməyən sevgi və qayğı ilə folklor nümunələrini toplamaqla, tədqiq və təbliğ etməklə Azərbaycan mədəni irsinin qorunmasına və tanıdılmasına böyük töhfə verib;

- bu gün də aktuallığını itirməyən irsi ilə, eyni zamanda folklor toplayıcısı və folklorşünas kimi də tariximizdə qalmaq haqqını qazanıb.

 





17.05.2016    çap et  çap et