525.Az

"Sənətkarın taleyi"nin uğurlu səhnə həyatı


 

"Sənətkarın taleyi"nin uğurlu səhnə həyatı<b style="color:red"></b>

Mayın 20-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış "Sənətkarın taleyi" ("Sudba artista") tamaşasının premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, premyeradan əvvəl Xalq yazıçısı Elçin jurnalistlərə müsahibə verib.

Pyesin səhnə həyatı barədə danışan yazıçı bildirib ki, 2013-cü ildə bu əsər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Sənətkarın taleyi" adı ilə tamaşaya qoyulub. Tamaşaya Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, Xalq artisti İrana Tağızadə quruluş vermişdi. O zaman yüksək bədii-estetik səviyyəli bir tamaşa alınmışdı.

Xalq yazıçısı deyib: "Dövlət Rus Dram Teatrının Azərbaycan dramaturgiyasının təbliğində çox böyük ənənələri, istedadlı, böyük potensial imkanları olan kollektivi var. Mənim üçün də çox xoşdur ki, bu gün bu tamaşa burada oynanılır". Tamaşa hazırlanarkən məşq proseslərində iştirak etməyə vaxtının olmadığını deyən müəllif səhnə əsərinin tamaşaçıların xoşuna gələcəyinə ümidvar olduğunu bildirib. Pyesin Hüseyn Ərəblinski haqqında olduğunu söyləyən yazıçı əslində bu obrazın rəmzi səciyyə daşıdığını vurğulayaraq deyib: "Söhbət sənətkar və zamandan, sənətkar və cəmiyyətdən, sənətkar və xalqdan gedir. Sadə həyat keçirən, pulsuz, kasıb artistlərin sənətə bağlılığı, bütün təhqirlərə, çətinliklərə, sıxıntılara dözmələri - bütün bunların hamısı sənətin, səhnənin naminə olub. Bu baxımdan Hüseyn Ərəblinski Azərbaycan teatrı tarixində, ümumiyyətlə, Azərbaycan mədəniyyəti tarixində böyük xidmətləri olan bir şəxsiyyət və sənətkardır. O, pyesdə məhz bu cür sənətkarların ümumiləşdirilmiş obrazıdır".

Qeyd edək ki, tamaşanın premyerasında rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, teatrsevərlər iştirak ediblər.

Pərdə açılarkən tamaşaçılara edilən müraciətdən də göründüyü kimi, Hüseyn Ərəblinskiyə həsr edilmiş bu əsər avtobioqrafik xarakter daşımır. Əsər böyük aktyorun yaradıcılıq aləmini tərənnüm edir. Tamaşanın əvvəlində qaranlıq səhnəyə əlində fənər tutmuş bir teatr personajı çıxır və səhnədə "Otello" tamaşasının afişasını asır, Otello rolunun Ərəblinskinin oynayacağını təntənəli surətdə elan edir. Sonra səhnədə deyingən, artistlərə hədə-qorxu gələn obrazlar görünür. Onlar cahil və mövhumatçı insanlar, qoçular, mollalardır. Bu səhnə Ərəblinski sənətinin düşmənlərinin kim olduğunu göstərir.

İkihissəli tamaşa təsirli səhnələrlə yadda qalır. Bu əsərdə Hüseyn Ərəblinski dövrünün atmosferi - o zamanlar neft bumu yaşayan Bakı həyatı da, çarizmin Bakıya münasibəti də ustalıqla təsvir edilib. Ən əsası isə fədakar sənətkar və zaman problemi çox yüksək bədii-estetik həllini tapıb.

Tamaşada Hüseyn Ərəblinski obrazını Əməkdar artist Firdovsi Atakişiyev canlandırıb. Səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını Əməkdar mədəniyyət işçisi Vladimir Neverov verib. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada digər rolları Xalq artisti Yuri Baliyev, Əməkdar artistlər Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova və başqaları canlandırıblar.

Sonda Xalq yazıçısı Elçin uğurlu tamaşa münasibətilə aktyorları təbrik edib və onlara təşəkkürünü çatdırıb.

 





24.05.2016    çap et  çap et