Azərbaycanda buğda və un idxalı əlavə dəyər vergisindən azad edilib.
Azərbaycanın baş naziri Artur Rasizadə «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. «APA-ECONOMICS»in məlumatına görə, qərara əsasən, «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» qərarın əlavəsinə «Buğda və meslin» və «Buğda unu və ya buğda-çovdar unu» sətirləri daxil edilir.
Beləliklə, həmin mallar ölkə ərazisinə gətirilərkən ƏDV-dən azad olunur. Bu qərar bir il müddətinə qüvvədədir və bu gündən qüvvəyə minib.