525.Az

Alimin uğurlu addımları


 

Alimin uğurlu addımları<b style="color:red"></b>

Seymur Süleymanov əyalətdə yaşayıb, fəaliyyət göstərən dəyərli ziyalılardan, elm adamlarındandır. 45 yaşını bu yaxınlarda qeyd edən alim səriştəli mütəxəssis, nüfuzlu ali məktəb müəllimi kimi kifayət qədər yaxşı tanınır.
 
Dövlətimizin əyalətlərdə ali təhsil üzrə elmi-pedaqoji kadrlar hazırlanması sahəsinə göstərdiyi diqqət və qayğıdan ruhlanan istedadlı riyaziyyatçı bu imkanlardan lazımınca yararlanaraq  ciddi uğurlar qazanıb. Ağdamın Eyvazlı kəndində doğulub, boya-başa çatan S.Süleymanov orta təhsilini müvəffəqiyyətlə başa vursa da,həmin il ali məktəbə daxil ola bilməyib. 1989-1991-ci illərdə keçmiş Sovet ordusu sıralarında qulluq edib. Lakin təhsilə, elmə daim can atan gənc  ruhdan düşməyib, burada da oxuyub,öyrənib, öz üzərində daim irəliləyib. Odur ki, hərbi xidmətdən geri döndükdən sonra ali təhsil almaq qərarına gəlib. O, bu məqsədlə  ADPU Şuşa filialının Riyaziyyat fakültəsinə daxil olub.

Şuşa erməni qəsbkarları tərəfindən işğal edildiyi üçün həmin vaxt adıçəkilən ali təhsil müəssisəsi Ağcabədiyə köçürülüb. Seymur təhsilini burada davam etdiməli olub. 1996-cı ildə ali məktəbi fərqlənmə ilə bitirən gənc, riyaziyyat, informatika və hesablama texnikası üzrə müəllim ixtisasına yiyələnib.

Ali təhsil aldığı illərdə yüksək bilik və qabiliyyətə malik olduğunu nümayiş etdirən S.Süleymanov filialda qalıb, işləmək təklifini alıb. O, bu təklifi qəbul edərək ADPU Şuşa filialının ümumi riyaziyyat kafedrasında laborant kimi əmək fəaliyyətinə başlayıb və   burada baş laborant, müəllim, baş müəllim kimi çalışıb.

Seymur müəllimin karyerası bundan sonra uğurla davam edib. Çoxsahəli elmi fəaliyyət göstərən, tədqiqatlar aparan pedaqoq 2004-cü ildə Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bala İsgəndərovun rəhbərliyi altında "Çoxölçülü zolaqda dalğa tənliyi üçün qarışıq məsələnin tədqiqi" mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

O,ADPU Şuşa filialının bazası əsasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında ardıcıl olaraq pedaqoji təcrübə rəhbəri, riyaziyyat və informatika kafedrasının müdiri, tədris işləri üzrə böyük inspektor, tədris-metodik şöbəsinin müdiri vəzifələrində işləyib, 2011-ci ildə riyaziyyat, fizika və onların tədrisi metodikası kafedrasına dosent seçilib.

Ötən il Seymur müəllimə böyük etimad göstərilərək, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında tədris və elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilib.

S. Süleymanov geniş elmi araşdırmalar müəllifidir. Alimin "Elm" nəşriyyatında 2009-cu ildə "Dalğa və Sobelev tipli tənliklər üçün silindirik oblastda qarışıq məsələ" adlı monoqrafiyası, 2010-cu ildə  "Riyazi analiz kursuna giriş" adlı dərs vəsaiti və bir sıra tədris proqramları işıq üzü  görüb.

Onun müxtəlif illərdə respublikamızda, eləcə də Rusiya və Böyük Britaniyada tədris jurnallarında, elmi məcmuələrdə  30-dan çox məqaləsi dərc olunub. Seymur müəllimin bu yaxınlarda Sumqayıt Dövlət Universitetinin "Elmi xəbərlər" toplusunda çap etdirdiyi "Qeyri-məhdud zolaq tipli oblastlarda elleptik tənliklər üçün Neyman məsələsi" haqqında məqaləsi mütəxəssislərin diqqətini çəkib, yüksək dəyərləndirilib.

Tanınmış pedaqoq respublikamızda keçirilən mötəbər elmi yığıncaqlarda, konfranslarda da müntəzəm iştirak edir. O, ötən il Bakıda görkəmli alim, professor Yəhya Məmmədovun 85 illiyinə həsr edilmiş Beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Seymur müəllim Ağcabədi və Ağdam rayonlarının ictimai həyatında da fəallıq göstərir, müxtəlif tədbirlərə qatılır, ziyalılarla, gənclərlə görüşür.Onu tez- tez abadlıq və quruculuq tədbirlərində, yığıncaqlarda, mərasimlərdə görmək olar.

Xeyirxah, alicənab, ədalətli, prinsipial və qayğıkeş insan olan S.Süleymanov çalışdığı pedaqoji kollektivin müəllim və tələbələri, eləcə də bölgə əhalisi arasında böyük hörmət və nüfuz sahibidir. O, köçkünlərə, tələbələrə, köməyə ehtiyacı olan hər bir kəsə yardım əli uzadır, dayaq  durur. Elə bu səbəbdən də hamının sevimlisinə çevrilib.

ADPU Ağcabədi filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru,dosent Mətanət xanım Fərzəliyeva, pedaqoqlardan Əliqulu Hümbətov,Tahir Hüseynov, Baxış Ələsgərov, Sahib Zeynalov və başqaları bu yüksək məziyyətlərinə görə öz yetirmələri ilə fəxr edir, ondan həmişə razılıqla danışır, ünvanına xoş sözlər söyləyirlər.

Yəhya PAŞAZADƏ

 





17.06.2016    çap et  çap et