525.Az

“Azərbaycandan çox gözəl duyğularla ayrılıram”


 

“Azərbaycandan çox gözəl duyğularla ayrılıram”

GÜNAY KILIÇ: “AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARININ YANAŞI
DALĞALANMASI QÜRURVERİCİ MƏNZƏRƏDİR”

O, ulu öndər Atatürk və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət!” kəlamını xatırladaraq, gündən-günə daha da güclənən Türkiyə-Azərbaycan dostluğunun möhkəm dayaqlar üzərində qurulduğunu söyləyir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın xanımı Günay Kılıçla görüşmək arzusunda idim. Azərbaycan-Türkiyə qadın təşkilatlarının əməkdaşlığına rəvac verən bu diplomatik qadının müsahibələrini oxuyarkən gözlərim qarşısında hər tərəfdən baxanda mükəmməl görünən əsl türk qadını obrazı yaranmışdı. İnternetdən onun yaxın günlərdə “Lider Qadınlar” və “Universitet Təhsilli Qadınlar” İctimai birlikləri tərəfindən təsis olunmuş “Sara Xatun” mükafatına layiq görüldüyü barədə məlumat aldım və “Yüz türk qadını” kitabımda xanımın portret-səhifəsini verməyi qərarlaşdırdım.

“Qismət ilahidəndir” - deyib atalarımız. Budur, Günay xanım məni iqamətgahlarına qonaq dəvət edib. Kitabımı ona şəxsən təqdim etməyim məni çox sevindirir. O özünü dost yurdunda, mən də özümü dost evində hiss edirəm. Qulaqlarımız türk və azəri musiqisini eşidir, gözlərimiz türk və azəri rəssamlarının çəkdiyi əsərlərlə qarşılaşır, söhbətimizdə türk və azəri ləhcəsi qucaqlaşır, duyğu və düşüncələrimiz bir-birini tamamlayır. Uzun illərin məhsulu olan kitabımı yetərincə dəyərləndirir: - “Öncəliklə düşüncəniz çox gözəldir”, - deyir Günay xanım. - Həqiqətən elm, təhsil, mədəniyyət, ədəbiyyat və digər sahələrdə yüksək nəticələr qazanmış qadınlarımız var. Bunları qələmə almaq, bir kitabda birləşdirib yeni nəsillərə çatdırmaq böyük zəhmət tələb edir. Kitabınızda mənə də yer verdiyiniz üçün təşəkkür edirəm. Digər kitablarınıza da uğurlar diləyirəm. İnanıram ki, inşallah çox gözəl əsərlər çıxacaq ortaya.
Ölkəmizin ictimai həyatında yaxından iştirak edən Günay Kılıçın Azərbaycan barədə təəssüratlarını dinləmək istədim.


- Azərbaycan barədə ilk söyləyəcəyim şey budur, - Azərbaycan türk yurdudur. Öz ölkəmiz bizim üçün nədirsə, bura da elədir, heç bir fərqlilik yoxdur. Öz ölkəmizin başqa bir şəhərinə gəlmiş kimi hiss edirəm özümü. Təyinatımızın Azərbaycana verildiyini öyrənəndə çox xoşhal olduq. Doğrudur, hər ölkəyə diplomat olaraq, diplomatın xanımı olaraq gedirkən sarılmaq durumundayıq. Amma bu dəfə hər hansı bir məcburiyyətdən deyil, könüldən sarılma oldu. Axı, Azərbaycan bizim üçün yad ölkə deyil. Gəldiyimizdən bəri Azərbaycanın inkişafını çox böyük heyranlıqla izləyirik. Hər sahədə böyük addımlar atılır. Eləcə də, “Evrovizion-2012” mahnı yarışmasında qazanılan uğurlar dünyadı çox böyük coşqu ilə qarşılanda və bu möhtəşəm proqram Azərbaycanın bir dünya dövləti olduğunu isbatladı. Bununla qürur duyduq, fəxr etdik.

- Burada olduğunuz müddətdə Azərbaycan qadınları ilə yaxından ünsiyyətdə oldunuz. Onlar sizə necə təsir bağışladı?

- Azərbaycan qadınının çox qüvvətli olduğunu gördüm, istər təhsillisi olsun, istər təhsilsizi. Hünərvər, mübariz, eyni zamanda ailənin möhkəm qoruyucusu olan qadınlardır. Qısaca, əsl türk qadınlarıdır. Bütün dünyada qadınlar həqiqətən çox cəfakeşdirlər, hər vasitəylə ailəni ayaqda tutmağa çalışırlar. Çox gəzdik, çox gördük, amma deməliyəm ki, türk qadınında bu keyfiyyətlər daha güclüdür. Türk qadını ailəsinə, övladına çox bağlıdır, övladı hansı yaşda olursa olsun, yəni hər zaman onun üstündə qol-qanad gərmiş vəziyyətdədir. Yuvasını qorumaq üçün əlindən gələni edər.
Deməliyəm ki, Azərbaycan qadını 70 il sovet dönəminin təsiri altında yaşamış olsa da, bu qədər təzyiq altında dinini, milli dəyərlərini, dilini gələcək nəsillərə çatdıra bildi. Bu çox böyük, şərəfli bir işdir.

- Azərbaycanda - inkişafda olan bir ölkədə nəyi müşahidə etdiniz?

- Təbii, Azərbaycan böyük inkişaf mərhələsindədir. Keçid dövründə hər ölkədə olduğu kimi burada da bəzi sıxıntılar yaşanacaqdır. Bu bütün inkişafda olan dövlətlərin taleyidir, sadəcə Azərbaycana məxsus olan bir şey deyil. Türkiyədə də eyni şeyləri yaşadıq, hələ də yaşayırıq. İnşallah, hər şey düzələcək, insanlar rahatlığa qovuşacaqlar.

- Sizin Azərbaycanın müxtəlif bölgələrində xeyriyyəçiliklə bağlı tədbirlərdə iştirakınız yüksək qiymətləndirilir...

- Azərbaycana gəldiyim gündən bəri müxtəlif məktəblərə getməyə çalışdım. Gücüm çatdığı qədər kömək etməyə səy göstərdim. Qaçqın uşaqlarının oxuduğu məktəbə gedib onların yaşam tərzlərinin şahidi oldum, psixoloji gərginliklərini duydum. Bu məni çox kədərləndirdi. Arzu edərdim ki, elə bir gün gəlsin, bu problemlər çözülsün, onlar öz vətənlərinə dönsünlər, ata torpaqlarında yaşasınlar. Mən eyni zamanda əlil uşaqların olduğu mərkəzlərə də getdim. Çünki bu, cəmiyyətdə daha yaxşı standartlar altında yaşayan hər kəs üçün sosial bir məsuliyyətdir. Onlara mənəvi və maddi olaraq köməkliyimizi göstərməliyik. Mən onlara göstərdiyim qayğını xeyriyyəçilik deyil, analıq borcu sayıram. Uşaqlara sevgi ilə xidmət etmək mənə zövq verir.

- Günay xanım, mətbuat səhifələrində Azərbaycan-Türkiyə qadın təşkilatları arasında əlaqələrin, iş birliyinin və əməkdaşlığın inkişafına böyük töhfələr verməyiniz barədə məlumatlanırıq...

- Mən bir çox qadın təşkilatlarının təşkil etdiyi tədbirlərdə iştirak etmişəm, onların qonağı olmuşam. İctimai-siyasi həyatda rolu, nüfuzu olan xanımlarla, bacılarımla görüşmüşəm. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında qadınların rolu barədə keçirilən bu tədbirlər, əlbəttə çox əhəmiyyətlidir. Hər cəmiyyətdə sevdiyim insanlar var. Onlarla keçirdiyimiz hər görüş mənim üçün çox dəyərli və faydalı oldu. Heyran oldum o qadınların gücünə, o qadınların etdiyi mücadiləyə. Biz eyni millətin övladlarıyıq, eyni kökdənik. Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması qürurverici mənzərədir. Odur ki, hər birimiz türkdilli qadınlar olaraq ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsinə çalışmalı, uşaqlarımızı milli mənsubiyyətlərini dərk edərək böyütməli və gündən-günə daha da güclənən Türkiyə-Azərbaycan dostluğunun möhkəm dayaqlar üzərində qurulması üçün əlimizdən gələni əsirgəməməliyik.
Artıq buradakı fəaliyyət dövrümüz başa çatmaq üzrədir. Azərbaycandan çox gözəl duyğularla ayrılıram. Hesab edirəm ki, bu, ailədən ayrılmaq kimidir. Ailədən ayrılan ailəsini heç vaxt unutmaz.

Saminə HİDAYƏTQIZI

 





01.09.2012    çap et  çap et