525.Az

AYB-də «Türkiyə və Azərbaycan şairləri Türk dili günündə görüşür»


 

AYB-də «Türkiyə və Azərbaycan şairləri Türk dili günündə görüşür»

Bu gün Yazıçılar Birliyinin (AYB) «Natəvan» klubunda  AYB və İLESAM (Elm və Ədəbiyyat Sahibləri Məslək Birliyi) «Türkiyə və Azərbaycan şairləri Türk dili günündə görüşür» adlı birgə tədbir keçirib.

525.az-ın məlumatına görə, tədbirin moderatoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid türkiyəli qonaqları salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən söz açıb: «Bu mövzulu tədbirlərdə aparılan müzakirələr həmişə ortaq məxrəcə gəlməyimizə imkan yaradır. Bu gün qardaş Türkiyənin müxtəlif coğrafiyasından ölkəmizə gələn qonaqlarımızın bu mövzuda fikirlərini, rəylərini öyrənmək çox maraqlı olar».

Tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar qonaqları salamlayaraq həm tədbirin mövzusuna, həm də son günlərdə ölkə ictimaiyyətində müzakirə olunan ortaq əlifba, vahid dil məsələsinə də öz münasibətini bildirib: «Mənim fikrimcə, ortaq dil, ortaq ədəbiyyat məsələsində israr etməsək, yaxşı olar. Çünki Azərbaycan və Türkiyə türkcəsində elə kəlmələr var ki, onlarda hətta bir hərfin belə yerini dəyişmək böyük məna dəyişikliyinə səbəb olur. Ortaq əlifba məsələsinə riayət eləsək, onda gərək  bizim əlifbadan «X» hərfi çıxarıla. Mən bunun əleyhinəyəm. Misal üçün iki kəlməni götürək: Xırıldamaq və hırıldamaq. İnsan güləndə hırıldayır, öləndə də xırıldayır. İndi vahid dilə, ortaq əlifbaya keçsək, onda belə çıxacaq ki, insan güləndə də, öləndə də hırıldayır?! Bu baxımdan mən bu ideyanın qəbul edilməsinin əleyhinəyəm.  Əlbəttə, biz türklər hamımız qardaşıq, ortaq mədəniyyətə sahibik. Amma bəzi nüansları nəzərə alaraq ehtiyatlı davranmaq lazımdır».

Xalq yazıçısı həmçinin türk xalqlarının dillərinin hər birinin ayrılıqda müsəqil olduğunu, onların vahid dilin ləhcəsi kimi qəbul edilməsinə qarşı çıxdığını bildirib: «Qazax, türkmən, Azərbaycan, Türkiyə, özbək türkcəsi də hər bir ayrılıqda müstəqil dillərdir. Onları «vahid dilin ortaq ləhcəsi» adlandırmaq olmaz. Yaxşı, əgər belə adlandırırsınızsa, deyin görək, bunlar hansı dilin ləhcələridir? Türkiyə türkcəsininmi ləhcəsidir? Yox. Bunların hər biri müstəqil dildir. Azərbaycan dili də türk sistemli müstəqil dildir. Ləhcə tamam başqa mövzudur. Məsələn Azərbaycanda Gəncə, Şəki, Qazax ləhcələri var. Ləhcə lokal məfhumdur və tamam başqa şeydir. Mənim fikrimcə, bu qədər ədəbiyyat örnəyi olan bir dili ləhcə adlandırmaq düzgün deyil». 

Şair Abbas Abdulla çıxışında bir sıra alimlərin türk xalqların ortaq dilinin olmasını görməzlikdən gəldiklərini və inkar etdiklərini bildirib: «Biz bir millətik, adımız türk, dilimiz türk dilidir. 22 ərəb dövləti var və hamısı özlərini «ərəb» adlandırırlar. Bir-biriləri ilə savaşsalar da eyni ərəb milləti olduqlarını qəbul edirlər. Doğma dilimizdə yazan şairlərimiz hamısı ortaq dildə yazıb-yaradıblar. Qazi Bürhanəddinin yaradıcılığına nəzər salsaq görərik ki,  ortaq türk dili burada öz əksini tapıb və oxunanda da hamı tərəfindən aydın başa düşülür». 

Doktor Cavad Heyət türk dillərinin əslində vahid dil hesab olunmasını təsdiqləyən fikirlərlə çıxış edib.

«Mən bu gün Yazıçılar Birliyində türk qardaşlarımızı qonaq adlandırmazdım. Öz evində qonaq olmaz. Onlar ev sahibləridir, Azərbaycan onların da vətənidir. Çox istərdim ki, gücümüzü səfərbər edərək bir-birimizə ziyalılarımızı, elm adamlarımızı tanıdaq. Müzakirəsi aparılan mbövzuda paralel işləri görülməlidir. Ayrı-ayrı qurumlar tərəfindən yox, dövlət səviyyəsində iş aparılmalıdır. İçimizdəki qarşılıqlı sevgini əməllərimizlə ortaya qoymalıyıq». Tədbirdə bu fikirləri AYB-nin katibi Arif Əmrahoğlu səsləndirib.

Tədbirdə iştirak edən İLESAM-ın sədr köməkçisi Camal Turcuoğulları çıxışında müstəqil dillərin ləhcə hesab olunması fikrinin əleyhinə olduğunu ifadə edib: «Mən də Anar müəllimlə razılaşaraq bildirmək istəyirəm ki, müstəqil dilləri ləhcə adlandırmaq olmaz. Dilimizi İstanbul ləhcəsi adlandırmaq olmaz. Türkiyə türkcəsi də türk sistemli müstəqil dildir». 
Tədbirdə çıxış edən İLESAM-ın üzvləri Nazmiye Akın, Nevin Baltu, Ahmet Yüksələntürk, Salih Yılmaz, Çengiz Karataş, Ülkü Taşlıova, Kenan Oflaz və başqaları dillərimizin yaxın olduğunu, lakin hər birinin ayrı-ayrılıqda inkişaf yolu keçdiyini qeyd ediblər.  Tədbirdə vurğulanıb ki, dil dəyişikliyə məruz qalan məfhumdur: «Bütün dillərdə olduğu kimi dillərimiz başqa dillərin təsirinə məruz qalır, dilimizə yad kəlmələr, əcnəbi sözlər daxil olur. Bunun qarşısını almaq üçün öz dilimizə həssas yanaşmalı, öz kəlmələrimizdən istifadə etməliyik. Bu, təhsil sistemində, reklam şitlərində və digər sahələrdə də nəzərə alınmalıdır. Hər bir türk millətinin özünəməxsus dili, mədəni, mənəvi abidələri var. Lakin nə qədər fərqlər nəzərə çarpsa belə, bütün türklər qardaşdır,  dilləri də başa düşüləndir. Yetər ki, biz qardaşlıq əlaqələrimizi üzməyək, daha da inkişaf etdirək, o zaman bir-birimizi daha asan anlayacağıq. Hər bir sahədə qarşılıqlı əməkdaşlıq qəlbimiz kimi dillərimizi də bir-birinə daha da yaxınlaşdıracaq, ortaqlaşdıracaq».

Tədbirin sonunda İLESAM üzvləri öz şeirlərini səsləndiriblər. 

Sevinc MÜRVƏTQIZI
   

 





25.09.2012    çap et  çap et