525.Az

Dünyanın dəli çayları, dönüb axırlar üstümə - Şeirlər


 

Dünyanın dəli çayları, dönüb axırlar üstümə - <b style="color:red">Şeirlər</b>

Gəl, bir az dua edək

gəl, bir az  da dua edək,
əllərini qoy üzümə;
sən soruş, Tanrı hardadı,
mən də baxım göy üzünə;

bu gecə nə gözəldi göy,
hər ulduz bir arzu dilək;
yerdən bir çiçək qoparaq,
üfürək, olsun kəpənək;

sən mənə bax, mən də sənə,
aranı dağa daşıyaq;
bir az göy üzünə baxaq,
bir az Tanrını oxşuyaq;

dönək bir cüt kəpənəyə,
gözləyək gəlsin baharı;
sonra qanad açıb uçaq,
yol tutaq Tanrıya sarı.

Üzünü qoy sinəm üstə

üzünü  qoy sinəm üstə,
gör səni necə yandırır;
ürəyim gündüz üşüyür,
həsrətim gecə yandırır;

gün addıyır, düşür gecə,
dəli sevgi bir işgəncə;
çınqısı çatıb indicə
hələ təzəcə yandırır;

bu dərd mənə gəldi, kimnən,
qaçdım loğmannan, həkimnən;
alovu qalxır içimnən,
məni gizlicə yandırır;

bilmədim nə sirr eliyib,
qovub lap yesir eliyib;
könlümü əsir eliyib,
dərd içə-içə yandırır;

mən də li sevda adamı,
həsrət qırıb inadımı;
sındırıb qol-qanadımı,
doldurub peçə yandırır;

ağ buludlar lələk-lələk,
ruhum bir adsız kəpənək;
ömrümüzü  çərxi-fələk,
yandırır, heçə yandırır.

Silkələmə nar ağacın

göy  üzündən ağca bulud,
yelkənin bağlar üstümə;
silkələmə nar ağacın
narı dağılar üstümə;

həsrətim əsir dağlara,
ruhum tələsir dağlara;
üz tutsam əsir dağlara,
bulaqlar ağlar üstümə;

bu dünya dar bir qalacıq,
ürəyim gül kimi açıq;
üzüm güləndə azacıq,
cumar paxıllar üstümə;

yazın yaşılca çağında,
boylu qönçələr doğumda;
gecə qarışıq yuxumda,
yeriyir dağlar üstümə;

qaçdm, bağladım gözümü,
çınqıl qanatdı dizimi;
atım səngərə özümü,
gəlir  yağılar üstümə;

dəli rüzigar mənə gəlir,
gəlir də, hər sənə gəlir;
düzünə, tərsinə gəlir,
qarlar, sazaqlar üstümə;

ütdüm  günləri, ayları,
o tayları, bu tayları;
dünyanın dəli çayları,
dönüb axırlar üstümə;

kimin yarıdı, bu vətən,
kimnən yarıdı bu vətən;
ey gözəl Allahım, nədən,
dərdi yıxırlar üstümə.

Ya qalaq burda, ya gedək

Ya qalaq burda, ya gedək
indi bir yol da var, daha;
gedək, bir ayrı yer tapaq,
burda ömür, gün də baha;

gedək, bilmirəm haraya,
ürəyimiz tutan yerə;
qəlbimizi düz saxlayaq,
nə istəsək Allah verər;

gedək, göy üzünə baxaq,
axtaraq bəxt ulduzunu;
onu sıxaq köksümüzə,
yaşayaq ömür uzunu.

Yazın havası ayrıdı

yazın havası ayrıdı,
yazı yağışdan bilirəm;
nazını gizlədən gözəl,
nazı baxışdan bilirəm;

ruhumu bir səsdi içir,
könlümü həsrətdi, biçir;
sevgi bir istəkdi, keçir,
ömrü naxışdan bilirəm;

ürəyimdə acı su var,
dərdin qardaş-bacısı var;
yolun ağrı-acısı var,
yolu yoxuşdan bilirəm;

yarpağı qatdıyır payız,
içimi odduyur payız;
yay gedir, addıyır payız,
yaz gəlir, qışdan bilirəm;

ağ duman telimə dönüb,
hər qarış ölümə dönüb;
dünya qan gölünə dönüb,
qanı qarğışdan bilirəm;

bu bəşərin qəsdi  nədi,
bir-birinin qəsdinədi;
dünya məzar üstündədi,
dərdimi daşdan bilirəm.

Səni mənə verən Allah

səni mənə verən Allah,
məni də sənə yaradıb;
səni də qatıbdı mənə,
elə bir günə yaradıb;

ürəyini qoşub sözə,
əllərini   basıb közə;
dumanı  göndərib düzə,
dağları çənə yaradıb;

götür-qoy eləyib, yenə
fikirləşib, dönə-dönə;
gözəlliyi  verib sənə,
sevməyi  mənə yaradıb;

arzusuna, məramına,
dərgahına, irəminə;
şükür  olsun kərəminə,
yaxşı ki, yenə yaradıb.

Hər gün göy üzündən xəbərlər gəlir

hər gün göy üzündən xəbərlər gəlir,
nə varsa deyirlər Yerdən,  o yana;
gedib öyrənəcəm, yerli-yataqlı,
ayağım düşəndə hərdən o yana;

gedib öyrənəcəm, nə varsa ordan,
ulduza gedəcəm, Aya gedəcəm;
bir az da uzağa gedib çıxacam,
göyün üzünnən  o taya gedəcəm;

axtarıb fələyi tapacam orda,
bir az dərdləşəcəm onunla, hələ;
ondan soruşacam, soracam niyə,
niyə bu gündədi Yer üzü,  lələ;

bəlkə barmağın var bu işdə sənin,
hoqqa çıxardırsan, hoqqa dalınca;
quzunu verirsən qurdun əlinə,
dovşanı qovursan çaqqal olunca;

niyə bu dünyanın nizamı yoxdu,
adamlar qırılır qarışqa kimi;
olan ağlını da itirib bəşər,
dünya gəlib çatıb qarğışa kimi;

bunu da Tanrıdan soruşam gərək,
deyəm ki, bir barmaq silkələ bizə;
dərsini verginən pis adamların,
onları yox elə, görk elə bizə;

hər gün Yer üzündən xəbərlər gəlir,
beşin öldürdülər, yüzün asdılar;
kimi qandırasan, kimə deyəsən,
kimin günahını kimə yazdılar;

bizi kim qarğıyıb, kim qaralıyıb,
nə yaman pis günə qalıb, Yer üzü;
ipini çəkən yox, dəli bəşərin,
saralıb Yer üzü, solub Yer üzü;

hər gün Yer üzündən xəbərlər gəlir,
şərqdə bir-birini qırır adamlar;
şimalda buzlaqlar əriyib gedir,
suların altında qalıb adalar;

hər gün göy üzündən xəbərlər gəlir,
nə varsa deyirlər Yerdən,  o yana;
Tanrıya deyəcəm gedib hər şeyi,
Ayağım düşəndə hərdən o yana.

Sənsizlik ağır işgəncə

yamac  boyu düzülübdü,
ağ qönçələr incə-incə;
ağ çiçəklər doğulacaq,
doğulacaq sən gəlincə;

sən gəlincə könül naçar,
gözdərimnən yuxu qaçar;
üstümə  ağ yelkən açar,
ağ  bulutdar  çəngə-çəngə;

kim baxır ağrıya, aha,
gəlib batmışıq günaha;
uzaq yollar dönməz daha,
uzaq yollar döngə-döngə;

göynüyür bağrımın başı,
ötüb həsrətimin yaşı;
sənsizlik bir yol yoldaşı,
sənsizlik ağır işgəncə.

Buludlar qarmaqarışıq

buludlar qarmaqarışıq,
dün gecədən nələr yağdı;
ildırımlar şaqqıldadı,
sellər gəldi, sular axdı;

ürəyim qırıq bir şüşə,
az qalır canımnan düşə;
yuxum çəkilibdi ərşə
gözlərim hələ oyaxdı;

qapımda yağı sülənir,
fələyin çarxı  yellənir;
niyə dərd bizə şellənir,
niyə düşmanımız çoxdu;

sənə nolub, gözəl  Vətən,
içimdə həsrətdi  bitən;
ürəyimnən gəlib ötən,
dağlardakı buz bulaxdı;

insan dözür hər zülümə,
dərd  dəyməsin tər gülünə;
üzülmə könlüm, üzülmə,
Vətən gözümə çıraxdı.

İndi yatmaq vaxtı deyil

indi yatmaq vaxtı deyil,
evdən obaşdan çıxıram;
yaz gəlir, yay da ötüşür,
payızdan, qışdan çıxıram;

yaxşıca sözə üz  gəlir,
odun dalınca köz gəlir;
mənə toxunan söz gəlir,
ağıldan, huşdan çıxıram;

nə cinəm, nə də əcinə,
varram, dünyanın heçinə;
girib göylərin içinə,
gedib  o başdan çıxıram;

sel  axır, üstümə gəlir,
yanıram, tüstümə gəlir;
nə gəlir, qəsdimə gəlir,
daş gəlir, daşdan çıxıram;

dünyamız soyuğa çıxdı,
arzular oyuğa çıxdı;
yağılar ayaq açıbdı,
hər gün savaşdan çıxıram;

ruhum bədənnən sivişib,
saçımda dənnən sivişib;
dumannan, çənnən sivişib,
qardan, yağışdan çıxıram;

hələ fırlanır ələyi,
əlimdə qalıb lələyi;
gedib tapıram fələyi,
qannan- qarğışdan çıxıram.

Anam, payız aldı səni əlimdən

anam, payız aldı səni əlimdən,
payız bu dünyanın yarpaq bükümü;
hər payız gələndə üşüyürəm mən,
başlanır ömrümün yarpaq tökümü;

hanı gözlərimdə yaşı kiridən,
mən də yıxılacam günün birindən;
adamı dünyada dərddi əridən,
görəsən hardadı, dərdin həkimi;

sonalı göllərdə sonasız olmaq,
atanı çağırmaq, ana sızlamaq;
içimi yandırır anasızlamaq,
ay ana kim bilir mənim içimi;

anam, g özlərimi yaş eləmişəm,
dərdimi bərkidib daş eləmişəm,
ruhumu döndərib quş eləmişəm,
sən mənim yuxuma gələnə kimi.

Bu gələn qarın havası

saçlarıma qırov düşər,
gözdərim çaşıb ağlıyar;
bu gələn qarın havası
könlümü qışa bağlıyar;

o nədi, hey dərd əliyər,
perikmiş ruhum  məliyər;
həsrətim dağda ləliyər,
kəndiri daşa bağlıyar;

ürəyim qaynar qanımda,
qılıncım durmaz qınında;
bir igid ölsə yanında,
səngərdə paşam ağlıyar;

axtarar, üzdüyər səni,
darıxar, özdüyər səni;
yaxşı dost gözdüyər səni,
atdarı qoşa bağlıyar;

ruhumu candan qoparım,
götürüb hara aparım;
bir gün gül üzlü dildarım
görsə ki, daşam, ağlıyar.

 





25.06.2016    çap et  çap et