525.Az

Tolerantlıq ənənələrinin təbliğatçısı


 

MULTİKULTURAL DƏYƏRLƏR YENİ JURNALIN SƏHİFƏLƏRİNDƏ

Tolerantlıq ənənələrinin təbliğatçısı <b style="color:red"></b>

Azərbaycanın media sistemində yeni bir jurnal tipi meydana çıxdı: “Multikulturalizm”.

Bu jurnal öz tipologiyası baxımından tamamilə orijinal mahiyyət kəsb edir və Azərbaycanın multikultural dəyərlərini ədəbi-bədii, elmi-publisistik müstəviyə çıxarmaqla ciddi bir missiyanı yerinə yetirməyi vəd edir.
 
Əlbəttə, jurnalın nəşri ilk növbədə Azərbaycanın dövlət səviyyəsində qəbul olunmuş multikulturalizm ilinin dəyərli məhsulları sırasındadır.

Oxuculara yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il yanvarın 11-də ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə əlaqədar xüsusi sərəncam imzalayıb. Bununla bağlı Prezidentin tapşırığı əsasında hazırlanmış və qəbul olunmuş “Tədbirlər planı”nda “Multikulturalizm” adlı xüsusi jurnalın təsis edilməsi məsələsinə baxılması təklifi irəli sürülmüşdü. Azərbaycanın çağdaş oxucusuna vacib olan belə bir mətbuat orqanının yaradılmasını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondu öz öhdəsinə götürmüş və artıq jurnalın 2016-cı il birinci sayını ortaya qoymuşdur. Göründüyü kimi, jurnalın nəşri ilə mötəbər təşkilatlar məşğuldur. Bu təşkilatların jurnalı ədəbi-bədii, elmi-publisistik istiqamətdə nəşrini ortaya qoyması bu yeni dərginin tipoloji xarakterini müəyyən etmişdir. Jurnalın baş redaktoru, Azərbaycanın media sistemindəki uğurlu yaradıcılıq faktları ilə ictimai rəydə çoxdan oxucu hörməti qazanmış Fəxri Uğurlu oxuculara müraciətlə yazdığı proqram məqaləsində  deyir: “Jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində quracaq”. Həqiqətən də, Azərbaycan Prezidentinin istər “Multikulturalizm ili”, istərsə də bununla əlaqədar “Tədbirlər planı” ilə bağlı sərəncamlarında qarşıya ciddi vəzifələr qoyulur. Baş redaktorun xüsusi vurğuladığı bu məqam - jurnalın həmin sərəncamlarda irəli sürülən vəzifələr kontekstində fəaliyyət göstərəcəyi barədə vədin necə yerinə yetirildiyi elə “Multikulturalizm”in ilk sayındaca özünü göstərməkdədir. Yüksək poliqrafik dizaynda nəşr edilən birinci  nömrənin bütün materialları Azərbaycanın multikultural dəyərlərinin elmi, ədəbi-bədii, publisistik formatda oxucuya çatdırmaqdadır.

Jurnalın oxuculara təqdim olunmuş ilk nömrəsinin ümumi mənzərəsindən görünür ki, qarşıya qoyulan strateji məqsədin qəti şəkildə gerçəkləşmə prosesi gedir. Jurnalın lap əvvəlində Azərbaycan Prezidentinin ölkəmizdə multikulturalizmin mövcudluğu və bu sahədə görülən işlərə verdiyi qiymət, ölkəmizdə multikulturalizmin inkişafına inamını əks etdirən fikirləri yer alıb. Əslində, jurnalın tərtibatında - ön səhifədə yer almış bu fikirlər həm də dərginin proqram siyasəti kimi səslənir. İlk nömrənin çox maraqlı rubrikaları var: “Rəsmi”, “Azərbaycançılıq”, “Çoxmədəniyyətlilik”, “Terror multikulturalizmə qarşı”, “Homo Sapiens”, “Tariximiz, bugünümüz”, “Höte zalı”, “Axundov zalı”, “Sönməyən ulduzlar”, “Resenziya”, “Kitab rəfi”. Bu rubrikalar nömrədən-nömrəyə, əlbəttə, dəyişə də bilər. Lakin indiki halda mənim həmin rubrikaların hamısını qeyd etməyim jurnalın oxucuya çoxçeşidli mövzular təqdim etdiyini göstərmək məqsədi daşıyır.

“Rəsmi” rubrikası multikulturalizmə dair prezident sənədlərini təqdim edir. Digər rubrikalar elmi, bədii, publisistik xarakter daşıyır və onların hər birinin altında verilən materiallar jurnalın mövzu zənginliyini ifadə edir. “Azərbaycançılıq” rubrikası akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq- milli ideologiyanın kamil nümunəsi” sərlövhəli məqaləsi ilə bu gün söykəndiyimiz ideoloji istiqamətin elmi əsaslarını ortaya qoyur. Ümumiyyətlə, azərbaycançılıq ideologiyasının Ümummilli Liderimiz  Heydər Əliyev konsepsiyası akademikin indiyə qədərki  bir çox əsərlərində də özünün elmi-nəzəri  interpretasiyasını tapmışdır. Bu məqaləsində də R.Mehdiyev ideoloji paradiqmaların təşəkkül tarixinə nəzər salır, milli ideya məkanında ehkam və dəyərlərin konvergensiyasının mümkünlüyünü nəzərdən keçirir, bütün bunların Heydər Əliyev siyasətinin nailiyyətləri sırasında olduğunu təsdiqləyir və indiki reallıqları təhlil edir. Belə bir elmi yanaşma isə azərbaycançılığı milli ideologiyamızın kamil bir nümunəsi kimi qiymətləndirməyə əsas verir. Məqalənin bütün ruhu belə bir həqiqəti əks etdirir ki, “milli ideologiya sağlam vətənpərvərlik, Vətənə məhəbbət hissi kimi öz torpağına hörmət, doğma xalqının özünəməxsus keçmişə malik olmaq və üzvi şəkildə inkişaf etmək hüquqlarını tanımaq kimi təsəvvürə gətirilir”. Azərbaycançılıq məfhumunu yaxın dövrün siyasi anlayışı kimi təhlil edən müəllif azərbaycançılığı özünün bütün tərkib hissələri ilə birlikdə tamamilə milli  ideologiyanın konkret, spesifik forması hesab edir. Güman edirik ki,  “Multikulturalizm” jurnalının azərbaycançılıq konsepsiyasının bu sayaq elmi-nəzəri təhlilini verən maraqlı bir məqaləni oxucuya təqdim etməsi dərginin qarşıya qoyduğu proqram siyasətini reallaşdıran bir fakt kimi qiymətlidir.

AMEA-nın Prezidenti, akademik Akif Əlizadənin “Çoxmədəniyyətlilik” rubrikası altında təqdim olunan “Dəqiq ideoloji hədəf - multikulturalizm” məqaləsi multikulturalizmin Azərbaycan gerçəkliyinin elmi portretini cızır, bu sahədə dövlət siyasətinin konturlarını açıqlayır.

Akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək...” məqaləsində Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkələrində təbliği, Azərbaycana dünya marağı və bu marağın ölkəmizə məhəbbət yaratması, azərbaycanlı olmağın milli qürur mənbələri, Azərbaycanda qədimdən qorunub saxlanan etnik çeşidlilik və s. faktların xatırlanması oxucunu maarifləndirməklə bərabər, müəllifin rəhbərlik etdiyi  qurumun gördüyü böyük işlərin hesabatı kimi də qəbul oluna bilər.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda formalaşan multikulturalizmin dünya səviyyəsində ən mükəmməl model kimi qəbul olunması faktını açan maraqlı bir yazı ilə jurnalda çıxış edir və öz tezisini zəngin faktlarla sübut edir.

Maraqlı cəhətlərdən biri təqdim olunan materiallarda nəzəriyyə ilə praktikanın sintezidir. Bu baxımdan jurnalist, kinotənqidçisi Sevda Sultanovanın “Monokultural estetikaya qarşı kino inqilabı”, Həcər Verdiyeva və Fəxrəddin Paşayevin “Erməni terrorizmi və kürdlər”, yazıçı-jurnalist Qan Turalının “İnsan olmanın macəra dolu qəddar tarixi”, AMEA-nın müxbir üzvü, mərhum professor Qara Əhmədovun “Bu günə necə gəlib çıxmışıq”, professor Məhəbbət Paşayevanın “Azərbaycanda qədim alban tayfalarının izləri” və başqa  yazıların yüksək peşəkarlıq keyfiyyətini ayrıca qeyd etmək olar.

Jurnal özünün tipoloji xarakterinə görə elmiliyi, bədiiliyi və publisistikanı özündə birləşdirməkdədir. Qeyd etdiyimiz elmi-nəzəri və praktik yazı nümunələri ilə birlikdə istedadlı jurnalist və yazıçı Aqşin Yeniseyin “Köhnə dünyanın kəşfi” essesi, məşhur Amerika yazıçısı Harri Harrisonun “Aşkelon küçələri” fantastik hekayəsi kimi bədii və publisistik yazılar “Multikulturalizm” jurnalını zənginləşdirən faktlar sırasındadır.

Jurnalın “Axundov zalı”nda Günel Şamilqızının, Rəbiqə Nazimqızının, Feyziyyənin, Alikin yeni poetik ovqat təsiri bağışlayan şeirləri həm estetik tərəfləri, həm də mövzu, tematika zənginliyi ilə maraq doğurur. Ramilə Qurbanlının unudulmaz aktyor Səyavuş Aslan haqqında portret oçerki, Cavid Zeynallının Vaqif Səmədoğlu ilə bağlı “Bir şəklin tarixçəsi” essesi, yeni kitablar haqqında yazılar, Milli Elmlər Akademiyasında multikulturalizm tədbirlərindən reportajlar oxucuda maraq oyatmaqla yanaşı, jurnalın janr palitrasının da zənginliyindən xəbər verir.

“Multikulturalizm”in ən maraqlı bölmələrdən biri “Region” rubrikasıdır. Jurnal bu bölmədə Quba ədəbi mühiti, Quba və Qusar mühitində yazıb yaradan şairlərin poeziyasından nümunələri təqdim etməklə Azərbaycana doğmalaşmış dağ yəhudilərinin, ləzgilərin Vətən sevgisini, Azərbaycana məhəbbətini nümunələrlə göstərə bilmişdir.

Bu rubrikada Ramiz Qusarçaylının poeziya dünyasında “Bu yaz çiçəkləmə, ərik ağacım,”, “Namus” şeirləri Qarabağ, Şuşa dərdinin ifadəsi ilə hər kəsi torpaqlarımız uğrunda mücadiləyə səsləyir.

Dağ yəhudilərinin şeirləri silsiləsindən Simax Şeydanın, Yaşa Maşiyakovun, Raxmil Mixaylovun və digərlərinin şeirlərində Azərbaycana övlad məhəbbəti qırmızı xətlə keçir. Həm də bu şeirlərin bəziləri təkcə bu günün deyil, Vətən sevgisinin onların yaradıcılıq tarixindən başladığını da ifadə etməkdədir.

Göründüyü kimi, jurnal ölkəmizdə multikultural dəyərləri birbaşa özündə əks etdirən bir regionun ədəbi mühitinin Vətənə bağlı poetik nümunələrini təqdim etməklə özünün  tipoloji xarakterinə sadiq qalmışdır.

Jurnalın çox maraqlı dizayn elementləri sırasında həm də onun xarakterini müəyyənləşdirən foto şəkillər - Azərbaycanın multikultural faktlarını nümayiş etdirən ayrı-ayrı etnik xalqlara dair mədəniyyət, arxitektura nümunələrinə xüsusi yer ayrılmışdır.

Mən “Multikulturalizm”in baş redaktoru Fəxri Uğurlunun - istedadlı yazıçı, publisist və naşir kimi tanıdığımız peşəkar bir adamın jurnalda görünən zəhmətini bir daha qeyd etmək istərdim. Jurnalın bütün ruhunda onun redaksiya heyətinin, beynəlxalq redaksiya şurasının, texniki işçilərinin məsuliyyəti hiss olunmaqdadır. Azərbaycan media mühitində öz dəst-xətti ilə ortaya çıxan bu jurnalın uğurları hələ qabaqdadır.

 





18.07.2016    çap et  çap et