525.Az

Səfirin gündəliyindən


 

Səfirin gündəliyindən<b style="color:red"></b>

KİŞİ HƏRƏKƏTİ, KİŞİ SÖHBƏTİ 

Çoxdan, lap çoxdan olub-keçmiş bu əhvalatı mən yazmaq istəmirdim. Onsuz da bu əhvalatı hamı bilir. Lap belə artıqlamasıyla bilir. Bu hadisəni görən görüb, görməyənlər eşidib, eşitməyənlər də hardansa oxuyub bilib, hali olub. Özü də dəfələrlə oxuyub. Yəni demək istəyirəm ki, bu məsələni hamı bilir. Bilir ki necə olub, hansı vəziyyətdən doğub, harada, kimlə baş verib... Bir də bu barədə yazmağa mən ehtiyac duymurdum. Amma demək istəyirəm ki, hər hansı bir məsələni tədqiq edib öyrənmək üçün, yüz adamla söhbət edib, yüz mənbəyə müraciət etmək lazımdır. Bu isə sübutlu tarixdir. Tarixi isə dəyişməyə heç kimə icazə verilməyib.

Amma bu yaxınlarda isə... Bu yaxınlarda deyəndə ki, uzaqda olduğuma görə, tamam təsadüfən oxuduğum, tanınmış publisist, dramaturq, gözəl yazıçımız Firuz Mustafanın "Bəxtiyar Vahabzadəni niyə güllələmədilər?" adlı yazısı məni 25-26 il bundan əvvəlki günlərə çəkib apardı. Hər bir məsələni mənə tam təfərrüatı ilə bir daha xatırlatdı. Ay aman... Bütün bu hadisələr elə bil dünən olub. Ay Allah, o vaxtlar biz nə günlərdi yaşayırdıq... Elə bilirdik ki, dünyanın axırına gəlib çatmışıq... Hə... Bayaq dediyim kimi, bu hadisəni yazmaq istəmirdim. Yazmayacaqdım da... Lakin bu hadisənin heç kimin bilmədiyi, heç kimin görmədiyi, heç kimin eşitmədiyi elə tərəfləri var ki, istəyərdim, bu tərəfləri hamı bilsin. Daha bu çoxdan olmuş hadisələrə bir də əlavələr olunmasın. Və şifahi xalq yaradıcılığına çevrilməsin. Necə olubsa, eləcə də tarixdə qalsın. (onsuz da keçmiş SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahından atamla bağlı bəzi mühüm sənədlər əldə etmişəm.) İndi onları araşdırmaqla məşğulam. Bu bir tarixdir. Və yazmaqda məqsədim odur ki, bu hadisəni hər kəs özü bildiyi şəkildə müzakirə etsin. Adlarını çəkəcəyim bu üç kişinin telefon danışığından xəbərdar olsun. Hərçənd o vaxtlar bu kişilərin, məhz elə bu kişilərin telefon söhbətlərinə KQB, Moskva qulaq asırdı. Amma bu kişilər heç nəyə əhəmiyyət vermirdilər (çünki kişi idilər, sözün əsl mənasında kişi!) Eh... Kimin haqlı, kimin haqsız, kimin düzgün, kimin qeyri-düzgün dediyini oxuyanlar qoy özləri müəyyənləşdirsinlər. Və hər dəfə bu hadisə yadıma düşəndə qəhərlənirəm. Özümdən asılı olmayaraq kövrəlirəm, gözlərim dolur.

lll

Atam 1990-cı ilin yanvar hadisələrində Bakını işğal edən general Dubinyakın üzünə, elə telestudiyanın həyətindəcə, həmin generalı mühafizə edən əsgərlərin düz yarım metrliyindəcə bütün əsəbini, hikkəsini toplayaraq, lopası ilə tüpürmüşdü. Hələ bununla ürəyi soyumayıb generala: "Okkupantı, faşistı, şto vi ot nas xotite?!" sözlərini də demişdi. "Sizə sərvətimizdən az veririk, yoxsa gec veririk" sözlərini deyib üzünü generalın cangüdənlərinə (cəmdək güdənlərinə) nifrətlə tutaraq "ublyudki" sözlərini də demişdi. Əsgərlərdə dərhal silahlarını hazır vəziyyətə gətirib, atama atəş açmaq üçün generaldan işarə gözləmişdilər. Generalsa tabeçiliyində olan əsgərlərin qarşısında belə təhqir olunmasına dözməyib, koburasını açıb özü silahını çıxartmaq istəmişdi. Əsgərlər işarə gözləyirdilər ki, atama atəş açsınlar, elə bu zaman telestudiyanın həyətində qorxa-qorxa, ürkək-ürkək dayanıb bütün bu hadisələri izləyən işçilər dərhal atama tərəf qaçıb onu araya almışdılar. Onu oradan uzaqlaşdırmağa çalışmışdılar. Əsgərlərin hazır vəziyyətdə olan silahlarına qarşı sinələrini qabağa vermişdilər. Artıq qorxu-ürkü aradan götürülmüşdü. Hamının gözünü qan örtmüşdü, sanki "ə, siz heç bilirsiniz kimə atəş açmaq istəyirsiniz?" ovqatı yaranmışdı.

Onda, tanınmış telerejissorumuz, mərhum Nazim Abbasov onlara tərəf qaçaraq, dərhal generalı qucaqlayıb onu kənara çəkmək istəyir. General müqavimət göstərir. Nazim Abbasov da geri çəkilmir. O, generalı birtəhər, xahişlə kənara çəkib, ona nəsə deyir. Bəlkə də ömründə belə hala düşməyən əlisilahlı general bilmir nə etsin. O başa düşürdü ki, bunun üzünə tüpürən adam, adi adam deyil. Sıravi adam deyil. Özünə son dərəcə arxayındır. General əsəbi halda yenə də Nazim Abbasovu kənara itələyib ona nəsə deyir. Nazim Abbasov yenə də geri çəkilmir. Əli ilə telestudiyanın binasını göstərərək, ona yenə nəsə deyir. Söhbət təxminən 5-10 dəqiqə çəkir. General tərəddüd edir. Bilmir nə desin. Görünür Nazim Abbasov ona nəsə olduqca tutarlı, vacib faktlar demişdi. Atamı əhatə edənlər onu birtəhər maşına tərəf aparıb, getməsini xahiş edirlər. Nazim Abbasov deyir:

- Bəxtiyar müəllim, yenə də qan tökülə bilər. Bu dəfə baiskar siz olarsınız. Millət sizə görə ayağa qalxa bilər. Sizə görə daha çox qan tökülə bilər. Onsuz da çox qırılmışıq. Sizə görə bütün millət qırıla bilər. Başa düşün. Gedin, xahiş eləyirəm, gedin burdan. Millətə yazığınız gəlsin.

- Nə danışırsan, mən bir... rusun qabağından qaçacağam? Axı, rusun nə işi var mənim torpağımda? Gəlib bizim qanımızı axıtsın, bizdə mağmun-mağmun onların üzünə baxaq? Bəs biz nə vaxt öz sözümüzü deyəcəyik?

- Siz çox söz demisiniz, Bəxtiyar müəllim. Nəyə nail olmuşuq ki?! Dayanın görək axırı nə olur. Həm də siz onun qabağından qaçmırsınız ki! Sözünüzü dediniz, indi də gedirsiniz...

O vaxtlar atamı ölümdən qurtardığı üçün Nazim Abbasovun ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin!

Həmin vaxt Nazim Abbasov generalı qucaqlayıb kənara çəkəndə ona başa salmışdı ki: - Bu adam dünən siz qırdığınız adamlardan deyil. Əgər bunun başından bir tük belə əskik olsa, qan su yerinə axacaq. Özünüz bir yaxşı fikirləşin. Bu adam xalq şairidir, akademikdir, deputatdır, SSRİ Dövlət mükafatı laureatıdır. Əgər bu adama nəsə olarsa, bu iş sizin üçün yaxşı qurtarmaz. Hmm... Elə bizim üçün də hər şey çox pis olar. Görmürsünüz ki, ikicə dəqiqənin içində nə qədər adam onu əhatəyə alıb? Əgər bütün şəhər bunu eşitsə, hamı axışıb buraya gələcək. Bakını 2-3 min nəfərlə işğal etmisiz. Bu adamın arxasında isə neçə milyon adam durur. Bütün millət ayağa qalxacaq. Bu adamın adı bu... familiyası da bu... Telestudiyanın binasından sizin Moskva ilə birbaşa əlaqə saxlamaq imkanınız var. Moskva ilə danışın, öyrənin. Sonra nə bacarsanız, onu da edərsiniz. Əgər bacarsanız...

Başqa bir vaxt olsaydı, yəqin general başqa cür hərəkət edərdi. Lakin 5-10 dəqiqə ərzində, 500-600 nəfər adamın atamı müdafiə etdiyini görüb, işin nə yerdə olduğunu dərhal başa düşdü. Telestudiyanın digər işçiləri də binadan çıxıb atama tərəf gəlirdilər ki onu əhatəyə alsınlar. General gah telestudiyanın binasına, gah Nazim Abbasova, gah onu söyən atama, gah da özünü itirən əsgərlərə baxırdı. Artıq işin nə yerdə olduğunu anlamışdı. Bir müddət tərəddüd edən general, üzündəki tüpürcəyi əli ilə silib, atamı nifrətlə süzərək, ağır addımlarla telestudiyanın binasına daxil oldu. Əsgərlər generalın binaya daxil olmasını görüb, özlərini itirdilər. Çünki hər an hər şey ola bilərdi. Vəziyyət ağır idi. Atamı isə sakitləşdirmək mümkün deyildi. Gizlətmirəm, açıq deyirəm, atam olduqca səbirsiz, hövsələsiz bir adam idi. Xüsusilə milli məsələlərdə. Onu əhatə edən adamların əhatəsindən çıxmağa çalışır, elə hey əsgərlərə hücum etməyə cəhd göstərirdi. Telestudiyanın həyətində gəzişən kiçik rütbəli zabitlər də, artıq məsələnin nə yerdə olduğunu, onlara hücum etməyə cəhd göstərən, söyən adamın sıravi birisi olmadığını duymuş, camaatın da heç nədən qorxmayaraq onu belə qorumağını görüb məsələni başa düşmüşdülər. Onun üçün də sakitcə dayanıb onlara baxırdılar. Amma bir şeyi başa düşə bilmirdilər ki, onları söyən əliboş bu adam əgər onu əhatə edən adamların əhatəsindən çıxıb əsgərlərə tərəf gəlsə, nə edə bilər. Çünki əsgərlərin hər biri üç atam boyda idi. Nəhayət ki, 15-20 dəqiqə sonra general telestudiyanın binasından ağır-ağır çıxıb, yenə atamı nifrətlə süzərək əsgərlərə əli ilə "Otstavit" işarəsi verdi. Görünür, general telestudiyanın binasından birbaşa Moskva ilə açılan sputnik xətti ilə nə deyib-nə eşidibsə, hər şeyi başa düşüb. İşin nə yerdə olduğunu anlayıb, çölə çıxıb. Atamı nifrətlə süzüb, əsgərlərə "çəkilin" işarəsi verib...

Mən Nazim Abbasovla çoxdan tanış idim. Bizi 1979-cu ildə mərhum yazıçımız Cabbar Məcnunbəyovun bu yaxınlarda rəhmətə getmiş oğlu Çinar tanış etmişdi.

O zamanlar mən şəhər partiya komitəsində məsul vəzifədə işləyirdim. Bu hadisəni eşidən kimi dərhal telestudiyanın binasına götürüldüm. Nazim Abbasovla görüşdüm. Artıq ara sakitləşmişdi. Lakin Nazim Abbasovun rəngi ağarmışdı, hirsindən əsim-əsim əsirdi. O məni görən kimi dərhal dedi ki, a kişi, üç kişi birləşib atanı birtəhər maşına oturdub, Mərkəzi Komitəyə yola sala bildik. Dərhal get Mərkəzi Komitəyə. Nəsə əlindən xəta çıxa bilər. Onu tək qoyma. Mən yenidən Bakı şəhər partiya komitəsinə qayıtdım. Oradan respublikanın ikinci katibi Polyaniçkoya zəng etdim. Biz onunla tanış idik. Tanış deyəndə ki, aramızda hətta müəyyən qədər yaxınlıq da var idi. Eyni vaxtda Əfqanıstanda olmuşduq. Onun məndə birbaşa telefon nömrəsi də var idi. Özü vermişdi. Lakin telefona cavab verən olmadı. Artıq Mərkəzi Komitənin ətrafı adamla dolmuşdu. Orada atamı tapmaq qeyri-mümkün bir iş idi.

lll   

Mən Ovçinnikovu bir vaxtlar yaxşı tanıyırdım. O da məni pis tanımırdı. Olduqca əsəbi, düşüncəsiz, mütaliəsiz bir adamdı. Rəhm deyilən hiss bu adama yad idi. Ömründə heç üç kitab belə oxumamışdı. Sanki bu dünyaya adam öldürmək üçün gəlmişdi.

Kiçik bir haşiyə:

Əfqanıstan, Qəndahar. 1983-cü il.

Əfqan mücahidi olan, Sovet ordusuna qarşı, ən qəddar və barışmaz, döyüşkən adam kimi tanınmış Əhməd şah Məsudun dəstəsindən olan və bizə gizli surətdə işləyən, məlumat ötürən, Misbah adlı bir nəfəri Ovçinnikova tərcümə edirəm (Misbahın surəti elə indi də gözlərimin qarşısından getmir) Tərcüməni gülümsəyə-gülümsəyə dinləyən Ovçinnikov (deyəsən, o vaxt ya podpolkovnik idi, ya da polkovnik) başını tərpədir. "Molodets, molodets, otliçno, xoroşo rabotal..." deyirdi. (Ümumiyyətlə, Əhməd şah Məsudun dəstəsindən 2-3 nəfər bir-birindən xəbərsiz bizə işləyir, bir-birini güdürdülər və bizə kara gələn məlumatlar ötürürdülər. Nəinki Əhməd şah Məsudun tərəfindən, hətta Sovet İttifaqına qatı düşmən sayılan Gülbəddin Hikmətyarın dəstəsindən də bizə xəbərlər ötürən var idi. Amma son dərəcə məxfi məlumatlar əldə olunan kimi, məni tərcümədən uzaqlaşdırır, başqa bir nəfəri - dəricəni bilən rus, belarus, ukraynalı tərcüməçiləri çağırırdılar. Görünür, mənə çox da bel bağlamırdılar...)

Birdən heç gözləmədiyimiz halda, Ovçinnikov stolun çəkməcəsindən tapançasını çıxararaq Misbahı alnından vurdu. Qan üstümə sıçradı. Misbah dərhal yerə sərildi.

Ovçinnikov söydü: "Tvoyu mat!"

Sonra məlum oldu ki, Misbah bizə yalnış məlumat verirmiş, bizi azdırırmış. Mən özümü tamam itirmişdim. Hadisə bir an içində olmuşdu. O məni də vura bilərdi. Misbah müsəlman, mən müsəlman. Ona nə var idi ki, bizim hər ikimizi vurub o dünyalıq edərdi. Bizi heç itirib-axtaran da olmayacaqdı. Sonra əyilib o biri stolun çəkməcəsindən, o vaxtlar hər adamın əlinə düşməyən, bir "Pşeniçnıy" arağı çıxararaq stəkanı doldurdu, üzünü mənə tutub:

- Vaqab, budeş pit?

O məni də vura bilərdi deyə, qorxumdan, yavaş-yavaş əlimi kobura tərəf aparırdım. Kiçik bir hərəkət etsəydi, heç nə düşünmədən onu vuracaqdım. Sonra isə ikinci mərtəbədən çölə atılıb, hazır maşınlardan birinə əyləşib Pakistana tərəf qaçacaqdım. Təzəcə ailə qurduğum həyat yoldaşım, üç aylıq körpə övladım belə yaddan çıxmışdı. Amma Ovçinnikov heç mənə əhəmiyyət vermirdi. Arağını içib, nala oxşayan kolbasanı dişinə çəkib, heç nə olmamış kimi, qapıda duran əsgərlərə Misbahın cəsədini göstərərək "aparın, tullayın bunu" dedi. Sonra əlini çiynimə qoyaraq:

- Vaqab, poşli, - dedi.

Gözləri bərəli halda yerdə uzanan Misbahın cansız cəsədinə baxıb, Ovçinnikovun dalınca çölə çıxdım. Hələ özümə gəlməmişdim. "Özümə gəlmək üçün heç olmasa mən də gərək 200 qram araq içəydim" - fikirləşdim. İndi belə bir qəddar, qaniçən, rəhmsiz adamı, insan öldürməyə toyuq başı kəsmək kimi baxan birisi üzünə tüpürülməyi və təhqir olunmağı necə bağışlaya bilərdi? Heç cür!..

Mən ölüm-zülümlə Moskva Xarici İşlər Nazirliyindəki keçmiş həmkar tanışlarıma çıxdım. Bir o qədər çətinliklə keçmiş SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahına müraciət edib, Ovçinnikovu tapdım. Bütün bu işləri araşdırmaq üçün ən azı 5-6 ay vaxt sərf etdim... Kimlərə çıxmağımı, müraciət etməyimi indi açıq yazmıram. Amma Ovçinnikov özü mənə telefonda dedi ki, 1990-cı il yanvarın 19-dan 21-dək Bakıda yox, Aşqabadda olub. Deməli, bu bir daha təsdiqləyir ki, həmin günlərdə atam Ovçinnikovun yox, Dubinyakın üzünə tüpürüb, onu acılayıb.

Məni bilirdim ki, həmin gün Firuz Mustafa orada olmayıb. Və həmin hadisələr barədə o qədər də dəqiq məlumatlı deyil. Bundan sonra Moskvadakı diplomat dostlarım vasitəsi ilə, hələ də sağ olan "Əfqan" dostlarıma çıxdım. Məlum oldu ki, Ovçinnikov indi təqaüddədir. Tulada yaşayır. Dediyim kimi, mən bu adamı vaxtilə pis tanımırdım. Bilirdim ki, qəddar adamdır, rəhmsizdir, içkiyə meyllidir, F.Mustafanın yazısında göstərilənin əksinə, nə müsəlmanlar arasında böyüyüb, nə Puşkini oxuyub, nə Lermontovu. O ki qala Dantesdan xəbəri ola, Martınovu tanıya. Axı, həmin yazıda deyilirdi ki, guya Ovçinnikov deyib, mən Bəxtiyar Vahabzadəni ona görə güllələmdim ki, istəmədim, müasir Dantes olum, ya da Martınov...

Onunla bir qədər söhbət etdik. Hər şeyi ona xatırlatmaq istəyirdim. Və deyəsən, məni xatırladı. Bircə onu dedi ki, Bakıdakı hadissələrdən bir gün sonra ora gəlib. Şəhəri isə viran qoyan Dubinyak olub. Mən özümü ona yazıçı kimi təqdim edirdim. İstəmirdim ki, bilsin diplomatam. Hiss olunurdu ki, bir qədər içkilidi. 26 il bundan əvvəl baş verən o "tüpürcək məsələsi" isə güclə də olsa yadına düşdü. Dedi ki, bundan xəbər tutub, özü də üzünə tüpürülən adam Dubinyak olub. Yox, əgər mən olsaydım, dərhal o adama atəş açardım. Yox, Dubinyak olub, Dubinyak!

lll

...Əlqərəz o gün Mərkəzi Komitənin ətrafında atamı tapmaq qeyri-mümkün idi. Bircə onu bilirdim ki, binanın içindədir.

Qan-tər içində atamgilə gəldim. Elə həyətə yenicə daxil olmuşdum ki, gördüm, 10-15 nəfər 30-35 yaşlı bığıburma kişilər, əlləri armaturlu, dəyənəkli, taxtalı, dayanıb atamla söhbət edirlər. Deyirdilər ki, Bəxtiyar müəllim bu gecə sizi götürmək istəyirlər. Biz isə sizi vermərik. Elə onun üçün burdayıq...

Atam isə onları sakitləşdirərək:

- A bala, aləmi qatmayın. Durun, çıxın gedin evinizə. Onların məni aparmağa cəsarəti çatmaz.

Sonra əli ilə məni göstərərək:  - Budur, oğlum yanımdadır, 2-3 nəfərə cavab verə bilər...

Atam çox dedi, onlar az eşitdilər. Axır ki, birtəhər onları yola saldı. Buna baxmayaraq, 2-3 cavan oğlan səhərə kimi bizim binanın girişindən ayrılmadı.

lll

Hamılıqla evdə oturmuşduq. Narahat idik. Gecəni atamgildə qalacaqdım. Onu tək qoya bilməzdim. O biri otaqda atam oturub, nə iləsə məşğul olurdu. Birdən telefon zəng çaldı. Atam telefonu götürdü. O biri otaqdan mən də ahəstəcə  telefonun dəstəyini götürdüm ki, atam və zəng edən adam bunu bilməsinlər (Onsuz da neçə yerdən telefona qulaq asırdılar). Zəng edən rəhmətlik İsmayıl Şıxlı idi. O ağayana, təmkinli kişinin ilk kəlməsi:

- Ay Bəxtiyar, axı belə də olmaz. Bu nə işdir sən tutursan? Birdən səni vursaydılar, onda nə olardı? Sən tək ailənin yox, bütün millətin Bəxtiyarısan. Sən milləti Bəxtiyarsız qoymaq istəyirsən? Səni öldürsəydilər, millət nə edərdi? Qan su yerinə axardı. Sən tək özünü düşünmə. Bir az təmkinli, hövsələli ol. Bəlkə mən də sənin yerində olsaydım, ondan da artığını edərdim. Lap belə əl də qaldırardım. Amma bu düzgün iş deyil. İlk növbədə milləti düşünməliyik...

Səsindən hiss olunurdu ki, İsmayıl Şıxlı kimi ağıryana bir adam kövrəlir. Bəlkə də ağlayırdı.

Heç iki dəqiqə keçməmiş, rəhmətlik Ziya Bünyadov zəng etdi:

- Ay Bəxtiyar, bu nə işdir? Adam da tüpürcəklə davaya gedər? Tem bolee, maşınla getmişdin. Məni də özünlə götürərdin. Vallah, montirovkanı götürüb hamısını qırardım. Əlimə keçəni onların təpəsinə çırpardım...

Bir xeyli danışdılar. İsmayıl Şıxlı təmkinli, müdrik, millətini sevən bir bəy kimi, Ziya Bünyadov müharibənin od-alovundan içindən çıxmış bir qəhrəman kimi, atam isə əsl millətçi kimi danışırdı. O zaman mənim 35 yaşım var idi. Və mənə həqiqətən elə gəlmişdi ki, atam, İsmayıl Şıxlı, Ziya Bünyadov - hər üçü o zaman orda olsaydılar, telestudiyanın binasında olan bütün işğal ordusunu qırıb axırına çıxardılar...

Minsk, 2016-cı il

 





19.07.2016    çap et  çap et