525.Az

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış (davamı)


 

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış <b style="color:red">(davamı)</b>

Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir.

– Milli mədəniyyətlər arasında sərhədlərin yoxa çıxdığı qloballaşma dövründə etnik təmsilçiliyin aqibəti necə olacaq?

– Qloballaşma şəraitində etnik münasibətlər başqa ampluada da aktuallıq kəsb edir. Belə ki, “savadlı adam” daha yalnız öz mədəniyyətini, ədəbiyyatını, adət-ənənəsini mənimsəmiş adam sayılmır. Bunun üçün əlavə olaraq bütün dünya mədəniyyətinə bələd olmaq lazımdır. Xarici ölkəyə yaşamağa, işləməyə və ya ezamiyyətə gedən bir azərbaycanlının həmin ölkənin mədəniyyətinə, düşüncə və həyat tərzinə bələd olması və ona sayğı ilə yanaşması, əlbəttə, mühüm şərtdir. Lakin həmin adamın hansı ölkəni, hansı milləti təmsil etdiyi də unudulmamalıdır. Yəni xaricdəki hər bir azərbaycanlı, necə deyərlər, “din içində din bəsləməyi” də bacarmalıdır. Başqasına sayğı özünü, öz milli-etnik varlığını unutmaq hesabına həyata keçməməlidir.

Qloballaşma şəraitində milli-mənəvi dəyərlərimiz həqiqətən böyük təhlükələrlə üzləşir və milli-fəlsəfi fikrə istinad etmədən, milli ideologiyanın formalaşmasını təmin etmədən və milli-sosial özünüqoruma şüuru formalaşdırmadan bu təhlükədən xilas olmaq çox çətindir. Müasir dövrdə bütün dünya xalqlarının fəlsəfi fikrinin strukturunda Qərb fəlsəfəsi üstün yer tutur. Qloballaşma, qərbləşmə heç də sadəcə olaraq Qərb texnikasının, Qərb investisiyasının ekspansiyası ilə məhdudlaşmayıb, həm də Qərb fəlsəfəsinin, siyasi düşüncə tərzinin təcavüzü ilə səciyyələnir. Bir əli ilə müasirlikdən, Qərbdən möhkəm-möhkəm yapışanlar o biri əlində Bəhmənyarın, Nəsiminin ideyalarını saxlamağa çalışırlar. Lakin həyat yolunu seçərkən, fəaliyyət proqramını müəyyənləşdirərkən aktiv düşüncə tərzi olaraq məhz birinci əlindəkini seçməli olurlar. Çünki formaca və bəlkə həm də məzmunca arxaikləşmiş Şərq fəlsəfi fikri bizi əhatə edən texnogen dünyada kara gəlmir. Biz o biri əlimizdəkini ancaq bir rəmz kimi, bir ekzotika kimi saxlayırıq. Əgər saxlayırıqsa!?

Bəs çıxış yolu nədədir? Milli-mənəvi dəyərlərimizi bir rəmz edərək real proseslərə formal surətdə əlavə etmək, yoxsa milliliklə müasirliyin məzmun müstəvisində vəhdətinə nail olmaq?!

Milli fəlsəfi fikir millətin özünüdərk mərhələsində üzə çıxır. Bu isə heç də bütün millətlərə nəsib olmur. Bu baxımdan, “millət” anlayışını etnosdan fərqləndirən əlamətlərdən biri məhz milli-etnik təfəkkürlə milli-siyasi təfəkkürün vəhdətindən doğan milli fəlsəfi fikrin formalaşmasıdır. Bir sıra millətlərdə milli-fəlsəfi fikrin nəzəriyyə halında üzə çıxmaması heç də onun tamamilə yoxluğuna dəlalət etmir. Milli özünüdərk məqamları ədəbi-bədii fikir vasitəsilə də ifadə oluna bilir. Ümumbəşəri ideallara xidmət edən, ümumiyyətlə insanın mahiyyətindən çıxış edən fəlsəfi fikir daha çox milli-mənəvi konkretliyin özünütəsdiqi kimi üzə çıxan ədəbi-bədii fikrin tamamlanmasına xidmət edib, fikirdə konkretliklə ümumiliyin vəhdəti gerçəklikdə milliliklə ümumbəşəriliyin vəhdətini əks etdirib.

– Fikirlərinizdən belə anlaşılır ki, milli ənənələrin gələcək nəsilə ötürülməsində ədəbiyyatın, mədəniyyətin, incəsənətin əhəmiyyətli rolu var.

– Azərbaycan xalqının milli inkişafında ədəbi-bədii fikrin rolu həmişə böyük olub. Obrazlı düşüncə bir təfəkkür tərzi kimi rasional elmi düşüncəni həmişə üstələyib. Xalqımızın milli-fəlsəfi fikri də çox vaxt öz əksini elmi traktatlar və monoqrafiyalarda deyil, bədii ədəbiyyatda tapıb. Ona görə də fəlsəfi təfəkkürə gedən yol da əsasən ədəbiyyatdan keçib. Fəlsəfi fikir çox vaxt konkretlikdən uzaq olduğuna görə milli özünəməxsusluğu, xüsusiyyətləri ifadə etmək üçün heç də əlverişli vasitə sayılmır. Böyük fəlsəfi fikir məktəbləri olan bir çox xalqların, məsələn, yunanların, almanların, ingilislərin, fransızların milli-etnik özünütəsdiqi də daha çox dərəcədə bədii ədəbiyyatda öz əksini tapıb. Geniş kütlələrə Şekspir Bekondan, Göte Hegeldən, Nizami Bəhmənyardan, Səməd Vurğun Heydər Hüseynovdan daha çox təsir göstərib. Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində – milli fəlsəfi fikir zəminində formalaşır.

Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır. Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə həqiqi böyük ziyalılar estafeti öz əllərinə alır və milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadaraq və bir əmanət kimi yeni nəsillərə ötürürlər. Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə vaxtında birləşməyəndə bütün ağırlıq qələmin, yaradıcı ziyalıların üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur. Müstəqillik və milli dövlətçilik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir subyektin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümummilli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial; təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə edə bilsin.

– Bu məsələlərdə millilik və ziyalılıq hansı dərəcədə əlaqəlidir?

– Yeni əsrin yüksəkliyindən tarixi keçmişimizə nəzər saldıqda hələ səsi qulağımızda cingildəyən ötən əsrin hələ də aktual olan problemləri ilə yanaşı, bir qədər arxa planda minillik tariximizin konturları görünür. Yalnız bugünün dərd-səri və uğurları ilə yaşayanlar üçün keçən əsr bir yana qalsın, keçən il də artıq çoxdan silinib. Lakin cari həyatda, gündəlik qayğılarda itib-batanlarla yanaşı əsrin və minilliklərin davamı olan, onları öz bioloji, sosial və mənəvi genlərində yaşadan, kökü lap dərinlərə, qədimlərə gedib çıxan əsil-nəcabətli insanlarımız da az deyil.

“Ot kökü üstündə bitər”, – deyirlər. Lakin insanlar da müxtəlifdir, köklər də. Birillik, yüzillik və minillik köklər üzərində dayananların zəmanənin sınaqlarına qarşı müqavimətləri də müxtəlif olur.

Əsil-nəcabətli adamlar təkcə atasını, babasını tanıyıb, onların yolu ilə gedənlər deyil. Ulu babalara qədər gedib çıxan bütöv bir sülalə də hələ azdır. Bunun üçün əsas şərt milli və ümumbəşəri köklərə bağlılıqdır. Bu baxımdan əsil-nəcabətlə ziyalılıq arasında sıx daxili əlaqə vardır. Ziyalı sadəcə savadlı adam deyil. Bilikli, elmli, müəyyən bir ixtisas sahəsinə mükəmməl surətdə yiyələnmiş şəxsə də hələ ziyalı demək olmaz. Böyük alim, şair, bəstəkar da hələ ziyalı olmaya bilər. Ziyalılıq insanın özünün nail olduqları, mənimsədikləri ilə deyil, başqalarına verdikləri ilə müəyyən olunur. Lakin nəyin verilməsindən söhbət gedir? Bir xeyriyyəçi camaata maliyyə yardımı edə bilər, biznesmen iş yeri açar, həkim başqalarını müalicə edər, müəllim başqalarına bilik verər. Lakin bu da ziyalılıq üçün kifayət deyil. Bunun üçün həmin bu fəaliyyətlərin kortəbii yox, dərk edilmiş addım olması, görülən işlərin bəşəri və milli mənafe baxımından həyata keçirilməsi lazımdır. Ziyalı sadəcə ayrı-ayrı adamların yox, bütövlükdə millətin yoluna işıq salan adamdır. Yəni söhbət lokal miqyasda kimlərəsə yardım göstərmək, kimlərəsə şəfa vermək, bilik öyrətməkdən yox, milli köklər üzərində möhkəm dayanaraq millətin gələcəyi üçün yol açmaqdan, əsrlərdən və minilliklərdən gəlib keçən, bizi gələcəyimizə məhz özümüz olaraq aparan milli-mənəvi dəyərlərimizin, invariantlarımızın yeni nəslə, yeni əsrə daşınmasına xidmətdən gedir. Burada biz mahiyyət və hadisənin dialektikası ilə rastlaşırıq. Belə ki, insanpərvərlik və millətsevərlik də elə yuxarıda sadaladığımız konkret fəaliyyət aktlarında təzahür edir. Fərq ancaq fəaliyyətin motivində, onun kortəbii və ya məqsədyönlü olmasındadır. Sadəcə vəzifə borcunun, yoxsa insanlıq borcunun yerinə yetirilməsindədir. Böyük elmi kəşflər edən alim bu kəşfin öz millətinə və ya bütövlükdə bəşəriyyətə xeyirmi, yoxsa ziyanmı gətirəcəyinin fərqinə varmırsa, o hələ ziyalı deyil. Hər hansı bir şair öz gözəl sənəti ilə insanların zövqünü oxşayırsa, onların emosional yükünü artırırsa, onları müəyyən bir səmtə yönəldirsə böyük sənətkar sayıla bilər. Onun ziyalılığı isə verdiyi emosiyanın böyüklük dərəcəsi ilə deyil, seçdiyi səmtin milli ideallara və dövlətçilik maraqlarına uyğunluq dərəcəsi ilə ölçülür.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





28.02.2013    çap et  çap et