525.Az

Səfirin gündəliyindən


 

KİŞİ HƏRƏKƏTİ, KİŞİ SÖHBƏTİ - İKİNCİ EPİZOD

Səfirin gündəliyindən<b style="color:red"></b>

İsveçrə, 2000-ci il. Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki Avropa bölməsi.

O vaxtlar mən orada Azərbaycanın daimi nümayəndəsi vəzifəsində çalışırdım. 2-ci mərtəbədəki, 7 saylı zalda, milli azlıqlar və milli məsələlər üzrə qızğın mübahisələr gedir. Ax... Burada o qədər kiçik-kiçik millətlər, o qədər ölkələr, xalqlar ölüb təzədən diriliblər ki, o qədər ölkələr parçalanıblar ki... Burada o qədər millətlərin haqları yeyilib ki, o qədər millətlərin başları pambıqla kəsilib ki, o qədər millət olmayan tayfalar millət olub ortalığa çıxıblar ki. O qədər kişi olmayan kəslər, kiməsə, nəyəsə, arxayın olub “kişiləşiblər ki.  Burada o qədər gizli məsələlər müzakirə edilib ki, o qədər haqsızlıqlar olub ki...

Bütün dünya millətlərindən nümayəndələr bura yığışıb. Maraqlısı da budur ki, hakim xalqlar da deyir, haqq-ədalət, məhkum xalqlar da deyir, haqq-ədalət, döyən də deyir, ya mədət, döyülən də deyir, ya mədət... Əzən də kömək istəyir, əzilən də. Bilmək olmur kim düz deyir, kim yalan, kim haqlıdır, kim haqsız. Hamı da çıxış üçün, özünün haqlı olduğunu bildirmək üçün xitabət kürsüsünə can atır. Bəlağətli nitqlər söyləyir. İkili standartlar baş alıb gedir. Amma kimin haqlı, kimin haqsız olduğu bilinmir. Baxır çıxış edən diplomatın ölkəsinin imkanına, gücünə və böyüklüyünə. Yox, amma elə kiçik, gücsüz, zəif ölkələr də var ki, öz haqsızlığını haqlı kimi gözə soxur. Amma inandırmağa çalışmır. Çünki onun yerinə inandıranlar çoxdur. Çünki belə ölkələr arxalı köpəkdirlər ki qurdu da boğa bilərlər. Yazıq qurd da bu köpəyə bənzər küçüyün əlində aciz qalır, başqalarından kömək umur. Hamıya da çıxış üçün cəmisi 7 dəqiqə vaxt ayırırlar (aman Allah, axı bu 7 dəqiqə ərzində mən özümün hansı problemimdən danışıb, hansı dərdimi deyim? Bu 7 dəqiqə ərzində dünyanı öz problemlərimə necə inandırım? 20 faiz torpaqlarımızın işğalı, 20 min günahsız şəhidin qanı, 1 milyondan artıq qaçqının gələcək taleyi, 10-12 ilin yığılıb qalmış, öz həllini tapa bilməyən problemləri axı bu 7 dəqiqəyə necə sığışdırım?)

7 dəqiqəlik çıxışımı edib, yerimdə oturmuşam. Mənə cavab vermək üçün indi də erməni səfiri çıxış edir, sözün əsl mənasında ağzına gələni danışırdı. Ona cavab vermək üçün 3 dəqiqə vaxtım vardı. Cavab çıxışına 3 dəqiqədən artıq vaxt vermirlər. Bu 3 dəqiqədə nə bacardımsa, onu da dedim. İndi də erməni səfiri çıxış üçün söz aldı. O məni günahlandırıb deyirdi ki, guya Azərbaycan səfiri öz tarixini dərindən bilmir, 70 il bundan əvvəl, tarixi ədalətsizlik üzündən Ermənistandan zorla qoparılıb Azərbaycana verilmiş əzəli erməni torpağı olan Qarabağ, indi azad edilib... Məni əsəbiləşdirən həm də bu idi ki, o öz çıxışını sakit tərzdə davam etdirir, əsəbiləşmirdi, heç kimə heç nəyi sübut eləməyə çalışmırdı. Çünki elədiyini artıq eləmişdi. Arxasında duranların əli ilə lazım olanı, istədiyini dartıb əlimizdən zorla almışdı. Heç kimə də heç nəyi zorla başa salmaq istəmirdi. Çünki onun əvəzinə onun “haqlı” olduğunu sübut edənlər var idi. Özü də çox.

Mənim artıq cavab vermək hüququm bitmişdi. Ona cavab vermək ixtiyarım yox idi. Çünki hər bir səfir, daimi nümayəndənin 7 dəqiqəlik çıxışı və 3 dəqiqəlik cavab vermək hüququ var idi. Həm mən, həm də o bu hüquqdan istifadə edib onu da bitirmişdik. Amma məsələ onda idi ki, son söz onunku olmuşdu, axır sözü o demişdi. O arxalı, amma zəncirli köpək idi. Yox, daha doğrusu, ona heç köpək də demək olmazdı. O arxalı, həm də tükləri tökülmüş, xəstə bir küçük idi, hətta mənə hürəndə də səsi sakit çıxırdı. Küçük kimi sanki zingildəyirdi. Mən isə onunla müqayisədə əli qolu bağlı, qəfəsə salınmış, zorba bir boz qurd idim.

Arxa sıralardan birində isə, çıxış etmək hüququ olmayan (çünki onu bir dövlət kimi tanımırdılar), lakin müşahidəçi kimi bu salonda iştirak etməyə səlahiyyəti çatan və hardansa gəlib bura düşmüş çeçen xalqının nümayəndəsi də oturub. Gözlərindən sanki qan damır. Əsəbiliklə ətrafa göz gəzdirir. Bilmək istəyir ki, görsün, o “ədalət” deyib bar-bar bağıran xalqların nümayəndələrindən, nəhayət ki onun müdafiəsinə qalxan olacaqmı? Əsəbi baxışları ilə sanki çığırırdı. Aman Allah, bu baxışlarda nələr yox idi, əzab, ağrı, intiqam, kin, çıxılmazlıq, çıxılmazlıqdan doğan qəddarlıq... Bir sözlə, boynu gilyotinə qoyulmuş bir millətin müqaviməti, çırpıntısı, çapalaması... və bir də hər şey. Sanki deyir, bar-bar bağırır, axı mən də bir millətəm. Amma... ay-hay.

Böyük dövlətləri çeçenlər kimi kiçik xalqlar maraqlandırmır. Çünki onların nəzərində kiçik xalqlar, kiçik millətlər onsuz da gec ya tez ölümə məhkumdurlar, böyük balıqlara yem olasıdırlar. Qoy özləri öz başlarının hayına qalsınlar. Çeçen xalqı isə balaca, olduqca kiçik bir balıqdır. Amma yeməli balıq deyil. Çünki piraniya balığıdır. Lazım gələrsə, akulanı da didib dağıdar, lap belə balinanı da. Daha başqa balaca balıqlar kimi böyük balıqlar qarşısında əlüstü küt getmir. Çeçen nümayəndəsi əsəbiliklə dodaqlarını gəmirir. Axı neyləsin ki, danışmaq, söz demək hüququ yoxdur. Elə hey rus diplomatına və bu işdə rus diplomantını dəstəkləyən digər ölkələrin diplomatlarına baxır. Rus diplomatı deyirdi, çeçenlər ipə-sapa yatmırlar. Bizə silah qaldırırlar, onlara xoşbəxtlik gətirən rusları, onları hər bəladan qoruyan rus əsgərlərini yaxın qoymurlar, quldurdurlar...

Çeçen nümayəndəsinin sifətindən bunları oxuyuram: “Ay dünya, ay insanlar, bizə zülm etməyin, nə olar indi kiçik olanda. Kiçik də olsaq, biz də bir millətik”. Gözucu çeçen nümayəndəsinə baxa-baxa, nədənsə birdən Mirzə Cəlilin məşhur əsərində Xudayar bəyin özünə zorla arvad etmək istədiyi Zeynəbdən qazıya şikayət etməyi yadıma düşdü. Xudayar bəy ətrafındakılara deyir: - Bax, bu arvad mənim halalca zövcəmdir, amma ipə-sapa yatmır, məni öz yanına buraxmır... Elə Xudayar bəyin özü kimi dostları da? “Bacı, sən bu kişinin halalca zövcəsisən, niyə ona itaət etmirsən, niyə ona qulaq asmırsan? Öz xoşunla ona getməsən, səni zorla ona verərik. Sənin bütün malın da, mülkün də, hamısı bu kişinindir” - deyirlər. Biçarə Zeynəb də başını qaldırıb, təəccüblə ətrafa baxır ki, yəni mən nə vaxtdan onun arvadı oldum, kimin yanında mənim kəbinim ona kəsilib? Hə, onda biçarə çeçen nə eləsin ki, danışmağa haqqı, söz hüququ yoxdur. Axı niyə?.. Millət kiçik olanda, ona belə zülm edərlər?.. Ona görə də güc verib silahına, qırır və qırılır, amma dediyindən də dönmür çeçenlər...  

* * * 

Nümayəndəliyə qayıtmağa həvəsim yox idi. Çünki tutarlı nəsə edə, nəsə deyə bilməmişdim. Sözsüz ki, bugünkü 7 dəqiqəlik çıxışımı və erməni tərəfindən aldığım cavabı, ona qarşı 3 dəqiqəlik sözümü və yenə də aldığım cavabı mərkəzə yazıb bildirməliyəm, amma bu gün yox. Çünki çox yorulmuşam. Bir həftədən çox idi ki bu çıxışa hazırlaşırdım. Bu da nəticəsi. Məni heç kim müdafiə etmədi. Təkləndim. İclas isə davam edirdi. Gündəlikdə indisə “Nəsli kəsilməkdə olan vəhşi heyvanların qorunması” məsələsi dururdu. Birinci Amerikanın, ikinci isə Rusiyanın nümayəndəsi çıxış etməli idi. Onlardan sonra söz götürüb, çıxış edənlər də olacaqdı, özü də çox olacaqdı. Bu məsələ ilə bağlı çıxış üçün heç bir vaxt məhdudiyyəti qoyulmayıb. İstəsən, lap bir saat danış. Çıxışlar üçün heç bir reqlament-filan nəzərə alınmayıb. Siqaretimi çəkib qurtarıb, zala keçdim. İndi qaldırdığım bu məsələnin bizə o qədər də aidiyyəti yox idi. Yəni şəxsən mən bu məsələləri beşinci, onuncu dərəcəli problemlər sayıram. Məni ancaq milli məsələlər maraqlandırır.

Amerikanın nümayəndəsi yana-yana, odlu-odlu çıxış edirdi. Hansısa heç adı məlum olmayan bir heyvanın get-gedə azalmasından, nəslinin kəsilməsindən danışırdı. Deyirdi ki, əgər belə davam edərsə, bu nadir heyvan yaxın on-on iki ildə yer üzündən tamam silinəcək və bir daha olmayacaq. Eyni sözləri, elə Rusiyanın da səfiri, daimi nümayəndəsi hansısa bir heyvanın bitib-tükənməsi barədə deyirdi. Elə hərarətlə danışırdı ki, elə bil öz nəsli qırılıb-qurtarırdı.

Qəribəydi, oturanların heç biri durub demirdi ki, ay belə heyvanların qayğısına, qeydinə qalan hakim millətlər, hinduları yer üzündən silib axırına çıxdınız, sizə bir söz deyən olmadı, Əfqanıstanda qırğın törədib, indi də çeçenlərin başına müsibət açırsınız, sizə gözün üstə qaşın var deməyə kimsənin cəsarəti çatmır, doğrudanmı o dediyiniz əcaib heyvanlar bu qədim kökü və tarixi olan millətlərdən bu qədər qiymətlidir? Axı siz bütöv millətləri “haqq-ədalət” deyə-deyə qırırsınız və özünüzə bəraət də qazandırırsınız. Əgər xudanəkərdə burda oturan millətlərdən biri sizi dəstəkləməsə və sizə zidd çıxarsa, demək, demokratiyanın əleyhinə sayılır və guya həmin ölkədə demokratiya yoxdur?! Ay balam, demokratiya məgər bir milləti qırıb axırına çıxmaq deməkdir?!

Daha sonra gündəlikdə kökü kəsilməkdə olan ağac növlərinin məsələsi dururdu. Harada isə, deyəsən, Afrikada bitən Baobab adlı ağacın kökü kəsilmək üzrə idi. Ondan danışırdılar. Azərbaycanda isə o gözəllikdə Qarağacın kökü kəsilə bilər, bu haqda burdakılardan danışan yoxdur, mən isə onu bilirəm ki, rusun Şam ağacı harda əkilirsə, orada Qarağac tab gətirə bilmir... Zalı yenə tərk edib çölə çıxdım. Özümə heç cür yer tapa bilmirdim. Nümayəndəliyə qayıtmaq isə istəmirdim. Nəsə etməliydim. Erməni səfiri məni susdursun? Son söz onunku olsun? Axı yanan da mən, yaman da mən...

Elə bu vaxt erməni səfiri çölə çıxdı. Həddindən artıq kök və donuza oxşayan bu erməninin (kifirlik mənasında yox, həqiqətən də donuza oxşayırdı) sifətində bir məmnunluq, bir arxayınçılıq ifadəsi var idi. Sanki mənə baxıb istehza ilə deyirdi, gördün, biz nə qədər çoxuq, sənin kimin var?.. Yanımdan keçib üzbəüzdəki tualetə tərəf getdi. Mən də onun arxasınca baxırdım. Bilmirdim, nə edim. Birdən beynimdə sanki bir ildırım çaxdı. “Aha, məqamdır” – deyə düşündüm. Ətrafıma baxdım ki, görüm mənə fikir verən var, ya yox. Dəhlizdə biri-biri ilə mübahisə edən 3-4 xarici diplomatdan başqa heç kim yox idi. Onların da başları öz mübahisəsinə qarışdığından heç mənə əhəmiyyət verən deyildilər. Asta addımlarla yeriyib onun ardınca tualetə girdim, oradaca onu haqladım. Bizdən başqa heç kim yox idi.

- Ə... filan- filan, sən bayaq deyirsən ki, guya mən öz tariximi bilmirəm və sən guya mənim tariximi məndən yaxşı bilirsən?! Guya Qarabağ torpağı sizin dədə-baba torpağınızdır?! Ə... heç sizin öz torpağınız olub ki...  Siz qaraçı kimi şeysiniz. Axı bu cür həyasızlıq olmaz ki, sən ağzına gələni danışırsan. Birdən ağzımı doldurub onun o ətli, sızanaqlı sifətinə tüpürmək istədim... Yox, bacarmadım. Cəsarətim çatmadı. Axı niyə? Axı niyə o nə istədiyini deyir, eləyir, bizə hər nə böhtan olsa atır, mən isə onun üzünə tüpürməyə belə cəsarət etmirəm? Cəsarətim çatmır. Cəsarətim azalıb, yoxsa laqeydləşmişəm?! Bir də istədim ki, onun üzünə tüpürüm. Yenə də bacarmadım. Vaxtilə Bakıda yaşayan erməni uşaqlarından öyrəndiyim bir neçə pis söyüşü onun üzünə deyib, tualetdən çıxdım. O mənim ardımca nəsə deyirdi. Bəlkə türkcə bildiyi söyüşlərdən mənə qaytarırdı. Mən isə eşitmirdim. Həəəə... Bu da mənim cəsarətim... Başa düşdüm ki, generalın üzünə tüpürən atam Bəxtiyarın cəsarətinin heç yarısı da məndə yoxdur. Atama atəş aça bilərdilər. Onu öldürə bilərdilər. O, həyatını itirə bilərdi. Mən isə erməni səfirinin üzünə tüpürsəydim... Qalmaqaldan, diplomatik skandaldan çəkindim ən azı. Nə isə... Başa düşdüm ki, atam başqaymış və mən cəsarətdə də heç zaman Bəxtiyar ola bilmərəm. 

* * * 

Bu hadisənin üstündən bir xeyli ötmüşdü. Utana-utana bunu atama danışdım. Güldü. Acı-acı güldü və bircə bunu dedi:

- Fikir eləmə...

- Axı, necə olur ki, sən o boyda Sovet generalının üzünə tüpürmüsən, mən isə bir dılğır erməni səfirinin üzünə tüpürə bilmirəm?..

Atam, görünür, məni pərt etməmək üçün söhbəti dəyişdi.

Minsk, 2016-cı il

 





22.07.2016    çap et  çap et