525.Az

Əjdər Olun şeirləri alman dilində


 

Əjdər Olun şeirləri alman dilində<b style="color:red"></b>

Almaniyanın məşhur və qüdrətli qadınlarından "Bild am Sonnta..." qəzetinin baş redaktoru Marion Horn bu yaxınlarda sanki günah çıxarırmış kimi bir yazı yazdı. O yazısıyla da kapitalizmin bağrına bir bıçaq sapladı və davamlı təriflənən Qərb sistemini ifşa etdi.

Marion Hornnun yazısının başlığı almancada məşhur deyimlərdən olan "Qarğa Analar"dır. O, qısaca bir ana olaraq öz acizliyini və analığın sistem tərəfindən nə hala gətirildiyini belə izah edirdi:

"Mən Bir Qarğa Anayam. Bu yazını yazdığım vaxt ərim dörd yaşındakı qızıma baxır və saat 23-dən əvvəl evə getmək mümkün deyil. Onun üçün qızımı ərim yatıracaq. Qısa və dəqiq söyləsəm: Mən bir qarğa anayam! Təəssüf ki, nə ərimə, nə uşağıma, nə dostlarıma ayıracaq bir dəqiqəlik belə vaxtım yoxdur! Hələ özümə ayıracaq vaxtım heç yoxdur!"

Marion Hornun bu yazısı qəzetdə nəşr olunduqdan sonra  Almaniyada həm qadınlar mövzusu, həm də "Qarğa ana"lıq məsələsi xüsusilə alman qadınları arasında hərarətlə  müzakirə edilməyə başlandı .

O ərəfədə Əjdər Olun şeirlərini alman caya tərcümə edən alman türkoloq dostum K.H. Kiel şeirlər bitdikcə onları mənə göndərirdi. Əlimə çatan iyirmiyə yaxın şeiri aldıqdan sonra, aradabir görüşüb qəhvə içdiyimiz, Şimali Ren Vestfalen Yazıçılar Birliyinin sədri A. Jüssen xanıma apardım. Ona oxuduğum şeirlərdən biri də "Anamı xatırladım" adlanır. O şeirdən bir parça oxudum və bir başqa şeirə keçdim. Onun diqqətini çəkmiş olacaqdı ki, "o ana haqda şeiri lütfən bir daha oxu" dedi və oxudum:

Günün hər vədəsində
Yanağına gün düşən
Gözlərinə qan daman
Saçlarına çən düşən
Mən fərsizi sevsə də,
Balasından gen düşən
Anamı xatırladım...

Jüssen xanım şeiri diqqətlə dinlədi, təsirləndi. "Nə gözəl duyğulardır", - dedi. "Bu şairin ata haqda şeiri də var" - dedim. "Onu da oxu", - dedi, oxudum:

Qəfil könlümə düşdün
Qışın oğlan çağında
Əksin durur gözümdə -
Qarasında, ağında...
Quc-quca qızınardıq
sobanın qırağında,
Atam, ay atam...

Mən şeiri oxuduqca altmış yaşlarındakı  Jüssen xanım uzaqlara baxırdı. Bəlkə də öz ata-anasını xatırlamışdı.
Şeirlərdən sonra qəhvələrimizi içdik, bir az siyasət, bir az ədəbiyyat, bir az da keçmişdən danışdıq. Sonra qalxarkən tərcümə edilmiş şeirləri ona uzatdım. Təşəkkür etdi. Aradan bir həftə keçdikdən sonra telefon açdı və şeirləri bəyəndiyini söylədi. "Kitaba önsözü siz yaza bilərsinizmi?" - soruşdum. Heç düşünmədən: "Məmnuniyyətlə", - dedi. Bir neçə gün sonra yazını göndərdi və mən almanların çalışqanlığını bir daha təqdir etdim. Yazı belədir:

"Əjdər Ol və onun şeirləri

Qafqaz müxtəlif dillərin, ləhcələrin danışıldığı, fərqli xalqların yaşadığı bir bölgədir... Qafqaz dağlarından Xəzər dənizinə qədər uzanan torpaqlarda yaşayan azərbaycanlılar Nizami, Füzuli, Nəsimi kimi böyük şairlər yetişdirmişlər. Ayrıca memarlıq, musiqi və digər sənətlərdə də çox əhəmiyyətli nümunələr təqdim etmişlər.

Orada musiqiçilər dağdan-dağa, kənddən-kəndə, şəhərdən-şəhərə gedərək sənətin bütün rənglərini Qafqazın hər yerinə daşımışlar. Şeirlərini  tərcümədən oxuduğum şair Əjdər Olun şeirlərində də ilk oxunuşda o musiqidən işarələr olduğunu gördüm. Şeirlər əvvəl çox sadə kimi görünsə də, insan o duyğuları anlamağa çalışdıqca şeirlərin içində müxtəlif mənaları ehtiva edən dərinliklər olduğunu görə bilir. O şeirlərdə şairin yaşadığı bölgədəki insanların səsləri, əlaqələri, təbiətin çiçəkləri, gülləri və oradakı bitkilərin qoxuları gizlənmişdir. Məncə, sosialist sistemlə kapitalist sistem arasında ortaya çıxan bu sənət və sənətçinin alman oxucusuna verəcəyi mesaj çox əhəmiyyətlidir".

A. Jüssenin gözəl izahatını və mesajını heç qısaltmadan kitabın arxa qapağına qoyduq. Kitab "Vintervork" nəşrləri arasında "Das Sonnenblumenfeld", yəni "Günəbaxan Tarlası" adıyla nəşr olundu. 150 səhifəlik və xüsusi süsləmələrlə nəşr olunan kitabın alman oxucusuna Azərbaycanın günəbaxanlarının qoxusunu və işığını çatdıracağına ümid edirəm.

 





26.07.2016    çap et  çap et