525.Az

Dinlərin tarixi: Yəhudilik, Xristianlıq və İslama müqayisəli baxış (davamı)


 

Dinlərin tarixi: Yəhudilik, Xristianlıq və İslama müqayisəli baxış <b style="color:red">(davamı)</b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru,
professor

www.raliyev.az
[email protected] 

Bizim eranın I əsrinin ikinci yarısında Məsihin şagirdi həvari Pavelin fəaliyyəti sayəsində xristianlığın təlimi formalaşır və yəhudiliyin milli məhdudluğundan yaxasını qurtarır. Xristianlığa görə, nə yəhudi var, nə ellin, Allaha bütün insanlar xoşdur, təkcə Məsihə iman gətirmək, salehlik yolunu tapmaq, tövbə edib Allaha dönmək kifayətdir.

Tədricən xristianlıqda kilsə strukturu və kilsə iyerarxiyası təşəkkül tapır, kilsə Allahla insan arasında vasitəçiyə çevrilir. II əsrdən etibarən yepiskoplar mürəkkəb əqidə və ayinçilik məsələlərini şərh edir, bidətçi sektalara qarşı mübarizə aparırdılar. Kilsə iyerarxiyası nümayəndələri öz birliklərini  toplantılarla möhkəmləndirirdilər. Belə toplantılardan birincisi 325-ci ildə, ikincisi 381-ci ildə, üçüncüsü isə 431-ci ildə keçirilmişdi.

IV əsrin əvvəllərində imperator Konstantin kilsəni dəstəklədi və tezliklə xristianlıq təqib olunan dindən hakim dinə çevrildi.

IV əsrin sonlarında Roma imperiyasının Qərbi və Şərqi imperiyalara parçalanması xristian kilsəsinin də parçalanmasına səbəb oldu. Qərbi imperiyada imperatorun hakimiyyəti zəiflədikcə kilsənin mövqeləri möhkəmlənirdi. V əsrdə güclü Roma yepiskopu Papa elan edildi, Roma-katolik dünyası üzərində hakimiyyət onun əlində cəmləndi.

XVI əsrdə Avropada Reformasiya hərəkatı başlandı. Kilsə strukturu və ayinçilik sadələşdirildi. Lüter, Kalvin və Müntser Papanın məsumluğu əqidəsinə, günahların bağışlanması haqqında pulla Papa adından fərman verilməsi praktikasına, kilsənin insanla Allah arasında vasitəçilik rolunun şişirdilməsinə qarşı çıxdılar. Bütün bu çıxışlar protestantizm cərəyanının yaranması ilə nəticələndi.

Bu gün xristianlığı üç əsas cərəyan təmsil edir: pravoslavlıq, katoliklik, protestantizm.

 

İslam

 

İslam monoteist səmavi dinlərdən üçüncüsü və axırıncısıdır. Quranda deyildiyi kimi, onun müqəddəs kitabı Quran axırıncı səmavi kitab, peyğəmbəri Məhəmməd də axırıncı peyğəmbərdir. Bu dində ciddi və mükəmməl tövhid əqidəsi xüsusi yer tutur.

İslam özünü ərəblərin əcdadı İsmail peyğəmbərin atası İbrahimin hənifiliyi –təkallahlılıq əqidəsi ilə bağlayır. Quran bildirir: “İbrahim nə yəhudi, nə xaçpərəst idi. O, ancaq, hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi” (Ali-İmran, 67). Qurana görə, İbrahim həlim xasiyyətli, duakar, özünü tamamilə Allaha təslim etmiş bir zatdır (Hud, 75), Allah İbrahimi Özünə dost götürüb (ən-Nisa, 125), İbrahimin dini Allaha xoş gedən yeganə dindir, bu dindən ancaq səfehlər üz döndərər (əl-Bəqərə, 130), insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, islamın peyğəmbəri Məhəmməd və ona iman gətirənlərdir (Ali-İmran, 68), hənif olan İbrahimin ardınca getmək lazımdır, çünki o, Allaha şərik qoşanlardan deyildi (Ali-İmran, 95).

Biz, bu ayələrdə islamın səmavi din kimi yəhudilik və xristianlıqla əlaqəsinin şahidi oluruq. Hər üç din mənşəcə İbrahim peyğəmbərin hənifiliyi ilə bağlıdır.

İslam dini təliminin böyük bir hissəsini Allaha ibadətin öz düzgün məcrasına qaytarılmasına çağırışlar təşkil edir. Allah Quranda tez-tez Peyğəmbərdən tələb edir ki, insanları namazı düzgün qılmağa, orucu qəbul olunmuş qaydalara uyğun tutmağa, həcc ibadətlərinə yerli-yerində əməl etməyə çağırsın. Kitabda namazın və dəstəmazın qaydaları müəyyən edilir, orucun vaxtı, tələb etdiyi  hallar dəqiqləşdirilir, həcc ibadətinə daxil olan mərasimlər ətraflı izah edilir. Yeni dinin tərbiyə etdiyi həyat tərzi, hər şeydən əvvəl, hənifiliyin ayin və mərasimlərinin ilkin saflığının bərpa edilməsi zərurəti üzərində qurulurdu. İbadətlər dinin mənimsənilməsində nəzəri müddəalara nisbətən daha təsirli rol oynayırdı.

Eyni zamanda islam israrla bildirir ki, ibadət yalnız Allaha edilməlidir, Allahdan başqa heç kəsin ibadət edilməyə haqqı yoxdur: “Ey insanlar! Rəbbinizə ibadət edin!” (əl-Bəqərə, 21).

İslamın peyğəmbəri Məhəmməd “tarixin gur işığında” dünyaya gəlmiş, Fil ilində – 570-ci ildə Məkkənin Qüreyş qəbiləsinin Haşim soyunda doğulmuşdur. Təqribən 610-cu ildə ona peyğəmbərlik verilmiş, 622-ci ilə qədər o, islamı Məkkədə təbliğ etmiş, sonra isə qüreyşilərin təqibindən qorunmaq üçün Mədinəyə hicrət etmiş, Mədinədə yaratdığı icmada müsəlmanlarla yanaşı yəhudi və xristianlar da təmsil olunmuşlar.

İslam özündən qabaqkı səmavi dinləri, onların peyğəmbərlərini və kitablarını qəbul edir. Bunsuz islama etiqad bütövlüyünü təmin edə bilmədi.

İslamın baş məbədi Kəbədir. Qurandan məlum olur ki, Kəbə İbrahim peyğəmbər və onun oğlu İsmail peyğəmbər tərəfindən Allaha ibadət məqsədilə tikilmişdir. Bəzi Quran ayələri və hədislər bu məbədin tarixini Adəm peyğəmbərə qədər aparıb çıxaran təfsirlərlə müşayiət olunur. İsmail oğulları məhz bu məbədin ətrafında törəyib artmış, sonra ayrı-ayrı ərəb qəbilələrinə bölünmüşdülər.

İslamın başlıca əqidəsi bir olan Allaha itaət və ibadətdir. Allahın birliyini, hər şeyə qadir olduğunu, hər şeyi gördüyünü və bildiyini və Məhəmmədin Onun peyğəmbəri olduğunu qəbul edən hər bir müsəlman “Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Mühəmmədən Rəsulullah” şəhadət kəlməsini deməklə bunu təsdiq etməli, gündə beş vaxt namaz qılmalıdır. Azan namaza çağırışdır. Namaza təmiz – dəstəmazlı halda durmaq lazımdır. Yetkinlik yaşına çatmış və ağlı başında olan hər bir müsəlman Ramazan ayında orucunu tutmalı, malından yoxsulların nəfinə zəkat verməli, həcc ibadətinə əməl etməlidir.

İslam qumar oynamağı, şərab içməyi, fal açmağı rəzil əməllər kimi qətiyyətlə rədd edir. Hər cür çirkinlik islama ziddir, odur ki, qan və donuz əti islamda haram sayılır.

Mədinə icması gücləndikcə islam artıq Mədinəyə sığmır, ətraf qəbilələr arasında, sonralar isə bütün Ərəbistan yarımadasına yayılır. Ərəb fütuhatları sayəsində islam qısa bir müddətdə Asiya və Afrikada geniş ərazilərə, Avropada İspaniyaya və Siciliyaya nüfuz edir. Orta əsrlərdə islam qədim yunan fəlsəfəsini Avropaya qaytarmaqla nəinki avropalılara yeni biliklər verir, həm də burada mədəni proseslərin inkişaf xarakterinə güclü təsir göstərir. Avropa özünüdərkinin təşəkkülünə bir çox cəhətdən şərait yaradır. Avropalıların müəyyən ərazi və mədəni bütövlük kimi Avropa haqqında təsəvvürləri yalnız səlib yürüşləri zamanı təşəkkül tapmışdı.

Səmavi dinlərin tarixinə ən qısa nəzər belə bu dinlər arasında dialoq, dözümlülük və xoş münasibət üçün təməl ola biləcək bənzər prinsipləri aşkar etməyə imkan verir. Bu prinsipləri belə təsnif etmək olar: Allaha münasibətdə Onun birliyini tanımaq, Ona itaət və ibadət etmək; yaxınlara münasibətdə mərhəmətli olmaq və əlindən gələn köməyi əsirgəməmək; insanın özünə münasibətdə pis işlərdən çəkinmək, yaxşı işlər görməyə həvəsləndirmək, pəhrizkar olmaq, oruc tutmaq. Bu ona dəlalət edir ki, hər üç dinin gətirdiyi mədəniyyətdə insanın öz bəndəlik missiyası həyata keçirmək üçün kifayət edəcək dəyərlər vardır. Bu missiya isə hər şeydən əvvəl cəmiyyətdə dinclik, barış və arxayınlıq yaratmağa xidmət məqsədi güdür.

Nəzərə alınmalıdır ki, dialoq eyniyyət demək deyildir. Dialoq mövqe fərqlərinin, ixtilafların olmasını istisna etmir, bu və ya digər dinin təməl prinsiplərini dəyişdirməyi tələb etmir, eyni zamanda dialoqda elə cəhətlər daha çox qabardılır ki, onlar qarşılıqlı anlaşma və yaxınlaşma üçün şərait yarada bilsin və əsasən cəmiyyət üzvlərinin normal qarşılıqlı əlaqələrinin yaranmasına, sosial ədalət prinsipinə xidmət etsin. Qloballaşma və beynəlmiləlləşmə şəraitində bu cür dialoq labüddür. Dinlərarası dialoq stabillik və əminamanlıq üçün zəruri bazanın yaranmasında mühüm rol oynaya bilər. Bunun üçün təkcə din xadimlərinin deyil, eyni zamanda dövlət başçısının siyasi iradəsi tələb olunur və onlar bir-birini tamamlayır.

 





01.03.2013    çap et  çap et