525.Az

Polkovnik Kərim xan İrəvanski - igid süvari, cəsur ordu komandiri


 

Polkovnik Kərim xan İrəvanski  - <b style="color:red">igid süvari, cəsur ordu komandiri</b>

1918-1920-ci illərdə Naxçıvanın igid döyüşçüləri erməni daşnaklarına qarşı çox mərdliklə döyüşüblər.

1918-ci ildə Naxçıvan diyarının ən çətin dövrlərində burada vuruşan bacarıqlı hərbçilərimiz 1917-ci ilədək Rusiya ordusunda hərbi xidmətlərdə olublar. Bu səbəbdən onların hər birinin xidmət kitabçası Rusiya Dövlət Hərbi-Tarix Arxivində saxlanılır. Bu sənədlərlə tanışlıqdan əvvəl 1918-1920-ci illərdə Naxçıvan Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyevin həmin vaxtlar qələmə aldığı bəzi tarixi hadisələri xatırlayaq:

"1918-ci il miladi, 23 dekabr. Şərur nahiyyəsinin baş komandanı Kərim xan tərəfindən verilən telefonun məzmunu: "İrəvanda fransız nümayəndələri oturmuşlar. Müsəlman kəndlərinin adamları bu son zamanda müharibəsiz ermənilərə tərksilah olaraq təslim olmuşlar. Bunlara ermənilər olmazın cəza və cəfa verməkdədirlər. Müsəlmanların cavan, iş bilən və möhtərəmlərindən tutub edam edirlər...

1918-ci il miladi, 30 dekabr. Şərur nahiyyəsində Naxçıvan əsgərlərinə atəş açdıqlarına görə Kərim xan Maku sərdarına müharibə etmək üçün ultimatum vermişdir".

1919-cu il miladi, 9 yanvar. Sədərəyi tutmaq istəyən daşnakların teleqramı Naxçıvan Milli Şurasında və ingilis vəkillərinin hüzurunda oxunandan sonra Kərim xan cənabları Şərur nahiyyəsində duran Naxçıvan qoşununa telefon vasitəsilə irəli yeriyib, İrəvanadək getmək əmrini verdi.

Həmin bu tarixi xronikalarda adıçəkilən Kərim xan kimdir?

Qeyd edək ki, əvvəlki yazılarımızda azacıq da olsa Kərim xan haqqında məlumat vermişdik. Yazımızın sonunda oxuculara bildirmişdik ki, bu qəhrəman döyüşçü ilə bağlı ciddi axtarışlarımız var.

İndi o axtarışlar başa çatıb. Və biz qəhrəman döyüşçümüz və igid süvarimizlə bağlı arxiv sənədlərindən və Rusiyada yaşayan tədqiqatçıların araşdırmalarından öyrəndiklərimizi və Türkiyədən tapdığımız fotoşəkli də oxucularımıza təqdim etmək istəyirik.

Kərim xanın Rusiya Dövlət Hərbi-Tarix Arxivinin bir neçə fondunda sənədləri vardır. Həmin sənədlərdən məlum olur ki, Kərim xan Abbasqulu xan oğlu İrəvanski 15 noyabr 1883-cü ildə İrəvanda anadan olub. Onun atası Abbasqulu xan İrəvan xanlığının əsasını qoyan məşhur Hüseynəli xan Sərdarın varislərindəndir. Abbasqulu xanın atası Möhübəli (Mehbalı) xan Sərdarın nəvəsidir.

Kərim xanın anası Tərlan xanım isə naxçıvanlı general İsmayıl xan Naxçıvanskinin-Kəngərlinin qızıdır.

Kərim xan ilk uşaqlıq illərinin çoxunu Naxçıvanda, ana babası İsmayıl xanın malikanəsində keçirib və babasından hərb sənətinin sirlərini öyrənib. Onun ana tərəfi olan Naxçıvan xanları təpədən-dırnağa hərbçi idilər. Belə bir mühit Kərim xanı Rusiyanın ən məşhur süvari məktəbinə-Yelizavetqrada aparıb çıxarır. O, süvari məktəbini bitirdikdən sonra, 1907-ci ildə kornet hərbi rütbəsini alıb və 44-cü Nijeqorod draqun polkunda hərbi xidmətini davam etdirib.

1909-cu ilin may ayından 1912-ci ilin avqustuna kimi çarın leyb-qvardiya polkunda xidmət edib. Birinci Dünya müharibəsi başlayanda Kərim xan İrəvanski poruçik hərbi rütbəsində idi.

Hərbi nazirliyin 30 sentyabr 1914-cü il əmri ilə o, Qafqaz süvari diviziyasının tərkibində olan Kabardin süvari polkuna dəyişdirilir.

30 iyul 1915-ci ildə Kərim xana qvardiya ştabs-rotmistri rütbəsi verilir. Qeyd edək ki, həmin vaxtlarda yerlilərdən təşkil olunmuş Qafqaz yerli süvari diviziyasının komandiri general-mayor Böyük Knyaz Mixail Aleksandroviç Romanov idi. Məqamındaca qeyd edək ki, Qafqaz yerli süvari diviziyası ikinci süvari korpusunun tərkibində idi və korpusa Kərim xanın qohumu general-leytenant Hüseyn xan Naxçıvanski rəhbərlik edirdi.

1915-ci ilin oktyabr ayında Hüseyn xan Naxçıvanski Qafqaz ordusunun baş komandanı olub. 1916-cı ilin aprelində isə o, qvardiya süvari korpusuna komandirlik edib. 1915-ci ilin noyabrında ikinci süvari korpusuna kabardin zadəganlarından general-mayor K.Xaqondokov rəislik edib.

1916-cı ilin fevral ayında böyük knyaz M.A. Romanov ikinci süvari korpusuna komandir təyin olunur.

27 iyul 1917-ci ildə Kərim xana rotmistr hərbi rütbəsi verilir. Həmin ilin 29 sentyabrında Kərim xan İrəvanskini yenidən Kabardin süvari polkuna hərbi xidmətə göndərirlər.

Hərbi arxivdəki sənədlərdən məlum olur ki, Birinci Dünya müharibəsində Kərim xanın göstərdiyi igidliklər Rusiya çarı tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1914-cü il dekabrın 17-18-də Kərim xanın xidmət etdiyi Kabardin polku Vetlino kəndinin ətrafında gedən döyüşlərdə fərqləndiyinə görə ona əlahəzrətin 9 yanvar 1915-ci il tarixli əmri ilə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni verilir. Qorxmaz süvari olan Kərim xan 26 avqust 1915-ci ildə üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə), 2 aprel 1916-cı ildə isə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub.

Cənub-Qərb cəbhəsi ordusunun 19 mart 1917-ci il tarixli əmri ilə Kərim xana dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə) verilib.

Dördüncü ordunun əmri ilə 25 mart 1917-ci ildə Kərim xan ikinci dərəcəli Müqəddəs Anna (qılınclarla birlikdə) ordeni ilə də mükafatlandırılıb.

Ordunun və hərbi dəniz donanmasının əmri ilə 8 oktyabr 1917-ci ildə rotmistr Kərim xan İrəvanski məşhur hərbi mükafat - Georgi silahı ilə təltif olunub. Hərbi tədqiqatçı Eldar İsmayılovun yazdığına görə, Kərim xan bu yüksək mükafatı alarkən Qafqaz yerli süvari diviziyasının tərkibində olan Kabardin polkunun 4-cü yüzlüyünün komandiri olub. Yerindəcə qeyd edək ki, tədqiqatçı E.İsmayılov onun doğum tarixini 1885-ci il kimi göstərib.

İgid həmyerlimizin 1917-ci ilin oktyabrından sonrakı (Şimali Qafqazdakı) fəaliyyətini tarix elmləri namizədi, podpolkovnik, Kabarda-Balkar hökuməti Humanitar Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyasının Nalçik şəhərində yerləşən Kabarda-Balkar Elmi Mərkəzinin böyük elmi işçisi Aslan Kazakovun apardığı araşdırmalardan öyrənirik. Onun yazdıqlarından məlum olur ki, Kərim xan Kabardin süvari polku ilə 1917-ci ilin oktyabr ayında Şimali Qafqaza gəlib. Həmin ilin noyabrında Kərim xan Kiçik Kabardanın Axlovo (indiki Nijniy Kurp) kəndində yerli əhalini quldur hücumlarından qoruyurmuş.

11 yanvar 1918-ci ildə Kərim xan Nalçikin zənginlərindən olan balkar qızı Şəmsidə Aydebulov ilə evlənir. Arxiv sənədlərindən məlim olur ki, Kərim xanın birinci həyat yoldaşı Hüseyn xan Naxçıvanskinin arvadının əmisi qızı İnna Herbel olub. Nikah tarixi 19 yanvar 1910-cu il kimi qeyd edilib. Tədqiqatçı hərbçi-alim Aslan Kazakovun yazdığına görə, Kərim xan "Azad Kabarda" partiyasının üzvlərinin yaratdığı ikipolklu Kabardın süvari briqadasının tərkibində bolşeviklərə qarşı döyüşüb.

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20-ci illərə aid) sənədlər külliyyatında (Bakı-1998, s.282-283) olan xidmət qeydlərindən (28 yanvar 1919-cu il, əmr №364) məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin 28 fevral 1919-cu il sərəncamı ilə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaradılıb və Kərim xan İrəvanski general-qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.

Kərim xanın Naxçıvana gəldiyi tarixi araşdırdıq. Arxiv sənədlərindən məlum oldu ki, Kərim xan 1918-ci ilin sonlarında Naxçıvana gəlib. 28 yanvar 1919-cu ildə verilən 364 nömrəli əmrdə olan qeydlərdən məlum olur ki, Kərim xan polkovnik rütbəsindədir və onun komandiri olduğu könüllü döyüşçülərin sayı 1000 nəfərdən çoxdur. Bu əmrdə qeyd edilib ki, onun rəhbərlik etdiyi döyüş dəstəsi podpolkovnik Kalbalı xan Naxçıvanskinin rəislik etdiyi qərargaha tabedir. Hətta onun döyüşçülərinin iki döyüş topunun olduğu da yazılıb. Qeyd olunub ki, Kərim xanın komandirlik etdiyi dəstə ermənilərlə döyüşdə böyük şücaətlər göstərib.

Yuxarıda söhbət açdığımız sənədlər külliyyatından (s.292) məlum olur ki, 26 mart 1919-cu ildə general-qubernatorun hərbi işlər üzrə köməkçi vəzifəsi ləğv olunub. Yeri gəlmişkən M.Bağır Əliyevin "Qanlı günlərimiz" adlı gündəliyində Kərim xanın döyüş hünərləri haqqında ətraflı məlumatlar var və həmçinin Kərim xana, onun bacısı oğlu III Kalbalı xana və onun atası Cəfərqulu xana - bu məşhur hərbçilərə qarşı general-qubernator Cəmillinskinin apardığı rəqabət mübarizəsi gündəliklərdə qeyd edilib. Amma sənədlərdə göstərildiyi kimi deyil. Kərim xanı işdən azad etməyiblər. O, özü istefa verib və yəqin ki, bundan sonra yenidən Kabardaya qayıdıb. Kərim xan İrəvanski, qardaşları Əli xan, Hüseyn xan, Həsən xan, həmçinin qardaşı oğlu Allahyar xan Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında böyük xidmətlər göstərmiş, rəşadətlə vuruşmuşlar. Gələcək yazılarımızda bu qəhrəman döyüşçülər haqqında da söhbət açacaq və fotoşəkillərini də təqdim edəcəyik. Bu fotoları uzaq xarici ölkələrdən əldə etmişik.

Polkovnik Kərim xan (qeyd edək ki, rus tədqiqatçılarının sənədlərində onun son hərbi rütbəsi rotmistr kimi göstərilir, ancaq Azərbaycan Xalq Cümhuriyyətinin arxiv sənədlərində onun hərbi rütbəsi polkovnik kimi yazılıb) 1919-cu il oktyabrın əvvəllərində Tsaritsin cəbhəsində gedən döyüşlərdə həlak olub. Onun cənazəsi Nalçik şəhəri yaxınlığındakı Volnıy Aul kəndinin qəbiristanlığına gətirilib və o, bu qəbiristanlıqda torpağa tapşırılıb.

Kabarda-Balkariyanın Nalçik arxivində də axtarışlarımız davam edir. İgid süvari, qəhrəman döyüşçü, Naxçıvanın, Şərurun ən çətin günlərində özünü onların müdafiəsinə yetirən və sənədlərin dili ilə desək, böyük qəhrəmanlıqlar və şücaətlər göstərən Kərim xan İrəvanski Azərbaycan hərb tarixində həmişə yaşamağa mənəvi haqqı olan bir sərkərdədir.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





12.08.2016    çap et  çap et