525.Az

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri


 

Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri<b style="color:red"></b>

XX əsrin əvvəllərində Azərbaycanda mollaxanalarla, mədrəsələrlə yanaşı, yeni tipli üsuli-cədid deyilən Avropa sistemli məktəblər açılmışdı.

Təhsil sahəsində baş verən bu yeniləşmə əsasında mollaxana və mədrəsələrdə islahatlar başlanmışdı.

Dövrün elmi mənzərəsinə nəzər saldıqda görürük ki, artıq XIX əsrdə mövcud olan gerilik, cəhalət, kütləvi savadsızlıq getdikcə aradan qalxır, yeni mərhələyə qədəm qoyan təhsil prosesi sahəsində dünya təhsil sisteminə inteqrasiya meylləri güclənirdi. Ancaq bununla belə, kütləvi savadsızlığın aradan qaldırılması üçün bu məktəblərin fəaliyyəti hələ də xalqın elmə, mədəniyyətə, maarifə olan ehtiyacını ödəmək iqtidarında deyildi. Fikrimizi əyaniləşdirmək üçün keçən əsrin əvvəllərinin elmi mənzərəsinə diqqət yetirək: “1887-ci ildə Bakıda birinci rus-tatar, yəni rus-Azərbaycan məktəbi açılmışdı. Burada əvvəl 42 nəfər şagird vardı. 1913-cü ildə həmin məktəblərin 25 illik yubileyi qeyd edildiyi zaman isə Bakıda 9 rus - Azərbaycan məktəbi, 8 rus - Azərbaycan qız məktəbi və bir altı sinifli məktəb var idi. Burada azərbaycanlı balalarından 2249 nəfər şagird oxuyurdu. Bunlardan 337 nəfəri qız idi” (Əziz Mirəhmədov. Sabir. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1958. 444 s.; 8).

XX əsrin əvvəllərində  elm, təhsil məsələlərinin xalqın taleyində mühüm və təxirəsalınmaz rol oynadığı real gerçəkliklər kimi ortaya çıxırdı. Elə bu səbəbdən də dövrün bir çox ziyalıları gələcəyimiz olan uşaqlara hansı elmləri öyrətməyin zəruri olduğunu gündəmə gətirir və geniş müzakirələr aparırdılar. 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin ilk toplantısında yeni tədris proqramlarının, dərs kitablarının və müəllim kadrlarının hazırlanması məsələləri diqqət mərkəzində saxlanılırdı. Elm və təhsil problemləri, uşaqların təlim-tərbiyəsi kimi ümdə məsələlər bu dövrdə olduqca aktuallaşır, mədəni-maarif işlərinin sürətlənməsi və keyfiyyətcə yaxşılaşması məqsədi ilə “Nəşri-maarif”, “Cəmiyyəti-xeyriyyə” və “Nicat” kimi cəmiyyətlər yaradılır.

Şübhəsiz ki, cəmiyyətdə gedən bu mühüm proseslər “Molla Nəsrəddin” jurnalının diqqətindən kənarda qala bilməzdi.

“Azərbaycan xalqının oyanması, mənəvi cəhətdən silahlanması və inqilab yoluna düşməsində, əsrlərcə feodal zülm və zülmətində yaşayan kütlələrin əsarətindən, “ölülər” aləmindən qurtarmasında, tərəqqi və səadət üçün çarpışmasında, öz müqəddəratı, azadlığı və hüququ uğrunda mübarizəsində, maarif və mədəniyyətin təbliğ edilməsi və yayılması işində, elm işığı ilə işıqlanmasında “Molla Nəsrəddin”dən böyük iş görən ikinci bir xalq jurnalı göstərmək çətindir” (Əziz Mirəhmədov. Sabir. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1958. 444 s.; 80).

Doğrudan da, xalqın maariflənməsi işində “Molla Nəsrəddin” jurnalının ardıcıl olaraq 25 illik fədakarlığı yüksək dəyərləndirilməlidir. O dövrdə “Həyat” qəzetinin yazarlarından biri olan Axund Əbu Turabın “Bizə hansı elmlər lazımdır?”  məqaləsi ətrafında gedən müzakirələrdə “Molla Nəsrəddin” jurnalı və “Həyat” qəzetinin əməkdaşları da fəal iştirak etmişdir. Sözügedən məsələyə Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və digər ziyalılarımızın müxtəlif parametrlərdən yanaşma tərzi birmənalı qarşılanmamışdır. Əgər Axund Əbu Turab məktəblərin din, şəriət dərslərindən uzaqlaşaraq təbiət, hesab, həndəsə, tibb və s. dünyəvi elmləri öyrənmələrinə qarşı çıxırdısa, Mirzə Cəlil şagirdlərin dünyəvi elmləri öyrənməsinə önəm verir və bu mütərəqqi ideyanı dəstəkləyirdi. Yazıçı Axund Əbu Turaba ünvanladığı “Hansı elmlər lazım?” felyetonunda məqalə müəllifinin dünyagörüşündəki məhdudluğu, cəhalət və mövhumatı “İbrahimbəyin səyahətnaməsi” ilə müqayisə edir və fikrini əsərdən gətirilmiş aşağıdakı misra ilə tamamlayır:

“Mordəənd vəli zində, zindəənd vəli mordə” (Ölüdürlər diri kimi, diridirlər ölü kimi) (Cəlil Məmmədquluzadə. Əsərləri. 6 cilddə, 3-cü cild. Bakı, Azərnəşr, 1984. 292 s.; 32).

Cəlil Məmmədquluzadə ilə yanaşı, digər mollanəsrəddinçilərin yeni təlim üsullarını və dünyəvi elmlərin tədrisini təqdir edən yazılarla çıxış etməsi dövrün mütərrəqqi ziyalıları tərəfindən maraqla qarşılanırdı. Bu əhəmiyyətli müzakirələrdə “Molla Nəsrəddin”in yaradıcılarından biri olan Ömər Faiq Nemanzadənin din xadimlərinə və müəllimlərə müraciəti onun açıq fikirli, vətənpərvər, zəngin insan olduğunu təsdiqləyir: “Ey axundlar, bəsdir ibtidai məktəblərimizdə böyüklərimizin belə asanlıqla qanmadığı çətin məsələləri, ixtilaf və füruata aid bəhsləri çox yerdə əzbərlədib balaların zehinlərini kor etmək...

Əziz müəllimlər, tərəqqisini arzu etdiyiniz ibtidai məktəblərdə, kim nə deyirsə desin, üsuli-təlimin, qanuni-təkamülün bir addım xaricinə çıxmamalısınız. Vallah, millətə, vətənə, həqiqətə, istiqlala xəyanət etmiş olarsınız” (Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb nəşriyyatı, 2006. 352 s.; 149).

Böyük ədibimiz Əli bəy Hüseynzadə gedən mübarizələrdə iştirak etmiş və məsələlərə birtərəfli yanaşmamışdır. O, həm təbiət elmlərini öyrənməyin vacibliyini göstərir, həm də dinin, şəriətin tədris olunmasının zəruriliyini vurğulayırdı.

“Molla Nəsrəddin” jurnalının səhifələrində elm, maarif, təhsil məsələlərinə aid çoxlu sayda nəsr və nəzm nümunələri yer almışdı. Xalqın gələcəyini, milli dirçəlişini, istiqlalını elmin, təhsilin inkişafında görən mollanəsrəddinçilər müxtəlif janrlı yazılarda öz həmvətənlərini maarifləndirməyə səsləyirdilər. Satirik publisistikada C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, M.S.Ordubadi və başqalarının bu mövzulu əsərləri jurnalın səhifələrində müntəzəm olaraq əksini tapmışdır. Satirik poeziyada isə M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Razi, B.Abbaszadə və digər şairlərin elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən şeirləri satiranın ən gözəl nümunələri kimi diqqəti cəlb edir.

“Molla Nəsrəddin” jurnalının səhifələrində geriliyin, cəhalətin, nadanlığın, savadsızlığın ifşası Cəlil Məmmədquluzadənin satirik publisistikasında geniş yer almışdı. Yazıçının müxtəlif dövrlərdə jurnalda dərc olunan “Niyə məni döyürsünüz?”, “Niyə mən dərsdən qaçdım”, “Gimnaziyada təzə məscid”, “Təzə təlim kitabı”, “Müəllimlər”, “Baş”, “Erməni və müsəlman övrətləri”, “Mikroblar”, “Əlifba”, “Şura”, “Gözəl yerlər”, “Ölümaxtaran”, “Uşaqlarımız”, “Məktəblər”, “Şəhərlərdə və kəndlərdə hökumət məktəblərinin müsəlman müəllimlərinə xitab”, “Maarif işləri” və b. felyetonlarında elm, təhsil, maarif və mədəniyyət sahəsində yol verilən nöqsanlar, çatışmazlıqlar ciddi tənqid atəşinə tutulur.

Kütləvi savadsızlığın aradan qaldırılması üçün mövcud şəraitdə yeni dərslik kitablarının nəşrinə böyük ehtiyac duyulurdu. Bu çatışmazlığın aradan qaldırılması təxirəsalınmaz bir vəzifə kimi dövrün bir çox ziyalıları kimi mollanəsrəddinçiləri də narahat edirdi. C.Məmmədquluzadə “Təzə təlim kitabı” felyetonunda bu aktual məsələlərdən bəhs edərək yazır: “Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq  eləmək niyyəti ilə yoldaşlarım Mozalan, Hop-hop, Lağlağı və Hərdəmxəyalla himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük” (Cəlil Məmmədquluzadə. 4 cilddə, 2-ci cild. Bakı, “Öndər nəşriyyatı”, 2004. 584 s.; 38).

Felyetonda yazıçı satirik şəkildə on səkkiz hesab məsələsi verir. Bu tapşırıqların hər biri müxtəlif mövzuları əhatə etsə də, sətiraltı eyhamla oxucunun diqqəti əsas məqamlara yönəldilir. Həmin məsələlərdən elmə və təhsilə, şagirdlərə qarşı sərt cəza üsullarına aid verilmiş bəzi nümunələrə diqqət yetirək:

“1. Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətdə uşaq həmin kitabı qurtara bilər”.

2. Molla bir uşağın ayaqlarını fələqqəyə qoyanda on bir çubuq sındırır. Yeddi uşağa nə qədər çubuq gərək hazır edə?

3. Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq?” (Cəlil Məmmədquluzadə. 4 cilddə, 2-ci cild. Bakı, “Öndər nəşriyyatı”, 2004. 584 s.; 39).

Verilmiş riyazi məsələlərdə ilk baxışdan şagirdlərin zehni qabiliyyətini, idrak fəallığını, bacarığını aşkara çıxarmaq fonu yaradılsa da, əslində müəllifin gizlin məqsədi başqa mahiyyət daşıyır. Mollaxanalarda keçirilən dərslərin keyfiyyətsizliyi, uşaqlara lazımi elmi biliklərin verilməməsi və bununla yanaşı, şagirdlərə qarşı qeyri-insani münasibətlər, fiziki cəza tədbirləri kəskin tənqid atəşinə tutulur.

(Ardı var)

Gülbəniz BABAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





13.08.2016    çap et  çap et