525.Az

Şeirin içindəki adamla dialoq


 

“NƏ XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH...”

Şeirin içindəki adamla dialoq<b style="color:red"></b>

C.Y.  - Yadıma gəlir, bu şeir “Ulduz” jurnalında Əli Kərimin ölümündən sonra dərc edilmişdi, deyəsən,  bununla bərabər başqa bir kiçik şeiri də vardı.
 
Kiçicik bir dərdim vardı,
Dünya da gözümdə qəmxanəydi,
Bir az bundan ağır gələn
Dedim bunun yanında nəydi,
Bundan sonra hər dərdim olanda
Deyirəm, qəmgin olma,
Özümə, özünə güləcəksən,
Başqa bir dərd gələndə,
Bəs öləndə?

 
Bunlar Əli Kərimin saxladığı şeirlərdəndir. Ruhundan, deyiliş tərzindən bilinir ki, onu həyatdan çox ölüm maraqlandırırdı, sövq-təbii. Həyat mənanı tutub saxlamağa, ondan nəsə yapmağa qadir dəyil, axıb gedir üzü puçluğa, ölümsə əvvəllə sonu birləşdirir, məna yaradır, bir ifadəylə desək, bizimlə “mortal karnaval” oyunu oynayır.

- ... Əli Kərim bu mənada klassik şair obrazına tən gəlir. Bəzən görürsən, şair köçür, saxladıqları əzizlədiyi yox, çapa qıymadığı, bəlkə özünün də arxasında dura bilməyəcəyi şeylər olur. Mexaniki yazma prosesinin mərəzi, qələm işi...

C.Y. - Bu şeiri yüksək tonla oxumaq mümkünsüzdür.

Bu şeirdə fikir veribsənsə, ölümlə, ayrılıqla həyatın sərhəddi cızılıb. Bu görünürmü?

- ... Bütün gözəl mətnlərdə olduğu kimi. O şeirlər lap yüksəkdən oxunur ki, mətnin içindəki sözləri insanlar eşitməsinlər. Deyən adam özü də bunun saxta olduğunu bilirmiş kimi. Mətn hamını faş edir.

C.Y. - Onun bir şeirində bələ bir cavab istəməyən sual da vardı:

Lampa işığında neynəyəcəksən?

Yaxud

Yazırsan gecələr dostun, yoldaşın
sadə təbəssümün işığında sən
 

Gəl indi şeirin -mətnin özünə diqqət yetirək:

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən...

 
Bu nə dəməkdir? Şair niyə birdən bu qənaətə gəlir və gəlirmi? Əslində bu qənaət-filan deyil, taleyin ona dedizdirdiyi sözlərdir. Bu öz yerində. Ancaq biz indi şeirin, yəni mətnin içində yuvalanan hissləri cərgələməliyik. Burda könlün hansı hissləri var və niyə bu şəkildə, bir-birinə aman vermədən ard-arda düzülür. Macalsızlıq. Təəssüf. Ömrü nəyəsə bel bağlayıb yaşayırsan və sonda faciəni, faniliyi, bundan da ötə, bu həyatda əvvəl-axır bir şey eləyə bilməyin mümkünsüzlüyünü dərk edib, bütün təəssüf doğuran hissləri birdən sözə çevirmək istəyirsən. Ancaq bunların hamısı sözə çevrilə bilirmi?

- ... Sözə sığzmazlıq yaranır. Bütün gözəl şeirlərdə bu hal meydana çıxır. Və öz işini görür.

C.Y.  - Bu şeiri Mikayıl Müsfiqin “Yenə o bağ olaydı “şeirinə bənzədənlər də var, ruh etibari ilə.

Ümumiyyətlə, onların arasında ruh doğmalığı mövcuddur. Əlinin Müşfiqə bir şeiri də var. Ancaq bir xatirəsi, məncə, bu şeirdən daha önəmlidir. İnstitutda oxuyanda gecə işıqları keçirib lampa işığında Müşfiqi oxuyarmışlar.

Maraqlıdır, yuxarıdakı “lampa işığı” ifadəsi yada düşür.

Əli Kərimin şeirlərini “aydınladan” təbəssüm bəlkə o lampa işığından yaranmışdı.

Yuxarıda qeyd elədim ki, bu şeirdə ayrılıqla həyatın sərhəddi cızılıb, hər şey bu sərhəd zonasında mənalanır, dəyər qazanır, yaxud puç olması bəllənir...
 
- ... Mən bir az başqa cür düşünürəm. Şeir, poetik mətn zahirən kiminsə ömrünün davamı təsiri bağışlaya bilər, ancaq bu zahirən belədir. Onun içindəki mistik aura heç şairin ömrü də demək deyil. Burda kadr arxası var. Miflərdə necəydi? İnsan ölümcül xəstələnirsə, bu dünyada onu sağaldan, ona məlhəm olacaq dərman yoxdusa, sən bu dünyanın sərhəddini keçməlisən. Məsələn, “sehirli fincan”la bağlı mif süjeti. Eliot işlədib. Bu əşyanın dibində qəlbin bütün bilinməyən sirləri yatır.

C.Y. -Bu şeirdəki gizli (bələ dəyək) mistik aura, yəni, insanın ruhlar aləmindən gəlməsini, hər gün gördüyü adamların içində itiyini axtarması, birdən çaşıb, yəni dost, qardaş bilib kimisə bağrına basması, illər boyu başını ürəyinin üstünə əyib susması, dünyanın bütün torpaqlarının altında, göylərin üzünü örtən buludların arasında dolaşması... təsadüfi deyil. Bu şəkildə ömrü boyu sərgərdan gəzən insan birdən gözləmədiyi yerdən xəbər alır. Həyatını yaşayan insana bu xəbər həmişə gəlir. Və bu xəbər bütün rəsmi göndərişlərdən daha önəmlidir, o gəlməlidir ki, sən gecənin zil qaranlığında qəfil işıqlanan yeri seçə, görə biləsən.
 
- ... Bunlar məlum məsələlərdir. Gəlin, mətləbdən yayınmayaq. Siz sakit olun.

C.Y. - Səncə, bu şeirlə şairin digər mətnləri arasında hansı əlaqələr var, yəni keçidlər...
 - ...Olmaması mümkün deyil.

C.Y. - Məncə, bütün yaradıcılığı, xüsusən ilk gənclik illərindəki şeirləri ilə gizli-aşkar əlaqələri var. Nə üçün ilk gənclik illərini dedim? Ona görə ki, Əli Kərim belə deyək, “yaddaşı itməyən” və yaddaşa söykənən şair idi. Onun mətnlərində poetik qənaət qəfil meydana çıxır, ürəyin, qəlbin tarixçəsi kimi meydana çıxır, yəni, bir yaşantının nəticəsi olaraq.
 
- ... Əli Kərim qəfil gedişlərlə effekt yaradan şair deyildi axı. Onun gənc olduğu və bu şeirləri yazdığı dövrün adamını təsəvvür edin. Əlaqələri burda axtarın. Şeirin yazıldığı dövrdə yaşayan insanlar üçün bu mətn təəccüblü ola bilərdi, ancaq indi o adamların ürək sirləri məhz bu mətndən daha düzgün oxuna bilər.

C.Y. -Həsrət artıq bu şeirdə insanın xəyalında, hər halda şairin xəyalındakı şeylərin, arzu və ümidlərin göynərtisidir. Bədii mətni yazan şairin xəyalı bizim təhlildə predmət olarsa, çox nüanslar meydana çıxa bilər. Çünki mətndə ən az gözə dəyən, oxunması ən çətin olan məhz şairin xəyalıdır, şeiri, onun alt qatını, nüvəsini və bütün fəlsəfəsini yaradan da bu xəyaldır.

Amma bir şey də var. Söhbət şeirdən gedirsə, burda qəfil heç bir həqiqət kəşf edilmir. Burda olsun ki, qədim zamanlardan bəri itən, itkin düşən bir məna tapılır, yəni yerini tutur, yuvasını bulur və o yuvaya oturduqdan sonra, dünyanın sahmanı dəyişir. Bax, burdan Əli Kərimin “Qayıt” şeirinə də keçid var: qayıt, sahmana sal bu kainatı...
 
- ...  Xəyalla bağlı bir önəmli cizgi. Şair həmişə sanki kimdənsə sitat gətirmək, kiməsə istinad etmək məcburiyyətindədir. Mənbəyi mübhəm olan o yer - istinadgahdır, bu istinadgahı götürsən hər şey anidən dağılar, - Əlidə bu da var, - “dağılsın bir uşaq yuxusu kimi”, - hə, deyəsən belə deyir: dönük çıxaramsa, qoy xəyalım bir uşaq yuxusu kimi dağılsın... Bu artıq ölümlə bağlı bir məqamdır, həm də onun həyatla kəsişdiyi yer, mənanın dünyanı tutması və bıçaq sancılan yerdən qanın fışqırması kimi.

C.Y.-
Bu, bir az da “deja vu” fəlsəfəsinə uyğun gəlir. Həm də qəlbin bu aləmdə qərib olmasına, daim öz itiyini axtarmasına və ... sonda tapmamasına bənzəyir.

-... Bayaq nəyi demək istədim. Əli Kərimin bu şeirində əsas məsələ həyata dözmək deyil, ayrılığa dözmək, duruş gətirməkdi, çünki bu bəlkə də ölümdən sonra gələn bir şeydi. Diqqət yetirin: “Bonapartın birinci konsulunun qvardiya üçün əmri: “qrenader (seçmə əsgər) Qoben məhəbbətə görə canına qıymış; yerdə qalan aspektlərə görə o, əla əsgər idi. Ay ərzində artıq bu ikinci belə hadisədir. Birinci konsul qvardiyasına əmr göndərir: əsgər ağrıya və ehtiraslarına qalib gəlməlidir; ürək iztirabları qarşısında dimdik durmalıdır -, batareyanın top atəşi atılanda sırada durduğu kimi - o, cəsur olmağa məhkumdur...”

Aşiq olmuş qranaderlər - qara sevda yolçuları bu ehtirası hansı dildən əxz etmişdilər (axı bu, onların
mənsub olduqları zümrə və peşəyə heç də uyğun deyildi)? Hansı kitabları oxumuşdular - yaxud hansı hekayətlərə qulaq asmışdılar? Bonapart necə də bəsirətli imiş. Elə bəsirətli ki, eşqi döyüşə (ölüm-dirim savaşına) bənzətmişdi. Ancaq onun bu müqayisəsində banal nəsə yox idi, yəni onun ifadəsində iki partnyorun görüşü, “çarpışması” əsla nəzərdə tutulmurdu; Bəs nə? Yəni, top atəşinə bənzəyən eşq insanı kar eləyir və qorxudur - ürəkkeçmə, zəifləmə, dəlilik bundan sonra başlayır. Ancaq indi bu kimi dəlini təsvir etmək üçün hansısa dildən söz götürməyə ehtiyac yoxdu; onsuz onun özü özünü dəli hesab edir; indi o kiminsə dilindən oğurluq etməyə qalxmaz.

İztirab, alçalmaq, ümidsizlik və şadyanalıq: ayaqdan başa qədər bütün cismim Təbiətlə cəzb edilib və yandırılıb, ancaq hər şey elə baş verir ki, sanki mən kimdənsə sitat gətirməklə məşğulam. Məhəbbət və onun verdiyi dəliliyi yaşayarkən danışmaq istədimmi qarşımda Kitab, Lövhə və Dəlilik durur. Cismin və dilin bir-birinə qarışması: birinci kim başlasın?” Bunu Rolan Bart yazıb. Uyğun gəlirmi?

C.Y. -Amma bir şey də var. Söhbət şeirdən gedirsə, burda qəfil heç bir həqiqət kəşf edilmir. Burda olsun ki, qədim zamanlardan bəri itən, itkin düşən bir məna tapılır, yəni yerini tutur, yuvasını bulur və o yuvaya oturduqdan sonra, dünyanın səhmanı dəyişir. Bax, burdan Əli Kərimin “Qayıt” şeirinə də keçid var: qayıt, səhmana sal bu kainatı...
 
-... Keçidin olması təbiidir.

C.Y. -Yəni, ömür bir qatar kimi ötüb keçib, dayanmayıb, çünki dayanacağı qurtarıb, burdan oyana üfüqlərin görünməyən tərəfidir. Bu şeirdə, digər şeirlərindən, sevgi şeirlərindən fərqli olaraq nəsə izah edilmir.
 
- ... Məncə, şeir haqqında belə danışmazlar. İzah məsələsinə gəlincə, izah edilməli nəsə yoxdu axı.

C.Y. -Ümumiyyətlə, şeirdə nəsə izah edilməlidirmi, səncə?
 
- ... Edilməməlidir.
 
C.Y. - Bayaq adını çəkdin, Müşfiqin o şeiri izah istəyirmi? “Yenə o bağ olaydı”...

Yaxud “Küləklər” şeiri.

Yaxud, məsələn, V.Səmədoğlunun bu şeirində süjet hardan başlayır?

“...Ağ buludlar birdən-birə qaralmışdı,
Keçən il, ötən il...
indi yatıram, ana,
yorulmuşam yaman.
Məcnun öləndə qaldırarsan məni yuxudan...”
 

- ... Məncə, əsas mətndəki “səssiz işarələrdir”. Bu ifadəninsə izaha ehtiyacı var.

C.Y. - Bu başqa məsələ. Yəni, onsuz da poeziyada mətnlər arasında virtual əlaqələr mövcuddur. İndi izah məsələsini deyim. Mənim fikrimcə, şeir heç nəyi izah eləmir, aydınlıq gətirmir heç nəyə, sadəcə əşyların arxasındakı, yaxud onlara bitişik izahları silir, süpürür, dünyanı sənə ağ bir kağız parçası kimi təqdim edir.

Qədimlərdən bir pritça vardı. Bir gün bir dərviş mürşidinə bir bağlama verir. O adam bağlamanı açanda içində qəribə şeylər görür: ağ kağız, qələm və silki. Adam barmağını dişləyir. Ağ kağız ömürdür. Sükutla deyilənlər, daha doğrusu, bizim gerçək bildiklərimiz pozulduqdan sonra görünənlər bunlar olur: ömrümə bu ağ kağız kimi nə yazan gözəldir, nəyi pozsan, yenə gözəldir, əsas olan könüllərə düşən izdir, onlar pozulmur... Bəzən biz bədii mətndə həyatı axtarırıq, səhvən. Bədii mətndəki həyat deyil, onun sətirləri, misraları pozulduqdan sonra yaranan görüntüdür. Həm də üstündə dəyişiklik edə bilməyəcəyimiz bir şey. Pdf faylı kimi. Demək, şeir mətni pozulan şeirlərin, misraların üstündə yazılanlardır. Əli Kərimin bu şeirindəki gizli mistik aura məncə budur.
 
- ... Bu olsa-olsa dediyiniz mistik auraya işarədir, özü deyil.

C.Y. - Məncə, bu olsa-olsa sitatdı, əlaqə və ya davam anlamına gəlmir. Ancaq Vaqifin bir şeirində belə bir misra var: “Kaş sənin övladın yox, şeirin olaydım”, - bu hiss - iztiraba, KƏDƏRƏ ŞƏRİKLİK HİSSİ, insanın daxili əzabının belə gözlənilməz rakursda açılışı maraqlıdır. Əli Kərimin şeirinə qayıdaq.
 
- ...Aha.

C.Y. - Bayaq bir məqamı yada saldıq, bu şeirdə söz sərhəd situasiyasında yerləşir. Yəni, ən əlacsız bir şeyi, geriqayıtmazlığı ifadə edir, sanki insan uçurumun ağzında oturub bir az əvvəlki vəziyyətini düşünmək istəyir, ancaq uçurum qoymur.

Ümumiyyətlə , Əli Kərimdə belə sürreal ovqat, ekpressionizm... belə demək olarsa, sözün içindəki səslərin ən aşağı oktavasından istifadə cəhdləri var. Məsələn, Babək şeirində deyir: orda mənsiz qılınc çalan qollarımla bir vuruşun...

 - ... ədəbiyyat özü sərhəd situasiyasıdır. Onun başqa mövqeyi ola bilməz.

C.Y. - Buna da diqqət yetirək:
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də,qayıtmağım da.
Ona baxmağım da səadət imiş,
Onu yuxusundan oyatmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?


Bu hissə birnəfəsə deyilir. Misralar bir-birinə çox kip geydirilib. Yəni, sadəcə bu misralar bir söz kimi deyilmək, ifadə olunmaq həsrətini bildirir. Ötüb keçənlərin təəssüfünün bir belə yanğıyla ifadəsinə nə təkan verir? Hər şeyin birdən-birə dayanması, nəfəsini saxlayıb yerin dərinliklərindən gələn uğultuya dalması... bütün bunlar həsrətin əslində, həyatın son həddə mənalandırıcı həlqəsi olması fikrini təlqin edir. Həyatda elə şeylər var, qaçılması mümkünsüzdür. “Zaman davam edən keçmiş deməkdir”, bunu vaxtilə Yaşar Qarayev yazmışdı, yəni, insanın ruhunu belə qarsıyan həsrət təşrif gətirdikdə keçmiş dediyimiz dayanır, sənin ömründən ayrılır, tək-tənha qalırsan və iki gözlə bu dünyanın tən ortasında qalırsan. Bu hissədəki hərəkətlər: yazmaq, küləyin əsməsi, “içdiyim o su da səadət imiş”, işə getmək və qayıtmaq, dünyanın sevinc gücüylə fırlanması və dayanması... keçmişdən aralanmağı, ömrün, ömür mətninin itməsini bildirir.

Yazmamaq peşmançılıq doğurur, qələmin içindəki kömür yanıb kül olub, bu qədər qızmar günün altında hər yan son həddə qədər soyuyub, nə içsən, nə geyinsən, mənası yoxdu, get-gəllər də ayaq sürüməkdir daha, bir də, yuxudan oyatmaq... Bir belə ayrılığın içində bunu dilə gətirən misralar az qala bir-birinə geydirilmiş, qol-boyun şəklindədir. Cazibə qüvvəsi. Ayrılıq, iztirab, həsrət...

- ... Bu semantik izahları bir yana buraxıb onun formasını incələmək daha effektli olardı.
 
C.Y. -  Səncə, bu niyə belədir?

- ...

Buna da fikir verək:
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş,
Gecələr toranlı vüsal məskəni,
Hər səhər ruhumun səhəri imiş...

C.Y. -Bu hissədə yuxarıdakı ton, səsin həsrətə çevrilmə sürəti yavaşıyır, ayrılığı dərk etdikcə ömür yavaşıyır. İrəli və geri getməyə yol tükənir, yolun da son nəfəsi gəlir. Yuxarıda qeyd edildiyi kimi, bu şeir ruhu etibarı ilə “Qayıt “ şeirini xatırladır. Ümumiyyətlə, Əli Kərimdə hər şeyi deyək ki, ayrılığı, həsrət və dünyadan getməyi belə, son həddə vermək səciyyəvi haldır. Belə olduğu üçün obraz və detallar da, onları ifadə edən təşbehlər də qeyri-adidir, sözün öz qabığından, semantik sərhədindən çıxdığı anı bildirir.
 
Dilin quruyaydı sənin, ay həsrət....
 
İlk baxışda adi ifadədir. Adidən adi. Xoşbəxt sandığımız anlar bizi aldatmaq üçündü.
 
Dilin quruyaydı, sənin, ay həsrət,
Sən bu gün könlümü tarmar etdin,
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş,de nə?!


- ...

 





15.08.2016    çap et  çap et