525.Az

Dini-mənəvi dəyərlərə Heydər Əliyev münasibəti


 

Dini-mənəvi dəyərlərə Heydər Əliyev münasibəti<b style="color:red"></b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor
www.raliyev.az
[email protected]
 

“Heydər Əliyev və dini-mənəvi dəyərlər” mövzusu sözgəlişi götürülmüş mövzu deyildir, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının möhkəmləndirilməsi, milli mədəniyyətimizin humanist potensialının, çoxəsrlik adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində möhtərəm Prezidentimizin gördüyü işlərə nəzər salınması, bu işlərin əhəmiyyətinin xalqa düzgün çatdırılması zərurətindən doğan mövzudur. Biz, bu mövzuya dönə-dönə toxunmuş, “Heydər Əliyev, din və mənəvi dəyərlər” (Bakı, 1998) adlı kitab nəşr etmiş, onun müxtəlif elmi toplantılarda mövzu ilə bağlı çıxışlarını “Heydər Əliyev: Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” (Bakı, 1999) adı altında toplamış, Azərbaycan, rus və ingilis dillərində çap etdirmişik. Ömrünü xalqın tərəqqisi, Vətənin çiçəklənməsi işinə həsr etmiş bu müdrik insanın, el ağsaqqalının, təcrübəli siyasətçinin doğumunun 90 illik yubileyi ərəfəsində mövzunun aktuallığı bir qədər də artır.

Son 20 ildə respublikamızda dünyəvi dövlət şəraitində dövlət-din münasibətlərinin tənzim edilməsi, dini-mənəvi dəyərlərin pozitiv potensialından səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı görülən böyük işlərin mahiyyətini düzgün başa düşmək üçün müstəqillik dövrünün ilk illərində ölkənin dini durumuna ani olsa da nəzər salmaq labüddür.

Milli müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi, 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. İfrat dərəcədə ideolojiləşdirilmiş stereotiplər bütövlüklə materialist dünyagörüşünə əsaslanan əxlaqi tərbiyə sistemi yaradılmasına yönəldilmişdi. Bu sistem insanlara öyrədirdi ki, “Allah yoxdur, din mövhumat və xürafatdan başqa bir şey deyildir, axirət inancı yanlış inancdır, ancaq dünya həyatı var və insan öləndən sonra hər şey bitir”. Sovet dövründə yaşayıb-böyümüş insan bu vaxta qədər alışmış olduğu ictimai yönümünü itirdi – çaşıb qaldı, nə edəcəyini bilmədi. Bəzilərində bu hal daha kəskin xarakter aldı. Dini ideyaya, hətta mistisizmə maraq artdı. Vəziyyətdən sui-istifadə etmək istəyənlər də az olmadı. Ölkədə qeyri-ənənəvi dinləri, deskruktiv sektaları yaymaq məqsədi güdən bir sıra xarici missioner təşkilatların fəaliyyəti geniş vüsət aldı. Erməni təcavüzü nəticəsində ölkə ərazisinin böyük bir hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın və köçkünlər ordusunun yaranması ilə bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən, cəmiyyətimizin, xalqımızın gələcəyi, onun maüasir millətlər toplusuna daxil olması yolunda ciddi əngəllər törədirdi. Din ölkədə müxtəlif siyasi qüvvələrin süni surətdə yaratdığı qarşıdurmaya cəlb edilir, ayrı-ayrı bölgələrdə özünü göstərən separatizm cəhdlərində ortaya atılan şüarlarda dindən siyasi məqsədlərlə istifadə etmək meyli, dini dözümsüzlük, ayrı-seçkilik əhval-ruhiyyəsi özünü büruzə verirdi. 1992-ci ildə tələsik, bölgədə dinin yayıldığı tarixi şəraiti tam nəzarətə almadan hazırlanmış “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də dini durumda dövlət nəzarətini təmin edib, köklü dəyişiklik yarada bilmədi. Əksinə, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, müxtəlif missioner təşkilatları qanundan və xüsusilə orada olan boşluqlardan istifadə edərək insan haqları və əsas azadlıqlar adı altında hətta milli təhlükəsizlik və ictimai asayiş tələblərinə cavab verməyən dini firqələrin ölkəmizə və millətimizə yad inanclarını yaymağa başladılar. Bir çox dini icma xaricdəki dini mərkəzlərin və missioner təşkilatlarının ölkədə təbliğçilərinə çevrilmişdi. Azərbaycanda dərin köklərə malik olmayan qeyri-ənənəvi dinlər geniş təbliğ edilirdi. Dini durumda tam aşkar olmasa da qeyri-stabillik meylləri özünü göstərir, radikallaşma prosesi canlanır və beləliklə, ümumi stabillik və hətta dövlətçilik üçün təhlükə notları səslənirdi.

Ümummilli lider Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlı durumu belə mürəkkəb və ziddiyyətli idi. Bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. Yalnız Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara bilər, dövlətin strateji xəttinə əsasən tənzim edə bilərdi. İlk növbədə din-dövlət münasibətlərində yaranmış uçurum aradan götürülməli, qarşılıqlı inam bərpa olunmalı, dövlətin antidin, ateist siyasəti yeritməməsinə insanları inandırmalı, dinin həqiqətən də milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. Bu asan və tezliklə həyata keçirilməsi mümkün olan iş deyildi.

Yəqin ki, hər şeydən əvvəl vəziyyətdə köklü dəyişiklik yaratmaq üçün problemə münasibət bildirməklə yanaşı, qanuni zəmin hazırlamaq lazım idi. Bu məqsədlə “Dini etiqad azadığı haqqında” Azərbaycan Respubikası Qanununda müəyyən dəyişikliklər edildi, bəzi maddələr ləğv, bəzisinə isə əlavələr edildi.

Prezident məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin strateji xəttini özü şəxsən izah etməyə çalışırdı. Çıxışlarının birində bildirirdi ki, Azərbaycanın straleji yolu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundan keçir. Əlbəttə, dünyəvi dövlətçilik prinsipi dövlətin dindən ayrılığını nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə xalq və millət dindən ayrı deyildir. 1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər” adlı beynəlxalq konfransda Heydər Əliyev dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir ki: “Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18,48-ci maddələr) din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.

Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir.Çünki burada bir tərəfdən milli substansiyanın özünüdərk təcrübəsi, digər tərəfdən isə bu substansiyanın nisbətən güclü və aydın mənəvi təzahürləri cəm olmuşdur.

Bütün bunları müdrik bir filosof kimi nəzərə alan Heydər Əliyev 5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Mühəmməd peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxış edərək demişdir: “Biz bir dövlət kimi... Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”. Ümummilli lider  bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmamışdır. 8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mir Möhsün ağanın ziyarətgahında keçirilən bir görüşdə qeyd etmişdir ki: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.

Azərbaycan dindarları bu sözlərin boş vədlər olmadığının, onların arxasında gerçək əməli iş durduğunun canlı şahidləri olmuşlar. Heydər Əliyev Azərbaycanın bir sıra məscidlərinin, tarixi mədəniyyət abidələrinin bərpasında yaxından iştirak etmişdir. Bakının ən böyük məscidi olan Təzəpir məscidinin, qədim tarixə malik Bibi Heybət məscidinin, Mir Möhsün ağanın ziyarətgahının bərpası bilavasitə onun himayəsi altında həyata keçirilmişdir.

Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Çıxışlarının birində ümummilli lider bildirmişdir: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

Ölkəmizdəki bu tolerantlıq bir çox beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur. Mən istər ABŞ Dövlət Deparlamentinin dəvəti ilə “Xarici qonaqlar proqramı” çərçivəsində Vaşinqton və Nyu-Yorkda olarkən, istərsə də Böyük Britaniya Lordlar Palatasınm dəvəti ilə İngiltərədə olarkən müsahiblərim Azərbaycanda tolerantlığın səviyyəsindən məmnunluqlarını bildirmişdilər. Böyük Britaniyanın Lordlar palatasında keçirilən seminarın mövzusu (Dünyəvi dövlətdə dinlərin birgə yaşayışı: Azərbaycanın pozitiv təcrübəsi) bir daha sübut edir ki, ölkəmiz müstəqil inkişaf dövründə dini tolerantlıq və dözümlülük nümunəsi imicini qazanmışdır. Ümumi stabilliyin bir hissəsi olan dini sahədəki stabillik ölkə rəhbərinin dini durumla bağlı siyasətinin əməli nəticəsidir. Bu ilin aprel ayında Azərbaycanda qonaq olan Rum patriarxı I Varfolomey də ölkəmizdə tolerantlığın canlı şahidi olduğunu demişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son aylarda Bakıda iki yəhudi sinaqoqu və Jen Mironosets Kafedral kilsəsi bərpa edilərək dindarların istifadəsinə verilmişdir. Avropanın göbəyində yerləşən bəzi ölkələr dini dözümsüzlükdən əziyyət çəkdikləri halda biz Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və sıx əməkdaşlığın daha da möhkəmləndiyini görürük. Bu tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq Heydər Əliyevin düzgün və ədalətli siyasəti sayəsində bərqərar olmuşdur.

Müxtəlif etnoslar, konfessiyalar və mədəniyyətlərin təmsil olunduğu Azərbaycanda tolerantığın möhkəmləndirilməsində milli həmrəylik naminə, ənənəvi və qeyri-ənənəvi dinlər arasında münasibətlərin qanun çərçivəsində sivil yolla tənzimlənməsi dini ekstremizmə qarşı mübarizədə bütövlükdə təhsilin, o cümlədən, dini maariflənmənin rolunu nəzərə alan Heydər Əliyev 1996-cı il fevral ayının 2-də keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I forumundakı çıxışında demişdir: “Ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər və bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur...”.

ATƏT-in 2002-ci ildə Bakıda keçirilən konfransında isə qeyd etmişdir ki, “yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır...”

“İndiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir” – deyən ümummilli lider bildirirdi ki, “dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək hallarının qarşısını almaq üçün “cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir”. Bu strateji istiqamət bu gün Azərbaycanda həyata keçirilir və həssas barometrə daimi nəzarəti və daimi qayğını bütün din adamları hiss edir.

Bu mühüm sahədə görülən bütün işlər qanunvericilik aktlarına əsaslanır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə yaradılmışdır.

Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.

Roma papası İoann II Pavel 2003-cü ilin mayında Bakıda olarkən demişdi: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür.

 

 





12.03.2013    çap et  çap et