525.Az

“Demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu” müzakirə olunub


 

“Demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu” müzakirə olunub “AZƏRBAYCANDA MEDİA MÜHİTİ: MÖVCUD DURUM VƏ YENİ ÇAĞIRIŞLAR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSA YEKUN VURULUB

Sentyabrın 25-də Bakıda start verilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzulu beynəlxalq konfrans ötən gün işini davam etdirib. Keçirilən tədbir çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində  “Demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu” adlı panel iclası olub. 

İclası Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli açaraq Azərbaycanda medianın mövcud vəziyyəti barədə ətraflı məlumat verib: “Çağdaş mətbuatın yaşı Azərbaycanın dövlət  müstəqilliyinin yaşından bir az çoxdur. Azərbaycanda ənənəvi sovet  mətbuatının sonu, yeni mətbuatın başlanğıcı ötən əsrin 80-ci illərinin sonundan başlayır. Bununla bərabər təbii ki, yeni mətbuatın inkşafında, söz azadlığının genişləməsində Azərbaycan respublikasının müstəqil olması  önəmli mahiyyət daşıyıb. Bu illər ərzində təbii ki, mətbuatın müəyyən uğurlu dövrləri olub. Azərbaycan mətbuatında çap mediasınının inkişaf dövrü 90-cı illərin sonuna təsadüf edib. Ümid edirik ki, Azərbaycan mətbuatı ictimai fikrə təsir edə biləcək, ictimayyəti dolğun informasiya ilə təmin edə biləcək səviyyəyə çatacaq. Onun üçün də Azərbaycanda çox güclü bazis olmalıdı. Azərbaycan dövləti inkşaf elədikcə, bütün bunlar öz yerlərini tutacaq”.

Y. Məmmədli çıxışında jurnalist ittifaqlarının yaradılmasının medianın daha da demokratikləşməsindəki əhəmiyyətindən söz açıb: “Jurnalist ittifaqlarının sayı çox olsa, fəaliyyətləri güclənsə bu, həm medianın, həm də cəmiyyətin demokratikləşməsinə gətirib çıxaracaq”. Liqanın sədri rəhbərlik etdiyi qurumun vaxtaşırı mətbuatın mövcud durumu, problemləri ilə bağlı monitorinqlər aparıldığını və nəticələrin mətbuatda işıqlandırıldığını qeyd edib.  Böyük Britaniyanın Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vacid konfransda “Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu” mövzusunda məruzə ilə çıxış edib.
 
Ekspert məruzəsində jurnalistikanın ali məqsədi haqqında, jurnalist ittifaqlarının etik media mühitini formalaşdırılmasındakı rolundan söz açıb: “Jurnalistika həqiqət deməkdir, jurnalistlərin əsas professionallaq meyarı isə obyektivlik olmalıdır. Jurnalist heç bir faktı, fikri, rəyi saxtalaşdırmamalı və yaxud qəsdən təhrif edilmiş şəkildə təsvir və təqdim etməməlidir. Avropa coğrafiyasında media quruluşlarının əsas prinsipləri ədalətlilik, etibarlılıq, qərəzsizilk, dəqiqlik, balans tarazlığıdır. Avropada etibarlı informasiya, bu məlumatın bütün mahiyyətini özündə əks etdirir. Əgər oxucular verilən informasiyaya etibar etmirlərsə, belə olduqda təbii ki, mətbuat zaman keçdikcə öz oxucusunu itirməli olacaq.  Media da bir biznesdir. Bu biznesin daha yaxşı həyata keçirilməsi üçün seçki dövrləri də daxil olmaqla işıqlandırma jurnalist tərəfindən etibarlılığı təmin etməlidir. Avropa ölkələrinin media təcrübəsinə nəzər salsaq görərik ki, etibarlı informasiya mənbəyi olmaq üçün jurnalist heyəti hər gün sübut etməyə çalışır ki, verdikləri məlumat, informasiya ədalətlidir, dəqiqdir, bütün baxışları əhatə edir, qərəzsizdir. 

Demokratik prosesləri dəstəkləmək məqsədilə media ilk növbədə vətəndaşların maraqlarına əsaslanan işıqlandırmanı həyata keçirməlidir.  Etik məcəllə, jurnalist etikası və digər məqamlarla bağlı dünyanın bir çox ölkələrində jurnalist təşkilatları etika məcəlləsini qəbul ediblər.

Bu sənədlərdə birmənalı olaraq ən ümumi prinsiplər, faktların doğruluğu, dəqiqliyi, yoxlanması və sairə nəzərdə tutulur. Qəbul edilən həmin etika məcəllələrində jurnalist məsuliyyəti və vicdanlığı, təqsirsizlik prezumpsiyası və fərdin müdafiəsi, mənbələrin konfidensiallığı, peşə sirri, informasiya azadlığı, məlumatların azad əldə edilməsi və digər məsələlər məcəllədə öz əksini tapır”.

Azərbaycanda medianın vəziyyətinin qənaətbəxş olduğunu deyən britaniyalı ekspert mövcud bəzi problemlərin aradan qaldırılmaqda olduğunu diqqətə çatdırıb: “Mənim fikrimcə, Azərbaycan KİV-ləri də əsassız qalmaqallardan uzaq olaraq, cəmiyyəti düşündürən, narahat edən məsələləri gündəmə gətirməkdən, ciddi yazıları yazmaqdan, həqiqəti vurğulamaqdan çəkinməməlidir. Media nümayəndəsi diqqəti əsas oyunçuların hərəkətlərindən daha çox, hadisələrin mahiyyətinə yönəltməyi bacarmalıdır. Hazırda Azərbaycanda medianın vəziyyəti qənaətbəxşdir. Mövcud bəzi problemlər isə aradan qaldırılmaqdadır. Jurnalistlərin hər zaman azad olmasının vacibliyini vurğulayan ekspert söyləyib ki, media nəzarətçi orqandır. Media səmərəli fəaliyyət göstərərsə, bu, cəmiyyətin inkişafına gətirib çıxaracaq. Medianın əsas məqsədi baş verənləri cəmiyyətə dəqiq çatdırmaqdır”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev müstəqil Azərbaycanın mediasının 20 illik təcrübəsindən söz açıb: “Azərbaycan mediasının çətin bir şəraitdə qazandığı 20 illik təcrübəsi var. İndi mətbuat geniş və çoxşaxəlidi. Bir  zamanlar çox çətinliklə qeydiyyatdan keçən, çətinliklə fəaliyyət göstərən 2-3 agentliyimiz, 5-10 qəzetimiz, 2 telekanalımız var idisə, indi say xeyli artıb. Əlbəttə ki, bəzi problemlər də mövcuddur. Mətbuatın keyfiyyət baxımından itirdiyi şeylər var. Amma uğurlar da var, gələcəkdə mətbuatımızın daha da inkişaf edəcəyinə, bu uğurların artacağına inanıram. Yaradılan jurnalist ittifaqları isə bu prosesi sürətləndirməyə yardım göstərəcək”.  

Konfransda mövzu ilə bağlı çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli yaradılan jurnalist birliklərinin, ittifaqlarının mətbuat nümayəndələrinin hüquqlarını qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük rol oynadığını vurğulayıb.  Konfrans günortadan sonra işini “Media islahatları üçün manifest” mövzusunda panel iclası ilə  davam etdirib. İclasda Mətbuat Şurasının sədri Əflatun Amaşov “Manifest” layihəsini təqdim edib. Panelçilər – Y.Məmmədli, Umud Rəhimoğlu, JuHİ-nin rəhbəri M.Ələsgərli layihə ətrafında fikirlərini bölüşüblər.

Müzakirələrdən sonra konfrans öz işini yekunlaşdırıb.  Xatırladaq ki, “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans “Etik jurnalistika təşəbbüsləri – Azərbaycan” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

Sevinc MÜRVƏTQIZI
 





27.09.2012    çap et  çap et