525.Az

Ailənin, evlilik institutunun dindəki mövqeyi


 

NİKAH ANLAYIŞINA DİNİ RAKURSDAN BAXIŞIN DOĞURDUĞU DÜŞÜNCƏLƏR

Ailənin, evlilik institutunun dindəki mövqeyi<b style="color:red"></b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor
www.raliyev.az
[email protected]

Nikah elə bir qanuni aktdır ki, bununla kişi ilə qadının öhdəsinə birinin digərinə münasibətində qohum-əqrəba, adət-ənənələr tərəfindən məqbul sayılan bir sıra şər’i və ictimai iltizamlar qoyulur. Nikahla yeni bir insan birliyinin əsası qoyulur, bu birliyin üzvlərini ailə və qan qohumluğu birləşdirir.

Müasir müsəlman alimləri nikahı müxtəlif mənalarda izah edirlər. Məsələn, Misir fəqihi Məhəmməd Hüseyn əz-Zəhəbi belə hesab edir ki, “nikah ərlə arvadın bir-birindən qanuni yolla həzz almaları üçün əqddir”. Başqa bir misirli alimə, Məhəmməd əbu Zəhraya görə isə, “nikah kişi ilə qadın arasında birgəyaşayışı və onların bir-biri ilə ünsiyyətlərini halal edən, onlardan hər birinin hüquq və vəzifələrini müəyyən edən əqddir”. Şübhəsiz ki, burada söhbət evlənənlərin bir-birilə qarşılıqlı razılıq əsasında müəyyən etdikləri hüquq və vəzifələrdən yox, Allahın Kitabında və Peyğəmbərin hədislərində müəyyən edilmiş hüquq və vəzifələrdən gedir. Əlbəttə, bu hüdudlar daxilində tərəflər qarşılıqlı razılığa gələ bilərlər.

Nikah birgəyaşayış (əl-mu’aşərə), ər-arvadlıq (əl-muzavəcə), qoşalaşma (əl-muqarənə) deməkdir. Ona görə, nikaha girənlər sanki əqd bağlamaqla bir-birinə qovuşur, kəbin kəsməklə məişətlə bağlı maraqlarında bir şəxs kimi olurlar, onların həm dini, həm də dünyəvi maraqları birləşir.

Quranda evlənmə mənasında həm zivac (əz-zivac), həm də nikah (ən-nikah) söz köklərindən düzəlmiş sözlər işlədilir. Müqəddəs kitabda “zivac” sözünə bilavasitə bu şəkildə rast gəlmiriksə, “nikah” sözü beş yerdə bu şəkildə işlədilmişdir. Bundan əlavə, əgər “zivac” kökündən düzəlmiş sözlər Quranda bir neçə mənada, məsələn, “evlənmək” (Biz səni onunla evləndirdik – əl-Əhzab, 37; əd-Duxan, 54), “qovuşmaq” (ruhlar qovuşacağı zaman-ət-Təkvir, 7), “növ” (orada hər meyvədən iki növ vardır – ər-Rəhman, 52) işlənirsə, “nikah” kökündən düzəltmə sözlər 23 yerdə yalnız kişi ilə qadının evlənməsi mənasında işlədilmişdir. Məşhur müsəlman leksikoqrafı Rağib əl-İsfəhani (vəfatı – 503/1108) Quran sözlərini açıqlayarkən “zəvvəcə” sözünü iki tayı birləşdirmək, “ayrı-ayrı tayları cütləşdirmək”, “qoşalaşdırmaq” mənasında izah edirsə, “nəkəhə” sözünün əvvəllər evlənmək barədə əqd bağlamaq mənasında, sonralar isə istiarə yolu ilə cinsi yaxınlıq etmək mənasında işlədildiyini göstərir, bu sözün ilkin kökündə “cinsi əlaqə” mənasının olmasını qeyri-mümkün hesab edir, çünki ərəb dilində bu mənaya ancaq kinayə yolu ilə işarə edilmişdir.

İslama görə, Allah-təala insanı yer üzündə xəlifə etmək istəmiş (əl-Bəqərə, 30) və onu iki taydan – kişi və qadından ibarət yaratmış, onların hər birində onu digərinə meyl etməyə vadar edən keyfiyyətlər (əl-ğəraiz) yerləşdirmişdir ki, birləşsinlər və bu birləşmədən törəmələr əmələ gəlsin, insan nəsli davam etsin, artıb çoxalsın, Qiyamət gününədək yer üzünü abad etsin. Lakin Allah-təala bu məsələdə də insanı başqa məxluqatdan fərqləndirmiş, ona ailə qurmaq işində heyvanat və quşlar aləminə verdiyi qədər sərbəstlik verməmiş, onun üçün yer üzünün xəlifəsi məqamına uyğun xüsusi qayda-qanun göstərmişdir. Bu qayda-qanuna görə, kişi qadınla evlənirsə, bu işdə ona heç kəs şərik olmamalıdır ki, dünya hərc-mərclikdən, özbaşınalıqdan, pozğunluqdan salamat olsun, insan mərhəmət, şəfqət, sevgi, etibar, səmimilik hisslərini dada bilsin, ailəyə bağlılığın nə olduğunu bilsin, atalar və oğullar bir-birini tanısınlar, nəsillər zay olmasın. “Filankəsin atası”, yaxud “filankəsin oğlu” olmaq hər iki halda ataya mənsubluq qaydasına əsaslanır.

İslama görə, nikah fəzilətdir, saleh əməldir, Allaha ibadət aktıdır, Allahın insanlara öz aralarından göndərdiyi bütün peyğəmbərlərin və rəsulların gətirdikləri kitab və şəriətlərdə nikah qanuni sayılmış, ona izn verilmişdir. Elə bir müqəddəs kitab olmamışdır ki, burada nikah Allaha xoş gedən bir iş kimi təqdir edilməsin. Bütün peyğəmbərlər və rəsullar evlənmişlər.

Allah Quranda öz peyğəmbəri Mühəmmədə bildirir ki: “Biz səndən qabaq da peyğəmbərlər göndərmişik, onlara zövcələr, övladlar vermişik” (ər-Rə’d, 38). Quranda peyğəmbərlərin mədhə layiq keyfiyyətlərindən biri kimi onların Allahdan özlərinə əməlisaleh qadın və övladlar istəmələri də göstərilir: “O kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (Sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı olacaq övladlar ehsan buyur” – deyərlər!” (əl-fürqan, 74).

Əbu Hamid əl-Qəzalinin (vəfatı – 505/1111) fikrincə, Quranda yalnız ailə sahibi olan peyğəmbərlərin adları zikr edilmişdir. Din tarixçiləri peyğəmbərlərdən yalnız İsa və Yəhyanın evlənmədiklərini qeyd edirlər. Lakin bu peyğəmbərlərin də evlənməmələrinə səbəb o olmamışdır ki, onların dövründə şəriət evlənməyə icazə verməmişdir. O vaxtlar da insanlar evlənmiş, ailə qurmuşlar. İsa peyğəmbər ona görə evlənməmişdir ki, qəbiləsi içində əxlaqda, iffətdə və təmizlikdə ona tay qız olmamışdır. O özünü ibadətə və öz risaləsinin təbliğinə həsr etmişdir. Qəzali yazır ki: “İsa özünü qorumaq istəmişdir. Bəlkə də onun halı elə olmuşdur ki, ailəsi ilə məşğulluq bu hala təsir göstərə bilərdi, yaxud o halda halallığı gözləmək çətin olmuşdur və ya o halda evlənməklə yanaşı ibadət üçün sərbəst olmaq mümkün olmamışdır və o, ibadət üçün sərbəstliyə üstünlük vermişdir. Peyğəmbərlər öz vəziyyətlərinin sirlərini, dövrlərinin gözəl kəsblərə və qadınların əxlaqına dair hökmlərini, evlənməyin yamanlıqlarından nəyin onların əleyhinə, nəyin lehlərinə olduğunu daha yaxşı bilmişlər. Vəziyyətlər nə qədər müxtəlif olsa da, bir halda evlənmək, o biri halda isə evlənməmək daha yaxşı olsa da, bizim borcumuzdur ki, hər halda peyğəmbərlərin etdiklərini yaxşıya yozaq”. Yəhya peyğəmbərin evlənməməsi səbəbinə gəlincə isə, təfsir kitablarında bununla əlaqədar müxtəlif fikirlər irəli sürülür. Quranda onun haqqında “həsurən” (Ali-İmran, 39) sözü işlədilmişdir. Rağib əl-İsfəhani bu sözü “ya kişilikdən düşdüyünə (əl-’ünnə) görə, ya iffətdən ötəri, ya da şəhvəti uzaqlaşdırmaq ciddi-cəhdinə görə qadınlara yaxınlıq etməyən kəs” mənalarında izah edir və ikinci mənaya üstünlük verir, çünki bu məna ilə bağlı keyfiyyət təqdirəlayiq keyfiyyətdir. Qurtubinin təfsirində, həmçinin Rəşid Rzanın “Təfsir əl-Mənar” əsərində də bu fikir müdafiə olunur, eyni zamanda əlavə edilir ki, Yəhya peyğəmbər İsa peyğəmbərin ardıcılı və ona iman gətirən ilk şəxs olduğu üçün qadınlara yaxınlıq etməyə qüdrəti ola-ola, İsanın yolu ilə gedərək evlənməmişdir, çünki Quran onu “Allahdan gələn kəlməni təsdiq edən” (Ali-İmran, 119), yəni İsanı təsdiq edən bir adam kimi səciyyələndirir. Qəzali isə yazır ki: “Yəhya əleyhissəlam – evlənmişdir, lakin zövcəsinə yaxınlıq etməmişdir. Demişlər ki, o, fəzlə nail olmaq və sünnətə əməl etmək üçün, yada əhəmiyyət vermədiyi üçün belə etmişdir. İsa əleyhissəlama gəlincə, o, yerə endikdə evlənəcək və onun övladı olacaqdır”.

(Ardı var)

 





13.03.2013    çap et  çap et