525.Az

Ailənin, evlilik institutunun dindəki mövqeyi (davamı)


 

NİKAH ANLAYIŞINA DİNİ RAKURSDAN BAXIŞIN DOĞURDUĞU DÜŞÜNCƏLƏR

Ailənin, evlilik institutunun dindəki mövqeyi <b style="color:red">(davamı)</b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor
www.raliyev.az
[email protected]

İslam dinində nikah bəşərin atası Adəm peyğəmbərin dövründən başlayaraq Allahın hökmünə uyğun, qanuni  akt hesab edilir. Quranda buyrulur: “Biz dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə qal” (əl-Bəqərə, 35). Sonra Quran peyğəmbərlərdən Nuhun, İbrahimin, Lutun, qeyri-peyğəmbərlərdən Fironun və başqa insanların arvadları haqqında xəbər verməklə və onlarla bağlı hekayətlər nəql etməklə evlənmə adətinin bəşər nəsli arasında ən qədim zamanlardan mövcud olduğunu bildirir.

Quranın bir sıra başqa ayələrində evlənmənin Allah tərəfindən təqdir edilən qanuni bir akt olduğuna işarə edilir: “Allahın sizin üçün, ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum, 21). Odur ki, Quran möminlərə evlənməyi əmr edir: “Sizə halal olan qadınlarla nikah bağlayın!” (ən-Nisa, 3).

İslam nikah bağlamaqdan, ailə qurmaqdan boyun qaçıran, qorxub çəkinən kişi və qadınlara münasibətdə sərt mövqe tutur və israrla bildirir ki, hər bir müsəlman vaxtı və növbəsi yetişdikdə ailə məsuliyyəti daşımalıdır. Bəzi Quran ayələrində belələrinə evlənməkdən imtina etməmək, çəkinməmək və evlənmək istəyənlərə mane olmamaq hökm edilir: “(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, hər şeyi biləndir!” (ən-Nur, 32); “Boşanmış qadınları gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın!” (əl-Bəqərə, 232)

Peyğəmbərin hədislərində də ailə qurmaq müsəlmanlar üçün saleh iş, Allaha xoş gedən əməl kimi səciyyələndirilir, evlənməmək isə günah sayılır. Bir hədisdə buyurulur ki: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə qüdrəti varsa – evlənsin, belədə o, gözünü (harama baxmaqdan) saxlar və ayıb yerini (zinadan) qorumuş olar.. Peyğəmbər demişdir: “Nikah mənim sünnətimdir, kim mənim sünnətimdən üz döndəribsə, məndən üz döndərib”. Bir nəfərin arvadının olmadığını bilən Peyğəmbər buyurmuşdu ki: “Get evlən, yoxsa günahkarlar cərgəsinə düşərsən”. Peyğəmbər nikahdan boyun qaçıranları gah xristian rahiblərinə bənzədir, gah da şeytanın dostu və yoldaşı adlandırırdı. O, bildirirdi ki: “Ər və arvad kəbin kəsildikdən sonra bir-birinə baxdığı zaman böyük Allah da rəhmlə onlara baxar. Bir-birinin əllərindən tutan zaman onların günahları barmaqlarının arasından süzülüb yerə tökülər”. Bütövlükdə, Peyğəmbərin evlənməyə dair hədislərindən belə məna çıxarmaq olar: kimin evlənməyə gücü çatırsa, evlənsin. Ailəsini saxlaya bilməyəcəyindən qorxub evlənməyənlər islamla əlaqələrini itirmişlər. Evlənmək gözləri başqa qadına baxmaqdan, şərəfi isə pis yola düşüb ləkələnməkdən qoruyur. İnsan şəhvətləri və qarnı ucbatından dinində fəsad salır, əgər o evlənərsə, dininin yarısını fəsaddan qorumuş olar, Allahdan qorxub o biri yarısını da fəsaddan qorusun.

İslam nikahı cəmiyyətdə sabitliyin rəhni, bir çox sosial bəlalardan nicat yolu kimi qiymətləndirir. Peyğəmbərin səhabələri də nikaha böyük əhəmiyyət vermişlər. Rəvayət edirlər ki, xəlifə Ömər bin əl-Xəttab ətrafındakı subay müsəlmanlara evlənməyi tövsiyə edirmiş, çünki, onun fikrincə, Allah bəndəsi zina edərsə, imanı qəlbindən qopub çıxar. Həzrət Əli isə buyurur: “Peyğəmbərin əshabından hər kim evlənirdisə, o Həzrət deyirdi: “Dini kamil oldu”. İbn Məsud deyirdi: “Ömrümün sonuna ancaq on gün qalmış olsa da, evlənmək istərdim ki, Allahın qarşısına subay gətirilməyim”. Mü’az bin Cəbəlin iki arvadı taundan ölmüş, özünü də taun tutmuşdu, yenə də deyirdi: “Məni evləndirin, Allahın qarşısına subay çıxmaq istəmirəm”. Bu rəvayətlərə dərindən diqqət yetirsək, görərik ki, səhabələr nikaha heç də şəhvətlərini doydurmaq üçün bir vasitə kimi yox, lütf və xeyir-bərəkət gətirən bir şey kimi baxmışlar.

Sonrakı dövrlərdə də müsəlman mütəfəkkirləri nikahı insanı Allaha yaxınlaşdıran bir akt hesab etmişlər. Süfyan bin Üyeynə deyirdi: “Çox qadınla evlənmək heç də kişinin dünya işlərinə aludə olduquna dəlalət etmir. Əli Allahın Rəsulunun ən zahid səhabəsi idi, amma onun da dörd arvadı və on yeddi cariyəsi (kənizi) olmuşdur”. Bir nəfər İbrahim bin Ədhəmə dedi ki: “Xoş sənin halına, evlənməyib Allaha ibadət üçün asudə qalmısan!” O cavab verdi ki: “Sənin öz əyalın barəsində bircə qayğın mənim etdiklərimdən üstündür”. Həmin şəxs soruşdu: “Bəs sənə evlənməyə mane olan nədir?” İbrahim cavab verdi ki: “Mənim qadına ehtiyacım yoxdur, odur ki, hansısa bir qadında özümə həvəs oyatmaq istəmirəm”.

Ümumiyyətlə, islamda evli adamın subay adam üzərində üstünlüyü cihada çıxan adamın cihaddan yayınıb evdə oturan adamdan üstünlüyü səviyyəsində qiymətləndirilir. Belə hesab edilir ki, evli adamın qıldığı bir rükət namaz subayın yetmiş rükət namazından üstündür, çünki evli adamın öz ailəsi üçün çəkdiyi qayğı böyük cihada bərabər tutulur: o öz qəlbini şəhvət vəsvəsələrindən xətərsizləşdirmişdir, bu vəsvəsələr artıq onun qəlbini didib-parçalamır və o, Allaha ixlaskar ibadət üçün asudədir.

Doğrudur, islam fikrində insanı nikahdan çəkindirən misallar da tapmaq mümkündür. Məsələn, Əbu hamid əl-Qəzali Peyğəmbərin belə bir hədisini misal gətirir: “İnsanlar üçün elə bir zaman yetişəcək ki, kişinin həlakı arvadının, ata-anasının, oğlunun əlində olacaq; onlar onu yoxsulluğa sürükləyəcək, onun boynuna güçü çatmadığı şeylər qoyacaqlar, o da elə girəcəklərə girəcək ki, burada onun dini əldən gedəcək və o, həlak olacaq”. Əbu Süleyman əd-Daranidən nikah haqqında soruşdular. O dedi ki: “Qadınlardan uzaq olub səbr etmək onlara evlənib səbrli olmaqdan yaxşıdır; onlara evlənib səbrli olmaq isə Cəhənnəm oduna dözməkdən yaxşıdır”. O belə hesab edirdi ki, subay adam gördüyü işdə elə şirinlik, qəlbində elə asudəlik tapır ki, evli adam bunu tapa bilməz və deyirdi ki, dostları arasında evləndikdən sonra öz əvvəlki halında, məqamında sabit qalan adam görməmişdir. Həsən əl-Bəsri isə deyirdi: “Allah Öz bəndəsinə xeyir istəsə, onu əhli-əyal və mal-dövlətlə məşğul etməz”. Lakin bütün bu deyimlərə diqqət yetirsək, burada evlənməkdən çəkindirməyin əksər hallarda müəyyən şərtlə şərtləndirildiyini görərik, halbuki islamda evlənməyə çağırışlar mütləq səciyyə daşıyır və heç bir şərtlə şərtlənmir.

(Ardı var)

 





14.03.2013    çap et  çap et