525.Az

Dillər Universitetindəki korrupsiya faktları ilə bağlı araşdırma aparılır


 

Dillər Universitetindəki korrupsiya faktları ilə bağlı araşdırma aparılır

Hazırda Dillər Universitetində aşkarlanan korrupsiya faktları ilə əlaqədar araşdırma aparılır.

Bunu 525.az-a açıqlamasında universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova deyib. O bildirib ki, hazırda araşdırma aparıldığı üçün kimin günahkar olmasını demək mümkün deyil: “Bu barədə Hesablama Palatasının Audit yoxlamaları tərəfindən araşdırma aparılıb. Daha sonra yoxlamaların nəticələri rəsmi olaraq açıqlandı və Baş Prokurorluq tərəfindən araşdırmalar aparıldı. Biz rəsmi şəkildə həmin açıqlamalar əlavə olaraq nə isə demək istəmirik”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidməti Azərbaycan Dillər Universitetinin 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmanın nəticələrini açıqlayıb. Araşdırmalar nəticəsində universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanması müəyyən edilib. Baş Prokurorluqdan bildirilib ki, bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

S.QARAYEVA

 





27.09.2012    çap et  çap et