525.Az

Türkiyə regionda enerji qovşağına çevrilir


 

Türkiyə regionda enerji qovşağına çevrilir<b style="color:red"></b>

Türkiyə çox mühüm iqtisadi-siyasi hadisəyə ev sahibliyi etmək ərəfəsindədir.

Oktyabrın 9-13-də İstanbulda keçiriləcək XXIII Dünya Enerji Konqresi qardaş ölkənin qlobal müstəvidə güc və təşəbbüskarlığının əyani təzahürü olmaqla, dünyanın yeni formalaşan enerji xəritəsində yerinin möhkəmlənməsi baxımından yaxşı fürsət hesab edilə bilər. Hazırda Türkiyənin və dünyanın tanınmış media nəşrlərinin ən aktual mövzularından biri bu sammitlə bağlıdır. Eyni zamanda, enerji üzrə ixtisaslaşmış strateji tədqiqat və analitika mərkəzləri "Dünya Enerji Konqresi-2016"nın qlobal enerji bazarındakı proseslərə və enerji resurslarının şaxələndirilıməsi perspektivlərinə təsiri barədə fkir yürütməkdədir. Bir sözlə, İstanbulda keçiriləcək Konqres enerji mövzusunda bir nömrəli mövzu olaraq gündəmdə qalmaqdadır. Bu mötəbər tədbirin Türkiyə üçün əhəmiyyəti nədən ibarətdir və Avropa ilə bir sıra məqamlarda fikir ayrılıqlarının artdığı bir vaxtda qardaş ölkənin şaxələndirmə siyasətinə təsiri necə ola bilər?

Türkiyənin nüfuzlu Enerji Tədqiqatları İnstitutunun analitik qrupu hesab edir ki, hazırda Türkiyə Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan bir sıra enerji layihələrini reallaşdırır və ölkə yeni enerji siyasətinin astanasındadır. Rəsmi Ankara öz enerji ehtiyatlarını şaxələndirməklə, müasir enerji xəritəsində öz qlobal mövqeyini möhkəmləndirir. "Tüpraş" iri neft emalı şirkətinin yeni neft emalı zavodunun açılması, "SOCAR-Türkiyə" şirkətinin öz coğragi hüdudlarını artırması və digər enerji infrastrukturlarını yaradılması Türkiyənin böyük enerji qovşağına çevrilməsindən xəbəb verir. Türkiyə enerji mənbələrinin tədarükü və nəqlində yeni sinerji proqramı hazırlamaqla, yaxın illərdə öz hədəflərinə çatmağı məqsəd seçib.

Enerji və təbii ehtiyatlar naziri Berat Albayrakın Nyu-Yorkda təşkil olunan VIII Türkiyə İnvestisiya Konfransında bəyan etdiyi kimi, region ölkələri ilə fərqli sinergiya qurulacaq. 21 bölgədə enerji tədarükü ilə məşğul olan şirkətlər ölkənin etibarlı və tam dayanıqlı enerji təminatı üçün yeni ehtiyat rezervuarları, depolar inşa edəcək.

Enerji siyasətinin ən zəngin nöqtələrindən biri olan TransAdriatik qaz boru kəmərinin (TANAP) çəkilişinin sona yaxınlaşması da Türkiyənin Orta və Yaxın Şərq, Mərkəzi Avropa regionunda strateji mövqelərini möhkəmləndirməsinə dərin əsaslar yaradır. TANAP-ın baş direktoru Saltuk Düzyolun açıqlamasına görə, Azərbaycan və Türkiyənin ortaq layihəsi olan TANAP-ın ) çəkilişi 2018-ci ildə tamamlanaraq ilk qaz qardaş ölkəyə təslim ediləcək. Baş direktor hesab edir ki, TANAP-dan əvvəl regionda çox strateji əhəmiyyətə malik trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalanıb və onların icrası istiqamətində görülən işlər irəliləməkdədir. Yəni bu saziş əvvəlkilərin məntiqi davamı sayılır və enerji marşrutlarının şaxələndirilməsində ən ana arteriyalardan hesab edilə bilər. TANAP «Cənub dəhlizi» enerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla yeni-yeni dəhlizlərin yaradılmasına geniş üfüqlər açır. Bu layihə, ümumilikdə, digər enerji şəbəkələrinin transmissiyasını daşımaqla, «Şahdəniz», «Ümid», «Abşeron», «Alov», «İnam» və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir. Layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla fürsət deməkdir. Ən əsası, Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın vahid enerji konsepsiyasını reallaşdıra biləcək, türkjilli dövlətlərin sıx inteqrsaiyasına zəmin yaradacaq perspektiv proqramdır.

Türkiyənin strateji hədəfləri olduqca böyük və əhatəlidir. Ölkənin iqtisadi inkişafının artımı, sosial layihələrin daha da genişlənməsi, milli gəlir əldə etmək imkanlarının yüksəldilməsi, investisiya marşrutunun çoxşaxəli regional tranziti, geosiyasi və geoiqtisadi nüfuzun möhkəmləndirilməsi Yeni Türkiyənin Yol Xəritəsində başlıca ştrixlərdir. 2023-cü ilə qədər böyük iqtisadi proqramları həyata keçirməyi düşünən AKP iqtidarı enerji layihələrinə ən azı 12 milyard dollar investisiya yönəltməyi proqnozlaşdırır. TANAP-la bərabər, Cənub Qaz Dəhlizinin təşkil etdiyi digər layihələr olan "TAP"-ın və SCPX-in də strateji yer tutması bu ölkənin diversifikasiya siyasətinin geniş olmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanla birbaşa bağlantılı olan, uzunluğu 870 km olacaq TAP kəməri də qardaş ölkənin enerji coğrafiyasına aiddir. Bu boru kəməri Azərbaycan qazını Türkiyədən keçməklə İtaliyaya çatdıracaq. TAP vasitəsilə Şərqi-Qərbi Avropa regionu ölkələri qazla təmin olunacaq. Yəni Azərbaycan üçün çox strateji əhəmiyyət kəsb edən bu layihənin Türkiyə üçün də önəmi xeyli böyükdür. TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq. Beləliklə, TANAP, TAP Türkiyənin Şərqi Aralıq dənizi də əlavə olmaqla birbaşa Avropaya bağlantısını təmin edəcək.

Bu cür geniş geocoğrafi üstünlüklərə malik olan Türkiyənin XXIII Dünya Enerji Konqresinə ev sahibliyi etməsi də təsadüfi deyil. Dünya Enerji Konqresinin Türk Milli Komitəsinin rəhbəri Hasan Murat Mercan bu tədbiri enerji məsələlərinin müzakirəsi və gələcək ortaq yaxınlaşmalar, işbirliyi baxımından Zirvə Sammiti hesab edir. Sammitin bu ölkədə keçirilməsinə qərar verilməsi Türkiyəyə olan dərin inam və etibarın bir nüminəsi də sayılmalıdır. Təxminən 5-6 min nümayəndənin iştirakı nəzərdə tutulan budəfəki konqresdə enerji sərgisi də təşkil ediləcək.

Dünyanın tanınmış enerji mütəxəssisləri, səlahiyyətliləri və enerji şirkətlərinin nümayəndələrinin qatılacağı bu konqresdə qarşılıqlı işgüzar görüşlərin keçirilməsi üçün əlverişli platforma olacaq. Həmçinin, enerjidə yeni texnologiyalar, enerji ilə bağlı maşın və avadanlıqlar sərgilənəcək. Konqres müddətində dünyanın enerji liderlərinin gələcək barədə fikirləri dinləniləcək, sessiyalar keçiriləcək və qarşılıqlı fikir mübadiləsi aparılacaq. Bütün bu amillər Türkiyənin qlobal enerji məkanı kimi strateji nüfuzunu artıracaq, ölkə Türkiyə iqtisadiyyatına mühüm dəstək olacaq.

Sammitin Avropa Birliyinin təhlükəsizliyi baxımından çox mühüm əhəmiyyətini vurğulamaq lazımdır. Məlumdur ki, Türkiyə enerji tədarükçülərinin tranzit qovşağı kimi strateji mövqeyinin artırmaqdadır və Azərbaycan, Türkmənistan və Qazaxıstanla birgə Avropaya enerji nəqlində əsas rol oynayır. Eyni zamanda, Rusiya və Yaxın Şərq ölkələri ilə enerji marşrutlarının çəkilişi gündəmdədir. Həmin marşrutlar Asiya regionu üçün daha xarakterikdir. Ona görə də Avropa üçün Türkiyə olduqca vacib enerji tərəfdaşı sayılmalıdır və Aİ rəsmi Ankara ilə əməkdaşlığın perspektivləri baxımından ehtiyatlılığı nəzərə almalıdır.

 





06.10.2016    çap et  çap et