525.Az

Misir Mərdanov məktəb direktorlarından danışdı


 

Misir Mərdanov məktəb direktorlarından danışdı

“Hazırda cəmiyyət və dövlət tərəfindən təhsilə yüksək tələblərin irəli sürüldüyü bir vaxtda məktəb direktoru rəhbərlik etdiyi pedaqoji kollektivin lideri səviyyəsində olmalıdır. Bu günün məktəb direktoru elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə bacarığı, prinsipiallığı, yaradıcılığı, təşəbbüskarlığı, mədəni səviyyəsi, cəmiyyətdə nüfuzu və digər bu kimi cəhətləri ilə fərqlənməlidir”.
Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, növbəti illər üçün nəzərdə tutulan hədəflərin bir çoxunun reallaşdırılması da məktəb direktorunun liderlik amilindən asılıdır. Ona görə də məktəb rəhbərlərinin düzgün seçilməsi, peşəkarlıq səviyyələrinin artırılması, müasir idarəetmə texnologiyalarına yiyələnmələrinin təmin edilməsi yaxın gələcəkdə əsas hədəflərdən hesab olunur:

“Məlumdur ki, ən yüksək peşəkarlıqla hazırlanan sənədlər belə, yerlərdə lazımi səviyyədə icra edilməzsə, öz dəyərini itirmiş olur. Bu cür halların baş verməməsi isə bilavasitə rayon və şəhərlərdə təhsilə, təhsil müəssisələrinə rəhbərlik edən şəxslərdən asılıdır".

M.Mərdanov qeyd edib ki, hər hansı bir məktəbdə dövlətin təhsil siyasətinin tələblərinin həyata keçirilməsinə səriştəli rəhbərlik edilmirsə, müəssisədə yaradıcı, təşəbbüskar iş atmosferi yaradılmırsa, təhsil prosesinə peşəkar səviyyədə pedaqoji nəzarət təmin edilmirsə, bu zaman bütövlükdə müəllimlərin də səmərəli fəaliyyətindən danışmaq əbəsdir.

S.QARAYEVA

 





27.09.2012    çap et  çap et