525.Az

Gəncəyə, Nizaminin hüzuruna!


 

Gəncəyə, Nizaminin hüzuruna!<b style="color:red"></b>

Qarşıdakı 2017-ci ildə Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı olacaq.

Bu dəyərli status münasibətilə respublikamızın ikinci şəhərindən onun mədəni mühitinə dair silsilə yazılar təqdim etmək istərdik. İlk  məqalədə şəhərin Bakı istiqamətindən girişindəki, Gəncənin sırf özünə məxsus, kilometrlərlə uzanaraq, dahi Nizaminin məqbərəsi ilə qovuşan  abidələr kompleksindən söhbət açacağıq.

Ötən ay Bişkekdə MDB ölkələrinin zirvə görüşündə Azərbaycanın  Gəncə şəhərinin 2017-ci il üçün MDB-nin mədəniyyət  paytaxtı olması qərarlaşdırılıb. Azərbaycanın Birliyin ən qüdrətli dövlətləri sırasında olduğunu nəzərə alsaq, ölkənin qədim mədəniyyət beşiyi kimi Gəncənin bu şərəfə yiyələnməsi, əlbəttə, məntiqlidir.

Köklü mədəniyyət məkanına qədəm qoymağınız elə şəhərin astanasındaca hiss olunacaq - Dünyada elə bir şəhər varmı ki, öz qonağını bəşəriyyətin dahi ismlərindən biri olan övladının, Nizami Gəncəvinin həyata, yaradılışa, hətta kainata aid mətləblərin açarı olan beş kitabı ilə qarşılasın?

Şərq istiqamətindən avtomobil yolu ilə şəhərə gələnlərin qarşısına ilk növbədə hər birinin uzunluğu 21 , hündürlüyü 15, eni 4, aralarındakı məsafə isə 40 metr olan iki möhtəşəm qala kompleksi çıxır.

Qalalardan Nizami Məqbərəsinədək uzanan 2,5 kilometrlik yol zolağının sağ cinahında isə  dahi şairimizin əsərlərindən xəbər verən “Xəmsə” memarlıq abidələri kompleksi salınıb. Abidə Nizaminin 5 böyük kitabını özündə əks etdirir. Möhtəşəm kitabların hər birinin uzunluğu 12, eni 9, qalınlığı 2 metrdir. Onlar arasındakı məsafə isə 400 metrdir. Maraqlıdır ki, abidəni ərsəyə gətirənlər hər bir kitabın rəngini dahi Nizaminin bu əsərləri yazarkən onun fəlsəfi mahiyyətinə uyğun olaraq seçiblər.

“Biz beş əsərin hər birinin “Kitab” abidəsini ayrı-ayrı rənglərdə vermişik : “Sirlər xəzinəsi”-sirr saxlayan qara, “Xosrov və Şirin” - taxt-tac nişanəsi olan qızılı, “Leyli və Məcnun” - pak məhəbbətə işarə olan ağ, “Yeddi gözəl” - şərqin şah rəngi olan firuzəyi, nəhayət “İsgəndərnamə” - qələbə simvolu olan qırmızı rəngdədirlər.Ümumiyyətlə, ölkəmizin başçısının diqqəti sayəsində son dövrlərdə, o cümlədən, dahi şair və mütəfəkkirimiz Nizaminin yubileyi ərəfəsində Gəncədə gedən miqyaslı quruculuq işləri fonunda biz hesab etdik ki,  Gəncənin girişini dahi Nizaminin əsərlərinə aid monumental abidələrlə bəzəsək, şəhərin möhtəşəmliyi daha qabarıq hiss olunar. Çünki daim Gəncənin adı Nizaminin adı ilə qoşa çəkilib. Nizamini nə qədər tanıyırlarsa, Gəncəni də o qədər tanıyırlar. Mən də istər “Qala Qapıları”, istər də “Xəmsə” abidələr kompleksinin müəllifi kimi, bu amilləri maksimal dərəcədə nəzərə almağa çalışdım. Çox qürurdoğurucu haldır ki, şəhərimizin rəhbərinin, bütün icraçı strukturların möhtəşəm əməyinin nəticəsi olaraq, Gəncənin adına, şanına layiq bu tarixi işlər həyata keçirildi”-deyə, əməkdar rəssam Şərif Şərifov bildirir.

Həmsöhbətimiz “Xəmsə” ilə “Qala qapıları” abidələrinin vəhdət təşkil etdiyinə toxunaraq, bunların Gəncənin tarixini və mədəni mühitini özündə ehtiva edən simvollar halına gətirildiyini də qeyd edir.

“Qala abidəsi Gəncənin 4 min illik tarixini nümayiş etdirir. Onun fasadındakı pannolarda  qoca tarixin ayrı-ayrı dövrlərinə aid hadisələr əks olunub: Əfrasiyabın Gəncəni qoruması, Makedoniyalı İsgəndərin bu şəhər ətrafında görünməsi, xalq qəhrəmanı Bəndərin doğma şəhəri yadellilərdən qoruması, Cavad xanın igidliyi, Azərbaycan Cümhuriyyətinin əsaslarının Gəncədə qurulması, nəhayət 90-cı illərdə Heydər Əliyevin Gəncədə qardaş qırğınının qarşısını alması. Bunlar bir növ Gəncənin kitabəsidir. Təsadüfi deyil ki, “Qala Qapıları”-na aid olan iki möhtəşəm tikili həm də sözün həqiqi mənasında binalardır və onun içərisində qədim dövrlərdən bu günümüzədək Gəncənin tarix və mədəniyyətini əks etdirən yeni muzey fəaliyyət göstərir”-deyə, o, vurğulayır.

“Qala qapıları”ndan başlayıb, və “Xəmsə”nin seyri ilə davam edən yolçuluq müsafiri Nizaminin hüzuruna gətirir.

Bəşəriyyətin dahi şair və fikir adamı, əzəli və son mənzili doğma şəhərində olan  Nizami Gəncəvinin məzarı üstündə ucalan möhtəşəm türbə elə şəhərin astanasından görünəcək. 1990-cı illərdə rekonstuksiya olunan bir neçə il qabaq isə özü və ətrafı əsaslı şəkildə abadlaşdırılan  Nizami Məqbərəsinin qranit tikilisinin uca nöqtəsinin yer səthindən hündürlüyü 22,5 metrdir. Onun layihə müəllifi əməkdar memar, mərhum Fərman İmamquliyevdir. Abidənin ətrafındakı “Xəmsə qəhrəmanları” bədii-monumental kompozisiyaları isə əməkdar rəssam, mərhum Qorxmaz Sücəddinov yaradıb. Burda Nizaminin qəhrəmanları sanki insanı bu fani dünyanın işlərinə o qədər də bel bağlamamağa səsləyir:

Ey insan, bu fani işlərdən əl çək,
Kim ki, alçalmadı, o, yüksələcək!

Allahın insanların hamısını bərabər yaratdığını əsərlərində dönə-dönə vurğulayan Nizaminin məqbərəsinin xatirə kitabında onlarla ölkələrin ən ali məqamlı şəxslərindən tutmuş, ən sadə peşə adamlarının qeydlərinə rast gəlmək mümkündür. “Nizaminin Məqbərəsini ziyarət etmək bizim müqəddəs borcumuzdur”-bu sözlər isə Heydər Əliyevə məxsusdur.

Nizami dühasının xalqımızın mənəviyyatının ucalıq simvolu olduğunu bütün varlığı ilə hiss edən böyük şairimiz Səməd Vurğunun bu sətirləri bəlkə də elə həmin dühanın mahiyyətini ən qısa şəkildə izah etmək cəhdidir:

Keçdikcə nəsillər o sənin
söz kəmərindən,
Ellər, obalar dərs alacaqdır
hələ səndən.
Ölməz bu gözəl aləmə
idrakla gələnlər,
Məna evinin sirrini vicdanla
bilənlər.
Aydanmı, Günəşdənmi
yarandın, de nədən sən?
Xalqın gözü də, qəlbi də,
vicdanı da sənsən!

Zakir Muradov
Gəncə

 





10.10.2016    çap et  çap et