525.Az

Teleradioda yaşanan 55 il


 

Teleradioda yaşanan 55 il<b style="color:red"></b>

Azərbaycan Televiziyası və radiosunun  Həmkarlar Təşkilatının sədri Sərhəd Qasımovla söhbətimiz radionun yubileyi ərəfəsinə təsadüf edir.

Taleyini bağladığı, həyatının mənası və öz dogma evi hesab etdiyi mədəniyyət məbədi, sənət ocağı olan Ana Televiziyanın fevral ayında  60 yaşı olub. Noyabrın 6-da isə Milli  Radionun 90 yaşı qeyd olunacaq. Sərhəd müəllim 1961-ci ildə  gənc kadr kimi bura işləməyə gələndə yaşca radiodan 15 yaş kiçik,   televiziyadan isə 15 yaş böyük olub. 1967-ci ildə isə Həmkarlar Təşkilatının sədri seçilib. Gələn il onun bu təşkilatda sədr kimi fəaliyyətinin 50 illiyi tamam olacaq. Qarşıdan gələn əlamətdar hadisə ilə bağlı təbriklərini eşitmək, radionun yubileyi  münasibəti ilə onunla söhbət etmək, ötən illərdəki fəaliyyəti ilə maraqlanmaq fikrinə düşməkdə məqsədim bir insan ömrünün həyatını vərəqləmək idi. Elə də oldu...

Sərhəd müəllimi cavanlığına, gənclik illərinə apardım. Aztv-də çalışdığı müddətdə gördüyü işləri xatırlatmaqla ötən günləri bir kino lenti kimi gözlərinin qarşısında canlandırdım. Qarşımdakı müsahibimin, saç-saqqalı ağaran qocaman mədəniyyət işçisinin dəfələrlə gözünün yaşardığını gördüm. O danışırdı, bura gəlişindən, gənc rabitə işçisi kimi əmək fəaliyyətnə başlamasından, sonra əsgərliyə getməsindən, uzaqlarda keçirdiyi hərbi xidmətdən, Moskvda ali təhsil almasından və qayıtdıqdan sonra taleyini birdəfəlik bağladığı bu sənət dünyasından və ona göstərilən etimaddan, Həmkarlar Təşkilatına rəhbərlik etməsindən ürək dolusu söz açırdı. Gözlərini yaşadan nüans isə qarşılaşdığı böyük ədiblərlə dostluğu, sənət fədailəri ilə yaxınlığı və onlarla bağlı xatirələri idi. Deyir ki, burada sənət aləminin  nəhəng simalarını gördüyüm üçün özümü xoşbəxt hesab edirəm. Sərhəd müəllim onlarla ünsiyyətdən qürur duyduğunu dilə gətirir və həmin insanların Azərbaycanın böyük şəxsiyyətləri olduğunu etiraf edir.

Sərhəd Qaasımov uşaqlıq illərinin əzab-əziyyətlə keçdiyini deyir.  Atasını vaxtsız itirəndə kiçik yaşlarında olub. Ailədə çətinliklə böyüyüb. Ancaq bu kollektivə düşməklə tale ona xoşbəxt bir ömür bəxş edib. Həyata olan sevgisini burada qazanıb. Özünün ziyalı kimi yetişməsində məhz buranın rolunu yüksək qiymətləndirir.

O, bu 50 ildə minlərlə işçinin çalışdığı bir kollektivdə Həmkarlara sədrlik edib. Böyük bir kollektivin dərd-sərini dinləmək, işçinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün əməli fəaliyyət göstərmək, problemləri həll etmək kimi çox şərəfli və çətin bir işin ağırlığını çiyinlərinə götürüb. Deyir ki,  elə SSRİ vaxtından da burada elə yüksək qazanc yoxdur. İşçilər orta əmək haqqı ilə kifayətlənməli olublar. Ancaq hörmətli bir yer olduğundan kim bura gəlibsə sənətə olan sevgisi maddi tələbatdan üstün tutulub. Ona görə də vəzifəsindən asılı olmayaraq burada çalışan bütün insanlar sosial qayğıya  ehtiyac duyub. Bir Həmkarlar Təşkilatının sədri kimi onları dinləmək, kömək eləmək üçün əlindən gələni əsirgəməyib. İşçi ilə rəhbər arasında elə bir ünsiyyət körpüsü yaradıb ki, düz 50 ildir ki, 11 sədrlə rahatca dil taparaq eyni missiyanı yerinə yetiriblər.

Sərhəd Qasımov televiziyanın dirçəlişi illərinin 1969-cu ildən başlandığını bildirir. Heydər Əliyev Azərbaycana rəhbər seçilən kimi televiziyaya xüsusi önəm verərək onun inkişafına çalışıb. Professor Qurban Yusifzadəni komitəyə sədr qoyub. Onun rəhbərliyi zamanı televiziyanın maddi texniki imkanlarının  genişlənməsi istiqamətində səmərəli işlər görülüb. Elşad Quliyevin də sədrlik  illərini xoş xatirələrlə yada salır. Onun jurnalistlərə sərbəstlik verməsindən, yaradıcılıq mühitinin formalaşması üçün qurduğu şəraitdən danışır. Kollektivin öz yetirməsi olduğu üçün ən xırda incəlikləri belə dərindən bilməsindən və əməkdaşların rəğbətini qazanmasından söhbət açır. Teymur Əliyevin də yaxşı kadr kimi yaddaşlarda qaldığını deyir, yaxşı bir insan kimi onun da əməyinin təqdirəlayiq olduğunu söyləyir.

Sərhəd müəllim müstəqil bir ölkənin dövlət siyasətinin təbliğində Ana Televiziyanın xidmətininin danılmaz olduğunu vurğulayır. Aztv-nin modernləşməsində, daha geniş şöhrət qazanmasında, maddi texniki təminatının güclənməsində, yeni -yeni studiyaların açılışında,  tam müasir tələblər səviyyəsində tikilən və texniki cəhətdən üstünlüyü ilə seçilən  təzə korpusunun inşasında indiki  sədr Arif Alışanovun  xidmətlərini yüksək qiymətləndirir. Arif müəllimin gənc kadrlara, yüksək erudisiyalı gənclərə üstünlük verməsini televiziyanın, radionun inkişafına böyük təkan verdiyini deyir. Çünki burada hazırlanan verilişlərə dünya baxır və AZTV-nin nüfuzunu artırmaq üçün kadr siyasətinin önəmli olduğunu söyləyir.  Bu gün burada olan münbit mühitin yaranmasında, gənclərin sərbəst şəkildə işə qəbulunda Arif müəllimin əməyini xüsusi qeyd edir...

Hər il olduğu kimi 2016-cı ildə də kollektivdə çalışmış 30-a yaxın əməkdaşın yubileylərinin yüksək səviyyədə qeyd olunduğunu və keçirilən hər tədbirin fotosunun və görüntüsünün, yəni  videosunun arxivdə saxlandığını deyir. Kollektivin üç Milli qəhrəmanı Alı Mustafayevin, Çingiz Mustafayevin, Fəxrəddin Şahbazovun xatirəsinə böyük ehtiram göstərildiyini bildirir. Keçmiş işçilərə göstərilən diqqətdən, tez-tez onların görüşünə getdiklərindən, hətta ən qocaman əməkdaş olan  93 yaşlı diktor Züleyxa Hacıyeva ilə mütəmadi olaraq əlaqə saxladıqlardan söhbət açır.

Sərhəd müəllimlə söhbətimiz bir xeyli çəkdi. Hər gün olduğu kimi bu gün də onun qapısının qarşısına yığışan insanların,  Həmkarların sədrindən nə isə umacağı vardı. Pul, mənzil problemi, sanatoriyaya müalicəyə getmək istəyi və s. məsələlərlə bağlı qəbuluna xeyli adam gəlmişdi. Ayda təxminən 80-ə yaxın adama səhmdar cəmiyyət tərəfindən pul sarıdan köməklik göstərildiyini deyir.

O ki qaldı radionun 90 illiyi ilə bağlı yubiley gecəsinə. Qocaman əmək veteranları ilə görüşə hazırlaşdıqlarını bildirir. Bəli televiziyamızda və radiomuzda səmərəli yaradıcılığı ilə zəhmət çəkən  ziyalıları bir araya toplamağı düşünür.

90 illik ərəfəsində qocaman mədəniyət işçisi Sərhəd Qasımov gənclərimizə çalışdıqları sənət ocağının dəyərini dərindən anlamağı və hər bir zaman ana televiziyanın və radionun nüfuzunu uca tutmağı təvəqqe edir. Sənətə, insanlara sevgi ilə yanaşmağı, hamı ilə yaxın ünsiyyət qurmağı, səbrlə dinləməyi və həyatda ən böyük sərvət olan hörmət qazanmağı tövsiyə edir.

Fürsətdən istifadə edərək 55 ildən artıq əmək təcrübəsi olan, gələn il isə Həmkarların sədri kimi 50 illik yubileyini qeyd edəcəyimiz, bu illər ərzində dərin hörmət və ehtiram qazanmış "əməkdar mədəniyyət işçisi", cənab prezidentin "Tərəqqi" medalı ilə təltif olunmuş Azərbaycan Teleradiosunun Həmkarlar Təşkilatının sədri Sərhəd Qasımovu builki yubileylər münasibəti ilə təbrik edirik. Allah ona cansağlığı versin...

 





13.10.2016    çap et  çap et