525.Az

Mir Cabbar ağanın yurdu


 

Mir Cabbar ağanın yurdu <b style="color:red"></b>

Doğma Qarabağımızın sayılan simalarından olan Xurşidbanu Natəvanın Seyid Hüseyndən olan övladı Mir Cabbar ağa haqqında bir sıra yazılarımda onun həyatının bəzi məqamlarına toxunmuşam.

Budəfəki yazımda isə Mir Cabbar ağanın Ağdam rayonunun İmamqulubəyli  kəndindəki yurdundan söhbət açacağam.

lll

İmamqulubəyli kəndi hələ keçmiş Sovet dönəmində Quzanlı kənd sovetliyinə aid edilmişdi. Kolxoz olaraq əvvəl "Papanin" adlandırılsa da, ötən əsrin ortalarında kolxozların böyüdülməsindən sonra "26 Bakı komissarı"  kolxozuna birləşdirilmişdi.

Kəndin yaşlı sakinləri indi də bəzi hallarda kəndi Çar Rusiyası dövründə olduğu kimi "Ağalıq", bəzən isə kommunist rejimi dövründə olduğu kimi "Papanin" adlandırırlar.

lll

Əlavə edim ki, Quzanlı kəndinin 300 illik bəlli tarixi vardır. Və bu kəndin  Çar Rusiyası dövründə rəiyyət kəndi olduğundan sakinləri də azad kəndli kimi sərbəst şəkildə kənd təsərrüfatıyla məşğul olublar.

Ağdamın aran ərazisində  bişmiş (qırmızı) kərpicdən tikilən evlərin sayı Xındırıstan kəndindən sonra ən çox məhz Quzanlı kəndində olub.  İmperiya dövründə kəndin ətrafında olan bəy evlərini çıxsaq,  3 ikimərtəbəli və  12 birmərtəbəli evin inşa edilməsi kəndin inkişaf səviyyəsinin əsas göstəricisi hesab edilə bilər.

Həm də bir məqamda etiraf edilməlidir ki, kommunist rejimi dövründə kənd inkişaf etmiş və müəyyən  infrastruktur yaradılmışdır.

Mətləbə keçməmişdən əvvəl deməliyəm ki, Sovet dövründə  Şəmsəddin Quliyevin 50-ci illərdə, Sahib Əliyevin 80- ci illərdə "26 Bakı komissarı"  kolxozuna sədrliyi kəndin inkişafının qızıl  dövrü  hesab edilir.

lll

Beləliklə, Quzanlı Kənd Sovetliyinə daxil olan İmamqulubəyli kəndinin formalaşması və inkişafı  ötən əsrin  70-80-ci illərinə təsadüf edir. Yaşayış məntəqəsi olaraq isə  İmamqulubəyli kəndi X.B.Natəvanın oğlu Mir Cabbar ağanın mülkü hesab edilirdi. Xan qızı özü də hərdən oğluna baş çəkmək üçün kəndə gələr və ətrafda olan qohumlarını  kəndə, oğlunun evinə dəvət edərmiş. Kəndin ətrafında "Saqqız" ağacından ibarət sıx  meşənin olması, yaxınlığından daimi olaraq Xaçın çayının axması və Soltanbud təpəsi kəndin strateji əhəmiyyətini artırırdı. 

Mir Cabbar ağa isə dövrünün sayılan bəylərindən olub. Onun da yaxın qohumu olan  Həmidə xanım Cavanşir öz xatirələrində Mir Cabbar ağanın adını çəkməklə  işləmək üçün onun yanına rusdilli gürcü xanımı  göndərdiyini də yazırdı.

Mir Cabbar ağanın Soltanbud təpəsinin kəndə tərəf olan hissəsində ikimərtəbəli mülkü olub.

Mülk barəsində bir qədər sonra...

Mir Cabbar ağa haqqında müəyyən məlumatları əldə etmək məqsədiylə İmamqulubəyli  kəndinin  yaşlı sakinlərindən biri olan, kənddə "Lətif oğlu Xasay" adıyla çağrılan Xasay Lətif oğlu Allahverdiyevlə görüşdüm. Müsahibim 1928-ci ildə Laçın rayonunun "Musurmanlar" adlanan kəndində anadan olub. II Dünya Müharibəsi dövrü, təxminən  1942-ci ildə ailəlikcə  İmamqulubəyli kəndinə pənah gətiriblər.

Həmsöhbətim deyir ki, kənd əsasən indiki Ağcabədi rayonunun İmamqulubəyli kəndindən olanlardan, Mir Cabbar ağanın ətrafında çalışan kəndlilərdən, habelə Laçın rayonunun müxtəlif kəndlərindən, o cümlədən, Şəlvə, Daşlı və digər yaşayış məntəqəsindən gələnlərdən formalaşıb. Laçın rayonundan gələnlərin bir qismi hələ 20 - ci illərdən əvvəl, bir qismi isə müharibə illərində məskunlaşmışdı.    

Xasay kişi söyləyir ki, Mir Cabbar ağanın Soltanbud təpəsinin ətəyində ikimərtəbəli mülkü olub. Mülkün ikimərtəbəli və ən müasir Avropa stilində olmasını bir çox adamlar da təsdiqləyir. Mülkün ətrafında Mir Cabbar ağanın zəngin bağı olub. Bağın ətrafında sıx gər ağacları əkilmişdi. Bu ağaclardan əsasən ev tikintisində tir kimi istifadə edilirdi. 

Bağın yeri və mülkün həyəti  təsadüfdən Lətif kişinin ailə üzvləri, oğlu  Xasay və Azay kişinin, o cümlədən,  bacıları  Tamaşa və Nübar xanımgilin həyətlərinə düşüb.

- Biz bu ərazilərdə məskunlaşanda artıq mülkün birinci mərtəbəsi sökülmüşdü. O illərdə demək olar ki, kəndə ev tikən adamların əksəriyyəti məhz Mir Cabbar ağanın mülkünün materialından istifadə edib.  Sonuncu kərpiclərdən biz də istifadə etmişik. Deyirdilər ki, Mir Cabbar ağa lay-lay olan kərpiclərin onuna bir qızıl onluq verib.

Maraqlıdır ki,  bizim həyətə düşən hissədə Mir Cabbar ağanın öz əliylə əkdiyi "Güleyşə" narının çubuğunu kənddə paylamadığım adam qalmayıb. Həqiqətən  "Güleyşə" nar dənələri və rəngi çox qeyri-adidir.

Kəndimizin üst tərəfində  "Ağalığın çalması" deyilən ərazidən düz üzü Quzanlı kəndinədək "Saqqız" ağaclarından ibarət sıx meşəlik idi.

Mir Cabbar ağanın ən sədaqətli adamı onun darğası olmuş Əbdüləzim kişi idi.

Bir gün kolxoz quruluşu  dövrü Mir Cabbar ağanın böyük oğlu Əbülfət ağa gecəykən Əbdüləzim kişigilə gəlir və bir torba qızılı gizlətməyi ondan  xahiş edir.

Əbdüləzim kişi Əbbülfət ağanı götürüb meşənin iç tərəflərinə doğru gedir. Ağac "kooşu" tapıb torbanı oradaca   gizlədir. Əbülfət ağa şərt kəsir ki,  ara sakitləşəndən sonra gəldimsə, qızılları götürəcəyəm, gəlməsəm qızıllar sənin halalındır.

Elə olur ki, bir müddətdən sonra Əbülfət ağa sağ-salamat gəlib çıxır. Və birlikdə Əbdüləzim kişinin ailə üzvlərinin iştirakıyla həmin ağacı tapıb qızılı götürürlər. Əbülfət ağa nə qədər istəsə də Əbdüləzim kişi ondan heç nə almır. Bununla da özünün sədaqətini sonadək nümayiş etdirir.

Lətif oğlu Xasay kişiylə söhbətim xeyli çəkdi. Qardaşı oğlu Azərin iştirakıyla keçən söhbətdə bir çox məqamlara toxunduq.  Əbülfət ağanın taleyi barədə məlumatsız olduğunu dedi...

Yurd yeri hər birimiz üçün əzizdir, doğmadır.  Yəqin ki, Əbülfət ağa üçündə bu yurd yeri doğma olduğundan onun hətta əllinci illərin ortalarınadək Soltanbuda  gəldiyi deyilir.

Hazırda bu nəslin nümayəndələrinin  harada olması haqqında hər hansı məlumat əldə edə bilməsəkdə yaxın gələcəkdə buna nail olacağıma əminəm.

 





18.10.2016    çap et  çap et