525.Az

Müəllim ömrü yaşamaq - Tamara Qasımova kimi


 

Müəllim ömrü yaşamaq - <b style="color:red">Tamara Qasımova kimi</b>

Tamara adı "Tamar" sözündən götürülüb və "tamar" da bir ağac adıdır. Dilimizdə isə Tamara adı "Gözəl qız" anlamında işlənir. Onun da adı Tamara idi. Tamara Qasımova ömrünün ahıl çağlarında da öz gözəlliyini qoruyub saxlayanlardan idi.

İnsan həmişə nələrisə öyrənməlidir. Öyrədənin isə bir adı var: Müəllim!

Bu böyük və şərəfli adı daşıyanların başlıca vəzifəsi öz vətəni, öz xalqı üçün ləyaqətli adamlar - ixtisaslı fəhlədən tutmuş dövlət xadimlərinədək vətəndaş hazırlamaqdır.

Tamara xanım müəllimə idi, barı-bəhrəsi, meyvələri isə pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi həyata vəsiqə verdiyi şagirdləri idi.

Atası Əhmədağa Qasımov qədim Qubanın ilk ziyalılarından olub. Qubadan gedib uzaq Qoridə məhşur seminariyada təhsil almışdı. Hələ savadsızlığın tüğyan etdiyi ötən əsrin 30-cu illərində qızı balaca Tamaranın qəlbində elm-təhsil adlı bir çırağı bəlkə də elə atası Əhmədağa müəllim yandırmışdı.

Tamara Qasımova coğrafiya müəllimi idi. Dünyanın xəritəsi önündə şagirdlərinə qitələri, neçə-neçə böyük ölkələri tanıdan müəllimə burasını da öyrədirdi ki, dünyanın o irili-xırdalı ölkələri, dövlətləri arasında Azərbaycan adlı bir ana Vətənimiz də var və bu gün şagird partası arxasında oturan bu oğlanlar, qızlar sabah o Vətənin qurucusudurlar. O şagirdlərin sabah necə bir vətəndaş olmaları isə məktəbdən, müəllimdən asılıdır.

Ötən yüzilliyin görkəmli pedaqoqlarından biri, Ukraynanın Kremençuq vilayətindəki Pavlışa kənd məktəbinin direktoru Vasili Suxomlinski "Yaxşı müəllim kimdir?" sualına belə cavab verirdi ki, "yaxşı müəllim hər şeydən əvvəl uşaqları sevən, onlarla ünsiyyətdən sevinən, hər bir şagirdin böyüyəndə xeyirxah insan olacağına inanan, uşaqlarla dostluq etməyi bacaran, onların sevinc və kədərini ürəyinə yaxın bilən , uşaq qəlbini duyan və bir zaman elə özünün də uşaq olduğunu unutmayan insandır..."

Müdriklərdən biri isə deyirdi: "Əgər müəllimin məhəbbəti təkcə sənətinədirsə, o yaxşı müəllimdir. Əgər müəllimdə sənətinə və şagirdlərinə məhəbbət bir-birinə qovuşursa o kamil müəllimdir".

Tamara xanım həm yaxşı, həm də kamil müəllim idi...

1922-ci ildə Quba şəhərində dünyaya gəlmişdi. Atası Əhmədağa Qasımovun vəzifəsi ilə əlaqədar Qubada, Naxçıvanda oxusa da, təhsilini Bakıdakı 174 saylı məktəbdə bitirmişdi və qızların hələm-hələm cürət edib üz tutmadıqları Azərbaycan Sənaye İnstitununa daxil olmuşdu. Lakin faşist Almaniyasının o zaman ümumi vətənimiz SSRİ-yə qəfil hücumu bu yeniyetmə qızın hər biri min bir xatirəli tələbəlik illərini yarımçıq qoymuşdu.

Qadınlarımızın, qız-gəlinlərimizin tərifi, öygüsü ulu dədəmiz Dədə Qorqud boylarından bu yana nağıla-dastana sığmaz olub. Evlənmək istədiyi qızın nişanələrini atasına soraq verən Beyrəyə dünya görmüş qoca belə deyir: "Oğul! Sən qız diləməzmişsən, özünə bir yoldaş və həmtay dilərmişsən..."

20 yaşlı Tamara da cəbhəyə yola düşən ərən igidlərimizə bir yoldaş, həmyay kimi müharibənin qanlı- qadalı oduna-alovuna atıldı.

Əvvəlcə cəbhəyə atası Əhmədağa Qasımov yola düşdü. Sonra da qızı Tamara. Tamara xanımı cəbhəyə Vətən sevgisi ilə yanaşı, həm də ata sevgisi apardı."Gözləri yolda qoyub neçələrinin gəlmədiyi qanlı-qadalı 1941-1945-in gedər-gəlməzindən zabit Əhmədağa Qasımov da geri dönmədi.

1942-ci ildə radioteleqrafçı kimi cəbhəyə yola düşən Tamara Qasımova isə qələbədən sonra, 1945-ci ilin iyul ayının 23-də kapitan hərbi rütbəsində ordudan tərxis olundu.

Cəbhədən qayıtdıqdan sonra Tamara xanım bir müddət indiki Texniki Universitetin hərbi kafedrasında laborant işlədi, 1950-ci ildə APDU-ya qəbul olaraq, 1954-cü ildə Coğrafiya fakültəsini bitirib təyinatla indiki Şabran rayonuna müəllim göndərildi.

O zaman Dəvəçi qəsəbə orta məktəbində sıravi bir müəllim işləyən Tamara xanımın bilik və savadını, pedoqoji ustalığını nəzərə alaraq, RXMŞ-nin metodikabinə müdiri vəzifəsinə irəli çəkdilər. 1967-ci ildə isə onu bir vaxt sıravi müəllim işlədiyi məktəbə tədris işləri üzrə direktor müavini təyin etdilər.

Tamara Qasımova indi çox-çox uzaqda qalan orta məktəb illərində mənim də müəlliməm olub. Təxminən yarım əsr bundan qabaq o zaman rayon mərkəzi Dəvəçi şəhərində yeganə orta məktəbdə, hazırda Şabran şəhər Məmmədağa Nəzirov adına 4 saylı tam orta məktəb adlanan tədris ocağında coğrafiya fənnindən mənə də dərs deyib.

1970-ci ilin oktyabr ayında Tamara Qasımovanı Rayon Xalq Maarif şöbəsinə müdir vəzifəsinə irəli çəkdilər. 3 il bu məsul vəzifədə çalışdıqdan sonra öz ərizəsi ilə işdən azad olub yeni yaradılan şəhər 2 saylı orta məktəbə direktor təyin edildi.

Tamara xanımın maarif şöbəsinə rəhbərlik etdiyi müddətdə rayonun təhsil müəssisələri daha bacarıqlı, işgüzar, cavan kadrlarla möhkəmləndirildi. Məktəblərdə xeyli əlavə sinif otaqları, idman zalları, tədris emalatxanaları, bufet və yeməkxanalar inşa edilib istifadəyə verildi. Sözümüzə söykək, o illərdə yeni yaradılıb istifadəyə verilən 2 saylı orta məktəb məhz RXMŞ müdiri kimi Tamara xanımın şəxsən özünün nəzarəti və o zamankı respublika rəhbərliyinin köməyi ilə rayonda inşa edilən ən müasir maddi-texniki bazalı tədris ocaqlarından ilki idi. Tamara xanımın səyi ilə ümumilikdə rayonda məktəblərin maddi-texniki bazası gücləndirildi, təlim-tərbiyənin keyfiyyəti daha da yüksəldildi.

Artıq yaş, həm də ağır cəbhə günləri öz sözünü deyirdi və beş il Şabran şəhər 2 saylı tədris ocağında direktor kimi fəaliyyət göstərən Tamara xanımın xahişi ilə ixtisası üzrə sıravi müəllimliyə qayıdıb 1985-ci ildə təqaüdə çıxdı. 1999-cu ildə, ömrünün 77-ci ilində isə haqq dünyasına qovuşdu.

Tamara xanım ictimaiyyətçi qadın idi, dəfələrlə raykom üzvü seçilmiş, rayon sovetinin deputatı olmuşdu. Əməyi də layiqincə qiymətləndirilmiş, dəfələrlə dövlət mükafatlarına layiq görülmüşdü.

Öz ailə səadətini də təyinatla gəldiyi keçmiş Dəvəçi, indiki Şabranda tapan Tamara xanım neftçi Ağamurad Ağayarovla ailə qurmuş, bir qız, iki oğul anası olmuşdu.

"Dövlətdə dəvə, övladda nəvə", deyiblər. İllər Tamara xanımın saçlarına dən saldı, yaşının üstünə yaş gəldi, həm də o illər adının sonuna bir kəlmə də qoşdu: Tamara nənə.

Nənə üçün hər bir nəvəsi əziz olduğu üçün Tamara xanım Coşqunu daha çox sevib əzizləyirdi. Bəlkə ona görə ki, ilk dəfə Coşqun ona "nənə" sözünü demişdi. Ancaq burası da var ki, Coşqunun nəvə məhəbbətinə şübhə ola bilməz, çünki nənəsi ilə bağlı hər bir faktı, sənədi, şəkli Coşqun əzizləyə-əzizləyə qoruyub saxlayıb. Bu yazının da elə araya-ərsəyə gəlməsinin səbəbkarı Coşqun oldu.

Tamara xanım nəvələrinə ömrün ötən illərindən, xüsusən də, Qubada, Bakıda, Naxçıvanda oxuduğu məktəb illərindən həvəslə danışardı. APDU-da tələbəlik həyatını isə kövrəkliklə xatırlayır, "ürəyinin telləri sızıldaya- sızıldaya" ömrün ötən illərinə dönə-dönə qayıdardı. Bəlkə də bunun başlıca səbəbi onun görkəmli sənətkarımız, unudulmaz Xalq şairi Məmməd Arazla eyni fakültədə, bir qrupda oxuması idi. Keçmiş tələbə yoldaşının, böyük şairin şeirləri Tamara xanımın dilinin əzbəri idi. Sevdiyi, dönə-dönə dinləməkdən doymadığı mahnı isə Xalq artisti Niyaməddin Musayevin ifasında Məməd Arazın sözlərinə yazılmış "Dünya sənin, dünya mənim..." idi.

Deyirlər ki, torpaq sevdikcə çiçək olur, çiçək sevdikcə meyvə... Qəlbi çiçək kimi zərif və kövrək, həssas olan Tamara xanım 50 illik pedaqoji fəaliyyəti dövründə qarşısında əyləşən şagirdlərini qəlbən ana kimi sevib, müəllim kimi elmi-bilik adlı bir ziya verib və o şagirdlər də el-oba, Vətən, cəmiyyət üçün "meyvə"yə - layiqli vətəndaşlara çevriliblər.

Yüzdürmü, mindirmi... onlar? Düşmən gözünə bıçaq, Tamara müəllimənin şagirdlərini saysan saya gəlməz...

Bu məqamda tarixdən bir epizod olduqca ibrətamiz səslənir: Türkiyənin məşhur Topqapı sarayındakı muzeydə Sultan Süleymanın bir kaftanı saxlanılır. Bir dəfə Sultan Süleyman müharibəyə gedəndə arxasınca müəlllimi də gəlirmiş. Necə olursa, müəlliminin atının ayağı çamıra batır, palçıq sıçrayıb Süleymanın çiyninə yapışır. Sultan Süleyman müəlliminin halının dəyişdiyini görür. Yüzminlik, ikiyüzminlik qoşuna "dayanın" deyir. Sonra da çadırların qurulmasını və məclis yığılmasını əmr edir. Hamı yığılandan sonra Sultan əbasını çıxardır ki, çamur yerə tökülməsin. Və fateh hökmdar üzünü qoşununa tutub deyir ki, bəs siz də bilin, qoy gələcək nəsillər də bilsinlər: "Müəllimimin atının ayağından çıxan çamurun nəinki çiynimdə, başımın üstündə yeri var". Tamara xanım da hər bir şagirdinin başı üstündə yeri olan müəllimlərdən idi...

İnsan dünyaya gələn gündən ömür dedikləri bir karvan yolundadır. Məsələ yolun qısa və ya uzunluğunda deyil. Nə qədər yaşayacağımız tanrı qismətidir. Lakin alnına yazılası ömür payını necə yaşayacağı insanın özündən asılıdır.

Müəllim ömrü isə təkcə onların özlərinə məxsus olmur. Həmin ömür el-oba üçün, sabahın milyonlarla vətəndaşı üçün yaşanan bir tərcümeyi-hala çevrilir.

Tamara xanımın ömrü kimi!..

Şabran

 





20.10.2016    çap et  çap et