525.Az

Vahid Əzizin poeziya dünyasına daha bir nəzər


 

Vahid Əzizin poeziya dünyasına daha bir nəzər<b style="color:red"></b>

Bəri başdan deyim ki, bu yazı Vahid Əzizin haqqında qısaca təəssüratımı söylədiyim kitab üçün xırdaca bir yazıdır.

Kitabın bədii-poetik dəyərləri, insan amilinin rəngarənglikləri, fəlsəfəsi, şairin satirası və digər keyfiyyətləri barədə neçə-neçə tədqiqat əsəri yazmaq olar.

Gözəl şairimiz, həm də öz insani keyfiyyətləri ilə nadir bir şəxsiyyət Vahid Əzizin hələlik son şeir toplusu "Səninlə..." kitabında özünə yer tapan 500-ə qədər şeirinin demək olar ki, hər birini oxudum. Onun bundan əvvəlki kitabı haqqında təəssüratım mətbuatda dərc olunduğundan  burada "daha bir nəzər" sözlərini işlətdim.

Şairin bu kitabı bundan əvvəlki çoxsaylı şeir kitablarından daha zəngin, şeirlərinin mövzu dairəsi daha genişdir. Burada nələr yoxdur?! Şairin 70 illik həyatının yadda qalan saysız-hesabsız xatirələri də, onun ildən-ilə, gündən-günə zənginləşən dünyagörüşü, həyata baxışı, ən rəngarəng insanlarla münasibətləri, kitabın baş qəhrəmanı olan Sevgisi - həm də bunun zirvəsi olan Vətən sevgisi, yurd, torpaq sevgisi, bütövlükdə insan sevgisi, məcnuni sevgi, valideyn sevgisi, xüsusilə seçilən ana sevgisi, övlad sevgisi, baba-nəvə sevgisi, dost sevgisi, müəllim sevgisi, təbiətin gözəlliklərinə, onun dağlarına, ormanlarına, şəlalələrinə, büllur bulaqlarına, güllərə-çiçəklərə, durna qatarına, vətəninə daim bağlı olan balaca sərçələrə, qartallara, bir sözlə Böyük Yaradanın xəlq etdiyi hər şeyə poetik süzgəcdən keçib gələn və təkcə öz münasibəti deyil, həm də ictimai münasibətin ümumiləşmiş görüntülərinin poetik təsvirini oxuyur, vərəvurd edirik.

Şairin öndə dayanan Vətən sevgisi əbədi sevgidir. Çünki bu sevgi Tanrının ona bəxş etdiyi iki ərməğandan birincisidir, digəri isə ona verilən poetik istedaddır. Şair hər ikisinə bütün varlığı ilə bağlıdır.

"Əbədi sevgidir bizim sevgimiz" deyən şair bu sevgini Vətənə ilhaq eləyir.

"Görən candan əziz heç nə yox imiş,
Söyləyən Vətəni niyə tərk edir?"

Şair xırda bir çətinliyə dözə bilməyib vətənini tərk edənləri satira atəşinə tutur,

"Sinəsi kollarda, Vətən daşında,
nə mülkü, nə gölü, nə adası -

olan sərçələri belə nadürüstlərdən qat-qat üstün tutur:

"O da mən gündəymiş ölənə qədər,
hara vətəndirsə ora bağlıdır".


Vətəninə bütün varlığı ilə bağlı şairin: "Torpağına sərilərəm üzüm üstə" sözləri bu sevginin əks-sədasıdır.

Şairin "Qürbət eldə" şeiri ömrünü yad ölkədə keçirən bir soydaşının vətən həsrətilə alışıb yanan duyğularını, hisslərini elə bədii obrazlarla nəzərə çatdırır ki, oxucunu da istər-istəməz kövrəldir. Soydaşımızın xanımı boğçasında o vaxtdan gətirdiyi Azərbaycan bezi olduğunu yada salıb doluxsunur. 
 
"Dövlət bayrağı" adlı şeirində Vətən sevgisinin rəmzi olan bayraq poetik obrazları ilə oxucunu riqqətə gətirir. 
 
"Dünya ev-eşiyim, göy üzü baca, ha baxdım sevgidən nə var ki, uca" - beytini oxuyarkən istər-istəməz dahi Nizaminin

"Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?"

beyti yada düşür:

"Mən anamın qucağında sevilməyi öyrəndim,
mən anamın qucağında yaşamağı öyrəndim"-


deyən şair ana məhəbbətinin hər şeyə qadir olan ecazkar bir qüvvə olduğunu yada salır.
Sevgisindən ayrı düşən şairin "Sən hardasan" deyib ah-nalə çəkməsi də onun məhəbbətinin ülviyyətindən xəbər verir. Şairin bu ayrılığı ifa edən obrazları orijinallığı ilə oxucunu valeh etməyə bilməz.

"Əllərində saçlarının qoxusuyla,
Ürəyində gileyimin qorxusuyla,
Gözlərimin ayrılıqlı yuxusuyla,
Şübhələrlə dolaşıram, sən hardasan?"


Şairin ana-ata, övlad sevgisi də bu bəşəri məhəbbətin orijinallığı ilə seçilir. "Anamla yuxuda söhbət" şeiri anasını itirən, xüsusilə vaxtsız itirən hər kəsi kövrəldir, ana məhəbbətinin ülviyyətini duyur, ana nəvazişlərinin hərcür dava-dərmandan üstün olduğunu, tez-tez yuxuda gördüyü atasının ağır zəhmini yad edir. Yəqin Vahid Əzizi də cəmiyyətimizin bütöv şəxsiyyəti kimi yetişdirən bu nəvazişlərin və bu zəhmin bəhrəsidir.

Yeri gəlmişkən, insanın tərbiyəsində, formalaşmasında bu iki keyfiyyət qədər böyük rol oynayan heç şey yoxdur. Ümumiyyətlə, insana insan olaraq hörmət və həm də tələbkarlıq tərbiyədə elə bir əvəzsiz prinsipdir ki, bundan məhrum olan valideynlər də, pedaqoqlar da uşağın tərbiyəsində böyük faciələrə səbəb olan nəticələrlə üzləşir. Əgər valideynin övladına olan məhəbbəti tələbkarlığı üstələyirsə bunun sonu böyük bədbəxtliklərlə qurtarır. Mən (elə hər kəs) həyatda onlarca adama təsadüf etmişəm ki, övladını hədsiz ərköyünlüklə böyütdüyündən bu, birinci növbədə elə valideynin faciəsinə çevrilib. Bunu mən çox yaxın dostlarımın da timsalında görüb dönə-dönə onların nəzərinə çatdırsam da övlad qarşısında acizləşib sonda da elə uğursuzluğa düçar olub ki, həm özü, həm də övladları böyük müsibətlə üzləşiblər. Böyük rus pedaqoqu Anton Semyonoviç Makarenkonun rəhbərlik etdiyi uşaq koloniyasında 3600 nəfər SSRİ-nin hər yerindən toplanıb gətirilən, bəzən çoxsaylı ağır cinayətlər törətmiş uşaqlar tərbiyə alırdı. Bunların içərisindən yüzlərlə görkəmli şəxsiyyət, elm, dövlət, ictimai xadimlər çıxmışdır. Makarenko böyük uğurlarının əsas səbəbi nə olub sualına cavab verərkən "hörmət və tələbkarlıq" sözlərini işlədir. Vahid Əziz də məhz bunu yada salır, "Ana nəvazişi və ata zəhmi" elə budur.

Şairin övlad məhəbbətinə verdiyi təsvir çox maraqla səslənir:

"Mənimlə hesabı zamanında çək,
Ağır yük eləmə övladlarıma".

Bu sözlər övladının hər əzabını çiyinlərinə götürməyə hazır olan ata-ana məhəbbətinin parlaq ifadəsidir.

Vahid Əziz də bu məhəbbətin gen-bol daşıyıcısı olmaqla atasının zəhmini də yaddan çıxara bilməyib və onun cəmiyyətimizin bütöv şəxsiyyəti kimi yetişməsinin də səbəbi elə bundadır.

Vahid Əziz insan amilinin çox rəngarəng keyfiyyətlərini poetik obraza çevirir, oxucunu düşünməyə məcbur edir.

İnsan şəxsiyyətinə kölgə salan naqis keyfiyyətlərə dair Ulu Peyğəmbərimizin bir hədisini yada salmaq yerinə düşər. Ondan soruşurlar ki,  ya Allahın Rəsulu, dünyada zəhərdən acı bir şey varmı? Peyğəmbər cavab verir ki, "yalan" zəhərdən acıdır.Vahid Əziz deyir: "Yalan evlər yıxar, qaç qabağından".

Yaxud "təkəbbürlük" adlanan digər bir eybəcər sifət də Vahid Əziz yaradıcılığında özünə yer tapmışdır. O, daşa dəymiş sevgisinin səbəbini də təkəbbürdə görüb deyir:

"Təkəbbür məhv etdi hər ikimizi".

İnsanı çuğlayan başqa bir keyfiyyət də "gərəksizlikdir". Ümumiyyətlə "gərəksizlik" qədər insanı insanlıqdan uzaqlaşdıran bir keyfiyyət yoxdur. Əgər sən ailə üçün, övladlar, nəvə-nəticələr üçün, dost-tanış üçün və bütünlükdə cəmiyyət üçün gərəksiz bir məzluqa çevrilmisənsə artıq yaşamağa dəyməz. Şair də elə bunu deyir:

"Vahid Əziz, əgər görsən bir zaman,
El içində sözün keçmir dayanma"

və yaxud:

"Gərək olmayanda özüm-özümə,
Demək heç kəsə gərək deyiləm".

"Təklik" adlanan anlayış da elə gərəksizliyə sinonimdir. Təklikdən danışarkən böyük mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadə yada düşür:

Yarpağı tez solar tək ağacın da,
Daldası olmasa niyə solmasın?
Meşələr sultanı, ormanlar şahı
Aslanın özü də yalqız olmasın.

Vahid Əziz də təkliyi dəhşətlə xatırlayır:

"Yatsan Vahid Əziz qapı bağlama,
Təklikdə qəfildən ölsən bilinməz”.


Başqa bir insan nisgili - "təəssüf" də onun yaradıcılığında özünə geniş yer tapıb. O, keçirdiyi hər mənasız günü, saatı təəssüflə yada salıb oxucunu mənasız macəralardan uzaqlaşmağa sövq edir. Sevgisi yolunda gördüyü qədirbilməzliyə də, ona olan yalvarışlara da, bu yolda ağartdığı saçlara da, məhv edib dərdiyi güllərə də, arxasınca yalvardığı əllərə də, başına tökdüyü küllərə də heyfslənir.

İnsan varlığını çuğlayan, çuğlayıb da sarsıdan bir duyğu da "həsrət"dir. O, bu duyğunu elə obrazlı tapıntılarla ifadə edir ki, oxucunu öz ağuşuna alıb düşündürür:

"Bir çinar mən qədər dursaydı burda,
Bəlkə də həsrətdən bar gətirərdi:
-

deyən şairin bu obrazı da onun yaradıcı təxəyyülünün zənginliyindən xəbər verir. Vahid Əziz bədii obraz yaratmaqda çox zəngin bir şairdir. Ümumiyyətlə obraz yaradıcılığı şair üçün ən vacib keyfiyyətdir. Əgər şair bu istedaddan məhrumdursa onun şairliyi də elə bilirəm ki, heçə bərabərdir.

Şairin bəzi ibrətamiz obrazlarını misal çəkmək yerinə düşər:

Gözlərimi bir buludla bağladım;
Ağlamasam göz yaşımdan göz yanar;
Danışmasam dodağımda söz yanar;
Gözüm düşüb Cənnətdəki almaya;
Çiçəkləri öpdüyümü küləklər,
Gedib yara bildirməsə yaxşıdır.


Kitabda orijinal obrazlar saysız-hesabsızdır. Bədii obrazdan danışarkən böyük lirik şairimiz Məmməd Rahimin məşhur "Leninqrad göylərində" poemasından dörd misranı xatırlayıram:

"Qartal tərk eləsə öz yuvasını,
Qayalar saxlayar onun yasını.
Pələng qayıtmasa doğma yerinə,
Meşələr göz tikər ləpirlərinə".


Yeri gəlmişkən Vahid Əziz yaradıcılığında "qartal" quşların ən vüqarlısı kimi özünə geniş yer tapır. Qartaldan danışarkən mənim dünya şöhrətli İlisu kəndimlə əlaqədar bir tarixi epizod yada düşür və elə bilirəm ki, bu oxucu üçün də maraqlı olar.

300 il müstəqil dövlət statusu ilə ömür sürmüş İlisu Sultanlığının son sultanı Danyal bəy bir gün kəndin say-seçmə gənclərini yanına çağırıb deyir ki, kim Laçın qayasından (İlisuda qartala elə "laçın" deyirlər) bir cüt qartal balası gətirsə, ona ilxılarımdan bir cüt seçmə at bağışlayaram. Sucəddin adlı bir gənc özünü irəli verib deyir ki, mən gətirərəm. Laçın qayası kəndin girəcəyində qartaldan başqa heç bir quşun qona bilmədiyi, insan ayağı yaxın düşməyən sıldırım bir qayadır. Ancaq onun yerləşdiyi dağın zirvəsində meşə örtüyü vardır. Sucəddin səhər tezdən uzun bir kəndir və səbət götürüb həmin meşəyə qalxır. Bir qartal yuvasını nişan alıb gözləyir ki, qartal ov dalınca getsin. Qartal yuvadan uçarkən o da ağaca bağladığı kəndirlə sallanıb yuvada olan bir cüt qartal balasını səbətə yerləşdirib yenə kəndirlə qalxır. Kürmük çayının yatağına enib səbətlə gedərkən ovdan qayıdan qartal onu görüb balalarını tanıyır və şığıyaraq özünü Sucəddinə çırpır. Qartalın özü zərbənin gücündən ölür, Sucəddinin özü də al-qan içərisində sağ qalan qartal balaları ilə Danyal bəyin hüzuruna gəlir. Həm də ölü qartalı gətirir. Danyal bəy əhvalatı eşidib sarsılır və az sonra Sucəddinə deyir: "İgid, indi get, istədiyin atları seç". Sucəddin isə: - "Xeyir bəy, mən bunu atlar üçün etməmişəm, Sizin arzunuzu yerinə yetirmək üçün etmişəm".

Vahid Əziz yaradıcılığı ədəbiyyatımızın ayrılmaz janrı olan satira ilə də zəngindir. Onun satirik qələmi cəmiyyətimizin bütün labirintlərini gəzib-dolaşır, öz kəskinliyi ilə seçilir.

"Özümdən-özümə tövsiyələrim" şeirini böyük Sabirə həsr edərək Sabirsayağı şiddətlə cəmiyyətimizdəki eybəcərlikləri satira atəşinə tutur. "On beş nəsihət" şeirində yaltaqlar, qeyrətsizlər, mütilər, saxtakarlar, əxlaqsızlar, biganələr, qorxaqlar, araqarışdıranlar, maskalılar, talançılar və başqa eybəcərliklər qamçılanır. 
 
"Şeyx Həzrətləri Allahşükür Paşazadəyə səmimi bir giley" şeiri onun çoxsaylı satirik şeirlərinin zirvəsidir.

Burada cəmiyyətdəki əyriliklər, haqsızlıqlar kəskin satira atəşinə tuş gəlir və şair bunların hamısına cavabdehin elə özümüz olduğunu da etiraf edir.

Vahid Əziz satiralarında BMT, ATƏT kimi beynəlxalq təşkilatların bivec fəaliyyətinə də toxunur:

"O vaxtmı xəstəydik, bu günmü xəstə,
Çağladıq bir qotur ağacın üstə.
Başımız ATƏT-li yastığın üstə,
Yastığın altında ilanın başı"
-

deyən şairə haqq qazandırmamaq olmaz. "İt, sənə yazığım gəlir", "Dağ kəndinin faciəsi", "Oğlumla məcburi bir söhbət", "Çağırış", "Etibar etdik" və onlarca başqa şeirlərində millətimizin ümumi dərdlərini yada salıb ah-nalə çəkir.

Bir məqamı yaddan çıxarmaq olmaz ki, Vahid Əzizin çoxsaylı satirik şeirlərinin hər birində onun qəlb çırpıntılarını görür və həm də bütün bunların onun xalqına, vətəninə olan böyük sevgisinin əks-sədasını duyuruq. O, vətənpərvər şairdir, böyük vətəndaşdır. 

Vahid Əziz xalq ədəbiyyatının bayatı, dodaqdəyməz, yanıltmac  kimi janrlarına müraciət edib çox orijinal nümunələrini yaratmışdır. Bir bayatı nümunəsi:

“Bu dünya çətin qala,
Yolları çətin qala,
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala".

Vahid Əzizin böyük xoşbəxtliyi ondadır ki, o, nəğməkar şairdir. Onlarla şeirlərinə böyük bəstəkarlar mahnı bəstələmiş və bunlar respublikanın böyük sənətkar xanəndələrinin repertuarında səslənmiş,dinləyicilərin sevimli mahnılarına çevrilmişdir.

Bu yazı sərhövlədə deyildiyi kimi Vahid Əziz yaradıcılığına ötəri bir nəzərdir, onun yaradıcılığından bəhrələnmək üçün bu kitabda toplanan şeirləri dönə-dönə oxumaq, onları vərəvurd edib nəticələr çıxarmaq oxucunu ancaq rövnəqləndirə bilər, çırpınıb üstündəki eybəcərlikləri atıb yaxşıları saxlayan hər kəs cəmiyyətimiz üçün yararlı bir insana çevrilər. Onun özü də "insanlıq"adlanan mənəvi sərvətin xüsusilə seçilən daşıyıcısıdır. Mən onu 50 ildən çox zaman kəsiyində tanıyıram və bircə adama da təsadüf etməmişəm ki, onun haqqında bir xoşagəlməz söz işlətsin. Kitabın redaktoru Əlövsət Ağalarovun çox dolğun son sözündə "onun fəaliyyəti barədə bircə kəlmə də neqativ fikir səsləndirən adam görməmişəm" sözlərini oxuyub çox sevindim ki, bu, ona verilən ümumi dəyərdir.

Sonda bunu da demək yerinə düşər ki, Vahid Əzizin 70 illik ömür yolu son dərəcə rəngarəng, daha doğrusu, bir-birindən mürəkkəb zamanlarda, qaynar nöqtələrdə keçib və o bundan elə bəhrələnib ki, hələ demək istədikləri, yəqin, dediklərindən qat-qat çoxdur. Ona daha uzun ömür arzulayaq ki, bunların hamısını deyə bilsin.

 





20.10.2016    çap et  çap et