525.Az

"Karmen"in yeni tamaşası: sevgi və cəsarətin təntənəsi


 

"Karmen"in yeni tamaşası: <b style="color:red">sevgi və cəsarətin təntənəsi</b>

"Karmen" hər zaman böyük maraqla izlənilən , dahi fransız bəstəkarı Jorj Bizenin dünya opera səhnəsinə hədiyyə etdiyi mükəmməl bir əsərdir.

19-cu əsrdə yaşayıb-yaratmış, yaradıcılığında opera janrı mühüm yer tutan Bize öz məşhur əsəri "Karmen"i görkəmli fransız yazıçısı Prosper Merimenin eyniadlı novellası əsasında yazıb. Libretto müəllifləri Lüdovik Halevi və Anri Melyakdır. Karmen 4 pərdəli, faciəvi məzmunlu bir operadır. "Üvertura" , "Habanera", "Sequidilla" , "Qaraçı qız mahnısı" , "Toreadorun kupletləri", "Xozenin çiçəklə ariyası" kimi hissələrdən ibarət opera 1874-cü ildə yazılıb , 1875-ci il martın 3-də Parisdəki "Opera Komik" Teatrında səhnəyə qoyulub.

Karmen - çılğın, ehtiraslı , sərbəst bir qadın kimi verilib. O, tütün fabrikində çalışan qaraçı qızıdır. Operanın əsas ideyasını azad sevgi təşkil edir. Karmen 1-ci pərdədə əsgər Xozeyə , 3-cü pərdədə matador Eskamilyoya aşiq olur. O, əsərin sonunda keçmiş sevgilisi Xozenin sevgisini rədd etdiyi üçün onun tərəfindən öldürülür. "Karmen" operasının gözəl və yaddaqalan, təsirli və heyranedici musiqisi onu bütün dünyada sevdirən və məşhurlaşdıran əsas cəhətdir. Əfsuslar olsun ki, bəstəkarın belə bir mövzuya müraciət etməsi öz dövrünün insanları tərəfindən yaxşı qarşılanmayıb. Bu operaya görə müəllif tənqidlərə, mənəvi təzyiqlərə məruz qalıb. Operanın ilk tamaşası o qədər uğursuz olub ki, Paris teatrının repertuarından silinib. Onu həyat yoldaşı və yaxın dostları da anlamayıb, tərk ediblər. Bize "Karmen" operasına görə hətta üzr istəməli olub. İlk uğursuz tamaşadan 3 ay sonra Bize vəfat edib. 36 yaşlı bəstəkarın ürəyi bütün bu sıxıntılara davam gətirməyib. Amma cəmi bir neçə ay da yaşasaydı, sonsuz ümidlə yanaşdığı operasının necə müvəffəqiyyət qazandığını görə bilərdi.

Dahi rus bəstəkarı Çaykovski "Karmen" operası haqqında yazırdı: "Mən böyük inamla deyə bilərəm ki, "Karmen" musiqi dünyasının mütləq şedevri kimi seviləcək". Böyük alman bəstəkarı Brams isə məktublarının birində yazıb: "Kaş Bize sağ olaydı , dünyanın qurtaracağında da olsa, gedib onu bağrıma basardım". Onlar haqlı idi. "Karmen" operası dünya səhnələrində möhtəşəm zəfər əldə etdi, dünya musiqi mədəniyyətində əvəzsiz mövqe tutdu.

Nə xoş ki, Azərbaycan səhnəsində də "Karmen" operasının hər zaman xüsusi yeri var. "Karmen"in yeni izlədiyim tamaşası Bizenin doğum gününə təsadüf etdi. Bu

günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Karmen"ə yeni nəfəs verildi. Əsas obrazı Xalq artisti, istedadlı opera müğənnisi Fidan Hacıyeva canlandırdı. O, güclü səs tembri, təcrübə və məharəti ilə Karmen obrazının öhdəsindən yenə də uğurla gəldi. Xoze obrazını Əməkdar artist Fərid Əliyev, Eskamilyonu isə Əməkdar artist Cahangir Qurbanov ifa etdi. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Xalq artisti, professor Hüseyn Əliyevdir.

Ən təsirləndiyim məqam operanın sonunda Karmenin ölüm səhnəsi oldu. Karmen ölümündən qorxmayaraq ona doğru tuşlanan qılıncın üzərinə gedir. Elə ariyanın mətnindəki "Kimi istəyərəm, onu da sevərəm, Azadlığım üçün ölümə də gedərəm..." devizi ilə:  

Sevgi azad bir quşdur,
Heç kəs onu ram edə bilməz.
Onu səsləməyin əbəsdir,
Əl çəkəsən gərək .
Əbəsdir hədələr və yalvarmalar,
Kimi tərif edir, kimisi susur.
Mən susanı seçirəm.
Bir söz deməsə də, mənə xoşdur...
Sevgi! Sevgi! Sevgi! Sevgi!

Bir anlıq real dünyadan ayrılıb tamaşanı həqiqət kimi dərk etmişdim ki, alqışları eşitdim və bu kövrək hisslərimin səbəbini Fidan Hacıyeva ilə Fərid Əliyevin yüksək aktyorluq məharətində tapdım, dərhal da alqışlayanlara qoşuldum. Musiqişünas, bəstəkar, yazar kimi həssaslıqla izlədiyim bu tamaşanın hələ əsrlər boyu yaşayacağına, Karmenin ölümsüzlüyə qovuşacağına böyük inam hissi ilə yanaşıram. Bir daha bütün heyəti təbrik edir, sənətkarlarımıza uğurlu səhnə fəaliyyəti arzulayıram.

 





01.11.2016    çap et  çap et