525.Az

Mikrofon qarşısında İlyas Adıgözəllidir... - Azərbaycan Radiosu - 90


 

Mikrofon qarşısında İlyas Adıgözəllidir... - <b style="color:red">Azərbaycan Radiosu - 90</b>

Azərbaycan Radiosunun veteranı, Əməkdar jurnalist İlyas Adıgözəlli radioya lap uşaq yaşlarından bağlanıb.

Doğulduğu Borçalının Sadaxlı kəndində elektrik dirəklərinə bənd edilmiş balaca radionu eşidən gündən onun sehrinə düşüb. Sonra isə evlərə radio xətləri çəkilərkən ailəsi üçün ilk radioqəbuledicini də özü  alıb və mütəmadi olaraq verilişləri dinləyib. Elə jurnalistikaya həvəsi də buradan başlayıb. 7-ci  sinifdə oxuyanda Tbilisidə "Zarya Vostoka" qəzetinə  Azərbaycan dilində göndərdiyi məktubunu ilk qələm məhsulu hesab edir. Oxuduğu məktəbdə dərs vəsaitinin çatışmadığından narahatlıq keçirən məktəblinin qaldırdığı problem öz həllini tapır. Beləliklə jurnalist olmaq istəyinə işıq salan bu məktub  mətbuata gəlişini qətiləşdirir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirəndən sonra radioda işləməyi qərara alır. 1962-ci ilin sonlarından 2007-ci ilə kimi müxtəlif vəzifələrdə "Araz" radiostansiyasında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor,  "Araz" proqramının baş direktoru, radioda şərhçi ştatlarında  çalışır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatına və 1992-ci ildə isə Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti" fəxri adına layiq görülüb...

Milli Radionun səs arxivində onun ölkənin tikinti quruculuq işlərinin getdiyi müxtəlif obyektlərdən, kənd təsərrüfatı sahələrindən, Neft Daşlarından, sənaye müəssisələrindən və s. müxtəlif səpkilərdə hazırladığı reportajlar saxlanılır.

Qəzet yaradıcılığından fərqli olaraq radio jurnalistikasının spesifik xüsusiyyətləri var. Radio üçün səs yazmaq və onu dinləyiciyə inandırıcı şəkildə təqdim etmək jurnalistdən xüsusi istedad, yaradıcılıq  qabiliyyəti, operativlik və çeviklik   tələb edir. Hadisə yerindən hazırlanan reportaj danışıqdan əlavə digər səs effektləri ilə müşayiət olunmalıdır ki, dinləyici üçün "görüntü" rolunu oynasın. Radionun bir nömrəli informatoru olan İlyas Adıgözəllinin fond yazıları onun bu sahədə mükəmməl bacarığa malik olduğunu təsdiq edən sənədli nümunələrdir.

Radio hər dövrdə günün real mənzərəsini yaratmağa çalışıb, abı-havaya uyğun köklənib. Hər bir sahədə baş verən yeniliklər “Son xəbərlər"in əsas qayəsini təşkil edib. Ölkənin həyatında əlamətdar hadisələrdən biri sayılan Şamxor (indiki Şəmkir) su elektrik stansiyanın tikintisini işıqlandırmaq məqsədi ilə əraziyə  ezam olunan jurnalistin hazırladığı silsilə reportajlar bu gün arxiv materialları içərisində canlı tariximizi əks etdirən qiymətli səs yazılarından  hesab olunur.

Radio üçün xəbər süjeti işləmək, səs effektləri ilə zəngin veriliş hazırlamaq olduqca çətindir. Xəbərlər istisna olmaqla digər radio verilişlərində musiqidən gen-bol istifadə mümkündürsə, xəbər süjetində hadisənin baş verdiyi məkanın  təbii səsi materialı qüvvətləndirməlidir. Canlı həyati səslərin fonunda yazılan çıxış radio üçün məqbul sayılır. Bu çətinliyin öhdəsindən məharətlə gələn böyük sənətkarın hər söhbətində mövzuya uyğun fon səslərindən istifadə  İlyas müəllimin  mükəmməl radio işçisi, xüsusən xəbər əməkdaşı  olduğuna işarədir. İllər öncə Şamxorda (Şəmkir)  traktorun içərisində yazılan söhbətə, iş başında alınan müsahibəyə qulas asan dinləyici texnikanın səsi fonunda jurnalistin suallarını cavablandıran sürücünün danışığını eşidir. O səs jurnalistin hansı məkanda olduğunu və söhbətin nədən getdiyini  bildirir. Ancaq düşünək görək traktorun gur səsi olan yerdə efir üçün keyfiyyətli  səs yazmaq mümkündürmü? Əlbəttə ki, yox. Məhz budur radio sənətkarlığının sirləri, incəliyi, peşə məziyyətləri. İlyas Adıgözəllinin Neft Daşlarından gətirdiyi söhbətdə dalğaların sədası, yaxud Nabranda yeni açılan istirahət guşəsindən hazırladığı müsahibənin səs fonundakı bulaq, quş səsləri  və s. fərqli-fərqli süjetlər radio sənətinin xarakteristikası üçün xas olan əlamətlərdir...

Xəbərlər redaksiyasının əməkdaşı hadisə yerindən radio üçün materialı vaxtında hazır etməlidir. Efir vaxtı  müxbirə bağlananda o tam hazır vəziyyətdə olmalıdır ki, deyilən saatda efirə çıxa bilsin. İlyas Adıgözəlli xatirələrində deyir: "1971-ci ildə, 24 - cü qurultaya mən tək getmişdim. Estoniya radiosunun baş redaktoru Feliks Kazik isə jurnalistləri ilə gəlmişdi. Qurultayın açılışı günü martın 30-da, Moskvada Kremldə saat 10-nu vurur və mən həmin an reportajımda deyirəm ki, hörmətli dinləyicilər saat 10-dur, Kremlin Qurultaylar Salonundayıq, indi qurultay öz işinə başlayır. Səfər Rzayev adında bir neftçimiz də getmişdi qurultaya, əvəvlcədən səsini yazmışdım.  Lazım olan anda həmin söhbəti təqdim etdim. Gördüm ki, estoniyalı həmkarım çox dilxor vəziyyətdədir ki, mən efirə veriliş verməliyəm, ancaq çıxış tapa bilmirəm. Dedim ki, qurultay nümayəndəsini yazmışam, azərbaycanlı danışır və mətni də verəcəm, sən də eston dilində təqdim edərsən, Bakıdan gələn neftçinin çıxışını  verərsən. O çox sevindi və həmin reportajı eston radiosu ilə də verdi. Radio jurnalisti öncədən işini elə tutmalıdır ki, efir anı çatanda əliboş qalmasın..."

Radiomüxbir qarşısındakı insanı yaxından tanımalıdır. Onun fikrincə neftçi ilə neftçi, bəstəkarla bəstəkar, pambıqçı  ilə pambıqçı olmalısan. Hər bir peşəyə dəyər verməlisən ki, onlarla müsahib olanda söhbət uğurlu alınsın. Hətta süpürgəçi ilə olan səmimi söhbətini də yaxşı xatırlayır. Küçələri təmizləyən, səliqə-səhman yaradan bir qadın obrazını yaradaraq onun sənətini yüksək qiymətləndirməklə əməyinə dəyər verir. Radioda açdığı "siz yatandan sonra" rubrikasında bu qəbildən olan müxtəlif peşə sahibləri,  maşinistlə, həkimlə və s.  insanlarla söhbətləri, çörək zavodundan, gecə növbəsindən hazırladığı silsilə reportajlar maraqla dinlənilib.

İlyas müəllim Azərbaycanda ilk milli efir olan "Araz" radiostansiyasının fəaliyyətində önəmli rol oynayan insanlardan biridir. Xatirələrində danışır: "1991-ci 18 oktyabrda bizim müstəqilliyimiz elan olunanda bu xəbər də ilk olaraq "Araz" radiostansiyası vasitəsilə yayıldı. Təbrizdən gələn zəng yadımdadır ki, oradan sevinc içərisində göz yaşları ilə zəng edib Araza qulaq asdıqlarını, xəbərin təsirindən kövrəldiklərini və fəxr etdiklərini bildirmişdilər. 1993-cü ildə  Vaşinqtonda mən silsilə verilişlər hazırlamışdım, maraqlı bir cəhətdir ki, orda Güney və Quzey Azərbaycandan olan iki gənc Həbib və Nəidə evlənmişdi. Onların da Araz adında  bir oğlu olmuşdu. Bu da efir vasitəsilə dinləyicilərə çatdırıldı ki, Qüneylə Quzeyin birlik rəmzi kimi Vaşinqtonda müstəqil Azərbaycanın dövləti kimi  ilk səfirliyimizin açılması mərasimində Araz balamız da iştirak etmişdi... 41 il ərzində "Araz" radiostansiyasında çoxlu verilişlər səslənib, onların əksəriyyəti nadir fond nümunələridir. Onların bəzi nümunələrini şəxsi arxivimdə saxlamışam".

İlyas Adıgözəlli yaxşı informasiya işçisi olmaqla yanaşı, həm də gözəl həmkar, nəcib insan, qayğıkeş baş redaktor kimi də kollektivin hörmətini qazanıb. Radioda müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq işçi ilə xoş münasibət qurub, adi bir operatorla söhbətində belə etik davranışı ilə alicənablıq göstərib, bir sözlə böyüklə böyük, kiçiklə kiçik olub. Onu oturduğu otağında tapmaq qeyri-mümkün idi. Ya obyektdə, ya montajda olardı, ya da yazı makinasının qarşısında material diktə edərdi. Həmkarlarına qarşı həmişə diqqətcil və mehriban olan baş redaktorun əsas tələbi maraqlı və məmun cəhətdən keyfiyyətli süjet hazırlamaq, günün aktual mövzularını diqqətdə saxlamaq idi...

Radionun tələbləri səviyyəsində yazan gənclərə xüsusi qayğı ilə yanaşıb. Bugünün özündə də gənclərə radiojurnalistikanın incəliklərini tədris edir, yaxşı informasiya işçisi olmaq üçün tələb olunan meyarları öyrədir. Avrasiya Universitetində, Bakı Slavyan Universitetində pedaqoji fəaliyyəti, bu sahədəki  səmərəli xidmətləri alqışlara layiqdir. Ancaq bəzi gənclərin efir sərbəstliyindən sui-istifadə etməsinə, Azərbaycan ədəbi dilinin bədii danışıq üslubunun kobud şəkildə pozulmasına qarşı çıxır, belə etinasız gəncləri yamanca qınayır. O deyir ki, bir vaxtlar radioya işə girəndə jurnalistin dilinə, danışığına ciddi fikir verilərdi və sonra onun yazı qabiliyəti yoxlanılardı. Dilində qüsur olan şəxslərin nöqsanları düzəlməyincə onları efirə buraxmazdılar. Bu amillərə görə efirdə hər kəs öz səsində material oxuya bilməzdi...

İlyas Adıgözəlli yaşının bu vaxtında da radio üçün yazmaqdan zövq alır. Doğma ocağında ömrünün bu vədəsində də yenə  qismətinə "Araz" yazılıb. Gəncliyində Araz üzərində inşa olunan su elektrik stansiyasının tikintisindən silsilə reportajları, Araz redaksiyasında uzun illər can qoyması, uzaq Vaşinqtonda güneylə quzeydən olan iki gəncin sevgisinə Araz adının verilməsi, illər sonra həmin Arazın müstəqil dövlətimizin ABŞ-dakı səfirliyimizin açılışında iştirakı, ömrünün 70-ci baharından Güney üçün söz ünvanlayan sənətkarın əvvəl və axır sözünün Arazdan olması, hazırda Güney Azərbaycan redaksiyasında o tayda yaşayan həmvətənlərimiz üçün verilişlər hazırlaması  və s. təsadüflər İlyas Adıgözəllinin radioda yaşadığı gerçək dolu anlardır...

Deyirlər söz adamının ürəyi dolu olar, üstünə bir az nisgil də gələndə "bulud kimi dolar, boşalar". Bu gün 90 yaşlı Ana radionun 78 yaşlı əməkdaşı, əməkdar jurnalist İlyas Adıgözəllinin hələ efirdə deyəcəkləri   çoxdur. Hələlik isə o da həmkarları kimi bu sənət ocağında gəncliyindən qocalığına gedən yolu, ömrünün radiodakı günlərini kövrək notlarla yada sala-sala Azərbaycan Radiosunun yubileyinə hazırlaşır. Bayramınız mübarək, radioya sadiq olan Böyük İnsan!

 





01.11.2016    çap et  çap et