525.Az

“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində - II məqalə


 

“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində - <b style="color:red">II məqalə</b>

LATIŞCA 

“Kitabi-Dədə Qorqud” eposunun latış dilinə tərcüməsi barədə danışmazdan öncə tarixə qısa ekskurs edərək qeyd etmək istərdik ki, latış oxucularına əsər haqqında ilk dəfə bəzi edukoloji bilgilərin təqdim olunması halları, 1950-ci ildə qadağan olunmuş milli dastanımızın Xruşşov mülayimliyi dövründə bəraət alıb yenidən tədqiq edilməyə başlanması dövrünə təsadüf edir.
 
Bu, Latviya Sovet Yazıçıları İttifaqının “Karogs” (“Bayraq”) adlı ədəbiyyat, incəsənət və ictimai-siyasi jurnalının 1957-ci ilin dekabrında çapdan çıxmış 12-ci sayında “Kitabi-Dədə Qorqud” adlı informativ yazının dərc olunması faktı ilə bağlıdır. “Qardaş xalqlar ailəsində” rubrikasında verilmiş həmin yazı tanınmış ədəbiyyatşünas və tənqidçi, professor Mikayıl Rəfilinin (1905-1958) dastan haqqında o zaman “Bakinskiy raboçiy” qəzetində dərc edilmiş məqaləsinin latışca xülasəsindən ibarətdir (M. Rəfilinin “Narodnıye tvoreniya bessmertnı” adlı rusca məqaləsi göstərilən qəzetin 22 avqust 1957-ci il tarixli sayında yer almışdır. - M.H.). “Karogs” jurnalının redaksiyası tərəfindən təxminən 60 il bundan əvvəl o dövrün ideoloji tələblərinə uyğun olaraq hazırlanmış bu xülasədə latış oxucularına dastanla bağlı aşağıdakı məlumatlar təqdim olunmuşdu: 

“Bakinskiy raboçiy” qəzetində Azərbaycan xalqının qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud” barədə ədəbiyyatşünas M. Rəfilinin “Xalq yaradıcılığı ölməzdir” adlı məqaləsi çap edilmişdir. M. Rəfili  bu məqalədə yeri gəlmişkən qeyd edir ki, ötən bir çox illər ərzində dastana münasibət doğru olmamış və xalq yaradıcılığının bu gözəl nümunəsi yanlış başa düşülmüşdür. Epos mürtəce və anti-xalq mahiyyətli əsərlərə aid olunaraq Azərbaycan xalqının mədəni irsindən süni şəkildə xaric edilmişdi. Müəllif etiraf edir ki, epos feodal-xan zümrəsinə aid ideologiyadan və islam dini məfkurəsindən tam azad deyildir, amma ümumən, xalqın qəhrəmanca yaşamını və qədim ozanların zəngin təxəyyül dünyasını əks etdirir. Məqalədə deyilir ki, indi Azərbaycan filoloqlarının üzərinə düşən vəzifələrdən biri eposun Azərbaycan və rus dillərində akademik nəşrini hazırlayıb çap etdirməkdən ibarətdir”.

Bu publikasiyadan bir zaman sonra tanınmış latış ədəbiyyatşünas professoru Karlis Kraulinş (1904-1981) “Kitabi-Dədə Qorqud” dastanı ilə yaxından maraqlanmış və 60-cı illərdə əsərlə bağlı bəzi tədqiqatlar aparmışdır. Onun dastana aid “Xalq eposu “Kitabi-Dədə Qorqud” başlıqlı məqaləsi ilk dəfə 1969-cu ildə alimin Riqada latışca çapdan buraxılmış “Nizami və onun müasirləri” (“Nizami un vina laikabiedri”) adlı kitabında yer almışdır.

Latış tədqiqatçısı (o, həm də SSRİ xalqları ədəbiyyatı üzrə mütəxəssis idi) göstərilən məqaləni sonralar təkmilləşdirmiş və 1975-ci ildə onun müəllifliyi ilə Riqada işıq üzü görmüş “SSRİ xalqları ədəbiyyatı” (“PSRS tautu literatura”) dərsliyində təkrarən nəşr etdirmişdir.

“Kitabi-Dədə Qorqud” dastanı latış dilində indiyədək ayrı-ayrı illərdə iki dəfə nəşr olunub.  İlk dəfə 1993-cü ildə Latviyanın “Liesma” (“Alov”) nəşriyyatı tərəfindən Riqada çapdan buraxılıb (“Mana vecteva Korkuda gramata”. Riga, “Liesma”, 1993. ISBN 5-410-00699-2). 246 səhifədən ibarət olan bu nəşrə eposun müqəddiməsi və on iki boyu daxil edilib.

Tərcümənin müəllifi ünlü latış ədibi Uldis Berzinşdir.Mən bu sənətkarın adının qarşısında onun həyatda haqlı olaraq daşıdığı bir çox epitetləri və titulları bilərəkdən yazmadım. Halbuki, çağdaş latış ədəbiyyatının canlı korifeylərindən biri, görkəmli şair, gözəl esseist, poliqlot və virtuoz tərcüməçi, şərqşünas alim (türkoloq, iranşünas və ərəbşünas), tanınmış linqvist araşdırmaçı, Latviyanın Zinaida Lazda və Aleksandrs Çaks adına poeziya ödüllərinin sahibi, həmçinin Baltik Assambleyası və Spidola ədəbi mükafatları laureatı, Latviya dövlətinin ən yüksək ordeni Üç Ulduzdan tutmuş Latviya Elmlər Akademiyasının fəxri akademikinə qədər bir sıra fəxri adları, ədəbi ödülləri, təltifləri və titulları sadalamaq olardı.

Amma düşünürəm ki, ədəbiyyatımızın böyük dostu və ustad tərcüməçi kimi tanınmış U.Berzinşi Azərbaycan mədəni ictimaiyyətinə geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki o, çoxdandır ki, Latviya və Azərbaycan arasında ən etibarlı və davamlı çalışan möhtəşəm bir mədəniyyət körpüsünün qurucusu olaraq ədəbi-mədəni əlaqələrimizin ən yüksək dəyərlər pilləsinə ucalmışdır. Həm də demək olar yarım əsrə yaxındır ki, Latviya-Azərbaycan mədəni əlaqələri müstəvisində Azərbaycan ədəbiyyatının Böyük elçisi missiyasını məsuliyyətlə yerinə yetirərək xalqımızın mədəniyyətinə şərəflə xidmət edir.

O, bu illər ərzində “Kitabi-Dədə Qorqud”dan savayı, Xalq şairi Rəsul Rzanın “Rənglər” silsiləsini (“Krasas”. Riga, “Liesma”, 1972), Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyasını (“Cilveki un koki”. Riga, “Liesma”, 1977) latışcaya çevirib nəşr etdirib, Azərbaycan poeziyasından seçmələri öz tərcüməsində “Poeziya günü” (“Dzejas diena”. Riga, “Liesma”, 1971)  və “Biz od-atəşin bir parçasıyıq” (“Mes esam uguns dala”. Riga, “Liesma”, 1977)  adlı toplularda çap etdirib, Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Araz, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Fikrət Qoca, Vaqif Nəsib, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Çingiz Əlioğlu, Məmməd İsmayıl və Pərvinin əsərlərini bədii tərcümə yolu ilə latışdilli mədəniyyət dünyasına gətirib, Mirzə Ələkbər Sabirə iqtibasən qəsidələr yazıb  və eləcə də bir sıra digər önəmli yaradıcılıq işləri görüb.

U. Berzinş yalnız Azərbaycan mədəniyyətinə deyil, həm də geniş türk dünyası dəyərlərinə bağlı bir sənətkar kimi tanınır. O, latış şairi Peters Bruveris (1957-2011) ilə birgə Türkiyə şairlərinin poeziya toplusunu, latış müəllifləri Maris Çaklays (1940-2003), Yanis Ropkelnis (1945) və Nora Kalna (1939) ilə bərabər XVIII-XIX əsrlər türkmən ədəbiyyatının klassiki Məhtimqulunun (1733-1813) əsərlərini, türk şairi Fazıl Hüsnü Dağlarcanın (1914-2008) iki şeir kitabını, Kıbrıs türk ədəbiyyatından Fikrət Dəmirağın (1940-2010) şeirlərini latışcaya tərcümə edərək çap etdirib. Tatar və çuvaş türk yazarlarının əsərlərini doğma dilinə çevirib.

Bütün bunlarla yanaşı, U. Berzinş digər dünya xalqları ədəbiyyatından - Qərb və Şərq yazıçılarının yaradıcılığından, eləcə də keçmiş SSRİ xalqları ədəbiyyatından, qutsal kitablar “Tövrat” və “İncil”dən latışcaya etdiyi yüzlərlə tərcümələrin müəllifidir. Həmin tərcümələrdən Sədi Şirazinin (1203-1291) məşhur “Gülüstan” əsərini (Saadi. “Rozu darzs”. Riga, “Liesma”, 1983), qədim Bibliyadan çevirdiyi bir sıra əski Ahit kitabları - 150 dini nəğmədən (mədh və dualardan) ibarət Psalmlar (Zəburlar) toplusunu, həzrət Süleymanın müdrik deyimlərindən ibarət kitabı, həzrət Əyyubun, müqəddəs Yunusun və Ekklesiastın (Qüds kralı Koheletin) sakral kitablarını nümunə kimi göstərmək mümkündür. 2011-ci ildə isə U. Berzinşin tərcüməsində müqəddəs “Quran”ın latışca nəşri işıq üzü görüb yayımlanıb (“Korans”. Riga, “Neptuns”, 2011).

Göründüyü kimi, U. Berzinş Latviyada doğulub Avropa dəyərləri mühitində formalaşsa da özünü əsasən Şərq mədəniyyətinə həsr edib. Latışca bəzi ensiklopedik mənbələrdə belə göstərilir ki, U. Berzinş 17 may 1944-cü ildə o zaman Hitler Almaniyasının işğalı altında olan ərazi olaraq keçmiş Reyx komissarlığın Ostland inzibati dairəsinə daxil edilmiş Riqa şəhərində dünyaya gəlib. 1962-1964-cü illərdə Peteris Stuçka adına Latviya Dövlət Universitetində latış filologiyası fakültəsində təhsil alıb.

U. Berzinş “Kitabi-Dədə Qorqud” eposu ilə ilk dəfə gənclik illərində - 1968-1971-ci illərdə Andrey Jdanov adına Leninqrad Universiteti Şərqşünaslıq fakültəsinin Türk filologiyası şöbəsində oxuyan zaman tanış olub. Daha doğrusu, onu dastanla rus şərqşünas alimi, türkoloq və tərcüməçi Virineya (Viktoriya) Qarbuzova (1914-2002) tanış edib. V. Qarbuzova 1946-cı ildən sözügedən Universitetin Şərqşünaslıq fakültəsinin müəllimi və orta əsrlər Türkiyə ədəbiyyatı üzrə aparıcı mütəxəssis olaraq U. Berzinşlə o vaxt əlavə məşğələlər aparırdı (o, 1979-cu ildən həm də bu Universitetin Türkologiya kafedrasının professoru olub). Məhz o dövrdə U. Berzinşdə “Kitabi-Dədə Qorqud” abidəsinə böyük maraq oyanmış və dastanı latış dilinə tərcümə etmək fikri yaranmışdır. Odur ki, U. Berzinş eposu hələ tələbəlik illərindən tərcümə etməyə başlamış və müəyyən fasilələrlə 20 ilə tərcümə etmişdir. Dastandan ilk tərcüməni - “Duxa Qoca oğlu Dəli Domrulun boyu”nu 1969-cu ildə dərc etdirib. Bu boy həmçinin Latviya televiziyasında səhnələşdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“Kitabi-Dədə Qorqud”un latışca birinci nəşri asan başa gəlməmişdir. Belə ki, U. Berzinş tərəfindən tərcümənin “Liesma” nəşriyyatına hələ 1987-ci il iyun ayının əvvəlində təqdim edilməsinə və dastanın 1989-cu ilin mayında çapa imzalanmasına baxmayaraq,  kitab bir sıra obyektiv və subyektiv səbəblərə görə bir neçə illər ərzində mətbəəyə çapa göndərilmədən qalmışdır.

O zaman dastanı nəşr etmək üçün paralel olaraq digər səylər də olmuşdur. Bununla bağlı belə bir faktı göstərmək istərdik ki, 90-cı illərin əvvəlində Riqada Latviya - Azərbaycan Mədəniyyət Assosiasiyası yaradılaraq diaspora təmsilçisi Faiq Səfərovun sədrliyi ilə fəaliyyətə başlamışdı. O dövrdə bu Assosiasiya ilə Latviyanın bir sıra televiziya və radio jurnalistləri, Latviya Xalq Cəbhəsinin ziyalı fəalları, bir çox latış incəsənət xadimləri, o cümlədən, şair U. Berzinş əməkdaşlıq əlaqələri saxlayırdı. 1992-1993-cü illərdə Assosiasiyanın fəalları dastanın tərcüməsini öz qüvvələrilə çap etdirmək fikrində olublar. Təəssüf ki, onların bu nəcib istəyi bəzi səbəblər üzündən həyata keçirilmədən qaldı.

Eposun 1993-cü il nəşri haqqında Latviyanın “Oxucu şərhləri” (“Lasitajas piezimes”) portalında 1 oktyabr 2009-cu ildə dərc edilmiş “Gözəl və qana boyanmış hekayətlər” (“Skaisti un asinaini”) adlı tanıtma yazısında da belə göstərilib ki, “... kitab hələ SSRİ dönəmində - 1987-ci ildə yığılmaq üçün nəşriyyata təhvil verilsə də, yalnız Latviyanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra - 1993-cü ildə çapdan buraxıldı. Xoşbəxtlikdən kitabın əlyazması 90-cı illərin böhranından keçərək sağ-salamat qala bilmişdi...”.

Onu da qeyd etmək istərdik ki, dastanın latışca nəşri barədə 1994-cü ilin yanvarında Azərbaycan mətbuatında AZƏRTAC-a istinadən azərbaycanca və rusca bəzi xəbərlər dərc olunmuşdur. 

Biz öncə tərcüməçinin eposa hansı ictimai-tarixi səpkidə yanaşmasının və tərcüməyə yaradıcılıq baxışının parametrlərini təyin edən mühüm bir faktoru qeyd etmək istərdik. Belə ki, U. Berzinş təcrübəli türkoloq və ustad tərcüməçi kimi çox düzgün olaraq “Kitabi-Dədə Qorqud” dastanına yalnız Azərbaycan xalqının tarixi keçmişini deyil, həmçinin bütün Türk dünyasının ağsaçlı tarixini yaşadan, oğuz türklərinin qədim dünyagörüşünü və zəngin etnokulturoloji dəyərlərini əks etdirən möhtəşəm ortaq dəyərlər abidəsi, dövlətçilik tarixini daşıyan misilsiz mənbələrdən biri kimi yanaşmışdır. Odur ki, əsərin latışca nəşrində, eləcə də bu nəşr haqqında Latviyada işıq üzü görmüş bütün annotasiyalarda, məqalələrdə və biblioqrafik göstəricilərdə “Kitabi-Dədə Qorqud”un U. Berzinş tərəfindən qədim oğuz dilindən (!) tərcümə olunduğu göstərilir. Tərcümə zamanı dastanın konkret olaraq hansı oğuz türklərinin dilindəki nəşrindən orijinal kimi istifadə olunması kitabda qeyd olunmayıb.

Alim və tərcüməçi U. Berzinşin dastana belə dərin ictimai-tarixi kəsimdə  və geniş etnokulturoloji aspektdə yanaşması türkoloq alim, akademik Tofiq Hacıyev (1936-2015) tərəfindən dastanın əhəmiyyəti ilə bağlı edilmiş belə bir dəqiq konstatasiyanı xatırladır: - “Dədə Qorqud kitabı” türk ədəbiyyatının Şah əsəridir. Türkü türk edən, bizi-biz edən nə varsa - tarixi-sosial, etnik-psixoloji, ədəbi-fəlsəfi, fiziki-mənəvi faktorların hamısı “Dədə Qorqud kitabı”nda vardır.

U. Berzinşin və T. Hacıyevin dastana bu cür yaradıcılıq baxışlarının məcmusu öz növbəsində, dünyaca ünlü  ədəbiyyatşünas və türkoloq alim, İstanbul Universitetinin professoru Fuad Köprülüzadənin (1890-1966) “Kitabi-Dədə Qorqud” haqqında dediyi və ictimai diskursda tez-tez təkrar olunan məşhur dəyərləndirmə ilə mahiyyətcə tam uzlaşır: - “...Bütün türk ədəbiyyatını tərəzinin bir gözünə, Dədə Qorqudu o biri gözünə qoysanız, yenə də Dədə Qorqud ağır basar”.

Qeyd edək ki, U. Berzinş dastanın tərcümə edilib ərsəyə gəlməsində bir neçə yaradıcı şəxsin ona göstərdiyi akademik yardım barədə özünün müsahibə və məqalələrində dəfələrlə minnətdarlıqla qeyd edib. Həmin şəxslərdən biri - Azərbaycan mifoloji mətnləri üzrə mütəxəssis, tanınmış qorqudşünas tədqiqatçı Arif Acalovdur. O zaman A. Acalovun latış qələm dostu ilə görüşüb tərcümə ətrafında müzakirələr aparmaq və lazımi məsləhətlər vermək üçün gözəl imkanı vardı. Belə ki, o, 80-ci illərdə Tartu Universitetinin müəllimi, ünlü alim-semiotik, professor Yuri Lotmanın (1922-1993) aspirantı olaraq Estoniyada təhsil alırdı. U. Berzinşin və həmçinin digər latış müəlliflərinin yazdıqlarına görə, dastanın tərcüməsi zamanı professor Y. Lotmanın özü də tərcüməçiyə bir sıra faydalı məsləhətləri ilə böyük köməklik göstərib (Y. Lotman da U. Berzinş kimi Leninqrad Universitetinin məzunudur).

Arif Acalov nəşrə “Mənim ulu Atam və Kitabım” (“Mans Vectevs un mana Gramata”) adlı sözardı yazmış, latış oxucularına dastanın tarixi, bədii məziyyətləri və əhəmiyyəti haqqında edukoloji bilgilər təqdim etmişdir.

Kitaba Latviya Universiteti Teologiya fakültəsinin sabiq dekan müavini, tanınmış semitoloq alim (ərəb və ivrit mədəniyyətləri üzrə), mərhum professor Yanis Sikstulis (1946-2012) rəy yazmışdır.

Nəşrdə həmçinin “Kitabi-Dədə Qorqud” dastanının söz dünyasına aid 100 adda toponim, etnonim, şəxs adları, dini ifadələr, mifik obrazlar, eləcə də digər söz və deyimlərin geniş izahları verilib. Y. Sikstulis və A. Acalov tərəfindən hazırlanmış bu kommentariyalar latış oxucularına eposun tarixi, məzmunu və obrazları barədə daha dolğun, dəqiq və aydın məlumatlar almağa xidmət edir.

Kitabda Dədə Qorqud ellərinin -  oğuz türklərinin məskunlaşma coğrafiyası və dillərinin yayılma arealını əks etdirən xəritə də yer alıb.  

SAVAŞ LÖVHƏLƏRİ RƏSSAM FIRÇASINDA 

Ələlxüsus vurğulanmalıdır ki, dastan latış dilində olduqca nəfis tərtibat və yüksək poliqrafik keyfiyyətlə çap edilib. Dastana məxsusi olaraq çəkilmiş rəngli illüstrasiyalar tam orijinallığı və klassik Azərbaycan miniatür rəssamlığında dominant mövqe tutan xarakterik çalarlarla ahəngdarlıq təşkil etməsi baxımından xüsusilə diqqəti çəkir. “Kitabi-Dədə Qorqud”un latış nəşrinə dastanın müqəddiməsi və ayrılıqda hər boyu, eləcə də kitabın üz qabığı üçün çəkilmiş 14 illüstrasiya daxil edilib. Həmin əsərləri tanınmış latış rəssamı və kitab illüstratoru, Latviya İncəsənət Akademiyasının məzunu Liliya Dinere (1955) yaradıb (sözgəlişi göstərək ki, o, 50-dən artıq kitaba illüstrasiyalar çəkib və onların bədii tərtibatını hazırlayıb).

Kitabda verilmiş 14 illüstrasiyanın 12-də boylardakı savaş olayları təsvir olunub. Rəsmlərin hamısı dastanın yüksək qəhrəmanlıq ruhu və coşqun vətənpərvərlik hissləri ilə aşılanıb. Onu da qeyd edək ki, bəzi latış müəlliflərinin fikrincə vuruş səhnələrini təsvir edən həmin rəsmlərdə düşmənə qarşı xüsusi Şərq amansızlığı, hətta insafsız və qəddar rəftara məruz qalma məqamları yer alıb. Lakin bununla yanaşı onlar etiraf edirlər ki, klassik kanonlara əməl edilib yaradılmış şəkillərdə böyük mübarizə əzmi və döyüş ruhu üstünlük təşkil edir.

Tərcümənin ilk nəşri barədə yuxarıda göstərdiyimiz “Gözəl və qana boyanmış hekayətlər” başlıqlı məqalədə qeyd olunur ki, latış rəssamı bu əsərləri yaratmazdan öncə Azərbaycan incəsənəti, folklor və etnoqrafiyası barədə daha geniş və lazımi bilgilər əldə etmək üçün Bakıya gəlmiş, burada bir sıra mütəxəssislərlə görüşmüş, arxiv araşdırmaları aparmış, qədim sənət nümunələri ilə tanış olaraq bu sahədəki təsəvvür və bilgilərini xeyli genişləndirmişdir. Bu səfərin nəticələrindən bəhrələnən müəllif əsərin latış nəşri üçün dastan qəhrəmanlarının fərqli surətlərini canlandıran möhtəşəm əsərlər qalereyası yaratmışdır. Burada obrazlar fərdi xüsusiyyətləri, emosionallığı, dərin psixologizmi və ifadəliliyi ilə bir-birindən aydın seçilib tanınır. Bütün vizual səhnələr və xarakterlər çox ciddi bir şəkildə dastanın məzmunu, süjet və ideya vəhdətinə əsaslanmışdır.

Bu fikri heç bir tərəddüd etmədən nəşrin üz qabığında verilmiş və ilk baxışdan dartışmalı fikirlər oyada bilən şəkilə də aid etmək olar. Üz qabığındakı illüstrasiyada boz qurdla qara donuz arasında gedən ölüm-dirim savaşının dramatik bir məqamı əks olunub.

Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud”da oğuz türkləri ilə kafirlər arasında yaşanan dini və mənəvi ziddiyyətlərlə, etnik qarşıdurmalarla ilgili epizodlar, eləcə də bu zəmində baş verən döyüşlərlə bağlı bəzi səhnələr vardır. Buna görə də, “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”da deyildiyi kimi, “it tək mırıldayan çərkəz donuzluları”, gürcülər, xristian qıpçaqları, rumlar və s. etnik qrupların bəzi təmsilçiləri eposun bir sıra yerlərində təcavüzkar kafir arxetipləri qismində təsvir olunublar. Dastanda həm də göstərilir ki, “küçücük donuzlarını şülən verən, döşəyi saman torbası, yastığı isə kərpic parçası olan qara qəlbli köpək kafirlər” oğuz bəylərini əsir götürəndə “qara donuz damında yatırdırdılar”, “qara donuz  ətindən yaxnı yedirdirdilər” və s.

Dini ziddiyyətlər müstəvisində bütün bu göstərilənlərlə bağlı daha bir vacib məqamı vurğulamaq lazımdır ki, əsərin latışca nəşrinin müqəddiməsində Qorqud Atanın “Rəsul əleyhüssəlam zamanında” yaşadığı göstərilmişdir. Odur ki, kitabın üz qabığındakı illüstrasiyada əks olunmuş iki güc təmsilçisinin fiziki qarşıdurma (savaş) səhnəsində,latış rəssamı oğuz türklərini boz qurd simvolunda, oğuz elinə hücum etmiş kafirləri isə qara donuz obrazında ümumiləşdirib təsvir etməklə, “Kitabi-Dədə Qorqud”da dini və etnik qarşıdurmalar kontekstində yer almış motivləri adekvat şəkildə dərk etmiş və bu qarşıdurmaların  hərəkətverici qüvvələrinin vizual görüntülərini əsərin ictimai-tarixi məcrasına və hadisələrin gərgin axarına yaxın ruhda canlandıra bilmişdir.

Mütləq göstərmək lazımdır ki, L. Dinerenin “Kitabi-Dədə Qorqud” eposuna çəkdiyi bənzərsiz illüstrasiyalar, həmçinin kitabın bədii redaktoru, Latviya İncəsənət Akademiyasının professoru, rəssam Yuris Petraşkeviçs (1953) tərəfindən nəşrə incə zövqlə verilmiş tərtibat Latviyada çox yüksək dəyərləndirilmiş və ilin ən gözəl kitabı müsabiqəsində “Qızıl alma ağacı” mükafatına layiq görülmüşdür. Sözgəlişi vurğulamaq istərdik ki, professor Y. Petraşkeviçs həmçinin 2011-ci ildə “Quran”ın latışca nəşrinə çox nəfis bədii tərtibat verərək kitabın olduqca gözəgəlimli çapına nail olmuşdur.

Burda haşiyə çıxaraq qeyd edək ki, L. Dinerenin yaratdığı illüstrasiyalar türk və alman kitab naşirlərinin də diqqətini çəkmiş və onlar “Kitabi-Dədə Qorqud”un türkcə və almanca nəşrlərinin bədii tərtibatında həmin əsərlərdən böyük məmnuniyyətlə istifadə etmişlər. Misal kimi göstərə bilərik ki, dastanın 1994-cü ildə Türkiyədə işıq üzü görmüş nəşrinin tərtibatı L. Dinerenin sözügedən illüstrasiyaları ilə zənginləşdirilib (Dede Korkut Öyküleri. “Anadolu” Yayınevi, 1994. Resimleyen Lilija Dinere).

1995-ci ildə “Kitabi-Dədə Qorqud” eposu tanınmış ədəbiyyatşünas və tərcüməçi Əhməd Şmidenin (1935-2010) tərcüməsində almanca nəşr edilib. Bu nəşrin nəfis bədii tərtibatı da əsasən L. Dinerenin rəsmləri sayəsində ərsəyə gəlib (Dede Korkut's Buch. Das Nationalepos der Oghusen. Aus dem oghusischen Türkisch von H. Achmed Schmiede. Illustrationen von Lilija Dinere. Verlag “Anadolu”, Hückelhoven: Ministreum für kultur, 1995).

Diqqətəlayiq haldır ki, latış sənətkarının əsərlərindən daha sonralar “Kitabi-Dədə Qorqud”un məktəb uşaqları üçün nəzərdə tutulmuş türkcə nəşrlərində də uğurla istifadə olunub. Belə ki, 2006-cı ildə eposun Türkiyədə ibtidai məktəb şagirdlərinə ünvanlanmış nəşrinin bədii tərtibatı da L. Dinerenin çizimləri üzərində qurulub (Dede Korkut. İlköğretim Okulları İçin. Editör Melih Elal, Çizimler Lilija Dinere. İstanbul, 2006).

 





07.11.2016    çap et  çap et