525.Az

“Bax paylaşdığımıza...” - Orxan Aras Frankfurtdan yazır


 

FRANKFURT KİTAB SƏRGİSİNDƏN QEYDLƏR

“Bax paylaşdığımıza...” - <b style="color:red">Orxan Aras Frankfurtdan yazır</b>

Bu il Avropada paylaşılan kitab oldu. Frankfurtda - dünyanın ən böyük kitab sərgisində fəxri qonaq kimi Niderland və Belçikanın Flandre bölgəsi seçilmişdi.

Hər yerə mavi rəng hakim idi. Terrordan və qaçqın axınından qorxan Avropa “Kitabı ən əhəmiyyətli paylaşma vasitəsi olaraq görürəm” deyə, şüarını “Dies ist, was wir teilen” (Bax paylaşdığımıza...) kimi ifadə etmişdi.

Amma Frankfurt Kitab Sərgisinə ən böyük damğanı bu il Sülh Mükafatını qazanan Karolin Emke vurdu. “Avropada indi şiddət və fanatizm rüzgarı əsir”, deyərək Avropadakı irqçi hərəkətləri qətiyyətlə qınadı. “Sözdə dinçi və milliyyətçi doqmaçılar”, “homogen xalq”, “gerçək din”, “əsl ənənə”, “təbii bir ailə” və “xüsusi bir millət” təbliğ edirlər. Bizi şəxsiyyətlərə və fərqliliklərə bölürlər. Bu dəfə fanatiklər küçələrə çıxıb adam döymür, suriyalı qaçqınların qaldıqları evləri atəşə vermir, yəhudilərin başındakı kipanı, müsəlman qadınların başlarındakı örtüyü çəkib almırlar. Amma söhbətləri, şüarlarıyla kin yayırlar. Bizi bir-birimizlə vuruşdurmaq istəyirlər”.

Karolin Emke 1967-ci ildə Köln yaxınlığındakı Mülhelm şəhərində dünyaya gəlib. Londonda iqtisadiyyat, Harvard universitetində isə fəlsəfə oxuyub. Qloballaşma və insan hüquqları ilə əlaqədar yazılar yazmasına baxmayaraq, haqqında ən çox danışılan “Wie Wir Begehren” (Arzu etdiyimiz kimi) kitabı oldu.

Frankfurt Kitab Sərgisində yalnız kitablar nümayiş etdirilmir. Orada hər xalqın rəngini, mədəniyyətini görmək də mümkündür. Çinlilər stendlərinə gələn qonaqlara həm yaşıl çay, həm də ənənəvi paltarlar geymiş gözəl çinli qızların kanona bənzər çalğılarıyla canlı musiqi ziyafəti təqdim edirdilər. Rusların stendində isə yenə Tolstoy, Dostoyevski, Puşkin vardı. 17 min ada və İndoneziya ayrı bir rəng qatmışdı sərgiyə. Dünyanın müxtəlif bölgələrindən gəlmiş karikatura sənətkarlarının əsərləri də nümayiş etdirilirdi. Əsas mövzu ağrı, təzyiq və əzilmişlikdi.

Sərgini Azərbaycandan professor Səlahəddin Xəlilov, Türkiyədən yazıçı Həsən Kayıhan və Köln Universitetində magistratura tələbəsi olan kitab sevdalısı gənclə - Süleyman Sadıxovla gəzdik. Süleyman qazaxlıdır. 21 yaşı var, amma xeyli klassik əsər oxuyub. Səlahəddin Xəlilovun sərgidə “Əbu Turxan. Aforizmlər” adlı kitabı nümayiş etdirilirdi. Cənubi Almaniya Yazarlar Birliyinin başqanı Uli Rothfussun təqdimatında nəşr olunan kitab “Pop” nəşriyyat evindən çıxıb. “Vintervork”da çıxan, şair Rüstəm Behrudinin “Meşədəki dərdli ağac”, Eyvaz Zeynalovun “Konduktor” və “Alın yazısı”, Əjdər Olun “Günəbaxan zəmisi”, Şəmil Sadığın “Odərlər” adlı kitabları nümayiş etdirilirdi. “Vintervork” nəşriyyatının sahibi cənab Vinter Azərbaycan ədəbiyyatını çox az tanıdığını və bu mövzuda məlumat yığdığını dedi.

Sərgini gəzərkən Türkiyə və Azərbaycan stendlərinə də uğradıq. Azərbaycan stendində klassik əsərlərlə yanaşı müasir yazıçılardan da nümunələr vardı. Elə oradaca Aslan Cəfərov və Zaur Dünyamalıyevlə tanış olduq. Bizə səmimi maraq göstərdilər. Gətirdikləri kitablardan hədiyyə verdilər.

 





07.11.2016    çap et  çap et