525.Az

Xoreoqrafiya Akademiyası regionlarda seminarlar keçirir


 

Xoreoqrafiya Akademiyası regionlarda seminarlar keçirir<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşəbbüsü ilə bugünlərdə Şəki şəhərindəki  İ.S.Nakam adına mərkəzi kitabxanada Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri, musiqi və incəsənət məktəblərinin rəhbərləri, əməkdaşları və təhsilalanlarının iştirakı ilə "Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı" mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Bakı Xoreoqrafiya Akademiyası təhsil kompleksinin Bakalavr və Magistratura şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent A.Əlizadə,  İnformasiya və İctimaiyyətlə əlaqələr Şöbəsinin müdiri Əbülfəz Babazadə Bakı Xoreoqrafiya Akademiyası haqqında, onun keçdiyi tarixi inkişaf yolu, Akademiyaya və rəqs sənətinə dövlət qayğısı, cənab Prezidentin fərman və sərəncamları, Akademiyadakı tədris prosesi, professor-müəllif heyəti, uğur və nailiyyətlər, Akademiyanın uşaq və gənclərə təklif etdiyi imkanlar haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Akademiya respublikada, regionda və ümumiyyətlə MDB məkanında özündə təhsilin bütün pillələrini ehtiva edən ən unikal təhsil müəssisəsidir. Cari tədris ilində Akademiyanın ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilmişdir. Növbəti tədris ilində ixtisas saylarının artırılması və musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs müəllimliyi, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır. Seminar dinləyicilərdə maraq doğurub və bu görüşlərin davamlı olmasının zəruriliyi bildirilib. İnteraktiv şəkildə təşkil olunan seminarda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Noyabrın 8-də isə BXA-da Dövlət Bayrağı günü qeyd edilib. İlk öncə Akademiyanın rəhbərliyi və professor-müəllim heyətinin iştirakı ilə Akt zalında tədbirin rəsmi hissəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev bayrağımızın Azərbaycan xalqının tarixi keçmişi, dövlətçilik ideyalarının formalaşması və milli özünüdərk prosesindəki əhəmiyyətindən danışıb. Qeyd edin ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir.  Rektor vurğulayıb ki, müasir Azərbaycan bayrağı hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət bayrağı kimi qəbul edilib və 1990-cı il noyabrın 17-də o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada yenidən bərpa edilərək Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu da son illər ərzində müxtəlif sahələrdə, o cümlədən, xarici siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman sahələrində əldə olunan nailiyyətlərin bariz nümunəsidir.

Daha sonra Akademiyanın professor və müəllimləri məruzələrlə çıxış ediblər.

Tədbir Akademiyanın müəllimləri, şagird və tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Uşaqların ifasında dövlət bayrağına həsr olunmuş şeirlər və milli rəqslər təqdim olunub. Tədbirdə qonaq qismində Rusiya Federasiyasının Sankt-Peterburqdakı Vaqanova adına Rus Baleti Akademiyasının əməkdaşları iştirak ediblər.

MÜŞFİQ

 





11.11.2016    çap et  çap et