525.Az

Donald Trampın dinc inqilabı


 

Donald Trampın dinc inqilabı<b style="color:red"></b>

Hillari Klintonun avropalı tərəfdarlarının ABŞ-da başa çatmış prezident seçkiləri ilə bağlı qənaətlərinə görə, Donald Trampın qələbəsi ABŞ-da kök salmış sistemə qarşı ciddi təhlükəyə çevrilə bilər.

Siyasi sistemə qarşı çıxan D.Tramp qazandığı möhtəşəm qələbə ilə bütün Qərb dünyasını şoka saldı. İndiyə kimi nə ABŞ, nə də Avropa bu şokdan ayıla bilir.

Heç kimə sirr deyil ki, Avropanın bütün siyasətçiləri istisnasız olaraq Hillari Klintonun qələbəsini proqnozlaşdırırdılar. Buna o dərəcədə inanırdılar ki, hətta özlərində cəsarət tapıb D.Trampı təlxək, fırıldaqçı belə adlandırırdılar.

Trampın qatı avroskeptik olması ABŞ-da keçirilən prezident seçkilərini əvvəldən sonadək yaxından izləyən bütün Avropa dövlətlərini qorxudur. Avropalılar bütün xarici həmlələrlə təkbətək qala biləcəyindən ehtiyat edir. Əsas təhlükələrdən biri, onların fikrincə, Rusiyanın Avropaya qarşı aqressiv münasibətidir. NATO-nun taleyi indi sual altındadır. Əslində ömrünü çoxdan başa vurmuş bu qurum indiyə kimi sadəcə hərbi-sənaye kompleksi, bank və birjaların maraqları naminə ayaqda qalıb və Şərqi Avropa dövlətləri hesabına öz sıralarını genişləndirib. Həmin vaxt artıq əsas düşmən, yəni SSSR yox idi, Varşava müqaviləsi artıq qüvvədən düşmüşdü. Əslində, Varşava müqaviləsinin ləğvindən və “soyuq müharibə”nin başa çatmasından sonra NATO-nun nəinki möhkəmlənməsi, mövcudluğu belə lüzumsuz idi. Məntiqi baxımdan hamının sülh və əmin-amanlıq içində firavan həyat sürə biləcəyi yeni dünya qurulmalı idi. Təəssüflər olsun ki, Qərb nəinki sülhü bərpa etmədi, üstəlik, bütün dünyaya sahib çıxmaq istəyini ortaya qoydu və hamını ABŞ-ın şəxsi maraqlarına xidmət etməyə məcbur etdi. Qanlı müharibələr başladı, günahsız insanların qanı su yerinə axıdıldı, Liviya, İraq, Əfqanıstan kimi dövlətlər yer üzündən silindi, islam mədəniyyətinin beşiyi olan Suriya, İraq və Yəməndə qardaş qardaşa silah çəkdi.  Sivilizasiya, mədəni irs düşmənləri ABŞ və NATO-nun başçılığı ilə öz məkrli əməllərinə bu gün davam edirlər. Amma artıq bütün oyunların sonu gəlib çatıb. Dünya bütün dövlətlər arasında normal münasibətlərin qurulacağı ilə bağlı düzgün qərarların veriləcəyini gözləyir. İlk növbədə Yaxın Şərqdə vəziyyətin düzələcəyinə, dünyadakı gərginliyin azalacağına ümid bəslənilir.

D.Trampın qələbəsini proqnozlaşdırdığım məqaləmdən bəzi məqamları yenidən qeyd etmək yerinə düşərdi: “Hakimiyyətə gəlişi ilə D.Trampın Cənub Çin dənizi hövzəsində hərbi münaqişəni müvəqqəti də olsa, donduracağına inanmaq istəyirəm. Bu yolla o, ölkə daxilindəki sosial-iqtisadi problemləri həll etmək və ABŞ-da müxtəlif irqlərə mənsub vətəndaşlar arasındakı münaqişələri aradan qaldırmaq üçün xeyli vaxt qazanacaq. Amerikalılar üçün hal-hazırda bir nömrəli problem məhz bu iki məsələdir. Amerikada irqi dözümsüzlüyün yaranması və dərinləşməsinin səbəbinin ikiillik  tarixi var. Söhbət Amerika polisinin beynəlxalq ictimaiyyətin gözü qarşısında dinc nümayişçilərə qarşı güc tətbiq etməsindən, onlarla cinayətkar kimi davranmasından gedir. ABŞ hökumətinin bəxti gətirdi ki, bu iki il ərzində Amerika polisi dinc yolla etiraz aksiyası keçirənlərlə, az da olsa, mədəni davranmağı öyrəndi. Bu amil ştatlarda etniklərarası gərginliyi, qaradərili vətəndaşların ağdərili polislər tərəfindən ciddi əsas olmadan tez-tez qətlə yetirilməsi hallarını azaltmaqda D.Trampa yardım edəcək. Eyni zamanda NATO siyasətinə qarşı çıxan Avropa tənqidçilərinin sayı da artacaq. Təsadüfi deyil ki, D.Tramp çıxışlarında Şimali Atlantika Hərbi Alyansının saxlanma xərclərinin dövlət büdcəsinə çox baha başa gəldiyini dilə gətirmiş, ABŞ-ın Yaxın Şərqdəki müharibələrin yaranmasında rolunu açıq şəkildə pisləmişdi. Amma etiraf edək ki, NATO-nun zəiflədilməsi istiqamətində atılan addımlar D.Trampa baha başa gələ bilər. Bu təşəbbüs sonda acı sonluqla nəticələ bilər”.

Aydınlıq üçün qeyd etməliyəm ki, Hillari Kintonun hakimiyyətə gəlişi onsuz da illərdir idarəetmə sistemi zəifləyən dövlətin süqutunu bir qədər də tezləşdirə bilərdi. Prosesin gedişatı ştatlarla federal hökumət arasında iqtisadi-hüquqi idarəçilik münasibətlərində ciddi problemlərin meydana çıxması ehtimalını daha da artırır. Onlar arasındakı siyasi əlaqələr zəifləyəcək və son nəticədə bəzi ştatları mərkəzi hakimiyyətin tabeçiliyindən çıxmağa sövq edən bir çox amillər aktivləşəcək. Kaliforniya ştatında bu barədə artıq söz-söhbətlər gəzir. Əslində bu, ciddi siqnal kimi qəbul edilməlidir. Ən mühümü isə odur ki, artıq 10 ildən çoxdur Yaxın Şərq və Şimali Afrikada müharibələr aparan hərbi rəhbərlik, hərbi-sənaye kompleksi və prezident administrasiyası arasında ziddiyyətlər daha da dərinləşə bilər. Hərbi-siyasi münaqişələrin gərginləşməsi ilə bağlı rəhbərlikdaxili münasibətlərin pisləşməsi isə nə bu dövlətin özünə, nə də digər dünya ölkələrinə yaxşı heç nə vəd etmir. Bu proses yeni müharibələrin başlanmasına və Yaxın Şərq, Pakistan, Əfqanıstan, Şimali və Mərkəzi Afrikadakı münaqişələrin daha da qızışmasına, yeni müharibə ocaqlarının yaranmasına gətirib çıxara bilər.

D.Trampın prezident seçilməsindən sonra ABŞ-ı və bütün dünyanı bax belə bir mənzərə gözləyir. Bizə isə “ABŞ-da inqilab” və ya “Amerikasayağı Breksit” adı ilə tarixə düşən bu seçkilərin nəticəsi olaraq ABŞ-da baş verənlərin dünyaya yalnız müsbət təsir göstərəcəyinə ümid etmək qalır. Dünyanın daha təhlükəsiz, daha hüzurlu, siyasi liderlərin daha ünsiyyətcil olacağına inanır, onların əl-ələ verib birlikdə sülh və əmin-amanlığı bərpa edəcəklərinə ümid bəsləyirik.

 





12.11.2016    çap et  çap et