525.Az

Dağlı məhəlləsi


 

Dağlı məhəlləsi<b style="color:red"></b>

Bu məhəllə Yasamalda yerləşirdi. İndi onun qalıb-qalmamağı haqqında heç bir təsəvvürüm yoxdur. Çünki son vaxtlar həyət evlərini alıb onların yerində çoxmərtəbəli binalar tikirlər.

Yolumu o tərəfə salıb həmin məhəllənin qalıb-qalmadığını dəqiqləşdirmək də olar, amma qorxuram ki, məhəlləni öz yerində görməyəm və tələbəlik illərindən üzü bəri gizli bir həsrətlə qoruyub saxladığım  xatirələrim bir andaca yaddaşımdan silinib gedə.

Yasamaldakı bu məhəlləni bir tərəfdən Qanlıgöl, bir tərəfdən Universitetin və Politexnik İnstitutun yataqxanaları, o biri tərəfdən isə bazar əhatəyə almışdı. Bu məhəlləyə getmək üçün ən qısa yol Musabəyovun heykəlinin yanından idi. İndi yerində olmayan bu heykəlin üzü dənizə baxırdı, arxasında isə heykəldən yüz-yüz əlli metr uzaqlıqda həmin məhəllə başlayırdı. Heykəlin yanından yol düz gəlib həmin məhəllənin üstünə çıxırdın.

Açığını deyim ki, Yasamalda belə məhəllələr çoxdu. Amma bu məhəllənin mənim üçün özəlliyi onda idi ki, mən özüm bir neçə ilimi orada yaşamışam. Yasamaldakı hamam düz həmin məhəllənin yanında yerləşirdi. Məhəllədə kirayənişin qalan tələbələr öz tanış-bilişlərinə  qaldıqları yeri tapmaq üçün məhz həmin hamamı nişan verərdilər. Hamam da elə əslində tələbələrin hamamı kimi tanınırdı. Çünki Universitetin və Politexnikin yataqxanalarında qalan tələbələrin əsas hamamı bura idi.

Hamamda həmişə tünlük olurdu.  Oraya gələnlərin növbəsi azalmırdı ki, azalmırdı.  Hamamda işləyən dolubədənli, bir az da ayağını çəkə-çəkə yeriyən bəstəboy, xoşsifət kişi (onun adı, düzü, yadımdan çıxıb) buraya gələn tələbələrin çoxunu adbaad tanıyırdı. Hətta onlarla məzəli-məzəli söhbətlər də edirdi. Müharibəyə getməsə də, əsas söhbəti müharibədən olardı. Söhbətlərində Hitlerin atasını yandırırdı. Ən çox Məmmədbağır Bağırzadəni dinləməyi sevərdi. Mənə danışardı ki, bir gün evdəki divanda uzanıb istirahət edirdim, uşaqlar da balkonda televizora baxırdılar. Birdən qulağıma elə bir müğənni səsi gəldi ki, gözlərim bərələ qaldı. Divandan dik atılıb oturdum. Yadıma salmağa çalışdım ki, bu, kimin səsidi? Əvvəl düşündüm ki, Xan əmidir, yəni Xan Şuşinskidir. Sonra aydınlaşdırdım ki, yox, o deyil. Düşündüm ki, bəlkə, Əbülfətdir. Əbülfət Əliyevi deyirəm. Sonra fikirləşdim ki, yox, o deyil. Axırda qərara gəldim ki, Seyid Şuşinskidir. Durub yavaş-yavaş aynabəndə keçdim. Baxdım ki, heç Seyid Şuşinski də deyil. Oxuyan bir cavan oğlandı. Uşaqlardan soruşub öyrəndim ki, onun adı Məmmədbağır Bağırzadədir. Xülasə, həmin hamamçı bu əhvalatı, bəlkə, yüz dəfə, min dəfə danışmışdı, amma Bakıya təzə gələn və birinci kursda oxuyan tələbələrə yenə eyni həvəslə danışırdı və bu söhbətlərindən heç yorulmurdu, bezmirdi. Yataqxanada qalan yuxarı kurs tələbələri hamama ilk dəfə gedən uşaqlardan Məmmədbağır Bağırzadəni tanıyıb-tanımadıqlarını soruşur, onların cavablarından məmnun qalırdılar.

Vay-vay, yadıma düşdü, hamamçının adı Sədulla idi. Amma yenə bilmirəm ki, bu, onun öz adıydı, yoxsa ləqəbi. Hər halda maraqlı kişiydi. Bir dəfə də Politexnikin tələbələri ilə əməlli-başlı davaya çıxmışdı. Səbəb də bu idi ki, universitetin tələbələrindən ikisi, deyilənə görə, nömrəyə növbəsiz girmişdi. Politexnikin uşaqları da hay-həşir salmışdılar ki, bəs onlar növbəsiz giriblər, nömrədən çıxsınlar. İçəridən də uşaqların səsi gəlirdi ki, biz artıq soyunub çimirik, bədənimiz yaşdı, bayıra çıxa bilmərik. Xülasə, Sədulla kişinin nüfuzu Politexnikin uşaqlarını birtəhər ki, sakitləşdirə bildi. Amma öz aramızdı, yaman qoçaqlıq elədi. Çünki onlar nömrədən çıxsa idilər, möhkəm dava-dalaş olacaqdı. Onsuz da yataqxanaları bir-birinə yaxın olan Politexnikin və universitetin tələbələri aranı araya qatıb tez-tez dalaşırdılar. Hər dalaşma bir bəhanə ilə baş verərdi, əsl səbəbi isə heç kəs deməzdi. İndi bu dava-dalaşdan xeyli vaxt keçdiyinə görə əsl səbəbini mən deyirəm, qoy sirr kimi qalmasın. Tələbələrin davası qız üstündə olardı. Politexnikdə oxuyan qızların sayı az olduğuna görə oranın uşaqları tez-tez universitetin qızlar yataqxanasının ətrafında hərlənərdilər. Bu da tələbələr arasında qalmaqala səbəb olardı. Universitetin oğlanları yataqxanadakı qızların əməlli-başlı təəssübünü çəkərdilər.

Bir də o yadımda qalıb ki, hamamda hamının çimdiyi bir ümumi otaq vardı və oraya “obşi hamam” deyərdilər. Bu otaq çox böyük idi, otuz-qırx adam eyni vaxtda çimə bilərdi. “Obşi hamam”ın baş tərəfində isə balaca bir otaq vardı ki, həmişə onun içində buxar olardı. Ürəyi istəyənlər o buxarın içinə girib özlərini bərk tərlədirdilər. Ən çox da güləşçilər yarışdan qabaq bu otağa girib çəkilərini aşağı salardılar. Bu isə onlara özlərindən az çəkili güləşçilərlə yarışmağa imkan verərdi. O da yadıma düşür ki, bir dəfə tələbələrdən biri buxarın içərisində çox qaldığına görə halı pisləşmişdi. Sədulla kişi ilə köməkləşib onu dəhlizə çıxardıq, yardım göstərdik, üstünə soyuq su tökdük. Dəhlizdə gölməçə əmələ gəlmişdi.  Sədulla ucadan qışqırıb mənə deyirdi ki, o boynuyoğuna əlli dəfə demişəm ki, bu buxar otağını bağlatdır. Gərək biri ölə, ondan sonra ağlı başına gələ. Sədulla “boynuyoğun” deyəndə hamamın müdirini nəzərdə tuturdu. Xülasə, o əhvalatdan sonra Sədulla kişinin yanında mənim hörmətim birə on qat artmışdı.

Hamamdan on-on beş addım o tərəfdə Höcətulla kişinin həyəti başlayırdı. Höcətulla ilə Sədulla adları qafiyə olsa da, onların bir-biri ilə heç bir əlaqəsi yox idi. Bu məhəllənin əsasını Höcətulla kişi qoyduğuna görə elə onun adı ilə də adlandırmışdılar. Əsasını deyəndə ki, bu yerlər vaxtilə bomboş  imiş. Bakının ən uzaq nöqtələrindən hesab edilirmiş. Buralarda adam-madam yaşamırdı. Höcətulla kişi özünün dediyi kimi itə-qurda beş-üç manat verib itlərin hürüşdüyü bu yerdə özünə ev tikdirmiş, ağac əkmiş və həyətini də ala-babat hasarlamışdı. Sonra kənddən-kəsəkdən gələn qohum-əqrəbasını yavaş-yavaş başına yığıb əməlli-başlı məhəllə yaratmışdı. Əsas dolanacağı həyətdə tikdiyi balaca otaqları tələbələrə kirayə verməkdən çıxırdı.

Məhəllədə hamamın əks tərəfində Zeynəbin dükanı yerləşirdi. Zeynəbin dükanı Sədullanın hamamından heç də az məşhur deyildi. Məsələ burasındadır ki, Zeynəbin dükanı “gecə” dükanı idi və ona “naçnoy mağaza” deyərdilər. Bu ətrafda olan mağazalar saat 7-də, uzaqbaşı saat 8-də bağlanardı. Ondan sonra ətrafda yaşayanların nəyəsə ehtiyacı olanda  məhz bu dükana gələrdilər. Tələbələr buradan daha çox çörək, çay, qənd, kolbasa, kibrit, bir də arabir araqdan-çaxırdan alardılar. Zeynəbin dükanı o qədər də böyük deyildi. Olsa-olsa, 7-8 kvadratmetr olardı. Hətta dükan o qədər kiçik idi ki, Zeynəb müştərilərlə dükanın pəncərəsindən alış-veriş edərdi.

Nəinki məhəllədə, hətta Yasamalın bu tərəfində hamının tanıdığı Zeynəbin dükanının bir özəlliyi də vardı. Zeynəb tələbələr üçün “nisyə dəftəri” açmışdı. Tələbələr də Zeynəbə sədaqətli idilər, borclarını gec də olsa, gətirib verirdilər. Bu, tələbələrin ya təqaüd aldığı, ya da evlərindən pul gəldiyi vaxtlara düşərdi.

Nisyə dəftəri tələbələrin tanınmasında Zeynəbə çox kömək edirdi. Zeynəb də tanıyandan sonra onları öz adları ilə çağırırdı. Hərdən ərki çatan tələbələrə ayama da qoşardı. Zeynəbin çox sevdiyi bir söz də var idi: Yetim! Tələbələrin bəziləri, xüsusən də atasız olanlar bundan umu-küsü eləsə də, Zeynəb öz şakərini tərgitmirdi, elə bil uşaqlarla icəşirdi. Amma heç kəs bir dəfə də olsun onun üzünə qayıtmazdı. Zeynəbin sözündə bir məhrəmlik, mehribanlıq var idi.

Bir bazar günü Politexnikdə oxuyan tələbələrdən birinin atası şəhərə oğluna baş çəkməyə gəlir. Bu kişi kolxoz sədri imiş. Sədr yataqxanada qalan oğluna bir xeyli pay-püş də gətirir. Amma heç yerə getmir günorta çörəyini də oğlunun dostları ilə yeyir. Necə olursa, sədr öyrənir ki, tələbələrin Zeynəbin dükanına borcları var. Bir dəstə tələbə ilə dar yollardan keçərək Zeynəbin dükanına gəlir. Zeynəb nisyə dəftərini açıb oradakı uşaqların borclarının nə qədər olduğunu söyləyir. Sədr dəftərdə olan bütün borcları hesabladır, hamısını ödəyir və nisyə dəftərini bağladır.  Həmin gün həm tələbələrin, həm də Zeynəbin bayramı olur. Borc çox yığılanda tələbələr zarafatla deyərdilər ki, bir sədr dədəmiz gəlsəydi, Zeynəbdən xəcalətli qalmazdıq.

Nisyə dəftərinin bağlanması əhvalatını yaddan çıxarsaq, Zeynəbin halı heç də həmişə yaxşı olmazdı. Çünki Zeynəb həmişə “rayondan gələn bu yetimlərə nisyə mal verim, verməyim?” düşüncəsinin altında əzilərdi. Nisyələrini vaxtında ödəməyənlərə bir də mal verməyəcəyinə and içsə də, yenə ürəyi durmazdı, uşaqlar nə istəyərdilərsə, verərdi. Zeynəb bu dükandan nə qazanırdısa, bilmirəm, amma bir iş var ki, o, nisyə mal alan tələbələrə daha çox bağlanmışdı. Zeynəb elə gəlirdi ki, bu uşaqlar olmasa, özü yetim qalacaq. Bunun da səbəbi o idi ki, Zeynəb dul qalmışdı, tək-tənha yaşayırdı, heç kimi yox idi. Yaşadığı həyət müharibəyə gedib qayıtmayan ərinin mirası, dükan onun yadigarı idi.

Məhəllənin başqa bir tərəfində isə təndir çörəyi satılırdı. Bura Zibeydə xalanın “obyekti” idi. Zibeydə xala çörəyi çox gözəl bişirirdi. Üstünə küncüt səpdiyinə görə ləzzətli olurdu, yeməklə adam doymurdu. Az adam tapılardı ki, çörəyi alan kimi qırağından bir tikə qoparmasın. “O az adam” da tələbə qızlara aid idi, çünki qızlar ətrafdakılardan utanıb çəkinirdilər. Amma ikisi-üçü bir yerdə olanda onlar da gülə-gülə çörəkdən bir tikə qoparıb ləzzətlə yeyirdilər. Hərdən evə çörəyin yarısı gedib çatardı.

Zeynəbin dükanından fərqli olaraq Zibeydə xalanın “obyektinə” getmək adamdan xüsusi səy tələb eləyirdi. Əvvəlcə Nəcəfulla kişinin həyətinə kimi bir böyük həyətə girirdin, sonra sola burulub divarın dibi ilə düz on-on beş addım atırdın, sonra sağa dönürdün, beş-altı addım atıb sola dönürdün, yenə sola dönürdün və düz təndirəsərin başına gəlib çıxırdın. Təndirəsərə də girmək üçün xeyli əyilməli idin, çünki qapısı alçaq idi. Əslində Zibeydə xalanın bu “obyekti”ndən yola Zeynəbin dükanındakı kimi balaca pəncərə açmaq olardı. Amma açmırdılar, pəncərə açmaq müftə deyildi.

Mən Şamama ilə bu hisli, paslı, tüstülü təndirəsərdə tanış olmuşam. O da mən qaldığım həyətdə - Höcətulla kişinin həyətində kirayənişin idi. Amma qismət elə gətirdi ki, biz burada - çörək növbəsinə duranda tanış olduq və Höcətulla kişinin həyətinə də aldığımız çörəkdən qoparıb yeyə-yeyə bir yerdə qayıtdıq.

Mən atası ispalkomda işləyən bu tələbə qızın adını olduğu kimi, dəyişdirmədən yazıram. Kimsə fikirləşər ki, adını olduğu kimi yazıramsa, onu tanıyanlardan birisi bunları oxusa, bu qız haqqında nə deyər? Bəlkə, lap elə ailə qurduğu adam oxudu, gəlib evdə həngamə qoparmazmı? Məncə, yox! Ona görə ki, indi kitab, qəzet oxuyan yoxdur. Mən də arxayınam ki, bu yazını oxumayacaqlar. Şəhərdə oxusalar da, onun yaşayıb işlədiyi kənddə oxuyan olmayacaq.

Mən Şamama ilə ikinci dəfə Zeynəbin dükanına gedərkən yol yoldaşı oldum. Əslində bunu Şamama özü təklif etdi. Hava qaranlıq idi. Mən də Höcətulla kişinin həyətindən - kirayə qaldığım həyətdən çıxıb küçədə dayanmışdım, siqaret çəkirdim. Höcətulla kişi həyətdə və kirayə evlərdə siqaret çəkməyə icazə vermirdi. Onun özü də, oğlanları da siqaret çəkmirdilər.  Höcətulla kişinin kirayə verdiyi bir neçə otaq var idi ki, onlarda da, əsasən, qızlar qalırdı. Mən təsadüfən gəlib buraya düşmüşdüm. Bəlkə, yeganə adam idim ki, siqaret çəkirdim. Əslində mənim buraya gəlib çıxmağımın səbəbkarı Zibeydə arvadın bizdən yuxarı kursda oxuyan, dərnəkdən tanıdığım nəvəsi olmuşdu.

Xülasə, Şamama küçəyə çıxdı və mənə Zeynəbin dükanına getməyi təklif etdi, qaranlıqda tək getmək istəmirdi. Həmin vaxt öyrəndim ki, Şamama həkim olmaq istəyirmiş, amma birinci ili kəsilib. İkinci ili isə sənədlərini Universitetin Biologiya fakültəsinə verib və qəbul olub. Özü də səmimi şəkildə etiraf edirdi ki, məhz bilə-bilə Biologiya fakültəsinə girmişəm. Biologiya müəllimimiz bizə dərsləri yaxşı öyrətmirdi ki, gedib biologiya müəllimi olub rayona qayıdarsınız, mənim dərslərimi əlimdən alarsınız. Orta məktəbdə sidq-ürəklə mənə dərs deyən, neçə riyaziyyatçı yetişdirən  riyaziyyat müəlliminin dərslərini sonralar öz şagirdləri əlindən aldılar və yarım stavka dərsin ümidinə qalan riyaziyyat müəllimi də çıxıb öz kəndlərinə getdi.

Şamama Zeynəbin dükanından bəzi şeylər aldı. Qayıdıb evə gələndə Höcətulla kişini düz darvazanın qabağında gördük. Elə bil orada durub məxsusi bizi gözləyirdi. Onunla salamlaşıb həyətə keçdik.  Qaranlıq olduğundan Höcətulla kişinin sifətini görmədim və əhvalından xəbərim olmadı.

Bundan xeyli keçmiş şənbə günlərinin birində Sədullanın hamamına getmişdim. Mən hamamın qapısından çıxmaq istəyirdim ki, Şamamanın da oradan çıxdığını gördüm. Başına ağ yaylıq bağlamışdı, əlində böyük  torbada vardı. Torbanın böyüklüyünün səbəbini bilirdim. Qızlar, adətən, hamama gedəndə bəzi paltarlarını, döşəkağını da aparıb orada yuyurdular. Şamama ilə söhbət edə-edə həyətə yollandıq.

Onu da sizə deyim ki, bir xeyli bundan əvvəl Höcətulla kişinin Xarici Dillər İnstitutunda oxuyan qızı ilə də beləcə hamamın qarşısında rastlaşmışdıq. Amma mən onunla birlikdə həyətə getmədim. Ayağımı sürüdüm ki, o, məndən qabağa düşsün və qabağa düşdü də. Deyəsən, bunu o, özü də hiss elədi. Höcətulla kişinin qızı adamın ağlını aparan elə bir güllü və uzun paltar geymişdi ki, həmin paltar onun topuqlarını örtürdü. Mən belə bir paltarı ilk dəfə böyük qardaşımın evinə gəlin gələn Qönçə bacıda görmüşdüm. İndi onlar qalsın bir tərəfə, amma mən Şamama ilə həyətə çatanda işin tərsliyinə bax ki, Höcətulla kişi yenə darvazanın qabağında idi. Elə bil qəsdən bizi gözləyirdi. Salamlaşıb həyətə keçdik. Bu dəfə Höcətulla kişinin narazı sifəti açıq-aydın göründü. Salamımızı almadı.

Bazar günlərindən biri idi. Mən səhər tezdən Axundov kitabxanasına getmişdim. Günortaüstü işimi qurtarıb evə qayıdırdım. Avtobusla gəlib “Lalə” kafesinin  yanında düşdüm. Bu, o vaxtlar idi ki, “İnşaatçılar”  metrosunun hələ izi-tozu yox idi. Yolun digər tərəfinə keçəndə Şamamanın da başqa avtobusdan düşdüyünü  görüb ona yaxınlaşaraq salamlaşdım. Xalasıgildən gəlirdi. Birdən haradansa özümdə cəsarət tapıb Şamamaya dondurma yeməyi təklif etdim, qəribədir ki, o da razılaşdı.  Bazarın yaxınlığında dondurma satılan yerə üz tutduq. 

İki dondurma sifariş etdim, üzərinə də qızılgül mürəbbəsi tökdürdüm. Oturub məktəb illərindən, rayondan, dərsdən, kitablardan şirin söhbət edə-edə dondurma yeyirdik. Bir də nə görsəm yaxşıdır? Bazardan çıxan və hər iki əli dolu olan Höcətulla kişi yükünü yerə qoymadan dayanıb bizə baxırdı. Baxdı, baxdı və sonra da çıxıb getdi.

Dondurmanı yeyib qurtarandan sonra Şamama evə tərəf yollandı, mən isə Universitetin yataqxanasındakı uşaqların yanına getdim. Bir-iki saat orada ləngidim. Mənə lazım olan kitabı tapa bilmədim. Məyus-məyus məhəlləyə döndüm. Sonra evə qayıtdım. Höcətulla kişinin həyətinə girəndə gözlərimə inanmadım. Otaqda nəyim vardısa, hamısı həyətin ortasına tökülmüşdü. Təkcə paltarlarım görünmürdü. Bu an Şamama həyətə çıxdı, mənə yaxınlaşdı, astaca:

-Zeynal, evə gələndə gördüm ki, paltarların və kitabların həyətin ortasına tökülüb. Paltarlarını götürüb şifonerdən asmışam. Höcətulla kişi deyib ki, dəftər-kitabını da götürüb buradan rədd olsun, gözlərimə görünməsin, axırıncı ayın kirayə pulunu da istəmirəm.

Məni Höcətulla kişinin həyətindən Şamama ilə Höcətulla kişinin qızı yola saldı. Həmin axşam oradan köçümü çəkib yenidən yataqxanaya qayıtdım. Yolda hamamın qabağında oturmuş Sədulla kişi salamımı almadı. O gündən sonra Zeynəb də mənə nisyə mal verməyi tərgitdi.

 





14.11.2016    çap et  çap et