525.Az

Türkiyədə Səməd Vurğun bayramı - Fotolar


 

Türkiyədə Səməd Vurğun bayramı - <b style="color:red">Fotolar</b>

Hər şey SÖZdən başlanıb deyirlər. Elə, çox güman ki, SÖZlə də tamamlanır. Tarixən insanlar ikiyə bölünüblər: SÖZə dəyər verənlər və onu nüfuzdan salanlar. Məhz, SÖZü sevib, onu dəyərləndirənlərlə onu aşağılayanlar arasındakı qovğa nəticəsində SÖZ əsil dəyərini qazanıb. Hələ körpəlikdən ana kəlməsi ilə dodaqlara qonan SÖZ sonralar böyük alimlərin, şairlərin, yazıçıların gərgin əməyi nəticəsində cahanda hadisəyə çevrilən əbədi dastanların, ədəbi hadisələrin, elmi axtarışların yaranmasına səbəb olub. Özünün bulaq kimi axan, ana südü kimi təmiz poeziyasıyla hər bir Azərbaycan vətəndaşının mənəvi pasportuna çevrilən məşhur “Azərbaycan” şeirinin müəllifi, Xalq şairi Səməd Vurğunun SÖZü kimi.

Heç vaxt unudulmayan, yaddaşlardan silinməyən Səməd Vurğun bugünlərdə İstanbulda keçirilən Türkiyə Nəşriyyatçıları Satış Yarmarkasında /TUYAP/ doğumunun 110 illiyi səbəbilə anıldı. Azərbaycan Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılığı ilə tədbirə qatılan nümayəndə heyəti arasında Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov, S.Vurğunun ev muzeyinin direktoru Nüşabə Vəkilova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, M.F.Axundov adına Milli kitabxananın direktoru Kərim Tahirov və direktor müavini Ədibə İsmayılova, Azərbaycanın əməkdar artisti Mehriban Zəki, eləcə də dəyərli türk yazarı Azərbaycan dilindən gözəl tərcümələr edən Yasəmən Bayer, Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev, konsul Esmira Hüseynova, media və ictimaiyyət nümayəndələri vardı.

Vaqif Əliyev çıxışında Prezident İlham Əliyevin ədəbiyyat, sənət və elm adamlarına böyük dəyər verdiyini, bunun bariz nümunəsi kimi Xalq şairlərindən Səməd Vurğunla Süleyman Rüstəmin 110, Qabilin isə 90 illiyinin keçirilməsi barədə sərəncamlar imzaladığını vurğuladı. O, TUYAP-da keçirilən belə tədbirlərin, artıq 10 ildən çoxdur ki, davamlı xarakter aldığını dedi. V.Əliyev vaxtilə Səməd Vurğunun "Vaqif" dramının Adil İskəndərov tərəfindən Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulmasını tarixi hadisə kimi dəyərləndirərək, bu əsərlə neçə-neçə aktyor nəslinin püxtələşdiyini qeyd etdi. O, Səməd Vurğun poeziyasındakı azərbaycançılıq, vətəndaşlıq, vətənə məhəbbət motivlərinin gənc nəslə müsbət təsirinə də toxundu. V.Əliyev bu tədbirin keçirilməsinə verdiyi dəstək üçün Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevə dərin təşəkkürünü bildirdi.

Tədbiri S.Vurğunun ölməz "Azərbaycan" şeirinin ifası ilə davam etdirən dəyərli sənətçi Mehriban Zəki iştirakçıları sözün həqiqi mənasında riqqətə gətirdi. Şəxsən mən indiyə kimi bu şeiri onlarla görkəmli aktyor və aktrisanın ifasında

dinləmişdim. Amma Mehribanın bu ifası sələflərindən fərqli, özünəməxsus idi. Heç kəsi təkrarlamayan, heç kəsə bənzəməyən, təkrarsız, bənzərsiz bir ifa...

Millət vəkili, professor Nizami Cəfərov Səməd Vurğun poeziyasının əhəmiyyətindən, gənc nəslin formalaşmasındakı rolundan, şairin qısa ömrünə baxmayaraq, çox işlər görüb, dəyərli əsərlər yaratmasından, Azərbaycanda Elmlər Akademiyasının yaradılmasındakı xidmətlərindən, yaradıcılıq yolunun Yusif və Vaqif Səmədoğlular tərəfindən layiqincə davam etdirilməsindən söz açdı. O, həmçinin, S.Vurğunun ilk biblioqrafiyasının Kərim Tahirov tərəfindən hazırlandığına diqqət çəkərək bu zəhmətinə görə ona təşəkkürünü bildirdi.

Tərcüməçi-yazar Yasəmən Bayar Azərbaycan-Türkiyə münasibətlərindən söz açaraq bu səpkidə özünün gördüyü işlərdən danışdı. O, S.Vurğunun Türkiyədə tərcümələrinin daha çox olmasının vacibliyini vurğuladı.

M.Zəki tədbiri S.Vurğunun gəncliyə xitabən yazılmış şeirinin ifasıyla davam etdirdi.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid tədbirin əhəmiyyətindən söz açaraq, bu sərgi-yarmarka ilə bağlı xatirələrini, təəssüratlarını dilə gətirdi. Səməd Vurğun poeziyasının xüsusiyyətlərindən, önəmindən söz açan Rəşad Məcid onun şeirlərinin axıcı dilini, vətəndaşlıq hisslərilə zəngin məzmununu, yüksək təsirini ayrıca qeyd etdi.

Nüşabə Vəkilova Xalq şairinin xatirəsinə göstərilən sonsuz ehtirama, onun yaradıcılıq irsinə, ailəsinə olan yüksək dövlət qayğısına və xalq sevgisinə görə təşəkkürünü bildirdi, hamını, imkan düşdükcə, Bakıdakı ev muzeyini ziyarətə dəvət etdi. O, artıq bu ev muzeyində S.Vurğunla yanaşı Yusif və Vaqif Səmədoğlu qardaşlarının da ayrıca guşələrinin yaradıldığını dedi.

Tədbirə M.Zəkinin gözəl ifası ilə yekun vuruldu.

İstanbul
15 noyabr 2016-cı il

 





16.11.2016    çap et  çap et