525.Az

“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb”


 

“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb”<b style="color:red"></b>

Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspor və Lobbi” Elmi Araşdırmalar mərkəzinin sədri Zaur Əliyevdir.

– Tolerantlıq bizim siyasi leksikonumuza son illərdə fəal şəkildə daxil olmuş terminlərdən biridir; mənası “dözüm”, “dözümlülük” deməkdir. Həqiqətdə bu, cəmiyyətin mövcudluğunun, buradakı nizamın və tarazlığın əsaslı prinsiplərindən biridir. Kommunist ideologiyasına tolerantlıq yad bir şey idi. Nəinki ona zidd olan, hətta, az-çox uyğun gəlməyən, onu sözsüz qəbul etməyən hər hansı bir şeyi həmin ideologiya sadəcə olaraq kəsib atırdı. “Kim bizimlə deyildirsə, o bizə düşməndir” şüarı həmin ideologiyanın əsas prinsipi idi. Ona görə də kommunist cəmiyyətində bir siyasi partiya var idi, hakimiyyət bir şəxsin simasında cəmləşirdi, hamı bir cür danışır və hərəkət edirdi və s. Tolerantlıq sosial həyatın ayrı-ayrı sferalarında müxtəlif şəkildə və səviyyələrdə təzahür edir. Onun ilkin formalarından biri, yuxarıdakı təhlilimizdən aydın olduğu kimi, əxlaqi tolerantlıq (və ya əxlaqda tolerantlıq) olmuşdur. Bu o deməkdir ki, bəşəriyyət yarandığı gündən nə qədər qadağalar  fikirləşib tətbiq etsə də, cəmiyyətin bütün üzvlərini vahid standartlara uyğun şəkildə tərbiyə etmək mümkün olmamışdır. Dini tolerantlıq nisbətən sonralar meydana gəlmiş və əslində əxlaqi tolerantlığın davamı olmuşdur. Dinin başlıca missiyası insanları Allahın əxlaqına qaytarmaq, onları ilahi ruhda tərbiyə etməkdir. Bəşər tarixində çoxsaylı dini müharibələr, səlib yürüşləri və s. dini tolerantlığı aradan qaldıra bilməyib, əksinə onun ilahi zərurət olduğu sübuta yetirib. Nəticədə müxtəlif dinlərə, məzhəblərə, sektalara mənsub olan möminlər eyni cəmiyyətdə yanaşı yaşamalı olublar. Bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olub. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı idi. 1648–ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Tam dolğun fikirlər yalnız XX əsrin ortalarından formalaşmağa başladı. Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”, “insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. İnsan Hüquqlarına dair Bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilib. Tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin sülhə nail olmağın ayrılmaz və mühüm ünsürüdür.  Bildiyiniz kimi 16 noyabr 1995-ci il YUNESKO-nun Parisdə 185 üzv-dövlət tərəfindən imzalanmış “Tolerantlıq prinsiplərinin Bəyannaməsi”nədə belə tərif verilib. Tolerantlıq – dünyamızdı mədəniyyətlərin zəngin müxtəlifliyin mövcud özünüistifadə formalarına hörmətlə yanaşmaq, bunları tanımaq və düzgün anlamaq deməkdir.

Eyni zamanda biz ölkəmizdəki vəziyyətlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın dediklərində həqiqəti görə bilərik. O deyib: “Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir. Bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik”. Həmçinin Roma papası İohann Pavelin sözlərini də unutmayaq: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”.“Tool Shed” məsləhət qrupunun direktoru Ceyson Kats Nyu-Yorkda dini mərkəzin tikintisi ilə bağlı ictimai mübahisələrə həsr etdiyi məqaləsində yazır ki, “Elə müsəlman ölkələri var ki, orada qadınlar bütün hüquqlardan, azadlıqlardan istifadə edirlər və zamanla ayaqlaşırlar. Bütün vətəndaşlara bərabər hüquqlar verən, bununla hətta ABŞ və çoxsaylı müsəlman əhalinin yaşadığı digər Avrasiya ölkələrini də qabaqlayan Azərbaycana nəzər salmaq kifayətdir”.

– Ölkəmizdəki dini azlıqların hüquqlarının qorunması və təminatı, sizcə, hansı səviyyədədir?

– Azərbaycanda tolerantlıq mühitinin yaradılması, dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət tərəfindən çox mühüm və ciddi addımlar atılıb. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər olunub. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”. Düşünürəm ki, Azərbaycan Respublikasında hər bir kəsin dini etiqad azadlığı ilə bərabər milli, etnik, dil, irqi azadlıqları dövlət tərəfindən tam və əhatəli şəkildə təmin olunur və qorunur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam dünyası arasında önəmli, etibarlı körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünyada yaranan müsbət təsəvvürün formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu olub.

– Azərbaycanda İslam dininin yayılıb qəbul olunmasının xalqın müqəddəratında hansı ciddi dəyişiklilər yaratdığını söyləmək olar?

– Məlumdur ki, Azərbaycan islam coğrafiyasına aiddir, islam dini ilə əlaqədar peşəsindən asılı olmayaraq Azərbaycan cəmiyyətində Avropadakı kimi məlumat qıtlığı mövcuddur. Sovet Sosialist Respublikaları İttifaqında keçirdiyimiz 70 il bizi aid olduğumuz coğrafiyadan uzaqlaşdırıb və totalitar sistemin içində günümüzün Azərbaycanı var edən bütün elmimiz, cəmiyyətimiz və dövlətimiz formalaşıb. Azərbaycan ərazisində islam dininin qəbul edilməsi prosesi çox tez getdi. Belə ki, bu proses cəmi yüz il ərzində Abbasilərin hakimiyyəti dövründə başa çatdı. Burada qeyd edilməsi əhəmiyyətli olan bir məsələ də vardır. V.V.Bartold qeyd edirdi ki, “xristianlıqdan fərqli olaraq islam dini fərdi missionerlərdən istifadə etmirdi və yalnız fəth yolu ilə yayılırdı; müsəlman torpaqlarının sərhədləri ilə islamın yayılma sərhədləri bir-birinə uyğun gəlirdi; islam dini zorakılıqla yayılmırdı və nə xristianlar, nə də zərdüştilər təqib olunmurdular”. Arranda islam dininin yayılması barədə V.Rozen də öz kitabında belə bir qeydlər edib: “Kitab əhli olan Arran əhalisini ərəblər yeni olan bir dini qəbul etməyə heç də məcbur etmirdilər, əksinə xristianların özləri islam dinini çox müvəffəqiyyətlə qəbul edirdilər. Çünki ərəblər öz sadəliyi ilə əzəmətli yeni bir din gətirmişdilər və əhali yeni dini qəbul etməyə məcbur edilmirdi”. İslamın Azərbaycanda və Qafqazda yayılması ərəfəsində burada yaşayan xalqların inkişaf etmiş mədəniyyəti, qədim ənənələrlə bağlı, fəlsəfi mühakimələrlə zəngin dini imanları olub. Məhz bu xüsusiyyət sonralar Qafqaz xalqlarının tarixi həyat yollarının müxtəlifliyini müəyyən etmiş və eləcə də onların dini həyatlarına öz təsirini göstərmişdir.

– İslama qədərki dövrdə türk xalqlarının özlərinin dini inancları olub. Buna şamanizm, göy-türk dini və s. aid etmək olar. Maraqlıdır necə oldu ki, türklər çox sürətlə islam dinini qəbul etdilər?

– Bir məqamı qeyd edim ki, türklərin İslam dinini qəbul etmələri dünya tarixində önəmli bir dönüş nöqtəsi olub. Müsəlman türklər qarışıqlıq içində olan islam dünyasının qoruyucusu funksiyasını öz üzərlərinə götürürlər. Səlcuqlular Abbasi xəlifələrini himayə etdilər. Qərbdə xaç səfərlərinə, şərqdə monqol axınlarına qarşı məhz türklər tərəfindən sədd çəkildi və beləcə islam dünyası dağılmaqdan qurtardı. Bu gün türk xalqlarının 93 faizi məhz müsəlmandır. Türklər İslamı könüllü qəbul ediblər. Bu, bütün tarixçilərin yekdilliklə qəbul etdiyi bir məsələdir. Türklərin Göy Tanrı inancları ilə İslam arasında bəzi bənzərliklərin olması bunda mühüm rol oynamışdır. Qədim türklər sitayiş etdikləri yaradanı “Tenqri” adlandırırdılar. Onlar da Tanrının bir olduğuna və hər şeyi yaratdığına inanırdılar. Parisin Luvr muzeyində saxlanan, qədim Susa şəhərində tapılmış, çar Melişipakın dövrünə aid olan (e.ə. 12 əsr) sərhəd daşının (kudurru) üzərində sümer-akkad tanrılarının rəmzləri cızılıb. Burada daşın baş hissəsində həkk olunmuş aypara-ulduz rəmzi daha da çox diqqəti cəlb edir. Məsələ burasındadır ki, o bu günə qədər dünyada yayılan rəmzlərdən biridir. Aypara-ulduz rəmzi həm də İslamın rəmzi kimi tanınıb. Lakin İslamdan çox-çox öncə ulduz İştar ilahəsinin, ay isə Sin tanrısının rəmzləri olub və Yaxın Şərqin müxtəlif regionlarında işlənib. Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, gələcəkdə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürməsindən sonra baş verib. İlkin İslamda hamı tərəfindən qəbul edilib bir simvol olmayıb. Lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənib və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparıblar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranıb. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xristianlara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o, İslamın rəmzinə çevrilib. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olub. Osmanlıların bütün fəth əməliyyatları bu simvolun altında həyata keçirilirdi. Bundan sonra aypara və ulduz rəmzi bütün müsəlman dünyasında istifadə edilməyə başlayıb. Bu fakt bir daha sübut edir ki, türklərin islama gəlməsi dinin daha da sürətlə yayılmasına təkan verib.

– İslam dininin türk dövlətləri arasında qardaşlıq münasibətlərinin yaranmasındakı ən böyük rolu nə oldu?

– Bu gün türklərin var olduğu dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digərlərinin sosial tərkibinə baxdıqda müxtəlif xalqların və dinlərin mənsublarını görürük. Tolerantlıq, digər millətlərə qarşı xoş münasibət bu dövlətlərin əsas idarəçilik mexanizmini təşkil edir. Müasir Qazaxıstanın 15 milyondan çox olan əhalisinin 47 faizi İslam, 44 faizi pravoslav, 2 faizi protestantdır, 7 faizi isə digər dinlərə, Türkmənistan əhalisinin 89 faizi İslam dininə, 7 faizi pravoslavlığa xidmət edir. Türkmənlər əsasən Hənəfi qoluna mənsubdurlar. İrandan gəlmə əhalinin bir hissəsi isə şiə cərəyanına sitayiş edir. Özbəkistan hər bir zaman İslamın Orta Asiyada mərkəzi olmuşdur. Ölkənin mövcud 28 milyona yaxın əhalisinin 88 faizi İslamın hənəfi məzhəbinə qulluq edir. Rus pravoslav kilsəsinə xidmət edənlər isə 8 faiz civarındadırlar. Qırğızıstanın 5,5 milyondan çox olan əhalisinin 75 faizə qədəri İslam dininə sitayiş edir. Ölkə əhalisinin 20 faizi isə pravoslavdır. Müasir Türkiyənin 77 milyondan çox olan əhalisinin böyük qismi (99.8 faiz) İslam dininə sitayiş edir. Yerdə qalan qismi isə xristian və musəvidir. Müsəlmanların çox qismi sünni məzhəbinin Hənəfi cərəyanına aiddirlər. İkinci ən geniş yayılmış cərəyan isə Ələvilikdir. SSRİ-nin mövcudluğu dövründə imperiyanın bütün dövlətlərində olduğu kimi 5 türk dövlətində də din faktoru qəsdən zəiflədilmiş, ateizm və dinsizlik ön plana çəkilmişdir. Orta Asiyada İslam dininin tarixən koordinasiya mərkəzi Özbəkistanda yerləşən Orta Asiya Dini İdarəsi olmuşdur. Bölgələrdə, yəni digər dövlətlərdə isə bu işi qazilərin rəhbərlik etdiyi yerli idarələr həyata keçirirdilər. Bu rəqəmlər onu göstərir ki, islam dininin dövlətlər arasında  qardaşlıq münasibətlərinin yaranmasında elə çox ciddi təsiri olmayıb son 100 ildə. Türklərin yaşadığı tarixi torpaqlarda Turan adlı türk birliyinin yaradılması ideyasının tarixi uzun zamanlara dayansa da son  əsrdən bir qədər əvvəl müxtəlif coğrafiyalarında yaşayan türk  aydınlarının(Ə.Hüseynzadə, Yusif Akçura, Qaspiralı və d.) ideyalarında güclənməyə başladı.Ümumdünya türk tarixi XX əsrə türklərin uğradığı məlum faciələr və bunların fonunda qazanılan uğurlarla (Müstəqil türk dövlətlərinin yaranması) yekun vurdu. Hesab edirəm müasir dövrdə türk birliyinin qurulumasında dini əməkdaşlıq yaxşı effektlər verə bilməz. Türk birliyi prosesində İslam dininin konkret yerinə gəlincə demək olar ki, dinin siyasi alətə çevrilməsinin qarşısını almaq lazımdır. Türklərin birləşmə prosesindən dini amilləri uzaq tutmaq daha çox müsbət nəticələr verə bilər.

– Azərbaycanda İslamın siyasi platformaya çevrilmə ehtimalı varmı?

– Ölkənin əsas qanununda da yazıldığı kimi Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Ancaq yaddan çıxarmamaq lazımdır ki, dünyəvilik heç də ateizm, yaxud dinsizlik demək deyil. Çünki dövlət özü dini etiqad azadlığının təminatçısıdır. Bu həm əsas qanunda, həm də ondan irəli gələn “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapmışdır. Konstitusiyamızın dinin dövlətdən ayrı olma maddəsini “dindarlar dövlətdən ayrıdır” kimi şərh etmək doğru deyil. Hər bir dindar, dinlə məşğul olan insan da öz ölkəsinin vətəndaşıdır. Onun dövlət qarşısında hüquqları və vəzifələri var. Dinin dövlətdən ayrılığı daha çox siyasi-ideoloji xarakter daşıyır və ictimai-siyasi sistemin dünyəviliyini təsdiqləyir. Dini qurumların, mərkəz və idarələrin, ümumiyyətlə bütövlükdə dinin siyasətə qarışması yolverilməzdir və mövcud qanunvericiliyə ziddir. Bir çoxları deyir ki,hal-hazırda Azərbaycanda islam dini çox geniş inkişaf etmişdir. Gündən-günə namaz qılanların, hicablıların sayı artır. Amma nə səviyyədə? Mənim fikrimcə bir o qədər də qənaətbəxş deyil. Bir namaz qılan başqasının ibadətini bəyənmir, deyir, filankəs əllərini düz qoymur, möhürlə və ya möhürsüz qılır. Və yaxud bir namaz qılan o biri namaz qılana sual verir ki, sən sünnisən, şiəsən, ya başqa hansı təriqətdəsən? Çox vaxt bəziləri islam dininin əsl qanunlarını yaddan çıxarır. Axı islam dini eyni zamanda qardaşlıq dinidir. Bir ibadətdə olan başqasında səhv axtarır,özünü ondan üstün tutur. Hər kəsin fikrincə özü doğru yoldadır və ondan başqa məzhəbə qulluq edən səhv yoldadır. Məgər fikirləşmirlər ki,İslamda əsas böyük günahlar – qumar, fal, şərab, zina, qeybət, böhtan, şirk və sairədir?! Bax bu səbəbdən hesab edirəm ki, ölkəmizdə dinin fəal siyasi və ideoloji mövqeyi qeyri mümkündür. İlk olaraq bu problemlər öz həllini tapmalıdır. Lakin illərdir eyni problem davam edir  və belə bir vəziyyətdə siyasi-ideoloji mövqedən danışmaq çox tezdir.  Biz dinə təhlükə mənbəyi kimi baxmalı da deyilik, əgər davam etsək, bu, bizim yalnız ziyanımıza gətirib çıxaracaq. Azərbaycan dünyəvi dövlətdir və bu inkişaf yolunu xalq seçib. Əgər biz dünyəvi dəyərlərin inkişaf yolunu tuturuqsa, burada dinin inkişafı da öz yerini tutmalıdır. Gənclər üçün islam intellektual baxımdan da, mənəvi baxımdan da cəlbedicidir. Sevindiricidir ki, proses getdikcə güclənir. Yəni ölkənin təmizlənmək, əxlaqlaşmaq, düzəlmək imkanı çoxalır. Konkret olaraq demək olar ki, İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mədəniyyətinin  tərkib hissəsidir və din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir. Müstəqil Azərbaycan indi öz miqyasına və səviyyəsinə uyğun yeni bir elmi atmosfer, mədəni mühit formalaşdırmağa çalışır. Digər tərəfdən də, dünya miqyasına çıxmaq üçün yeni imkanlar açılmışdır. Avropaya, Amerikaya gediş-gəliş, informasiya mübadiləsi imkanı yaranmışdır. Türkiyə ilə, İranla sıx əlaqələr qurulur. Bunun nəticəsində ölkəmizə müxtəlif cərəyanlar gəlir və nəticədə gənclərin bəzilər təsir altına düşürlər. Belə bir şəraitdə islamın siyasi platformaya çevrilməsi dini zəmində qarşıdurma yarada bilər və burada itirən isə biz olacağıq.

– Ölkəmizdə dinlərarası dialoq mühiti, dövlətin bu sahəyə diqqəti barədə nələr demək olar?

– Azərbaycanda dövlət dinlər arasında dialoqa həmişə böyük əhəmiyyət verib, tolerantlıq mühitinin hər zaman hökm sürməsini təmin etməyə çalışıb, bu sahədə əldə etdiyi uğurlar nəticəsində dünya ictimaiyyəti tərəfindən tolerantlığın parlaq nümunəsi adlandırılmağa müvəffəq olub. Qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olub. Belə bir şəraitin mövcüd olmasında Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və s. səbəblər böyük rol oynayıb. Azərbaycanın din tarixinə qısaca nəzər salınsa və hazırki dini durum təhlil edilsə, bu qədim torpaqda tarixən şamanlıq, atəşpərəstlik, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlərin yanaşı mövcud olduğunu və bu dinlərin Azərbaycan xalqının tolerantlıq keyfiyyətinin formalaşmasında kifayət qədər təsiri olduğunu görməmək mümkün deyil. Bu gün Azərbaycan Respublikasında din – dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 18-ci maddəsi bildirir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığı prinsipini şərh edir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai-əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüququ pozuntusuna bəraət qazandırmır”.

(Ardı var)

Günel MUSA

 





29.03.2013    çap et  çap et