525.Az

Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları


 

Dövlətçilik tariximizdə parlaq imzalar - <b style="color:red">Ziyadxanov qardaşları</b>

Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır.

Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar və bu yaşamaq haqqını heç kim onların əlindən ala bilməz.

Azərbaycanda qədim tarixi köklərə, şərəfli şəcərəyə mənsub şəxsiyyətlər az deyil. Belə şəxsiyyətlərdən olan İsmayıl xan və Adil xan Ziyadxanov qardaşları Demokratik Cümhuriyyət zamanında tanınmış dövlət və hökumət xadimlərindən olublar. Tarix elmləri namizədi, BDU-nun dosenti Boran Əziz ilə bu mövzuda ətraflı söhbətləşdik. Alimin sözlərinə görə , İsmayıl xan və Adil xan Ziyadxanov qardaşları məşhur Qacarlar sülaləsinin Ziyadoğlular qolunun siyasi mühitdə görünən sonuncu nümayəndələridir. Ziyadxanovlar Vətənə sədaqətlə xidmət göstərən ailələrdən olub. B.Əziz qeyd edir ki, bu sülalə təkcə Gəncəbasar bölgəsinin deyil, bütün Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb. 

(Əvvəli ötən sayımızda)

1905-1907-ci illərdə ermənilərə qarşı mübarizə aparılmasında və müsəlmanların fiziki cəhətdən salamat qalmasında Ziyadxanov qardaşlarının böyük əməyi olub. Onlar həmin dövrdə Əhməd bəy Ağa oğlu tərəfindən yaradılan "Difai" partiyasının işində də yaxından iştirak ediblər.

Gəncə yaxınlığındakı Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan türklərinin siyasi, sosial, iqtisadi ehtiyaclarını anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətlərinin yaradılması zərurətini izah etdi. İclasda qərara alındı ki, Gəncə qəzasında və vilayət mərkəzində yaradılması nəzərdə tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması Adil xan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Ələkbər bəy Xasməmmədov və Cahangir Xoyskiyə həvalə olundu. Bundan başqa Ə.Topçubaşov, A.Ziyadxanov Ə.Xasməmmədovdan ibarət üç nəfərlik heyət seçildi. Onlara Gəncə bələdiyyəsinə aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətlər haqqında qanun dəyişdirilincəyə qədər yeni seçkilərin dayandırılması üçün rus idarələrində çalışan vəzifəli şəxslər qarşısında təşəbbüs qaldırılması tapşırılır.

Leninin və onun əlaltılarının Azərbaycanı işğal etmək, Bakı neftini yenidən ələ keçirmək haqqında planlar cızdığı bir vaxtda Adil xan Ziyadxanov Azərbaycanın rus xalqına, müstəmləkəçilik azarına tutulmayan rus xalqına münasibətini ümumiləşdirərək yazırdı: "Təəssüf ki, biz Azərbaycan türkləri üzərində alitəbiətlik və insaniyyət sifətləri əskik olmayan və Lev Tolstoylar və sairələr yetirmiş həqiqi rus millətini içərimizdə görməmişik və o millət ki, Azərbaycan müstəqil dövləti yenə vaxtında beynəlxalq qayda üzrə onunla ticarət, iqtisad və sair cəhətdən dostanə əlaqə bərpa edəcəkdir".

Adil xan Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində və məktəblərimizdə ana dilimizin işlədilməsinə etiraz əlaməti olaraq yazırdı: "Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlədilmirdi. Oradakı hakimlər dilimizi bilmirdi və bilmək də istəmirdilər və öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə hakim təyin etmirdilər... Türk dilimiz bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalilə türk balalarına ancaq həftədə bir dəfə dərs oxumaq ixtiyarı verilirdi ki, bu dərs də ancaq şagirdlərin yorğun və həvəsdən düşdüyü zamanda təyin olunmuşdu. İnsana qarşı bundan artıq da xəyanət və zülm olarmı ki, millətin ana dilində oxumağına mane olsunlar. Bir millətin birinci və ali neməti və fəxri onun dilidir. Onun dilini əlindən almaq onu öldürmək deməkdir".

Adil xan Ziyadxanov 1917-ci il fevral burjua inqilabından sonra Gəncədə yaradılmış Milli Müsəlman Şurasının müvəqqəti komitəsinin üzvlərindən biri idi.

O, Nəsib Yusifbəyli ilə birlikdə Türk Ədəmi Mərkəziyyət partiyasının yaradılması və onun proqramının elan olunmasında da yaxından iştirak edib.  Boran müəllim onu da qeyd etdi ki, Türk Ədəmi Mərkəziyyət parrtiyası yeganə siyasi təşkilat idi ki, dərhal Azərbaycanın   Rusiyadan ayrılması təklifini irəli sürmüşdü. Düzdür, sonralar onlar müəyyən səbəblərdən müvəqqəti  Rusiyanın federativ demokratik olmasını dəstəkləsələr də  1918-ci il mart qırğınından sonra yenidən Azərbaycanın Rusiyadan ayrılması ideyasına qayıtmışdılar.

A.Ziyadxanov ermənilərin 1918-ci ildə Bakıda törətdikləri mart hadisələri ilə bağlı yazır: "Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız əhalisinin qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb, bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar və iqtibas edən cənabları nərədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı... Mart hadisəsinin bir illiyi münasibətilə martın 18(31)-də bütün millət matəm saxlayaraq şəhid olan ata, ana, bacı, qardaşlarının və diri-diri mıxlanmış körpə uşaqların ruhuna fatihə oxudular" .

Beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətlik AXC hökumətindən çox çevik xarici siyasət həyata keçirməyi tələb edirdi. Onun xarici siyasətinin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici İşlər Nazirliyinin təşkilinə və onun işinin təkmilləşməsinə xüsusi diqqət verirdi.

A.Ziyadxanov bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu ildə Nəsib bəy Yusifbəyli AXC-nin dördüncü hökuməti kabinəsində Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, A. Ziyadxanov isə onun müavini vəzifəsinə təyin edilmişdi. O, bu vəzifədə 1919-cu ilin avqust ayına kimi çalışmışdı.

1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyinin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət nümayəndəliyin ştatını təsdiq etdi. Tehranda nümayəndəliyin başçısı Adil xan Ziyadxanov təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə maneə oldu. Lakin rus səfirinin hər sözünün İran hökuməti üçün qanun olduğu dövr artıq keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyafət verdilər .

Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah "mehriban qonaqpərvərlik üçün Azərbaycan hökumətinə minnətdarlıq" bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanov Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanovun İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu .

(Firuz Mirzə həm də Paris sülh konfransında İran nümayəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanovun İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yaratmağa təsir göstərmişdi.

A.Ziyadxanov 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı.

A.Ziyadxanovun başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Səfir xarici işlər nazirinə yazırdı ki, "Nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və s. işləri görə bilmir". Bununla belə o yazırdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması işinə başlamışdır. Bundan başqa, nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A.Ziyadxanov "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti " adlı kitabını yayırdı.

Azərbaycanla İran arasında diplomatik danışıqlar teleqraf, ticarər-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyalarının və s. məsələlər ilə bağlı 8 müqavilə imzalanması da məhz Adil xan Ziyadxanov səfirlik etdiyi dövrə, 1920-ci il martın 20-nə təsadüf edir.

İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycanı sovetlə işğal edəndən sonra A.Ziyadxanov vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər .

AXC Sovet işğalına məruz qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii görünməlidir. Çünki o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi nümayəndələri doğru addım atıb, akkreditə olunduqları ölkələrdən sığınacaq alaraq, bolşeviklərin bütün azadlıq mübarizlərinə tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına qayıtmadılar. Bununla əlaqədar "Qələmin uçuşu" əsərində A.Ziyadxanov yazmışdır: "22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün Sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi".

Həmin əsərdə özü haqqında yazdığı qeydlərdən məlum olur ki, vətənə qayıtmaq mümkün olmadığına görə İranda qalan Adil xan 1302-ci şəms ilində Tehranda bələdiyyə idarəsində, 21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmiş, 7 aban 1308-ci ildə ana yurdu Təbrizə - Azərbaycan dəmir yolu və gəmiçilik işlərində işə göndərilmiş, təqribən bir il sonra Təbrizdən Tehrana qayıtmışdır.

Qeyd edək ki, Adil xanın anası Azər Humayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.

II Dünya müharibəsində Sovet qoşunları İrana daxil olarkən Sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Adil xan Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirib. O, qısa bir müddətdə Azərbaycan haqqında dəyərli bir əsər yazmışdı. Xatirələr səpkisində yazılmış bu kitab professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü ildə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı  ilə çap edilib. V.Quliyev Adil xan Ziyadxanovun şəxsiyyəti və fəaliyyətinə həsr etdiyi məqaləsində göstərir ki, A.Ziyadxanov 1934-cü ildə Tehrandan İstanbula köçmüş, həyatının qalan hissəsini Türkiyədə yaşamış, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Naqi Şeyxzamanlı, Hüseyn bəy Mirzə Camallı və başqaları keçmiş mübarizə yoldaşları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdı . Zəngin biliyi və geniş həyat təcrübəsini türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı ömür yaşayan A.Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat edib və orada torpağa tapşırılıb.

Ramil HİKMƏT

 





22.11.2016    çap et  çap et