525.Az

Gec də olsa...


 

UNUDULMAZ ŞAİRİMİZ FİKRƏT SADIQLA BAĞLI BİR XATİRƏ

Gec də olsa...<b style="color:red"></b>

... Şirvanın şöhrəti həm də onun söz ustaları ilə bağlı olub. Xaqanidən üzü bəri Seyid Əzim, Sabir, Hadi, Abbas Səhhət... təkcə doğulduqları torpağa deyil, bütün Azərbaycana, hətta dünyaya qürur yeri sayılırlar.
 
Müasir poeziyamızın tanınmış nümayəndələrindən olan Fikrət Sadıq da sələflərinin adlarına layiq şairlərimizdən idi. Fikrət Sadıqın ölüm xəbərini, təəssüf ki, mərhum şairimizin "üçündən" sonra eşitdim. Gec də olsa, ilk əvvəl axtarıb  telefon nömrəsini tapıb Orxana başsağlığı vermək, dil-ağız etmək istədim. Orxanın telefon nömrəsini axtarıb tapanacan necə haldan-hala düşdüyümü təkcə özüm bilirəm...

Mən bilən, rəhmətlik Fərman Kərimzadənin sözüdür ki, bizim rəssamlar Dədə Qorqudun  portretini yaratmaq istəsələr, qoy nümunə kimi Fikrət Sadıqı çəksinlər. Şəxsən mən hər dəfə Qorqud Dədəni xəyalən gözlərim qarşısına gətirmək istəyəndə yadıma Fikrət Sadıq düşərdi. Oxucular isə Fikrət Sadıqın poeziyasında həm də Dədə Qorqud müdrikliyi, uzaqgörənliyi ilə qarşılaşıblar.Yaşca özümdən xeyli böyük dostum haqqında, onun yatdığı torpaq hələ isti olduğu bir vaxtda, indi söz demək, xatirələri dilə gətirmək, əlbəttə, qəlbimi soyudub buza döndərsə də, Fikrət müəllimin ötən əsrin 80-ci illərində bizim Şabran rayonunda bir görüşümüzlə bağlı bir xatirə sözümün bu yerində yadıma düşüb ruhuma hərarət gətirdi.

1991-ci ilin yay ayları idi, "Dünya öz işindədir" kitabına görə Dövlət mükafatına layiq görülmüş şair siyəzənli oxucularının qonağı idi. Kitabdakı şeirlərdən, poemalardan söhbət düşdü. Fikrət Sadıq dedi: "Bu kitaba etdiyim qədim əfsanələri də toplamışam. Onlar gənclərimizə Vətəni sevməyi öyrədir. Bir də ki, nağıllarımızın, əfsanələrimizin, dastanlarımızın sirli-sehrli gücü dar macalda, çətin məqamda hayımıza yetir, əlimizdən tutur, dayağımız olur".

Söz sözü çəkdi. Dağın bu tayı Siyəzən idisə, o tayı şairin doğulub boya-başa çatdığı Şamaxı torpağı idi. Ona görə də torpağın ulu keçmişinə, söz yaddaşına daha yaxından bələd olan Fikrət Sadıq maraqlı bir fakt söylədi.

- Bir zaman qədim türk tayfalarının məskun olduğu Altay diyarında olarkən orda mənə iki qaya göstərdilər. Sonra da qayaların adını söylədilər: Dürdümar! Bu qayalarla bağlı əfsanə dildə-ağızda gəzə-gəzə az qala bu günümüzəcən gəlib çıxıb. Deyilənə görə, açılıb yumulan bu qayalar pis niyyətlə onların arasından keçib gedəni sıxıb məhv edir. Mən buna oxşar bir əfsanəni bu torpaqda da eşitmişəm...

Fikrət Sadıqın poeziyası oxucuları həm də genişliyə - istər fikrin, istərsə də qəlbin genişliyinə səsləyir.

Yeni, əbədi yurd-yuvanda yerin rahat, gen-geniş, işıqlı olsun, Fikrət müəllim!

Şabran

 





23.11.2016    çap et  çap et