525.Az

Nizami demiş... - Lirik poema


 

Söz, sənət xiridarı, görkəmli İnsan və alim qardaşım Nizami Cəfərova bir könül ərməğanı

Nizami demiş... - <b style="color:red">Lirik poema</b>

Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət.
Nizami Gəncəvi

Neçə dost qazanıb, düşmən görmüşəm.
Saf ülfət ülvi bir seçimdən gəlir,
Üzəvariləri peşman görmüşəm...
...Ona dost hörmətim içimdən gəlir.

Saxta təriflərə dönən dil yağı;
Acı yalanlara qəlib düzəldir.
Yapışmaz boyalar - əslin qınağı,
Qranit qayalar rəngsiz gözəldir.

Tanrıdan qəlbimə enən sədadır -
Köçürdüm kağıza ulu diqtəni,
Düzdüm çox mətləbə əvəzçün bir-bir -
Misralar sonuna mən üç nöqtəni...

Bir nöqtə sevincdir, bir nöqtə kədər,
Bir nöqtə həyatda qızıl ortadır.
Nidalardan əvvəl bəs sual nədir?!
Harda Nizami var, cavab ordadır.

lll

Dedim: - Nizami, dastanı
Elimiz üçün yazmışam.
Xalqla ədəbiyyatımız,
Elmimiz üçün yazmışam.

Hər kəlmən bulaq suyutək
İçilmiş oldu ki, yazdım.
Əsərimin qəhrəmanı
Seçilmiş oldu ki, yazdım.

Göydə durna qatarıdı,
Qaqqıltısı diri olur.
Düzümü yarı-yarıdı,
Öndə gedən biri olur.

Sən o birsən, biri bildim,
Bilmədiyim yenə də var...
Ötən əyyamlardan gəldim,
Bəlkə gələn sənədə var...

Öndə getmək, öndə uçmaq...
Çətin olur öncüllük də.
Müşküldür yeni yol açmaq,
Meydan tutmaq incəlikdə...

Uluları yada salaq;
Hər kəlməsi ölçü-biçi...
Xatirəsi qalaq-qalaq,
Səməndərdi xalqı üçün.

Sən də zatından göyərən
Rişələr üstündə budaq,
Can-cəhrədə eşq əyirən,
Ziya toxuyan sirr qadaq...

Baxıb soluna-sağına-
Şeirə - incim, ləlim - dedi.
- Təki sənin yazdığına
Layiq ola bilim - dedi...

Böyüklər belə danışır,
Layiqlər belə davranır,
Ya gülə-gülə danışır,
Ya susur, çöhrəsi yanır.

Fikri yer-göylə əlləşir,
Oxunur bəxtiyarlığı.
Ədası nümunələşir,
Dönür ibrətə varlığı.

lll

Gecə tünd qara örpək,
Sərilir səbrim üstə.
İlahi, bu tül ipək
yelləndikcə ahəstə

İlhamın barmaqları
toxunur təb tətiyə;
Xəyal aparır məni
Şeir adlı qitəyə.

Bu qitədə ürəklə
Tarix dil aça bilir.
Yetən ötəni ərklə
Sabah illacı bilir.

Bu qitədə şəhərlər,
Kəndlər - hikmət sırası.
Sevinclər, həm qəhərlər -
Ayla bulud arası.

Birdən laylanır bulud,
Aydan şəfəq süzülür.
Kimsə səsləndirir ud,
Şeyx Nizami üzülür...

Baxır qədim Gəncədə
Şahanə bi r qəsrdən.
Salam verir hər cəddə
On ikinci əsrdən.

Deyir sözün incəsi -
Çəki mizannaməsi...
Nizami düşüncəsi -
Şeirin nizamnaməsi.

Onsuz qələm neyləsə,
Həniri olmayacaq.
Onun şərhi hər kəsin
Siniri olmayacaq...

Deyir: - ey cədd, cəddələr,
Cəddbəcədd söz yaşasın!
Nizami kəlamını
Nizamilər daşısın!..

Bunlar xəyal dünyamın
Bir gecəsi qədərdi.
Qalan sözdü, qalan şey
əbəs, gəldi-gedərdi!..

lll

Qəlbim eşqə əsir, duyğuma səs ram,
Halıyam boşalıb-dolacağımdan...
Bir dəstə çiçəkdir beş-altı misram,
Onunçün dərmişəm könül bağımdan...

Atəşdir, alovdur şeirin ahəngi,
Sinəm-köz məskəni, soyuq kül deyil.
Təbimdən bağlanan bu söz çələngi,
Təbiət verəndir, kağız gül deyil.

Ona sovqat olan tül ləçəklərin
Haləsi bir sinə xətrinə yatmaz...
Bəlkə bu güllərin, bu çiçəklərin
Zövqü bir kəlməsi ətrinə çatmaz...
lll
Arazla Kür kimi qoşalaşdı ad,
İki el birləşdi yaxın-uzaqlı.
Atası Quluydu, anası Savad,
Ata vediliydi, ana qazaxlı...

Qoyub bir kənara bütün dərd-sovu,
Tutuşan qəlblərin dastanı boldu...
İlk könül atəşi, gözün ilk ovu -
Dünyaya göz açan Nizami oldu.

Bəzən yurd həsrəti üzdə solurdu -
Müəllim ataydı bu fəryad ilə...
Nurlu təbiətdə yaşa dolurdu
Evin böyük oğlu böyük ad ilə...

O yerdə, o çağda, elə o dəmdə
Allahın nəzəri ona sarıydı.
Güvənci, nəğməsi, öyrənci, həm də
Dərsi anasının laylalarıydı:
Ağız tamım, duzum laylay,
Dadına qurban, Nizami.
İlk atəşim, közüm laylay,
Oduna qurban, Nizami.
 
Laylay bu körpə mehrinə;
Düşdük xoşbəxtlik nəhrinə.
Bizi salmısan sehrinə,
Caduna qurban, Nizami.

Dua etdim gəlişinə;
Sevincinin bölüşünə,
Tanışına, bilişinə,
Yadına qurban, Nizami.

Özü ciddi, gözü güləş,
Həyat yolu çəmən, küləş!..
Tez ol, böyü, Nizamiləş,
Adına qurban, Nizami.

Hər gün bir buğda boyu,
Körpə gətirdikcə bar,
Bitmirdi oxşamalar,
Bitmirdi bu laylalar:

Balam tezcə boy atsın,
Ox tuşlayıb, yay atsın.
İndi yat, böyüyəndə
Səsin xalqı oyatsın.

Karvan gedər yemişə,
Sarvan sən ol həmişə.
Elə uzansın ömrün,
Saçın dönsün gümüşə.

Bağımda var gilaslar,
Gilənarlar, gilaslar.
Oğlum artar, boynunda
Həlqə-həlqə gül asılar.

Balama qurban yulğunlar,
Alyanaqlar, solğunlar.
Ona tay ola bilməz
Mükəmməllər, dolğunlar...

Vaxt atını səyirdə,
Əl olmaya əyridə.
Oğlum bir gün dil aça,
Dilsizə dil öyrədə.

Balama qurban gözəllər,
Ər ərkinə dözərlər.
Ağlından, kamalından,
Doymasınlar yüz illər.

Saf su arxında dursun,
Adət nırxında dursun.
Böyü, elə arxa ol,
Allah arxanda dursun!

Ana laylaları yenə tükənmir,
Nə var o saflıqda, o təm, o dadda?!
Çatır mərifətə övladlar bir-bir,
Ana laylasıyla yalnız həyatda...

lll

Nizami, şeirimin özül xətti sən,
Yazmağa gərəkdir ilhamla cürət.
Mövzu məqbulsa da dağdan, dərədən,
Doğmalıqdan yana nə tip, nə surət?!

Könüldə atəşin, eşq, iradənin,
Nitqində əvvəl də çox bulunmusan.
Nəriman müəllim Həsənzadənin
Şeiriylə mükəmməl vəsf olunmusan!..

Odur ki, ilhamı köhləntək çapaq,
Aqillər xoş sözü bir dərman demiş...
“Nizami demiş...”i deməzdən qabaq,
Xoşdur xatırlamaq - Nəriman demiş!:

“Nizami, millət də bəzən tək qalır,
Onu da tək görüb hərifləyirlər.
Unu ələyirlər bir kəpək qalır,
Unu yox, kəpəyi tərifləyirlər.
... Bu biri “demokrat”, o biri “köçkün”,
Bizim bu millətin iki adıydı.
Vedili Vediyə dönəcək bir gün,
Təbrizli Təbrizə qayıtmalıydı.

Gözümdə bu sahil, o sahil ağlar,
Məni soraqlayın Araz, Kür boyu.
Dostundan ayrılan yeddi il ağlar,
Vətəndən ayrılan bir ömür boyu...”

Nəriman müəllim, doğru dediniz,
Qələmə sığmayır cəm ağrılar da...
Şirvan düz, Muğan düz, Qarabağ da düz,
Həqiqət köksüdür qanbağrılar da...

Tez-tez bulud alar üstümüzü də,
Ağ günlər özünü nazamı çəkər?!
Təpəmizdən çıxan tüstümüzü də -
Xalq, millət çəkəni Nizami çəkər.

Nədir bu mənzərə, nədir bu təlaş;
Qurumur dünyanın göz yaşları da...
Ha zirvə kəşf elə, ha gədik, yal aş,
Nəfsin tükənməyir savaşları da...

Səmanı, torpağı böləcəyi də,
Tüfəngmi, qılıncmı, nizəmi desin?!
Keçmişi bilirik,
    gələcəyi də
Allahın altında Nizami desin!..

lll

Səmimiyyətlədir ən ümdə cəhət,
Nə filoloji, tibbi, kimyası...
Hər kəsə insani, elmi məsləhət -
Ayrıca Nizami akademiyası.

Sədası sükutdu, sükutu haray,
Od içində buzdu, buz içində köz.
Hikmət kərpicindən qurduğu saray -
Ruh içində elm, elm içində söz.

Fikrə məqam tapır fikir yerində,
Zənnində dürüstdür, qətində haqlı.
Boy atıb yaşayır xarakterində
Mehdi Hüseynlə İsmayıl Şıxlı...

İşıqdı ilk andı, nurdu mabədi,
Nə təb usanası, nə qəlb doyası.
Yolunda çırağa dönmüş əbədi
Ustad Bəxtiyarın xeyir-duası;

Şairdən sormuşlar yaxın görmədən
Onun cəmiyyətdə şahiqliyini.
O uca fürsəti fövtə vermədən
Bəxtiyar söyləmiş layiqliyini...

Əminlik bildirmiş mətləb qurduğu
Tərəqqi ruhuna, tələb səsinə.
Müəllim, qəlbində yer ayırdığı,
İnam bəslədiyi tələbəsinə...

Yaxşılıq, yaxşılıq, bu xeyirxahlıq
Dünyanın əbədi məhvərliyidir.
O gündən Nizami çiynində rahlıq
“Atatürk mərkəzi” rəhbərliyidir.

Kim güman edərdi ucalar səsi,
Şan alar Cəfərsoy - qəlblər hakimi.
Babası Əzizin əziz nəvəsi
ruhunu şad edər Nizami kimi?!.

Nizami ürəyi bambaşqa güzgü,
Aynası əks edən mənası ayrı.
Ayrıca Nizami dostluğu özgə,
Ayrıca Nizami dünyası ayrı...

Qədəmi yön almış kökə, dərinə,
Ürəyi ürəklər fəthi ramlayıb.
Doğru arxalanıb ümidlərinə,
Onu etimadlar ehtiramlayıb.

(Ardı gələn şənbə sayımızda)

 





26.11.2016    çap et  çap et