525.Az

Professor Şirməmməd Hüseynova açıq məktub


 

Professor Şirməmməd Hüseynova açıq məktub<b style="color:red"></b>

Hörmətli Şirməmməd müəllim!

Sizin "Azərbaycan" qəzetində parlament hesabatları və şərhləri (noyabr 1918- aprel 1920)" kitabınızın nəşr olunmuş hər iki cildini (Bakı, 2015- 2016) əvvəldən sonacan cümləbəcümlə oxudum. Və əminliklə deyə bilərəm ki, bu, hər şeydən əvvəl, kifayət qədər mükəmməl bir mətnşünaslıq işidir; ikincisi, eyni dərəcədə mükəmməl bir yazıçı- jurnalist işidir; üçüncüsü (və ən başlıcası) isə böyük bir vətəndaşlıq  işidir ki, hər cür təqdirə layiqdir.

"Hesabat və şərhlər"i xeyli müddətdir "525-ci qəzet"in şənbə nömrələrində izləyirik. Kitabın nəşri isə çox əhəmiyyətli oldu.

Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin stenoqrafik hesabatları professor Ataxan Paşayevin rəhbərliyilə nəşr edilmişdir. Lakin Sizin gördüyünüz işin məzmun- mündərəcəsi, hətta demək  olar ki, metodologiyası tamamilə başqadır - "Azərbaycan" qəzetinin hesabatlarına, müvafiq  şərhlərinə əsaslanaraq həm milli parlament  quruculuğu prosesini, həm də həmin mürəkkəb  tarixi prosesdə Azərbaycanın  istiqlaliyyət uğrunda  mübarizəsinin dinamikasını bütün təfsilatı ilə təqdim etməkdir ki, buna yalnız mütəxəssislərin deyil, eyni zamanda geniş oxucu kütləsinin, bütövlükdə  ictimai şüurun nə qədər böyük ehtiyacı olduğunu sübut etmək, yəqin ki, artıqdır.

Birinci cildin "Ön söz"ündə Azərbaycan Cümhuriyyətinin lideri Məhəmməd Əmin  Rəsulzadənin  məşhur (və Əli bəy  Hüseynzadəyə məxsus) "türkləşmək, islamlaşmaq və müasirləşmək" düsturu müqabilində "milliyyət, beynəlmiləliyyət və müasirlik" təklifini irəli sürdüyünü aşkarlayıb xüsusi qeyd etməklə, elə bilirəm ki, kitabınızın  (və cümhuriyyət parlamentinin) ruhunun ideoloji əsaslarını tamamilə aydın (və düzgün) müəyyən etmisiniz. Doğrudan da, parlamentdə söhbət "türkləşmək"dən yox, "milliləşmək"dən"; "islamlaşmaq"dan yox, "beynəlmiləlləşmək"dən gedir... Və təsadüfi deyil ki, məşhur triadanın bu təfsiri hətta Cümhuriyyətin süqutundan sonra da bir müddət populyar olmuş, get- gedə ideya- məzmunca təhrifə məruz qalsa da,  populyarlığını heç zaman itirməmişdir.

Sizin kitabınızda hesabatlar və şərhlər elə məharətlə düzülmüşdür ki, sanki milli istiqlal mövzusunda sənədli roman-epopeya oxuyursan... Hadisələr, mübahisələr, münaqişələr bir süjet ətrafında  cərəyan edərək dövrün canlı mənzərəsini yaradır. Müxtəlif firqələr, millət vəkilləri, hökumət üzvləri barədə yaranan təsəvvürlər yalnız tarixi yox, həm də bədiidir. Və ona görə də bu əsər "stenoqrafik hesabat", yaxud tərtib janrının hüdudlarına  qətiyyən sığmır desəm, görünür, elə də ciddi səhv etmərəm.

Adətən, tekstoloq da stenoqraf kimi  mətnə soyuqqanlı, ehtirassız yanaşır, ancaq Sizin kitabınızda mövzuya dərin, miqyaslı bələdlikdən irəli gələn (və yüksək ümumiləşdirməyə  gətirib çıxaran) milli bir ehtiras vardır ki,  dərhal oxucuya da sirayət edir.

Azərbaycan Məclisi- Məbusanının və ya Parlamanının təntənəli açılışı, böyük arzu- istəklərdən, ümidlərdən doğan ilk hərarətli nitqlər, Cümhuriyyətin müxtəlif regionlarından gələn  səmimi təbrik məktubları... Bütün bunları az  qala yüz il keçəndən sonra da hissiyyatsız, həyəcansız oxumaq, sadəcə olaraq, mümkün deyil...

Yeni hökumətin təşkil edildiyi iclasda baş nazir Fətəli xan Xoyski öz məntiqli (və təsirli) çıxışını belə yekunlaşdırır: "Sözümü  qurtararkən təkrar ediyoram ki,  hökumət qarşısında duran  məsələlərin ən mühümü istiqlalımızı müdafiə məsələsidir. Məmləkətin hər guşəsindən, millət içindən gəlmiş siz məbuslar da bu fikirdəsiniz, bütün millətin zehnini hamıdan artıq işğal edən bu məsələdir...  Hökumət isə bu məsələyi gözlərinin bəbəgi kibi qoruyacaqdır. (Gurultulu, sürəkli alqış)... Şimdi Allahdan tövfiq və sizdən kömək  istəyərək yeni kabinə əzasını sizə xəbər veriyoram..."

Həmin iclasda ilk olaraq söz alan M.Ə.Rəsulzadə ölkədə həm daxili, həm də xarici vəziyyətin son dərəcə ağır olduğunu qeyd etdikdən sonra deyir: "Fəqət biz göz bəbəgi kibi müdafiə  olunacaq istiqlaliyyətimizin hər fitnəyə qarşı müdafiə olunacağını ümid edəlim.  Bu əzmdə yalnız bir hökumət degildir. Bütün millət bu əzmdədir. Bu gün bizim istiqlalımızı tanımaq istəməyənlər  həqiqi demokrat degildirlər..."

Söhbətə siyasi- ideoloji döyüşlərin artıq təcrübəli cəngavəri sayılan Əhməd bəy Ağaoğlu qarışır: "Möhtərəm əfəndilər! Bəndən əvvəlki natiq, möhtərəm rəfiqim hökumət həqqində pək həssas, pək  sıcaq bir nitq irad etdi ki, möhtəviyyatına şərik oluyoram. Fəqət  onunla bənim aramızda bir fərq  var ki, onun atəşi çox, bənim atəşim sönmüş, o,  gəncdir, bən ixtiyar. Onun bir az göglərdə gəzməyə həqqi var. bən isə  yeri görməyə məcburam".

Və sözünə davam edir: "Hökumətin bəyannaməsində söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəli-amalımızdır. Hər bir kəndi şərəfini, kəndi amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda olmalıdır. (Alqışlar). Lakin bu amalın ölməməsi və onun qövldən felə gəlməsi üçün birinci amil belə hökumət kəndisidir... Gecə qaranlıq, fırtınalar oluyor, biz də bir taxta  para kibi fırtına içində yuvarlanıyoruz... Bu taxta paranın üzərində iki milyonluq Azərbaycan, onun şərəfi, qadınları və cocuqları bulunuyor. Bunları xilas etməklə böyük bir vəzifə ifa etmiş  oluyoruz..."

Göründüyü kimi, Məhəmməd Əminin ümumi istiqlal fəlsəfəsindən (romantikasından!) fərqli olaraq, təcrübəli "ixtiyar" diqqəti Azərbaycan əhalisinin hökumətsizlik ucbatından hərc- mərclik, qaçaq- quldur, aclıq- susuzluq əlində  qalmış binəva insanların halına cəlb edir.

Əhməd bəy Ağaoğlu bu sözlərində də haqlıdır ki, "biz istiqlaliyyətimizi Avropaya tanıtdırmalı idik. Bunu etmədik. Azərbaycan bir coğrafi isim degil, bu yerin üzərində yaşayan bir millətin adı olduğunu Avropanın qulağına yetişdirmədik... Bəndən irəliki rəfiqim bir az idealist olaraq demokrasi əsaslardan, demokratizmdən bəhs ediyor,  böyük iman bəsliyor. Fəqət heyhat! Zənn ediyoram ki, kəndisini tanıtdırmayanlar üçün böylə bir nemətin əldə edilməsi bəiddir, mühaldır.. Avropada vüqu bulan hadisatdan bizim də müqəddəratımız asılıdır. Avropada nələr olduğunu bilməli, siyasətimizi də ona münasib və müvafiq bir surətdə yürütməliyiz..."

Hökumətin bəyənnaməsinə müxtəlif partiyalar öz razılıqlarını müxtəsər olaraq bildirib etimad  göstərirlər. Lakin bir partiyanın - "İttihad" firqəsinin nümayəndəsi doktor Qara bəy Qarabəyli,  diqqəti cəlb etməyə bilməz ki, partiyanın mövqeyini belə ərz edir: "Şimdi biz etimadnaməmizi cibimizə qoyub saxlıyoruz. Nə vəqt hökumət layiqli olduğunu göstərsə, biz də o vəqt etimadımızı bəyan edəriz".

Hörmətli Şirməmməd müəllim, Cümhuriyyət parlamentinin beşinci iclasında gedən  mükaliməni oxuduqca mənsub olduğun xalqın böyük şəxsiyyətlərinin xarakter, milli mübarizə əzmi, mürəkkəb beynəlxalq hadisələrdən baş çıxarmaq istedadı ilə fəxr etməyə bilmirsən... Birinci  dünya müharibəsi bitmiş, müttəfiqlər qalib gəlmiş, Rusiya imperiyası dağılmış, onun tərkibindəki məzlum xalqlar "müstəqillik" qazanmışlar... İngilislər gəlib oturublar Azərbaycanda ki, onun xalqına cəmiyyət kimi yaşamaq qaydalarını öyrətsinlər, erməni quldurları havadarlarının verdiyi fürsətdən istifadə edib türk- müsəlmanları yurd- yuvalarından didərgin salırlar... Ümid Dünya Sülh Konfransınadır... O konfransa ki, orada  qaliblər məğlubları mühakimə etməyəcək,  bütün dünya xalqlarının adam kimi yaşamaq  hüququ təmin ediləcəkdir...

 Tarixi ərazisinin yalnız beşdə birində (və əhalisinin bir hissəsi ilə!) özünün müstəqil dövlətini elan etmiş Azərbaycan məsuddur! Çünki dünyada haqqın- ədalətin qələbəsinə inanır!..

Azərbaycan Cümhuriyyəti öz Parlamanı, Hökuməti ilə Azərbaycan milli ictima- siyasi fikir tarixində möhtəşəm bir Metafora olmuşdur ki, bu günə qədər ruhumuzu- hisslərimizi, düşüncələrimizi yerindən oynadır...

Hər iclasdan, yaxud bir neçə iclasdan bir dahi Üzeyir Hacıbəylinin şərh- təəssüratları gəlir. Və bunlar məndə parlament- simfoniyanın "nəqarat"ları təsəvvürünü yaratdı. Üzeyir bəyin həmin  şərh- təəssüratları bir xalq müdrikinin hadisələrə reaksiyası, "düz yol" göstərmək istəyidir ki, bu həm də "Azərbaycan" qəzetinin məramı olmuşdur.

Mən heç şübhə etmirəm ki, Sizin kitabınızın bir qəhrəmanı Cümhuriyyət Parlamentidirsə, digər qəhrəmanı onun qeyri- rəsmi orqanı "Azərbaycan" qəzetidir. Və bunu kitabınızın ikinci cildinin "Ön söz"ündə özünüz də aydın  bir şəkildə göstərmiş, M.Ə.Rəsulzadənin aşağıdakı fikrini xatırlatmısınız:

"Azərbaycan" mühərrirləri böyük bir xülus və safiyyətlə əllərində tutduqları qələm ilə ancaq  bir hədəf və bir qayəyi gözlərinin önündə  bulundurmuşlardır ki, o da məmləkətin səlaməti, millətin hürriyyəti - siyasiyyəsi, fikri- istiqlaliyyətin qüvvətlənməsidir.

Bu üç şüar bittəb bu gün ümum əfradi- millət arasında söylənib təkrar edilməkdə və mətbuat isə bunu təqviyə eləməkdədir".

Hörmətli Şirməmməd müəllim!

Sizin "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" kitabınız həm Azərbaycan Cümhuriyyətinin, həm Azərbaycan Cümhuriyyəti Parlamentinin, həm də "Azərbaycan" qəzetinin çox yaxında olan yüz illiyinə dəyərli bir hədiyyədir. Yüz yaşayasınız!..

 





29.11.2016    çap et  çap et