525.Az

Əlillər (əngəllilər) bayramı - Xalq şairi Fikrət Qoca yazır


 

Əlillər (əngəllilər) bayramı - <b style="color:red">Xalq şairi Fikrət Qoca yazır</b>

Haqqında danışdığım insanlara “əlillər” deməyə dilim yatmır. Məncə “əngəllilər” desək daha doğru olar.

Düzdür “əngəllilər” sözü Türkiyədə qəbul olub, işlədilir. Bizim də dilimizdə bu hər iki söz işlənir. Amma “əlillər” sözündə bir qaranlıq yük, bir ümidsizlik kölgəsi, zəiflik və kimsəsizlik rəngi var. “Əngəllilər” sözündə isə dirəniş, mübarizə, özünə, taleyinə qalib gəlmək ümidi ilə yaşamaq istəyi duyulur. Həyatında kimin qarşısına əngəllər çıxmayıb ki? Hər kəs ömrünün hansı çağında isə qarşısına çıxan əngəllərlə mübarizə aparmalı olur. Dönmədən, usanmadan, mübarizə aparan insanlar qalib sayılır. Bu mübarizə vasitəsi ilə bir görməyən insan, ağlının və çalışqanlığının vasitəsi sayəsində gözü görən sağlam insandan həyatı daha yaxşı görürsə, hadisələrin gələcəyini, alt qatını daha dəqiq görürsə, bu əngəlli dediyimiz insanın qələbəsi deyilmi? Özünün taleyinə - əngəlinə qalib gələsi deyilmi? Biz əlil və ya əngəlli dediyimiz bu insanlara diqqətlə baxsaq, onlardan çox şey öyrənə bilərik. Birinci, onlar əli, ayağı olmadığı halda çalışır, yeriyir, gözü görmədiyi, qulağı eşitmədiyi halda daha məlumatlı olur, qaranlıq məsələləri daha aydın görürlər. Mənim gördüyüm əngəllilərin heç biri öz əngəlini qalxan edib arxasında gizlənmir. Əngəlini gözə soxmur. Əngəlinin görünməsini istəmir. Özünün, işinin, bacarığının görünməsini, qiymətləndirilməsini istəyir. Buna haqqı da var.
Biz də əgər sağlam insanlarıqsa, onları görməli, əzimkarlığını qiymətləndirməliyik.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər üç ildən bir çox gözəl və çox əhəmiyyətli bir tədbir  - mən deyərdim, bayram - keçirir, əngəlli bacı-qardaşlarımızın yaradıcılıq müsaqibəsini təşkil edir. Nazirliyin əməkdaşları bu dəfə də üç ay ərzində respublikanın regionlarını gəzib əngəlli istedadların yarışını izləyib, seçib iki yüz əlli nəfərdən artıq insanı Bakıya yekun seçim üçün dəvət etmişdilər. Noyabrın 27, 28, 29-u iştirakçıları münsiflər heyəti dinlədi. Əlbət ki, bu bir yarışdı. Dörd sahə üzrə birinci, ikinci, üçüncü yerlər müəyyən olunur. Ayın 30-da isə Musiqili Komediya Teatrında qaliblərin iştirakı ilə canlı konsert olur. Əslində qalib bütün iştirakçılar idi. Axı onlar öz rayonlarından seçilib gəlmişdilər. İştirakçıların hər birinə nazirlik çox böyük həssaslıqla yanaşdı. Heç kəs evinə əliboş qayıtmadı.

Əlbət ki, bu bir yarış idi. Birinci, ikinci, üçüncü yerləri tutanların siyahısını mən sizə təqdim edirəm.

Poeziya:

1. Fərqanə Mehdiyeva (Xətai)
2. İradə Gülfir (Şəki)
3. Ofelya Xələfova (Gəncə)

Bədii qiraət və rəqs:

1. Şəbnəm Əhmədova (Abşeron)
2. Nərgiz Əhmədova (Nizami)
3. Kənan Feyzullayev (Naxçıvan)

Müğənni, xanəndə:

1. Rübabə Mahmudova (Şəki)
2. Əldadaş Çələbiyev (Qobustan)
3. Mehman Talıbov (Binəqədi)

İnstrumental:

1. Soltan Səmədli (Nərimanov)
2. Minayə Şirinov (Laçın)
3. Yaşar Məhərrəmov (Kəlbəcər)

Münsiflər:

1. Faiq Sücəddinov (Xalq artsti)
2. Arif Babayev (Xalq artsti)
3. Fikrət Qoca (Xalq şairi)
4. İntiqam Soltan
5. Cəmilə Bayramova (Xalq artsti)

Yeri gəlmişkən bəzi məsələlərə toxunmaq istəyirəm.
Bu üç gün ərzində iştirakçıların nə qədər kitabını oxudum, şeirlərini dinlədim. Bir dənə də öz şəxsi dərdindən, şəxsi ağrılarından yazıb, göz yaşartmağa çalışan şair rastıma gəlmədi. Mövzular -  məhəbbət, arzu, həsrət, mübarizə, Qarabağ dərdidir. Axı bunlar hamısı “Əlillər”, əngəlilərdi. Hər kəsdən xəlvət yazılan şeydi. Yazmazdan əvvəl ürəyinin içində bəslənir, xəlvətdə yazılır, sonra səslənir. Burda saxtakarlıq o saat bilinir. Şeir insanın məhəbbətindən bir parçadı. Bunların biri laldı, biri kardı, biri kordu. Bunların hər biri öz şeirini götürüb Bakıya anasının üstünə gələn övladdır. Onların şeiri məhəbbətini danışan çiçəkdi. Övladın sənə təqdim etdiyi çiçəyin yaxşısı, pisi omaz. Məhəbbət ya var, ya da yoxdu. Ona görə də onların evə əliboş qayıtmaması məni də sevindirdi. Ona görə də mən Nazirliyin bu xeyirxah işlə məşğul olmuş bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.

Əslində bu qardaş-bacılarımıza hər yerdə sahib çıxmaq, yardımçı olmaq hər birimizin vicdan borcudu.

Əslində mən də indi bu yaşımda özümü əlil sayıram. Uşaqlığımı, gəncliyimi, az qala qocalığımı da itirmişəm. Amma düşündüyümü yazmaqdan qaça bilmirəm. İstərdim üç il bundan sonra yenə bu yarış zamanı münsiflər heyətinin imkanı daha geniş olsun, sahələr üzrə yerlər, birinci yer bir, ikinci yer iki, üçüncü yer üç olsun. Başa düşürəm, xalqımızın atalar sözü var: “İki qoçun başı bir qazanda qaynamaz”. Əvvəla, xalq bunu qoçlar üçün deməyib, “qoçular” üçün deyib. “Qazanı” böyük elə on qoçun başı bir qazanda qaynayar. Ölkənin qəhrəman oğulları, qızları nə qədər çox olarsa vətənimizin şöhrəti, şərəfi, şanı o qədər yüksək olar.

Bu vəziyyətdə isə, qoyulmuş şərtlərə görə, bir yerə eyni səviyyəli iki adam varsa, buna sevinmək əvəzinə birini mükafatdan məhrum edirik. Münsiflər heyəti kimi sonra evdə rahat yatmaq olmur. Axı hər insanın canında Allahın “vicdan” adlı bir səfiri, bir zərrəsi var. Sonra adamı rahat nəfəs almağa qoymur. Amma bizim istedadlı qardaş-bacılarımız elə geniş ürəkli, elə tərbiyəli insanlardır ki, heç üzümüzə də vurmadılar. Biz olduq, olmadıq bu yarış olacaq, həyat daha gözəl olacaq. Həyatı sevməyi əngəllilərdən öyrənmək lazımdır. Bir dəfə imkan verilib bu gözəl təbiətin qoynuna, bu dünyaya gəlmişik. Əlimə, ayağıma, görən gözümə, eşidən qulaqlarıma, danışan dilimə, düşünən beynimə görə Allahıma şükür deyirəm. Bunları itirənlər onun qədrini, onların necə böyük nemət olduğunu sonra bilir. İşimiz gətirməyəndə, yolumuza manə çıxanda əsəbiləşməyin, gileylənməyin. Bu əngəlli qardaşlarımızı xatırlayın. Əlimizə, ayağımıza, gözümüzə, özümüzə baxın, şükür edin. Özünüzü müqayisə edin, görün nə qədər xoşbəxt bir insansınız. Olana qane olmaq ağıl əlamətidi.

İndi sizə mükafat almayan müəlliflərin şeirlərini təqdim edirəm.

Cabir Alpoğlu Albantürk

Üç dua

Dərd duyan dostlar
tənhalıqdan daralıb
duaya durmasın kaş...
Dualarımızı dinləməkdən,
bəlalarımızı önləməkdən
yorulma, Tanrım!
Tənhalıq təklik deyil
könlün kimsəsiz deyilsə,
təklik tənhalıqdı -
Tanrıyla bağın qırılsa,
torpağla tağın qırılsa...
Sevgisiz buraxma bəndəni,
qulundan qırılma, Tanrım!

Dörd bayatı

Əzizim, ağlamazdım,
hər cövrə ağrımazdım,
sənsiz elə dağıldım
Qəhrindən ağlım azdı...

Bu dərdi bölmək olmaz,
bu dərdlə ölmək olmaz,
dərdi bölünməyənin
sonunu bilmək olmaz...

Göylərin ağlı qandı,
buludlar ağlağandı,
ürək yağışa vurğun
indi gəl ağlı qandır...

Xəyallara vəkildim,
çəkilməmiş şəkildim,
o yay donduğum dərdə
bu qış yanıb-töküldüm...

Məhbubə Niyaz qızı Ağayeva

Ləzgi qızları

Əhdinə sadiq qalar,
gözləri canlar alar.
Aşiqi qəmə salar,
gözəl ləzgi qızları.

Ləblərindən bal axar,
ürkək ahu tək baxar,
yarın yandırıb yaxar,
gözəl ləzgi qızları.

Şipşirindir dilləri,
incədir ağ əlləri.
Dünyanın gözəlləri,
gözəl ləzgi qızları.
 
Vətən

Hər an gərəyim,
eşqim, ürəyim,
suyum, çörəyim,
vətəndir, vətən.

Doğma diyarım,
həyatım, varım,
xoş arzularım,
vətəndir, vətən.

Gəzsəm dünyanı,
gözəl yer hanı?
canımın canı,
vətəndir, vətən.
Sözüm, söhbətim,
əbədiyyətim,
ilk məhəbbətim,
vətəndir, vətən.

Ata ocağım,
ana qucağım,
son duracağım,
vətəndir, vətən.

Əkbər Kotannılı

Beləsindən beləsinə

Dünya dönüb qan gölünə,
beləsindən, beləsinə.
Hər tərəfi ah-nalədi,
beləsi nə, beləsi nə!

Aslan quldu, tülkü ağa,
meydan sulayır qurbağa.
Dövran qalacaq axsağa,
işlər getsə beləsinə.

Təbiətmi qızğınlaşıb,
insanlarmı quzğunlaşıb.
Yoxsa, dünya azğınlaşıb,
fırlanır tərs, beləsinə.

Ulu tanrım yatıb deyən,
adam, olub adamyeyən.
Dərdə bax ki, ilan, çəyən
yırtıb sökür belə, sinə.

Kotannılı yaxşı düşün,
dünya ilə nədir işin
Az qalıb qoca dərvişin,
oxu səkə, belə sinə.

Bitə həsrəti

Anamın saçla rı çoxdan ağarıb,
biraz da qaməti əyilib önə.
Saçımı oxşayan qırış əllərin,
öpüb oxşayıram mən dönə-dönə.

Didərgin düşəndən qaçıb yuxusu,
vətəndə, vətənsiz yaşayan olub
Vətənin dərdini, yurdun dərdini
yığıb gözlərinə yaşayan olub.

Gözləri buluddan betər anamın
dolanda, göz yaşın saxlamaq olmur.
Təsəlli etməyə vallah, a dostlar,
vətəni, anam tək ağlamaq olmur.

Bir vaxt yaylaqlarda gəzib-dolaşan
anam, ayaqların sürüyür indi.
Toyda yallıların başın çəkərdi,
körpə uşaq kimi yeriyir indi.

Əzabı üzünün qırışlarında
cığıra dönübdü, yola dönübdü.
Şeirli, dastanlı, nağıllı, anam
yaman susqun olub, lala dönübdü.

Nə yaman kövrəlib anam, ay Allah,
kaş ki, öz yurduna apara biləm.
Dərdini, qəmini, əzabını mən,
çəkib ürəyindən qopara biləm.

Dolana dağları, bitə həsrəti,
gülüşü gül aça dodaqlarında.
Öpüb oxşadıqca vətən torpağın,
lalələr gül aça yanaqlarında.

 





05.12.2016    çap et  çap et