525.Az

Faxralı poeziyasının torpaq sevgisi


 

Faxralı poeziyasının torpaq sevgisi<b style="color:red"></b>

Şair-publisist Rəşid Faxralı ilk növbədə bir insan kimi mənim çox yaxından tanıdığım adamdır.

Bu yaxınlıq iki mühüm istiqamətlə şərtlənir: birincisi, Rəşid Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bizim tələbəmiz olub, ikincisi və bəlkə də ən önəmlisi - o, fakültəni bitirən vaxtdan bəri heç vaxt universiteti, müəllimlərini unutmayıb. O, universitetin hələ lap birinci kursundan publisistikaya, poeziyaya, bütövlükdə ədəbi yaradıcılığa bağlılığını sübut etmişdi. Bir az keçdi və Rəşid fakültənin son kurslarında tamamilə poeziya yaradıcılığına keçdiyini öz poetik nümunələri ilə sübut etdi. Bir az da keçdi və universitet məzunu Rəşidin səsi birbaşa poeziya aləmindən gəldi. Və Rəşid doğulub böyüdüyü Borçalı mahalındakı kəndini özünə ləqəb seçdi: Rəşid Faxralı. İndi bu ad Azərbaycan poeziyasında layiqli yeri olan bir imzaya çevrilib. Rəşidin Faxralıya bu sevgisi yurd yerinə, elata sevgi nəğməsi kimi "Rəşid belə Rəşiddi" şeirində öz əksini tapıb:

Faxralıdı inamı da, imanı da,
Hər alğışı, hər duası Faxralıdı.
Faxralıdı Tanrımızdan amanı da,
Ömür uman iltiması Faxralıdı...

Rəşid Faxralı özünün yaşadığı insanlıq, vətəndaşlıq ləyaqətini poeziyaya köçürməyə başladı. Onun poeziyası Vətən sevgisinə bürünmüş, milli-adət və ənənələrimizi özündə yaşadan, geniş tematikaya malik bir yaradıcılıq dünyasıdır. Qəribədir, mən onun hansı mövzuda olur-olsun, hər şeirini oxuyanda o şeirin sətirlərində Rəşid Faxralının özünü görürəm. Bu "özü" isə, yenə təkrar edirəm, hər şeydən əvvəl, onun içindəki Vətən sevgisi ilə bağlıdır.

Rəşid Faxralının xeyli kitabı çap olunub. Hətta əsərləri bir neçə cilddə də işıq üzü görüb. Amma onun 60 yaşından sonrakı illəri əhatə edən "Ömrümün üç nöqtəsi" kitabı elə cavanlıqdan müdrik olan Rəşid Faxralının lap müdrik yaradıcılıq faktlarını əhatə edir. Bu kitab çoxdan mənim yazı masamın üstündədir və mən o kitabı yavaş-yavaş poeziyaya təbii ehtiyac duyduğumda oxuyuram. Bu günlərdə  o "yavaş-yavaş oxumaq" prosesi sona yetdi və mən o kitabı oxuyub bitirməyimdən bir təəssüf hissi keçirərək bu yazını qələmə aldım.
Mən yuxarıda Rəşid Faxralının yaradıcılığında Vətən sevgisi mövzusunu önə çəkdim. Bu da nahaqdan deyil. Çünki bu şair nədən yazır yazsın, həmin əsərin ideya mərkəzində Vətən sevgisi dayanır. Şairin "Yunus Əmrə deyincə" şeiri ilk baxışda türk dünyasının sevgisini qazanmış ulu bir şairə xitab kimi səslənir. Amma bu xitabda, şeirdəki hər misrada müəllif insanı ucalığa, uluları sevməyə çağırır:

Açılan sabah kimidi,
Allaha pənah kimidi,
Vallah, bismillah kimidi,
Sözdə Əmrah işığı.

Rəşid Faxralının poetik sətirlərində Qarabağ dərdi var. Amma şair bu dərdi dərd kimi yaşamaq deyil, mübarizədən keçib qalib çıxmaq kimi təqdim edir:

Qılıncıma doğranar,
Bir vaxt can alan zülüm.
Qaranlığı əritsin
bir misranın işığı:
Ya Qarabağ, ya ölüm!...

Rəşid Faxralı "Müharibə" adlı bir poemavari şeirində indiki çağdan 1980-ci illərin sonuna, 90-cı illərin əvvəllərinə boylanaraq Vətən torpağının düşmən tərəfindən yağmalanmasının tarixinə diqqət çəkir. Əlbəttə, bu mövzuda elə o zaman da xeyli bədii əsər meydana gəlib. Ancaq Rəşid Faxralının bu şeiri tarixi faktları üstündən xeyli keçəndən sonra daha dəqiq, həm də emosional bir şəkildə yenidən canlandırır. O zaman torpaqlarımızın bölgə-bölgə əldən getməsində kürsü davasının Vətənə sevgini üstələdiyi bir zaman kəsiyinin günahı ucbatından baş verdiyini sözə gətirir. Şairin o ağır günlərdə hər şeyə cavabdeh olmalı Bakını bu şəkildə - qısa, lakin acı həqiqət tərzində günahlandırması ibrət dərsi kimi qulaqlarda qalmalıdır:

...Bəs Bakı?
Bakıda kürsü davası...
Kündəsi küt düşən Bakının yenə
başı qarışıqdı, çatmır havası...
Bakıda tünlükdü...
Müharibə
Tünlüyü yarıb girə bilmir şəhərə...
Bakıda çal-çağır...
Bakı tövbəlidi qəmə-qəhərə...

O zamanın şahidləri bu sətirlərin nə qədər dəqiq olduğunu çox yaxşı xatırlayırlar. Beləcə, bu şeir səbatsızlıq ucbatından düşmən əlinə keçmiş rayonlarımızın hər birinin dərdini qələmə alır. Həm də bu sətirlər ona görə acı və ağrılıdır ki, şair özü də bir hərbçi kimi bu hərbin içində olub.

Rəşid Faxralının "Qəriblik ağrısı", "Qəlbinə xal düşür ata yurdunun", "Nə deyir bizə?" və onlarca digər şeirində Vətən sevgisinin səmimi ifadəsini görürük. Əslində bütün şeirlərindəki bu sevgi şairin üç bəndlik adsız bir şeirində çox maraqlı şəkildə ümumiləşdirilib:

Tanrım verən ömür sənindi, Vətən,
Sinənə daş dəysə dağ-dağ olaram!
İrili-xırdalı yaralarına
Sarğı əvəzinə yarpaq olaram!
...Yaraların qədər dərdi-sərim var,
Yaran gizildəyir, qəm-qəhərim var...
Səndə qəbrim boyda torpaq yerim var...


Şair bir neçə şeirində qərib insanın düşüncələri ilə Vətənin əzizliyini ustalıqla ifadə etmişdir:

Qürbətin hər günü bir ilə dönür,
Əriyir, qalmır ki, gözünün yağı.
Bir udum havadı, bir içim sudu,
Beş addım torpaqdı, beş arşın bezdi
Qəribin Vətəndən son umacağı.

Şairin epik əsərlərinin də bir çoxu Vətən sevgisinə bağlıdır. "Araz boyu şimşək çaxa!..." poeması yarıya bölünmüş Vətənin Araz dərdini dilə gətirir. Poemadakı:

Gülüstan kəndində Azərbaycanın
belinə tikanlı kəmər çəkdilər...
...Bir ağır fərmanla bu gen dünyanı
millətin başına dar elədilər

- kimi sətirləri tarixi həqiqətin poetik ifadəsi kimi maraq doğurur. Amma poema nikbin notlarla bitir. Müəllif Azərbaycan dərdinin simvolu olan Savalana müraciətlə:

Gələrik, səslə, gələrik,
Ayrı həvəslə gələrik,
Axır nəfəslə gələrik,
Tükənməyib güc, Savalan!..

Rəşid Faxralının "Tonqal yerində çiçək" adlı bir poeması var. Bu əsər böyük Rəsul Rzaya həsr olunub.

Poemanın hər sətrində Rəsul Rza həm bir yenilikçi şair kimi, həm də Vətənin dərdlərinə şərik olan bir vətəndaş kimi təqdim olunur. Poema belə bir qənaətə də gəlməyə əsas verir ki, müəllif mürəkkəb bir yaradıcılıq və tale yolu yaşamış Rəsul Rzanın həm yaradıcılığına, həm də tale yoluna yaxşı bələddir.

...Rəsul Rza şeiri
Azərbaycan şeirinin
gəncliyi, cavanlığı.
Acıxan duyğuların
ruhmisal yavanlığı...

Yaxud:

Çəkmədi...
Çəkəmmədi
bir kimsə onun kimi
rəngsizliyin rəngini
Paxır ürək, çürük söz.
sındırmaq istəyirdi
şeirinin ahəngini...

Belə mənalı və Rəsul Rzanın həyat gerçəkliyini ortaya qoyan sətirlər poemanın məzmununu, sambalını artırır.

Rəşid Faxralının kitablarında birbaşa sevgi şeirləri də çoxdur. Şair sevdanın böyüklüyünü iki sətirdə belə ifadə edir:

...Bir sorğu əlində girinc olmuşam:
Ömürmü şirindi, sevdamı görən?..

Şair bir sevgi həqiqətini cəmi dörd misrada belə ifadə edir:

Bir ürək tutumunca
Sevgi verilən kəsə
Bir anlıq intizara
Dözüm verilmir, nəsə...

Şair sevgi şeirlərində də çox orijinal və obrazlıdır:

Sənin qələminə mürəkkəb ollam,
Özün arzulasan, özün istəsən.
Mən sənin ömrünün bütöv cümləsi,
Sən mənim ömrümün üç nöqtəsisən...

Rəşid Faxralının sevgi şeirlərinin hamısında müdrik bir sevənin geniş ürəyi var. Bu ürək sevgiyə sədaqət aşılayır, insanları bu sevgidə bütöv olmağa çağırır. Rəşid Faxralı poeziyası onun özü qədər saf, ləyaqətli və ucadır. Adətən, şairin yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşəndə hamıya gərək olan ülvi bir poeziya aləmi yaranır. Mənim yaxından tanıdığım Rəşid Faxralı belə bir yaradıcılıq dünyasının sahibidir.

 





06.12.2016    çap et  çap et