525.Az

“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb” (davamı)


 

“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb” <b style="color:red">(davamı)</b>

Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspor və Lobbi” Elmi Araşdırmalar mərkəzinin sədri Zaur Əliyevdir.

– Dini təbliğat deyəndə ağıla ilk olaraq missionerlik gəlir. Missionerlərin tarixi ənənəsi haqqında nə deyə bilərsiniz?

– Müstəqillik əldə edildikdən sonra dini dəyərlər üzərində qoyulmuş qadağaların ləğv edilməsi, dini ədəbiyyatların geniş yayılması, ideoloji mərkəzlərin formalaşması missionerlərin ölkəyə axını ilə nəticələndi. “Mission” və “missioner” sözləri latın dilindəki “missio”dan törəyib, lüğəvi mə`nası “vəzifə”, “səlahiyyət”, “vəkalət” deməkdir. Əsrlər keçsə də, bu siyasət yaşamaqdadır. Xristianlar daxil olduqları ölkələrdə sadəcə xristianlığı təbliğ etməklə kifayətlənmir, milli dəyərləri, tarixi abidələri, el adət-ənənələrini də sarsıtmağa çalışırlar. Çünki onlar yaxşı bilirlər ki, bunlar yaşadıqca, heç bir yerli əhali onların quraşdırdıqlarına əhəmiyyətlə yanaşmayacaq. Buna görə də, bu hiyləgər qrup bir milləti millət kimi ayaqda saxlayan, ona daxildən mübarizlik bəxş edən bütün dayaqları yıxmaq istəyirlər. Bugünkü missionerlik içində mədəniyyət və iqtisadiyyat missionerliyi daha güclüdür. Ağır sənaye, hərbi strategiya, hakimiyyətin əsasən xristian ölkələrinin əlində və informasiya vasitələrinin onların nəzarətində olması, həmçinin spirtli içkilər, əxlaqsızlıq, özbaşınalığın artması missionerlərin fəaliyyətlərini daha da asanlaşdırır. Əgər onlar ötən illərə kimi pul və iqtisadi köməklərlə qabağa gedirdilərsə, indi bütün bunlara daha rahat və sərfəli yollarla – içki, qumar, əxlaqsızlıq, narkotik maddələr və pornoqrafik filmlərlə nail olurlar. Statistikaya görə, missionerlərin təsirinə məruz qalan şəxslər əsasən psixoloji sarsıntılar, depression hallar keçirən insanlar, maddi sıxıntılar içərisində olan kasıb əhali və özlərinə “həqiqət” axtarışında olan bəzi şəxslərdən ibarətdir. Ümumiyyətlə, bu ifadələrin hamısı missionerliyin sinonimi kimi işlədilir və (məsələn, bunların arasında ən çox istifadə edilən “yevangelizm” və “yevangelizasiya”) xüsusilə də xristian mesajının, təliminin insanlara çatdırılmasını əsas qəbul edir. Həmçinin, “şahidlik”, “şəhidlik”və “müraciət” sözləri də xüsusi mənada xristian mesajını bu dinə mənsub olmayan xalqlar arasında təmsil və təbliğ etməyi ifadə edir. Biz bunu ölkəmizdə 1997-ci ildə qadağan olunmalarına baxmayaraq, hələ də fəaliyyət aparan “Həyatverici lütf”, “Baptist” cərəyanlarının, “Yehova şahidləri”nin və bir çox sektaların adlarında görə bilərik. Azərbaycanda islamın əsas 2 məzhəbinin 3 qolunun, 1 məzhəbin isə 3 cərəyanının davamçıları var. Bunlar şiə məzhəbinin cəfəri qolu, sünni məzhəbinin isə şafii və hənəfi qolları, eləcə də özlərini sünni hesab edən sufi, sələfi və nurçu cərəyanlarıdır. Bu cərəyanları və təriqətləri yayan missionerlər intellektli, müəyyən dərəcədə bilik səviyyəsi olan insanlara təsir etməyə daha çox üstünlük verirlər.

– Son illərdə Qərbdə, Avropada İslamın yayılması ilə bağlı narahatlıqlar yarandığı barədə tez-tez söz açılır...

– Bu yaxınlarda Belçikanın sağçı millət vəkili Filip Devinter yazdığı “İnşallah? Avropa islamlaşır” (“Inch’aAllah? De İslamisering van Europa”) adlı kitabında Avropanın islamlaşmasını saatla işləyən bombaya oxşadıb. Kitaba görə, Avropa sürətlə islamlaşır. Onun bu nəticəyə gəlməsinə səbəb isə ABŞ və Britaniya alimlərinin apardıqları sosioloji tədqiqatların nəticələridir. Nəticələrə görə, dünyada ən çox yayılmaqda olan din İslamdır. Hazırda dünyada 1,5 milyarddan artıq müsəlman var. Yəni dünyadakı hər dörd insandan biri İslama sitayiş edir. Müsəlmanların 2/3 hissəsi Asiyada, yerdə qalan hissəsi isə Afrikada və dünyanın başqa regionlarında yaşayırlar. Miqrasiya və mühacirət nəticəsində Avropa ölkələri və ABŞ-da müsəlmanların sayı sürətlə artır.

Amerikada “Live Wye Research” beyin mərkəzi hesab edir ki,  İslam ölkələrindən köçün, Avropanın ənənəvi həyatı üçün bir təhlükə olduğunu iddia etdiyini aşkarladı. Çünki müsəlmanlar adət-ədəblərini özü ilə gətirir. Bu adətlər Qərbdəki vətəndaşları çəkir və beləcə, İslamı qəbul edənlərin sayı artır. Almaniyanın “Şpigel” jurnalı  “Müsəlman olan almanların sayı artır” başlıqlı məqaləsində yazır ki, “Almaniyanın 700 məscidində ölkə vətəndaşı olan təxminən 100 min müsəlman Məkkəyə, qibləyə tərəf namaz qılır. Jurnal bildirir ki, son bir neçə ildə  8000-dən çox alman qadın müsəlman oldular və onların çoxu namazı öz iş yerlərində, başqalarının qarşısında qılırlar. “Şpigel”in məlumatına əsasən, indi Almaniyada müsəlmanlar ən böyük dini azlığa çevriliblər. Maraqlı bir məqamı da qeyd edim ki,  son zamanlarda İngiltərədə rəsmi statistika onu göstərir ki, “Məhəmməd” adı “Con” adından çoxdur. “Məhəmməd” adı 37-ci yerdə, “Con” adı 39-cu yerdədir və bu məsələnin dərin məna və məfhumu vardır. İtaliyada çap olunan “El-jornald” qəzeti “İslam Avropanı istila edir” sərlövhəli məqaləsində bu barədə geniş məlumat verir.  “Əgər vəziyyət bu minvalla irəliləsə, iki yüz ildən sonra Avropa müsəlman olacaq və bütün göstəricilər, o cümlədən cəmiyyətin inkişafı bu proqnozu təsdiqləyir”. Qərbdə məlum  11 sentyabr  terrorundan sonra İslam və müsəlmanlar diqqət mərkəzinə gəlməyə başladı. Bu, bir çox yerlərdə müsəlman dedikdə yalnız bir terrorist təsəvvürü formalaşdırsa da, əslində istər ABŞ-ın, istərsə də Avropanın intellektual hissəsi tərəfindən İslamı ilkin qaynaqlarından öyrənmə həvəsi yaratdı. Məhz bu həvəs son nəticədə Avropada İslamın yayılması prosesini sürətləndirdi. Bəzi ölkələrdə bunun qarşısını süni olaraq almaq məqsədilə bəzi iyrənc kampaniyalara başlasalar da, bunun nə cür əks effekt verdiyini və söz azadlığını bəhanə gətirərək insanların dini inanclarını təhqir etməyin nə qədər yanlış bir addım olduğunu anladılar. Bu həqiqəti dərk edən dünyanın inkişaf etmiş ölkələri müsəlman cəmiyyətləri ilə münasibətlərdə bu nüansı diqqətdən qaçırmayaraq, bu sahədə kiçik bir xətanın necə problemlərə yol açacağını anlamağa başladılar. Düşünən beyinlər İslamın qorxu dini olmadığını bilir. Sübut etməyə ehtiyac yoxdur. Sadəcə, bu işdə maraqlı qüvvələr məqsədli təbliğat aparırlar. Üzdə guya bu təbliğatlar islamda olan məzhəblərə görə olsa da, əslində pərdəarxasında məqsəd İslamın bir qorxu dini olduğunu aşılamağa xidmət edir. “İslamafobiya” termin olaraq qərəzli seçilib. Fobiya radikal cərəyanlardır. Onlar tarixi İslama milli baxışımızı dəyişdirib öz siyasi prinsipləri üzərində bunu qurmağa çalışırlar.

– Qarabağ münaqişəsinin həlli yolunda baş sındıran beynəlxalq qurumların tərkibi əsasən xristian dövlətlərindən ibarətdi. Məsələnin həllinin ləngiməsi, daha çox ermənilərin xeyirinə yönləndirilməsinə can atılmasının din amili ilə bir bağlantısı ola bilərmi?

– Bu məsələyə yanaşmada tarixə istinad vacibdir. Belə ki, İslam Qafqazda yayılanda təkallahlı dinlərə sitayiş edənləri zorla müsəlmanlaşdırmaq onun təməl prinsiplərinə zidd olduğundan ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi İslamın təsir dairəsindən kənarda qaldı. Bu proses nəticəsində ölkədə dini ayrılıq baş verdi, əhali iki qrupa bölündü: birinci qrupa bütün ölkə ərazisinə yayılmış və çoxluq təşkil edən müsəlman-türk əhali, ikinci qrupa isə əsasən Albaniyanın şimalındakı qərb bölgələrində yaşayan xristian əhali daxil oldu. Bu da erməni və gürcü kilsələrinin xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizni gücləndirdi. Beləliklə, Azərbaycan İslamla xristianlıq arasında ən kəskin qarşıdurma meydanına çevrildi. Erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlandı. Onların yeritdiyi siyasətin mahiyyətində xristian albanları erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək. Bu mənfur siyasət uzun əsrlər boyu davam edib, onun nəticələri indinin özündə də təsirini saxlamaqdadır. Erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan “islam təhlukəsi” gözlənilir. Azərbaycan-Ermənistan münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur. Bu gün Qarabağ problemi artıq beynəlmiləlləşib və əslində həlli məsələsi xristian dövlətlərinin inhisarına alınıb. Hazırda xristian ölkələri Ermənistanın maraqlarına xidmət etməyən qərarlar verməkdə çətinlik çəkirlər. Bəziləri isə Rusiya və Fransa kimi açıq dəstək nümayiş etdirirlər. Bunu amerikalı tədqiqatçı Semyuel Uimz  “Ermənistan: Terrorçu “xristian” ölkənin gizlinləri” kitabında aşkar yazır. O qeyd edir ki, Son 200 ilin tarixini vərəqləyəndə bir daha aydınlaşır ki, Azərbaycanın, Türkiyənin başına gələn faciələrdə erməni-qriqoryan kilsəsi xüsusi rol oynayıb. Birinci Pyotrdan başlayaraq rus çarlarına yaltaqlanan erməni keşişləri Azərbaycanın başına gələn faciələrin ən böyük müəllifləridir. Xatırladaq ki, 1918-ci ildə Bakıda, Şamaxıda, Lənkəranda, Güney Azərbaycanda yüz minlərlə soydaşımızı məhv edən erməni terror dəstələrini ilhamvericisi qriqoryan keşişləriydi. Sovet dövründə “Böyük Ermənistan” ideyasının yuvası, azərbaycanlılara qarşı təxribatların, soyqırımların, işğalın planlaşdırıldığı yer məhz Eçmiədzin kilsəsi idi. Qriqoryan kilsəsi “Asala”, “Krunk” kimi terror təşkilatlarını yönəldirdi.

(Ardı var)

Günel MUSA

 





03.04.2013    çap et  çap et