525.Az

Qədirşünaslıq nümunəsi


 

Qədirşünaslıq nümunəsi<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi milli ədəbiyyatımızı, filoloji düşüncəmizi tədqiq və təbliğ edən, elmi, bədii yaradıcılıqla sıx bağlı olan xarici ölkə vətəndaşlarına həmişə diqqət, qayğı və həssaslıq göstərmiş, birliyin ali tədbirlərində onların fəal iştirakına şərait yaratmış, ən layiqlilərini AYB-nin fəxri üzvlüyünə qəbul etmişdir.

Birliyin fəxri üzvləri arasında İran, Türkiyə və Rusiyadan olan görkəmli ziyalılar, istedadlı qələm əhli məlum səbəblərə görə üstünlük təşkil edir. Doktor Cavad Heyət, professor Qulamrza Səbri Təbrizi, Əli Əsğər Şeirdust, Məmmədəli Fərzanə, Məhəmmədtağı Zehtabi, professor Əli Yavuz Akpınar, Seyfəddin Altaylı, Ənvər Uzun, Çingiz Bektaş, İsa Qayacan, Metin Turan, Anton Aqarunov, Lyudmila Lavrova, Yuri Pompeyev və b. fəxri üzvlərin Azərbaycan ədəbiyyatı, mədəniyyəti qarşısında ləyaqətlə göstərdikləri fədakar xidmətlər təqdirəlayiqdir. AYB rəhbərliyi tarixən rəğbətlə qarşılanan qədirşünaslıq ənənələrini bu gün də böyük sayğı və iftixar hissi ilə davam etdirir. Cəfər Cabbarlı Komissiyasının təqdimatı ilə birliyin fəxri üzvləri sırasına bu günlərdə milli ədəbiyyatımızla sıx bağlı olan daha iki nəfər tərcüməçi-alim qəbul olunmuşdur.

Mariya Keneşi (Maria Edit Kenessey - 1946).

Mariya Keneş 1946-cı il aprel ayının 1-də Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində  anadan olub, ümumi orta məktəbin 8-ci sinfini bitirdikdən sonra ELTE Universiteti nəzdində fəaliyyət göstərən rus dili və ədəbiyyatı təmayüllü gimnaziyada təhsilini davam etdirmişdir. Tədris proqramında rus dilində keçirilən dərslərin üstünlük təşkil etdiyi gimnaziyada Mariya Keneşi Azərbaycan ədəbiyatı ilə o vaxtlar rus dili vasitəsilə yaxından tanış olmağa başlamışdır. O, 1964-cü ildə gimnaziyada dördüncü  kursda oxuyarkən olduqca çətin imtahan verərək Azərbaycan Dövlət Universiteti (indiki BDU - A.R.) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə qəbul olunur.

İlk dəfə 1964-cü ilin avqust ayında   Azərbaycana, Bakı şəhərinə gələn M.Keneşi sentyabr ayından Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan bölməsində ali təhsil almağa başlayır. Burada ona məşhur dilçi-alimlərdən fakültənin dekanı Əlövsət Abdullayev, professorlardan Fərhad Zeynalov, Ağamusa  Axundov, Musa Adilov, Yusif Seyidov, görkəmli ədəbiyyatşünaslardan Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Əkrəm Cəfər, Firudin Hüseynov, Cəlal Abdullayev və b.  dərs deyirdi.

Bakı şəhərini Mariya Keneşi üçün unudulmaz edən xoşbəxt hadisələrdən biri də odur ki, macar xanım burada Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - A.R.) neft mühəndisi ixtisası üzrə təhsil alan bolqarıstanlı tələbə Luka Zumpalov ilə tanış olur və 1967-ci ildə onlar xoşbəxt bir ailə qururlar. Qarşılıqlı sevgi əsasında qurulan bu izdivacdan Mariya və Lukanın 1969-cu ildə Elica adlı qızı dünyaya gəlir. Universitetin son kursunda oxuyan Mariya körpə uşağının olmasına baxmayaraq, imtahanlara ciddi hazırlaşır. Professor Bəxtiyar Vahabzadənin rəhbərliyi və tərtibində “Azərbaycan poeziya antologiyası” mövzusunda diplom işi hazırlayır. Azərbaycan şairlərinin seçilmiş şeirlərini macar dilinə sətri tərcümə edir (Təəssüf ki, həmin antologiya bugünədək macar dilində nəşr olunmamışdır - A.R.). O diplom müdafiəsindən sonra Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə bitirir, 1970-ci ildə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kimi Macarıstana, doğma vətəninə, sevimli ailə üzvlərinin yanına qayıdır.

Mariya Keneşi Azərbaycanda beş illik ali təhsildən sonra, bir vaxtlar gimnaziyasında təhsil aldığı Budapeştdəki ELTE Universitetinin Türkoloji kafedrasında fəalliyətə başlayır. Əvvəl Azərbaycan dilini və ədəbiyyatını, sonralar isə türk dilini də tədris edir, elmi-tədqiqat işləri ilə məşğul olur. Akademik, böyük türkoloq, Azərbaycana səmimi sevgiləri ilə tanınan Georg Hazainin rəhbərliyi ilə 1976-cı ildə “Fransco-Maria Maggonun türkçə grammeri (XVII-ci əsr)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alır.

Xanım Mariya Keneşi qırx ilə yaxındır ki, böyük həvəslə, tükənməz sevgi ilə Azərbaycan ədəbiyyatını macar dilinə çevirərək nəşr etdirir. Onun ilk tərcüməsi 1977-ci ildə Budapeştdə çıxan “Europa könyvkiado” dərgisinin 359-cu sayında (s.349- 359) işıq üzü görən Yusif Səmədoğlunun “Beşik” hekayəsidir. Bu əsər birbaşa orijinaldan çevrildiyi üçün macar ədəbi-ictimai həyatında maraqla, rəğbətlə qarşılandıa. İlk tərcüməsinin uğurundan fərəhlənən xanım M.Keneşi Azərbaycan ədəbiyyatının klassiklərindən Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” (Kijatszott csillagok. 1977), “Nəzm və nəsr haqqında” (Vers es proza. 1979), “Komediyalar və nəsr” (Komediak es proza. Budapest, 2012, 332 s.) əsərlərini, Cəlil Məmmədquluzadənin “Seçilmiş novellaları” (Valogatott novellak, Akaprint, Budapest, 2011, s.132), Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr” (Valogatott müvei, Azerbajdzsani Köztarsasag Magyarorszagi Nagykövetsege, Budapest, 2015, s.128), “Azərbaycanca - macarca danışıq kitabçası” (Azerbajdzsani - magyar tarsalgas. Europai Folklor intezet, Budapest, 2010, 172 s.), Anarın “Seçilmiş əsərləri”ni, (2015), Kamal Abdullanın “Gəlin Azərbaycan dilində danışaq” (Beszeljünk azerbajdzsaniul. Egy orszag es annak nyelve, Akaprint, Budapest, 2011, s.238) kitablarını, Səlim Babullaoğlunun “Yağışlı axşamların birində” (Egy esos ejszaka. 2010) hekayəsini macar dilinə çevirərək nəşr etdirmişdir. O böyük sənətkarımız Cəfər Cabbarlının “Hekayələri”ni tərcümə etməyi planlaşdırır. Hazırda M.Keneşi XIX əsr macar mütəfəkkiri İmre Madaçın “İnsan faciəsi” (1861) adlı nəzmlə yazılmış fəlsəfi dramının Azərbaycan dilinə tərcüməsi üzərində çalışır. Bu günlərdə Mariya xanım mənə yazdığı məktubda qeyd edirdi: “Hörmətli Asif müəllim, mənə göstərdiyiniz  etimada və dəstəyinizə  görə  təşəkkür edirəm.

Bildiyiniz kimi, gələn il mart ayında Bakıda Macarıstan günləri keçiriləcəkdir. İnşallah, o zaman, imkan olarsa,  mən də gələcəyəm. İndi XIX əsr macar şairi İmre Madaçın “İnsanın faciəsi” adli poemasının azəricə tərcüməsində iştirak edirəm.

Mənim  Azərbaycana borcum var. İndi birgə çalışmaq üçün gözəl imkanlar var, ancaq çox təəsüf ki, qocaldım...

Sizdən məktub alanda sevinirəm. Güc verirsiniz.  Sağ olun,  Mariya, 08.11.2016”

“Mənim  Azərbaycana borcum var” - deyən filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi Mariya Keneşinin Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsi günümüzün həssaslıq, diqqətcillik örnəyi, qədrşünaslıq nümunəsidir.

Süleyman Kaan Yalçın (1980)

Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının üzvü (2015), filologiya üzrə fəlsəfə doktoru, dosent.

Süleyman Kaan Yalçın 1980-ci ildə Türkiyə Cümhuriyyətinin Elazığ şəhərində anadan olub, ibtidai və orta məktəbi burada bitirib. O 1997-ci ildə Elazığda fəaliyyət göstərən Fırat Üniversiteti Ədəbiyyat Fakültəsinin Türk dili və ədəbiyyatı bölümünə daxil olaraq bu ali təhsil ocağını 2001-ci ildə müvəffəqiyyətlə başa vurmuşdur.

Fırat Üniversitetinin məzunu həmin il Adıyaman Merkez Menderes məktəbində Türk dili müəllimi vəzifəsinə qəbul edilir, burada beş ay çalışdıqdan sonra, 2002-ci ilin fevral ayında Fırat Üniversitetinin Təhsil Fakültəsinin Türkcə təhsil kafedrasında araşdırmaçı vəzifəsinə dəvət aldı. Taleyini təhsil aldığı universitetlə bağlayan S.K.Yalçın magistraturanı bitirdikdən sonra, 2005-ci ildən həmin universitetin Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündə doktorluq mövzusu üzərində araşdırmalar aparır, tədqiqat xarakterli məqalələr çap etdirir, konfranslarda, simpoziumlarda fəal iştiraka üstünlük verirdi.

Professor-doktor Əhməd Buranın elmi rəhbərliyi ilə üzərində çalışdığı “Çağdaş türk lehçelerinde ünlüler” adlı elmi-tədqiqat işini başa vuran S.K.Yalçın 2009-cu ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Türkiyədə və Azərbaycanda ədəbiyyatşünaslığın və dilçiliyin aktual problemləri ilə bağlı çoxsaylı elmi məqalələr çap etdirən, kitablar yayınlayan S.K.Yalçın 2012-ci ildə Fırat Üniversitetinin Təhsil Fakültəsinin Türkcə təhsil kafedrasının dosenti elmi adına layiq görülmüş, eyni zamanda həmin universitetin Sosial elmlər fakültəsi çağdaş türk ləhçələri və ədəbiyatları kafedrasının müdir müavini vəzifəsində çalışır.

Süleyman Kaan Yalçının Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə yaxından tanışlığı, bu xalqa sevgisi doğulub boya-başa çatdığı Elazığ şəhərində bir vaxtlar yaşayıb-yaratmış azərbaycanlı milli şair Almas İldırımın şeirlərindən, ədəbi-bədii irsindən başlamışdır. Hər il Elazığda keçirilən “Xəzər şeir axşamları” adlı simpoziuma Azərbaycandan dəvət alan görkəmli şairlər, ədəbiyyatşünaslar ilə təmasları, sıx əlaqələri, burada Məhəmməd Füzuliyə, Almas İldırıma, Bəxtiyar Vahabzadəyə və b. həsr edilən beynəlxalq konfranslar onun xalqımıza, dilimizə, ədəbiyyatımıza olan sevgisini daha da dərinləşdirmişdir.

S.K.Yalçının “Elazığ ağzında görülən ikiləmələrin kökü, bünövrəsi və anlamı baxımından Azərbaycan türkçəsindəki ikiləmələrlə qarşılaştırılması” adlı elmi-tədqiqat əsəri Bakıda “Filologiya məsələləri” jurnalında (2012) nəşr edildikdən sonra mütəxəssislərin diqqətini cəlb etmişdir. Eləcə də onun görkəmli professorlar Əhməd Buran, Ercan Alkaya ilə müştərək yazdıqları və 2014-cü ildə Ankaradakı Akçağ nəşriyyatında işıq üzü görən “Çağdaş Türk Yazı Dilleri”, I cild, (Güneybatı/Oğuz Grubu) adlı tədqiqat əsərində Azərbaycana geniş yer ayrılmışdır.

Dosent Süleyman Kaan Yalçın deyərdim ki, Türkiyədə Azərbaycan ədəbiyyatının ən fəal təbliğatçılarından biridir. O hələ 2010-cu ildə bu sətirlərin müəllifinin “Cafer Cabbarlı: Hayatı, Sanatı ve Mücadelesi” adlı irihəcmli monoqrafiyasını Türkiyə türkcəsinə çevirərək “Manas Yayıncılık” nəşriyyatında böyük tirajla nəşr etdirmişdir. Professor Gülşən Əliyeva-Kəngərlinin “Azerbaycan Fuzuli Araştırmacılığı” (2013) kitabı da onun çevirməsi və fəaliyyəti nəticəsində Türkiyədə geniş yayılmışdır.

2014-cü ilin sentyabr ayında Bakıya dəvət edilən S.K.Yalçın Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda böyük sənətkarımız Cəfər Cabbarlının 115 illiyi münasibətilə keçirilən tədbirdə “C.Cabbarlı və çağdaş türk dünyası” mövzusunda geniş, sanballı məruzə etdi. Bir il sonra isə AYB-ın yeni yaratdığı Cəfər Cabbarlı Komissiyasına üzv seçildi. Süleyman Kaan Yalçın bu sətirlərin müəllifinə ünvanladığı son mesajında Cəfər Cabbarlının hekayələrinin türkcəyə çevirərək nəşrə hazırladığını, bu fəaliyyətdən qürur duyduğunu, “Azerbaycan edebiyatı ve dili için elimden gelen her şeyin en iyisini yapmaya gayret göstereceği”ni bildirirdi.

Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım mərasiminin Elazığda, Manas Yayıncılıkın konfrans zalında ziyalıların, alimlərin, şair və yazıçıların iştirakilə keçirilməsində, Fırat televiziya kanalı vasitəsilə yayınlanmasında (2016 yanvar) S.K.Yalçının böyük zəhməti olmuş və o, məclisi yüksək səviyyədə idarə etmişdir.

Onun son vaxtlar türkoloqlar, dilçi alimlər, o cümlədən azərbaycanlı akademiklər Ağamusa Axundov, Tofiq Hacıyev və b. haqqında apardığı araşdırmaları da, güman edirəm ki, tezliklə oxuculara ünvanlanacaq, “Azerbaycan coğrafyasının Türk diline çok büyük hizmetleri olmuştur” - deyən müəllifinə böyük rəğbət hissi qazandıracaqdır.

AYB-ın fəxri üzvü seçilməsi barədə dosent Süleyman Kaan Yalçına xəbər verəndə o çox sevindi, həyəcandan səsinin tonunda xəfif bir dəyişiklik yarandı, ani fasilədən sonra dedi: “Azerbaycan Yazarlar Birligi üyesi olmak Azerbaycan sevdalısı biri olarak benim için büyük bir şereftir. Siz bana güzel işler yapmak için enerji veriyorsunuz. İnşallah, ben de buna layık hizmetler yaparım”.

S.K.Yalçın sözün həqiqi mənasında bir Azərbaycan sevdalısıdır. Təsadüfi deyildir ki, o, Azərbaycan - Türkiyə ədəbi-mədəni əlaqələri sahəsində xidmətlərinə görə C.Cabbarlının Ev Muzeyi və ədibin adını daşıyan mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyinin təsis etdiyi “Cəfər Cabbarlı Mükafatı”na (2012) layiq görülmüşdür.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin bu günlərdə macar alimi Mariya Keneşi və türkiyəli alim Süleyman Kaan Yalçını fəxri üzvlər sırasına qəbul etməsi milli ədəbiyyatımızın xarici ölkələrdə yayılması və təbliği sahəsində əhəmiyyətli xidmətlərdən dolayı, həssaslığa hesablanmış ehtiram əlaməti, qədirşünaslıq nümunəsidir.

 





19.12.2016    çap et  çap et