525.Az

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir”


 

“Tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir”<b style="color:red"></b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Gənc alimlə söhbətimizin məğzini müsahibimizin əsasən dini və milli tolerantlığa fəlsəfi aspektdən yanaşması, millət olaraq inkişaf və tərəqqimizin milli və dini özünüdərkdən keçməsi tezisinin müdafiəsi təşkil edir.  

– Könül xanım, hazırda Avropanın və Amerikanın demokratiyanın ən üstün dəyərlərindən biri kimi təbliğ və təqdim etdiyi tolerantlığın mahiyyətcə nədən ibarət olduğunu, bir filosof kimi, sizin nöqteyi-nəzərinizdən dinləmək maraqlı olardı.

– Tolerantlıq termini bizə Qərbdən gəlib. Mənası dözümlülük deməkdi. Bəs bizim xalqımızın adına bağlanan nədir? Bizim xalqımıza daha çox qonaqpərvərlik, türkcə desək, xoşgörülük, qarşısındakına yüksək səviyyədə, özündən də artıq hörmək etmək xasdır. Əslində tolerantlıqla saydıqlarım arasında fərqlər də vardır. Bir var sən kiməsə dözürsən, onunla eyni yerdə mövcud olmağı qəbul edirsən, bunu sənə qanun diktə edir, dövlət tələb edir. Bir də var sən qarşındakı insanı bütün mənfisi və müsbəti ilə birgə qəbul edib ona hörmət edirsən, ona xoş baxırsan. Bu, bizdə hələ qədimdən mövcud olan anlayışdır. Qədimdən bəri bizim ayrıca qonaq otağımız, qonaq gələndə xüsusi bişirdiyimiz yeməklər, qonaq üçün ayrıca qab-qacaq, yorğan-döşək olardı. Bu, hələ də əksər Azərbaycan ailələrində qalmaqdadır. 

Bu, tolerantlıq deyil, tolerantlıqdan artıq bir münasibətdir. 

Dövlət bunu bizdən tələb eləməsə də, biz çalışırıq ki, gələn qonağın dilində danışaq. Təsadüfi deyil ki, indi də biz rus gələndə rus dilində, ingilis gələndə də ingiliscə danışmaq istəyirik, hətta onların istədiyi bir səviyyədə danışmağa can atırıq. Hətta bunun üçün öz dəyərlərimizi də kənara çəkməyə, arxa plana keçirməyə hazırıq. Yəni bu, bizim qarşıdakına olan hörmətimizdir.

– Bəziləri isə bu situasiyanı milli özünüdərkin aşağı səviyyəsi kimi qiymətləndirir...

– Bəli, çünki biz hərdən ifrata varırıq. Burada əsas bir cəhət mütləq yadda saxlanmalıdır, bunu hətta bir kredo, şüar olaraq yazıb yapışdırmaq lazımdır ki, öncə özümüzü kifayət qədər güclü bilib, özümüzü kifayət qədər dərk eləmiş bir səviyyədə hiss eləyəndən sonra artıq qarşımızdakını rahatlıqla qəbul edə bilərik. Biz əvvəlcə bilməliyik ki, biz kimik, dəyərlərimiz, həqiqətlərimiz hansıdır ki, bunların yanında gələn yenini hansı səviyyədə ağırlayıb-uğurlamalısan? Gələn yeni hansı hörmətə layiqdi? Su nə qədər duru olarsa, ona əlavə olunan ən xırda nəsnə belə görünür. Ağ köynək üzərindəki kiçicik bir ləkəni də həmən görmək mümkündür. Yəni özümüz-özümüzü o dərəcədə tanımalıyıq ki,  gələn yeninin mənfisini, müsbətini görərək dəyər verə bilək. Belə olmazsa,

yenini qəbul edərkən öz dəyərlərinlə birgə onun içində itib-batarsan.

Bəzən alimlərimiz sırasında da olur, bəzən lap sıravi vətəndaşlar arasında da bu olur, həmən özgədən gələnin yüksək olduğunu qəbul edir və çalışır ki, onun kimi danışsın, onun kimi hərəkət eləsin, onun dəyərlərini qəbul edərək yaşasın. Nəticədə nə olur? Öz dəyərləri də itir.  Təsadüfi deyil ki, hal-hazırda müəyyən gənclik yetişir ki, məhz Qərb dəyərlərini daha üstün görür və çalışır, özünü ona kökləsin.

– Bu, həm də daha çox kor-koranə təqlid formasında özünü göstərir.

– Doğrudur. Bəli, bu artıq təqliddir. Görkəmli mütəffəkkir Cübran da deyir: “Təqlidçililk ayrı-ayrı xalqlardan götürülmüş hissələrdən özünə yamaqlı paltar tikməkdir”. Yəni, kor-koranə təqlid edənlər sanki yamaqlı bir paltarla yüksək səviyyəli bir xalqın qarşısına çıxmağa hazırlaşırlar. Səliqəli avropalı təbii ki, “yamaqlı” paltarda olan birini qəbul etməyəcək. Deməli, çarə milli özünüdərkdir. Yəni, sən özünü bir millət olaraq nə qədər dərindən dərk eləsən, bir o qədər sənin özünə inamın, hörmətin artır. Öz dilinə, mədəniyyətinə, dininə hörmətin olursa, təbii ki, bu kor-koranə yox, dərk olunmuş bir hörmət olur, digər xalq da hörmətlə yanaşmağa başlayır.

Bu gün almana, ingilisə onların fəlsəfəsini çatdırmaq maraqlı deyil. 

Onlara maraqlıdır ki, sənin özünəxas, spesifik nəyin var, sən ona özündən nə çatdıra bilərsən? Fikir verirsinizmi, hardasa tolerantlığın, xoşgörünün, qarşısındakına hörmətin yolu ilk növbədə özünə və öz dəyərlərinə hörmətdən keçir. Məhz özünə hörmət edən birisi özünə hörmət etdirməyi də bacarır. Bu gün bizim gəncliyimizin hansısa qismi Qərbə bənzəməyə nə qədər çox çalışırsa, bir o qədər aşağı gedir. Çünki özünü də unudur, kökünü də unudur. Kökünü unudandan sonra isə olur bir alaqotu. Mən həmişə  öz kökündən imtina edən gəncləri alaqotuna bənzədirəm. Unutmayaq ki, alaqotunu əvvəl-axır təmizləyib atırlar.

– Dediyiniz qismi kosmopolit adlandıranlar, qloballaşma meylləri ilə əlaqələndirənlər də var...

– Hər şeyin əvvəlcə mahiyyətini dərk etmək lazımdır, nədir kosmopolitizm, nədir qloballaşma? Bunlar nəyə xidmət edir? Bunların əvvəlcə mahiyyətini anlamaq lazımdır ki, nəyə xidmət etməyə hazırlaşırsan? Özünə aid olanı kənara itələyib axına qoşulmağa can atanlar itib-batmağa məhkum olurlar. Qloballaşma bir seldir, gəlir və yuyub aparır. Qloballaşmaya qoşulanların bir qismi orada “böyük balıqlara yem olur”, yəni daha yüksək səviyyəli xalqları maddi resurslarla, həmçinin düşünən beyinlərinlə yemləməyə başlayırlar. Beləliklə də istifadə obyektinə çevrilirlər. Belələrindən ancaq tükənənə qədər istifadə edirlər, sonra isə onu kənara qoyaraq yeni bir istifadə obyekti axtaracaqlar. Əgər özündən nə isə həmin qloballaşmaya verə bilirsənsə, onda bu gün olmasa da, sabah təqribən onlarla bir səviyyəyə yüksələ bilərsən, ən azından səninlə hesablaşmağa başlayacaqlar. Bu baxımdan, 

istər kosmopolitlik, istərsə də ümumbəşərilik milli özünüdərkdən başlayır.

Ayağının altı nə qədər möhkəm olsa, bir o qədər yuxarı qalxarsan. Yəni, sən qloballaşma selinə qarşı hazırlıqlı olmalısan.

– Bu gün biz millət, cəmiyyət olaraq milli dəyərlərimizlə buna hazırıqmı?

– Burada təbii ki, hər şey nəzərə alınmalıdır. Bu gün gəncliyi çox qınayırlar ki, Qərbə meyllidir. Qınayanların biri də özüməm hardasa. Amma burada bir incə məqam da var. Əvvəla, biz kimdən nümunə götürürük? Biz böyüklərimizdən nümunə götürürük. Bizim böyüklərimiz elə bir quruluşun qurucuları, yetirmələri idi ki, onda bir ideologiya var idi, hər kəs nə üçün yaşadığını bilirdi, hər kəs əməyinin nə dərəcədə dəyərləndiriləcəyini bilirdi. Azərbaycan artıq müstəqil dövlət olaraq dünyada gedən ümumbəşəri proseslərə qoşulub. Və  bu gün Azərbaycan müəyyən sərhədlərlə məhdudlaşsa da, dünyada baş verən qlobal proseslərin içindədir. Yəni, bu gün Azərbaycanda hər bir evdə Avropada gedən prosesləri çox rahatca izləyə, oradan dərs götürə bilirlər. Bu gün bizim gənclərimizi daha çox kabel televiziyalarının verilişləri tərbiyələndirir, nəinki öz atası-anası. Nəticədə ata-ana gözləmədiyi bir övladla qarşılaşa bilir. Deməli,

valideynlərlə yanaşı, gənclərin də üzərilərinə böyük məsuliyyət düşür.

– Həzrət Əlinin dediyi kimi, uşaqlar valideynlərindən daha çox zəmanələrinə bənzəyirlər...

– Bəli, məhz öz zəmanələrinə bənzəyirlər. Bu sanki təbiətin qanunudur. Həzrət Əli həm də deyirdi ki, övladlarınızı daha çox gələcək üçün tərbiyə edin. Yəni bu baxımdan bizim gəncliyimiz bu gün özündən əvvəlki nəsilə bənzəyə bilmir, çünki əvvəlki nəsil özünü daha əmin hiss edirdi. Bəs yeni dövrdə bizim gənclərimiz kimə bənzəsinlər? Deməli, onların öz üzərlərinə düşür ki, özlərini axtarsınlar. Amma harada axtarsınlar? Bunun məsuliyyəti isə bizi düşünən ustadlarımızın üzərindədir. Əsasən, filosoflarımız, ədəbiyyatçılarımız, şair və yazıçılarımız, ziyalılarımız düzgün obyektlə, bədii təsvirlərlə, məhz düzgün seçilmiş mövzularla  gəncləri yönəltməlidirlər. Kosmopolit olmaq istəyən yenə də kosmopolit olsun, amma kökünü dərk edərək. Kökündən ayrılmadan kosmopolit olmaq lazımdır. Bu gün mütaliə problemi də var.  Əgər gənclər az oxuyurlarsa, bu o deməkdir ki, öz mədəniyyəti, milli düşüncə tərzi, milli adət-ənənələri ilə tanış deyillər. Bu o deməkdir ki, onda heç öz cəmiyyətini də tanımır, deməli, heç özünü də tanımır. Oxumaq bizə özümüzü göstərən aynadır. Burada təbii ki, nə oxumaq da böyük önəm daşıyır.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





08.04.2013    çap et  çap et