525.Az

Mətbuatın “sarısı”: “Sarı uşaq”dan başlayan yol


 

Mətbuatın “sarısı”: <b style="color:red">“Sarı uşaq”dan başlayan yol </b>

Əslində, “sarı jurnalistika” termini indi media aləmində ona verilən məna ilə tam olaraq üst-üstə düşmür.

“Sarı” mətbuat jurnalistikanın inkişaf mərhələlərindən biri, kütləvi, qeyri-peşəkar mətbuatdan professional jurnalistikaya keçiddə xüsusi rol oynamış cərəyandır. Təsəvvür edin ki, yarandığı zamanlarda bu cərəyan müasir və keyfiyyətcə yeni sayılırdı və elə belə də adlanırdı - yeni jurnalistika. 

“Sarı” mətbuat: Sensasiya və araşdırmaya söykənən jurnalistika

Sənaye inqilabından sonra, yəni XIX əsrin ikinci yarısında ABŞ-da gündəlik qəzetlərin artması və bulvar mətbuatının geniş vüsət alması ilə rəqabət də güclənmişdi. Kütləvi mətbuatın “canı” olan “sarı mətbuat” öz adını həmin dövrün bir-birilə rəqabət aparan iki media “nəhəngi” - Cozef Pulitzer və Uilyam Rəndolf Hörstün jurnalistika sahəsində gördükləri işlərdən, daha dəqiq desək, onların qəzetlərində dərc olunan komiks qəhrəmanının obrazından götürür. Sarı köynəkli oğlanın macəralarından bəhs edən bu komiks mətbuat aləmində bir yenilik, tapıntı idi. Jurnalistika tarixində “sarı mətbuat” adı ilə tanınan dövr XIX əsrin sonlarında inkişaf edərək sonrakı proseslərə ciddi təsir göstərib. Ümumiyyətlə, ABŞ mətbuat tarixində bu dövr sensasiyalar dövrü kimi qiymətləndirilir. 

“Sarı mətbuat” dövrünə xas qəzetlərin iki əsas xarakterik cəhəti vardı. Birinci, bu tipli qəzetlərdə gedən yazılar həddən artıq dramatik - sensasiyalı idi; burada cinayətlər, fəlakətlər,  məşhur fiqurlar, qalmaqallar və çəkişmələr haqqında səs-küylü məlumatlar yer alırdı. İkincisi isə, “sarı mətbuat” araşdırma jurnalistikası üçün  baza yaradırdı; bu cərəyana mənsub müxbirlər xüsusilə də biznes və hökumət qurumlarında baş verən korrupsiya hallarını araşdıraraq topladıqları məlumatları öz qəzetlərində dərc edirdilər. Bu dövrdə tiraj uğrunda gedən “müharibə” Cozef Pulitzerin “Nyu-York Uorld” qəzetini Uilyam Rəndolf  Hörstün “Nyu-York Cournal” qəzetinə qarşı qoydu. Kim idi Pulitzer və Hörst?

Pulitzer və onun “Nyu-York Uorld”u 

ABŞ-da  adına nüfuzlu mükafat təsis olunmuş, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Cozef  Pulitzer jurnalistika aləmində xüsusi canlanma yaratmış bir şəxsdir. Əslində “sarı mətbuat” termininin yaradılması məhz Pulitzerin xidmətidir. Yəhudi-macar mənşəli mühacir C.Pulitzer 1870-ci illərin əvvəllərində Sent-Luisin “Post” qəzetinin şəriki  kimi naşirlik karyerasına başladı. O, 1878-ci ildə iflas olmuş “Dispəç” adlı digər bir Sent-Luis qəzetini hərracda 2500 dollara alaraq onu “Post”la birləşdirdi. Pulitzer həmçinin “Post-Dispəç” qəzetini cəmiyyətin rifahının yaxşılaşdırmaq missiyası daşıyan “milli vicdan” kimi tanıtmağa qərar vermişdi. Pulitzer o dövrün məşhur qəzetlərindən biri olan “Nyu-York Herald”ın redaktoru Bennettin işini davam etdirirdi - “yalnız xalq üçün işləyən və heç bir partiyaya xidmət göstərməyən”, “azad və bitərəf” qəzet  yaradaraq gəlir əldə etmək. Beş il ərzində “Post-Dispəç” Amerikanın Orta Qərb adlanan hissəsində ən nüfuzlu qəzetlərdən birinə çevrildi.

1883-cü ildə Pulitzer 346.000 dollara “Nyu-York Uorld” qəzetini aldı. O, mühacirlər və fəhlə sinfinin mətnləri aydın başa düşməsi üçün düzgün yazı qaydasını tətbiq etməyə başladı, eyni zamanda qəzetə xəritə və illüstrasiyalar da əlavə etdi. Yüngülləşdirilmiş ingilis dili, rəsmlər və komikslər, qəzet sensasiyaları - hər şey ona yönəlmişdi ki, ingilis dilini zəif bilən mühacirlər hesabına oxucu auditoriyası genişlənsin. Pulitzer ABŞ mətbuatı tarixində “sıravi insana söykənən  reportaj”ın və “hadisə yerindən reportaj” kimi səciyyələndirilən jurnalistika modelinin əsasını qoydu. O, daha çox “dinamik reportaja” diqqət yetirirdi, Panama kanalının inşasında yol verilmiş korrupsiya hallarını cəsarətlə ifşa edirdi, xəbərləri dramatikləşdirirdi, illüstrasiyadan, rəngli əlavələrdən yararlanırdı. Pulitzer seks, cinayət və hannibalizmlə bağlı sensasiya xarakterli məqalələrə əlavə olaraq faydalı məsləhətlər sütunu və qadınlar üçün xüsusi bölmə də yaratmışdı. Bennett kimi Pulitzer də reklamlara oxucular üçün istehlak məhsullarını təqdim edən xəbərlər növü kimi yanaşırdı. Həqiqətən də o dövrdə univermaqlar böyük reklam mənbəyinə çevrilmişdi. “Uorld” qəzeti “sarı mətbuat”ın əks tərəfini göstərirdi. O, təkmilləşmiş şəhər evləri, qadınlar üçün yaxşı şərait və bərabər hüquqlara söykənən əmək qanunları uğrunda mübarizə aparırdı. O,  AT&T, “Standard Oyl” və “Ədalətli Sığorta” şirkətlərinin inhisarçı üsullarına qarşı kampaniya keçirirdi. Bu tip mübarizə üsulları 1910-cu ilin əvvəlində federal anti-inhisar qanunlarını dəyişmək üçün zəmin yaratdı. Görkəmli fransız yazıçısı Jül Vernin məşhur “80 gün Yer Kürəsi ətrafında səyahət” romanının “uydurulmuş” rekordunu qırmaq üçün Pulitzer 1873-cü ildə özünün “ulduz” müxbiri Nelli Blayı Yer ətrafında səyahətə göndərdi. Blay bu səyahəti 72 gün, 6 saat və 11 dəqiqəyə başa vura bildi. Bu hadisə Pulitzerin qəzetinə diqqəti artırdı. Qəzetin tirajı tez bir zamanda yüksəldi. Blayı Yer Kürəsi ətrafında səyahətə göndərməkdə Pulitzerin əsas məqsədi də elə bu idi. 

Pulitzer Nyu-Yorkdakı məşhur Kolumbiya Universitetində Jurnalistika fakültəsinin yaradılması üçün 2 milyon dollarlıq miras qoymuşdu. Maraqlıdır ki, Pulitzer sağlığında Kolumbiya Universitetini iki milyonluq maliyyə yardımını qəbul etməyə uzun müddət razı sala bilməmişdi. Jurnalistika fakültəsini öz maliyyə ehtiyatları hesabına açmağa çalışan universitet üçün bu, bir qürur məsələsi idi. Bu səbəbdən də universitetində Jurnalistika fakültəsinin açılması müəyyən qədər yubandı. Nəhayət, fakültə 1912-ci ildə - Cozef Pulitzerin ölümündən bir il sonra, onun bu məqsədlə ayırdığı mirasın - maliyyə yardımının hesabına açıldı. Universitet bu qərarla məşhur jurnalistin xatirəsinə, onun cəhdlərinin səmimiliyinə və ciddiliyinə hörmətini nümayiş etdirdi. Fakültədə jurnalist kadrların hazırlanmasında Pulitzerin müəyyənləşdirdiyi standartlar əsas götürülmüşdü. Fakültənin açılması ilə bağlı danışıqların uzanması və qərarın ləngiməsi nəticəsində ABŞ-da ilk Jurnalistika fakültəsi Kolumbiya Universitetində deyil, Missuri Universitetində (1908-ci il) açıldı. 1917-ci ildə məşhur jurnalistin qoyduğu mirasın bir hissəsi jurnalistika, ədəbiyyat və musiqidə əldə olunan nailiyyətlər üçün o vaxtdan hər il təqdim edilən nüfuzlu Pulitzer mükafatının təsis edilməsinə ayrıldı.  

Hörst və onun “Nyu-York Cournal”ı 

1887-ci ildə “Uorlds Sandey” qəzeti 250.000-dən çox tirajla satılırdı. Səkkiz il sonra Uilyam Rəndolf  Hörst “Nyu-York Cournal” qəzetini aldıqdan sonra “Uorld Sandey” ən amansız rəqibi ilə üzləşdi. Nyu-Yorka köçməzdən əvvəl Hörst siyasi karyera üçün atası Corc Hörstün aldığı “San Fransisko Ekzaminer” qəzetini ələ keçirmişdi. 1887-ci ildə Corc Hörst Amerika Senatına seçildikdən sonra o, öz qəzetini iyirmi dörd yaşlı oğluna - professorlara qarşı kobud rəftarına görə Harvarddan qovulmuş Uilyam Rəndolfa verdi. Həmin vaxtlar Pulitzer öz məşhur müxbiri Nelli Blayı dünya ətrafında səyahətə yollamışdı. Blay bu tapşırığın öhdəsindən uğurla gələrək vaxtından əvvəl qayıtmışdı. “San Fransisko Ekzaminer”in yeni redaktoru olan gənc Uilyam öz müxbirlərindən birini Blayın qarşılanma mərasiminə göndərmişdi. 1895-ci ildə U.R.Hörst atasının mirası ilə birlikdə “Nyu-York Cournal” qəzetini (Pulitzerin qardaşı Albert tərəfindən əsası qoyulmuş bulvar qəzeti) aldı və sonra redaktorları, yazıçıları və karikaturaçı rəssamları öz qəzetinə cəlb etmək üçün Cozef Pulitzerin qəzetinə “hücuma keçdi”. Daha sonra o, Pulitzerin qəzetinin bazar günü nömrələrini hazırlayan işçilərin hamısını “aldı” və yeni nəşrinin qiymətini bir penniyə endirdi. O, Pulitzerin “Hoqanın dalanı” komiksini oğurladı. Bu, “Sarı uşaq” obrazının yer aldığı həmin o məşhur komiks idi. Vəziyyəti belə görən Pulitzer rəqabətdə uduzmamaq üçün öz qəzetinin qiymətini azaltmalı oldu. Hörst rəngli çap texnologiyalarından istifadə etmək qərarına gəldi. O, xərc çəkərək bu təşəbbüsü gerçəkləşdirməyə imkan verən texniki vasitələr aldı. 1897-ci ilin yanvarında Hörstün “Nyu-York Cournal” qəzetinin bazar günü buraxılışı Amerika mətbuatı tarixində rəngli çıxan ilk qəzet oldu. Bundan sonra qəzetdə rəngli komikslər dərc olunmağa başlandı. Hörst bununla da kifayətlənmədi. O qalmaqallı, sensasiya xarakterli məqalələrə üstünlük verirdi. Böyük başlıqlar və cəsarətli layihələrin köməyi ilə mühacir oxucuları hədəfləyirdi. “Cournal” tirajı yüksəltmək üçün müsahibələr, saxta şəkillər dərc edir və tarix yarada biləcək münaqişələri qızışdırırdı. Hörst deyirdi: “Populyar qəzetin müasir ruhlu redaktoru faktlara əhəmiyyət vermir. Redaktor yenilik istəyir. Əgər faktlar yenidirsə, redaktorun onlara qarşı heç bir etirazı yoxdur. Redaktor yenilik olmayan həqiqətdənsə, həqiqət olmayan yeniliyi üstün tutardı”. Öz qəzetini yaymaq üçün hətta qanqsterlərdən istifadə edən Hörstü vicdansız naşir kimi xatırlayırlar. 

Hörstün qəzetinin oxucu kütləsi fəhlə sinfi və orta sinif sayəsində daha da yüksəldi. 1896-cı ildə “Cournal”ın gündəlik tirajı 450.000-ə çatdı. 1930-cu illərdə Hörstün səhmləri qırxdan çox gündəlik və bazar günü qəzeti, “Gud Hauskipinq” və “Kosmopolitan” daxil olmaqla on üç jurnal, səkkiz radiostansiya və iki kinofilm şirkətini əhatə edirdi. Hörst dünyada ən böyük KİV biznesi-indiki “Taym Uorner”ə də rəhbərlik edirdi. 

Mətbuata ad qoyan “Sarı uşaq”  

Bu mübarizədə əsas oyunçu vaxtilə Tomas Edison üçün işləmiş rəssam Riçard Felton Autkoltun çəkdiyi komikslər serialının qəhrəmanı “Yellou Kid”, yəni “Sarı uşaq” idi. “Sarı mətbuat” ifadəsi də o vaxtdan işlənməyə başladı. 1890-cı illərin ortalarında Pulitzer və Hörstün daha çox oxucu kütləsi qazanmaq uğrunda apardıqları mübarizə bu silsilə komikslərlə əlaqələndirilirdi. Bu komikslərdə Nyu-York gecəqondularında yaşayan sarı köynəkli yeniyetmə oğlanın macəraları əks etdirilirdi. Onun hətta adı da var - Mikki Dyuqan! Bu oğlan əynindəki böyük ölçülü, az qala yerlə sürünən sarı köynəyə görə “Sarı uşaq” kimi tanınmışdı. O, qırxıqbaş və mırıqdiş idi. Komikslərdə bu sarı köynəkli oğlanın Nyu-York gecəqondularında dolaşması və bu zaman baş verənlər əks olunurdu. “Sarı uşağ”ın dolaşdığı Hoqan dalanı qəribə personajlarla, əsasən də uşaqlarla dolu idi. Bu komikslər ilk olaraq Pulitzerin “Nyu-York Uorld”unda dərc edilmişdi. Bu yeniliyin oxucu auditoriyasında böyük maraq doğurduğunu görən Hörst komiksləri çəkən rəssam R.F.Autkolt və daha bir neçə müxbiri öz qəzetinə cəlb edə bildi. Beləliklə, bir müddət sonra Autkoltun sarı köynəkli qəhrəmanı Hörstün qəzetində görünməyə başladı. Məhz bu məşhur komiksin qəhrəmanı o dövr jurnalistikasının “sarı mətbuat” adlanmasına səbəb olmuşdu.

“Sarı mətbuat”dan peşəkar jurnalistikaya

Oxucu kütləsi uğrunda mübarizədə auditoriyanın etimadını qazanmaq üçün “yeni jurnalistika” ruhunda fəaliyyət göstərən qəzetlər sadə insanın rifahı üçün çalışan mətbuat obrazı yaratmağa çalışırdı. Bu məqsədlə redaksiyalar istehlakçı hüquqlarının qorunması, şəhər məhəllələrinin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə kampaniyalar (“səlib yürüşləri”) həyata keçirməklə həm də özlərini reklam edirdi.  “Sarı mətbuat”ın getdikcə artan populyarlığı onun səhifələrində çap olunan kütləvi istehlak məhsullarının reklamlarından əldə edilən gəlirlərin çoxalmasına da şərait yaradırdı. Külli miqdarda kommersiya reklamlarını dərc edən “sarı mətbuat” istehlak yönümlü cəmiyyətin formalaşmasında xüsusi rol oynadı. Sensasiyalı xəbərlər yaymaqla xeyli pul qazanmağa müvəffəq olmuş “sarı mətbuat” qəzetlərə partiyalılıqdan imtina etməyə imkan verir və onlara maliyyə müstəqilliyi qazandırırdı. Bu isə öz növbəsində müxbirlərin maaşlarını xeyli artırmağa imkan verir və onları peşəkarlıq səviyyələrini yüksəltmək üçün daha yaxşı işləməyə ruhlandırırdı. Jurnalist peşəsinin nüfuzu getdikcə artırdı.

 





26.12.2016    çap et  çap et