525.Az

Türkiyəni terrorla imtahana çəkmək faydasızdır


 

Türkiyəni terrorla imtahana çəkmək faydasızdır<b style="color:red"></b>

Türkiyə yeni ili terrorla qarşıladı. 2017-ci ilin ilk saatlarında İstanbulun Ortaköy rayonundakı "Reina" gecə klubunda baş verən qanlı terror yenə neçə can aldı.

2016-cı ili ağır keçirən qardaş ölkə yeni ilə böyük ümidlərlə getdiyi bir zamanda çirkin terror aktı insanların üzündəki sevinci yox etdi. Qətliamda 39 nəfər həyatını itirdi, 65 nəfər yaralandı.

Qardaş ölkə yenidən imtahana çəkildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Yeni ilə yeni ümidlərlə girmənin həyəcanı içindəykən terror bir daha ən qəddar, ən alçaq, ən mənfur üzünü göstərdi, ölkəmizi hədəf aldı. Sanki ölkə odla imtahana tabe oldu. Tariximiz boyu dəfələrlə məruz qaldığımız bu imtahanın hazırkı versiyası da müxtəlif terror təşkilatlarının eyni məqsəd üçün istifadə etdiyi asimmetrik hücumdur”.

Qeyd olunduğu kimi, son terror hadisələri əvvəlkilərin assimmetrik davamıdır və arxasında məlum imperialist dairələr durur. Bu qüvvələrin məqsədləri aydındır. Türkiyədə insanların əsas istəyi barış və sabitliyin olması, qanlı terrorların bir an dayandırılmasıdır. Bunu yaxşı anlayan maraqlı güclər toplum içərisində sülh və sabitliyin pozulmasına, insanlarda terror qorxusunu dərinləşdirməklə dövlətin milli birliyinə, gücünə zərər vurmaq planlarını işə salıblar. Məqsəd qardaş ölkədə siyasi sabitliyin və ictimai asayişin guya yaxşı qorunmadığı, insanların təhlükəsizliyinə təminat verilmədiyi görüntüsünü yaratmaqdır.

ABŞ-ın yeni prezidenti Donald Trampın Ortaköydə baş verən hadisələrə münasibəti də bu fikirləri söyləməyə əsas verir: “Türkiyədə böyük bir fəlakət yaşandı. Çoxlu insan öldü. Bu, bir qorxu nümayişidir”.

İnsanları istirahət və gəzinti məkanlarına, turizm ünvanlarına getməkdən çəkindirmək üçün çirkin bir plan işə salınıb. Qanlı hücumların törədildiyi məkanlar sırasında dövlət orqanlarının inzibati binalarının hədəf seçilməsi də təsadüfi deyil. Məlum olduğu kimi, yanvarın 5-də İzmirdə məhkəmə binası qarşısında törədilən partlayış nəticəsində 1 polis və 1 məhkəmə işçisi həlak olub, 10 nəfər yaralanıb.

Məhkəmə binası qarşısında törədilən terror aktının təfərrüatları məlum olub - dövlətin güc strukturlarının fəaliyyətini iflis etmək. Türkiyəni hədəf seçən qlobal güclər rəsmi Ankaranın regionda güc mərkəzinə sevrilməsini həzm etmək istəmirlər və ard-arda törədilən qətliamlar da bununla bağlıdır. R.T.Ərdoğanın vurğuladığı kimi, “Adam kimiqarşımıza çıxmayanlar terror qrupları vasitəsilə canımızı yaxmaq, bizi arxadan xəncərləmək istəyirlər. Bizə Suriyada İŞİD-lə mücadilə etdiyimiz, terrorun sonuna çıxmaqda olduğumuz halda, "Daha irəli getməyin, 20 kilometri keçməyin” deyirlər. Buna baxmayaraq biz yola davam edirik, amma İŞİD-ə qarşı başqa terror qruplarını dəstəkləyənlərin oyunları və bəhanələri Türkiyənin meydana çıxması ilə pozulmuşdur, boşa çıxmışdır. Bunların dərdi bölgəni terrorçulardan təmizləmək deyil. Tam tərsinə, bölgənin bitib-tükənməyən qan və atəş dənizinə dönməsidir. Buna görə də, Türkiyənin üstünə gəlməkdədirlər".

Yaxın və Orta Şərqdəki münaqişələri öz inhisarında saxlayan və “həll yollarının açarının yalnız onlarda olduğunu” iddia edən Qərb son proseslərdə kənarda qaldığı üçün

Türkiyənin üstünə daha çox gəlməyə başlayıb. Çünki Suriyada ən aktiv iştirakçı olan Türkiyə qaçqınlara sahib çıxaraq terrorçulara amansız zərbə vurmaqla terrorla mübarizədə müttəfiqlərinin etmək istəmədiklərini gerçəkləşdirir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi, "müttəfiq NATO ölkələrinin göz yumduğu bu rəzilliklərə biganə qala bilmərik. Suriyada davam edən bu vəhşəti dayandırmaq lazım idi və Türkiyə öz insanlıq borcunu yerinə yetirir. Təəssüf ki, bunlar bəzi güclərin xoşuna gəlmir. Yenə də sülhü pozmaq, münaqişəyə çirkin planlar daxil etmək çabaları davam edir".

Türkiyə, Rusiya və İranın təşkilatçılığı ilə Moskvada Suriyada atəşkəsin əldə olunmasına və problemin sülh yolu ilə həllinə dair razılaşma sənədinin imzalanması Qərbin narahatlığına səbəb oldu. Qərb Türkiyəni Suriyada daha çox terror qruplaşmaları kimi tanınan "PYD" və "YPG" ("PKK"-nın Suriya qolu) ilə əməkdaşlığa, sülh danışıqlarında onlarla bir masa ətrafında oturmağa məcbur etməyə çalışır. Bu isə açıq şəkildə təhdiddir. Astana görüşündə ABŞ-ın təkid etdiyi "PYD"/"YPG"-nin təmsilçiliyinə Türkiyənin sərt şəkildə qarşı çıxması vəziyyəti bir az da gərginləşdirdi.

Türkiyə iqtisadi gücünə və turizm potensialına görə, Avropanı geridə qoyur. Turizm iqtisadi mahiyyət daşımaqla yanaşı, həm də mədəniyyət, humanizm, siyasi mədəniyyət deməkdir. Ölkə il ərzində Avropa, Asiya və Afrikadan yüz minlərlə insanı qəbul edir. Dövlət turizm sektorundan milyonlarla dollar gəlir əldə edir. Turistlərin türklər haqqında xoş fikirləri, mehriban və qonaqpərvərliyi haqqında rəyləri Türkiyənin nüfuzunun artmasına, dünyada ən yaxşı ölkələrdən biri olması qənaətinin möhkəmlənməsinə səbəb olur. Bu isə Avropanı narahat edir, Türkiyənin mədəniyyət və sivilizasiyalar mərkəzlərindən birinə çevrilməsi qısqanclıqla qarşılanır.

Törədilən terror hadisələri turistlərdə qorxu və vahimə yaratmaq, İstanbula, Ankaraya, Antalyaya, Kapadokyaya və digər füsunkar mədəniyyət beşiklərinə turları təxirə salmaq məqsədi daşıyır. Bu hadisələrdən sonra ABŞ-ın və Avropanın öz vətəndaşlarını Türkiyəyə getməkdən çəkindirməsi, insanların həyatının təhlükədə olması təsəvvürlərini formalaşdırması da məlum ssenarinin bir hissəsi sayıla bilər.

Bəziləri qardaş ölkəni terror planlarına qarşı hazır olmamaqda, terrorçuların təxribatlarının qarşısını almaqda yanlışlarının olmasında ittiham edirlər. Halbuki, Türkiyənin hər yanını sarımış terror qruplaşmalarına qarşı göstərdiyi şücaət göz qabağındadır. "İŞİD", "PKK", "PYD" və "YPG"-nin terrora bulaşmış silahlıları, xaricdən himayə olunan, silahlandırılan digər canlı bombalarının sayı minlərlədir. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun söylədikləri rəqəmlərə diqqət edək. 2016-cı ildə Türkiyədə 339 silahlı hücümun qarşısı alınıb, planı həyata keçirmək istəyən terrorçular zərərsizləşdirilib. Onların 313-ü PKK, 22-si İŞİD, 4-ü solçu örgütün üzvü olub. Türkiyə polisi ötən il müxtəlif ünvanlarda quraşdırılmış 247 bomba, 61 bombalı maşın, 23 canlı bomba zərərsizləşdirilib. Heç bir ölkədə bu qədər terror olmur və qardaş ölkənin təkbaşına buna qarşı mübarizə aparması həqiqətən də fövqəladədədir.

 





09.01.2017    çap et  çap et